Proloq
Dünən el köçüb bu kənddən,
Bu gecə mərmilər yağıb.
Evləri odlar yalayıb,
Evləri tüstülər boğub.
Bu gecə ulduzlar sönüb,
Ay qaçıb buluda girib.
Bu gecə Novruzgülünü
Sərsəri güllələr dərib.
Küləklər də qorxusundan
Büzüşüb tir-tir əsibdi.
Tumurcuqlu budaqların
Yel nəfəsini kəsibdi.
Yaralı sərv ağacının
əyilib beli, qaməti.
Çöküb bu kəndin üstünə
Bir əbədi bulud kimi,
Bir əbədi sükut kimi
Bu gecənin zülmətində
İtən səhərin həsrəti.
Qaranquşun qayıdışı
Bir qaranquş yuvasına
Qayıdır, yuva nə gəzir?!
Dağ həmin dağ, düz həmin düz,
O el, o oba nə gəzir?!
Bu dil hansı dildir, görən,
Qulağı səslər eşidir.
Qonur telefon simlərinə,
Ayağı səslər eşidir.
Yuva qurduğu eyvanın
Ortada qalıb bir tağı,
Qalıb dar ağacı kimi.
Çöküb pəncərə üstünə,
Evlərin kömür çardağı,
Bir dəlinin gözü üstə
Səpələnmiş saçı kimi.
Bu kənd qaranquş önündə
boyun büküb suçlu kimi.
Bu daş evlər ayaq açıb
Daş ürəkli sakinlərin
Arxasınca yolçu kimi.
Çaya bax, intihar edib,
Qalıb qayadan asılı.
Evlər yaralı əsgərdi,
Ölür səngərə qısılıb.
Səs qırılır şüşə kimi,
Ün itir, hay sınır burda.
Qaranquş elə çırpınır,
Elə bil vaysınır burda.
Sükutun peyzajı
Sükut ayağını sürüyür
Kəndin ortasıyla,
Atasının ayaqqabısını
Geyinmiş uşaq kimi.
Sükut üşüdür divarları
Qəfil gələn sazaq kimi.
Dolaşır küçələri
Ac yalquzaq kimi.
Sükutun ayaq səsləri
Daşlara dəyib qırılır.
Bu səssizlik içində
O qaranquş yorulur.
Qonur telefon simlərinə.
Yenidən
Yad səslər duyur ayağı.
Yenə telefon simləriylə
Daşınır yad ölkələrə
Bu kəndin səsi, sorağı.
Bilmir bu dili qaranquş,
Anlayır sükut dilini,
Dinləyir sükut səsini.
Çırpınaraq havalanır qaranquş,
Dövrə vurur səmasını o kəndin.
Hara uçsun, hara getsin, yermi var?
Halqasından çıxa bilmir kəməndin.
Çay yuxarı bir sahibsiz at qaçır,
Çay daşından od qoparır nalları.
Özünü gah çaya vurur, gah daşa,
Dolaşdırıb tanıdığı yolları.
Aradabir geri baxıb döyükür,
Tərpənişir sinəsinin dərisi.
Qapı yox gedib döyəsi,
Şahı yox boyun əyəsi...
Hanı bu atın yiyəsi,
Hanı bu atın yəhəri?
Dağdamı, kənddəmi qalıb,
Bərədə, bənddəmi qalıb?
Açılıb yurddamı qalıb,
Hanı bu atın yəhəri?
Qəlbindən qan sızan gedir,
Dərd içində üzən gedir.
Qəm ölümə üzəngidir,
Hanı bu atın yəhəri?
Çardaq altda
itdən alçaq
Qalıbdı qazağı yəhər.
At belinə qoyanı yox,
Olubdu göz dağı yəhər.
***
Yol üstündə bir tay uşaq çəkməsi,
Körpə tale düyün düşüb bağında.
İndi hanı o çəkmənin yiyəsi,
Bir ayağı donub Murov dağında.
Çanağından güllə keçib bir sazın,
Sızım-sızım sızıldayır telləri.
Bəlkə, qalıb pərdələrin yadında,
Barmaqların şirin-şirin “gülləri”.
Bir ayrı cür cırıldayır cəhrə də,
Əyirdiyi fikirdimi, ipdimi?
Dükcə-dükcə sarıdığı qəmləri,
Əlçim-əlçim gözlərinə təpdimi?
Divar boyu quruludur hanası,
Yarımçıqdır o naxışlar, ilmələr.
Naxış vuran o əllərin dalnca,
Naxış mələr, çiçək mələr, gül mələr.
Düşüb qalıb o hananın yanında,
O xalının son HƏVƏsi, kirkidi.
Bu da alın yazısıdır, naxışdır,
Hər ilməsitək Allahın görküdür.
O çeşnidə neçə gülün rəngi var,
Neçə ilmə bir naxışda toplaşar.
Ağır elin qəflə-qatır köçünü
Sığdır görüm, yüz xurcuna, mafraşa.
***
Yaz ayıdır, ildırımlar hönkürər,
Hər qayadan daş oynayar, sel gələr.
Sel gələndə dalaşardı qonşular,
Məhlə-məhlə yaranardı bölgələr.
Çəpərləri süpürləyib yıxardı,
Sel gələrdi sığışmazdı selaba.
İki qonşu arasından yol tapıb,
Sel gedərdi,
barışmazdı qonşular,
ən axırda sel gələrdi insafa.
Sel də daha başıpozuq axar da,
Sahibi yox bu məhlənin, həyətin.
O sel yazıq dözüb-dözüb axırda
ləzzətini indi çəkir
azadlığın, həyatın.
Elə dartır o alabaş zənciri,
Elə bil ki, bir yiyəsiz dəlidi.
Yollar atın quyruğuna bağlanıb,
Sürütlənib yolda qalmış ölüdü.
O buludlar pərdəsidi bu kəndin.
O qayalar türbəsidi bu kəndin.
O bulaq son nəfəsidi bu kəndin,
Son sözünü söyləyəcək dilidi.
O bulağın üstə səhəng qalıbdı.
O səhəngə qısılıb bir dolça da.
Dəstəyinə dəyməyəcək o əllər,
Götürəni olmayacaq dolsa da.
O sal daşın üstə tütək qalıbdı,
O tütəyə elə baxır o quzu,
Sanki bilir bir də gəlməz o çoban,
Tütək çalıb ta kövrəltməz o qızı.
O divarın üstə tüfəng qalıbdı.
Ayaqdadı, açılacaq gülləsi.
Açılacaq.
Qayaların üzünə
Şığıyanda şimşəklərin şilləsi.
Sac üstündə fətir çörək qalıbdı,
Kömür olub tüstüləyir dünəndən.
Evlər özü ocaq olub, od alıb,
Evlərdəki od-ocaqlar sönəndən.
O torpağın üstə ürək qalıbdı,
Yağışlarla, dolularla döyülür.
O qaranquş nə bilsin ki, o ürək
Bu şairin sinəsində döyünür.
Qaranquş yuva qurur
Qaranquş çöp daşıyır
dimdiyində yenə də.
Qaranquş yuva qurur,
O dağılmış divarda,
O dağlanmış sinədə.
Qaranquş yuva qurur,
O dağın o üzündə.
Qaranquş yuva qurur
Şüşəsi çiliklənmiş
Bir pəncərə gözündə.
İndi o pəncərənin
Gözləri yol çəkər də.
Yolun tozu-torpağı
Gözlərinə çökər də.
Pəncərədən od yağar,
Pəncərədən daş gələr.
Pəncərə gözlərindən
Damla-damla yaş gələr.
Qaranquş nə bilsin ki,
Bir də o pəncərədən
Bir kimsə baxmayacaq.
Gecələr işıq seli,
O pəncərə gözündən
Süzülüb axmayacaq.
Yoxdur dəcəl uşaqlar,
Yollarından sapanda
O yuvanı tuşlayıb
Daş qoyalar sapanda.
İndi daha böyüklər
Ətəyinə daş yığıb.
O dəcəl uşaqların
Yuvasına daş yağıb.
Qaranquş yuva qurur,
Hər il gəldiyi yerdə.
Yolunu-yolağını
Yaxşı bildiyi yerdə.
Epiloq əvəzi, yaxud o dağın bu üzündə
Bu elat öz keçmişini,
Üzünə tutub yaşayır.
Yollarda yuxusun alıb,
Doyunca yatıb yaşayır.
Düratı, Qıratı varmış,
Müjdəsi, baratı varmış.
Bir atım barıtı varmış,
Onu da atıb yaşayır.
Baş açan yox imanından,
Yəqinindən, gümanından.
Oxdur çıxıb kamanından,
Günaha batıb yaşayır.
Dağ var imiş kürəyində,
Güc var imiş biləyində.
Fala çıxıb, ürəyində
Bir arzu tutub yaşayır.