ÇƏKET
Çəkil çəket səni canın
Yaxamızı bir araya gətir artıq
Bu şaxtada ürəgimin közü sönər
Ləş arayan çaqqalların gözü dönər
Neyləyim ki
Yüksələnmir ahımdakı alavlarım
Qarşımdakı duvar qədər
Aşıb sənə yetər qədər
Yapa-yalnız ortalıqda sefillənib gəzinirəm
Mən də varam səndən gələn
Nə yox qədər
Nə var qədər
Həyat nəfəs aldığımız sürəc deyil
Həyat qəfəs içrə başla canla mücadilə etdiyimiz zamandadır
Himmətimiz qeyrətimiz arımızca variq ancaq
Yoxsa arsız arsız gəzib
Gözləyirik sonumuzu
İnsan yaşar arı qədər
Vüsalına muradına ərmişlərdə
Ar çox
Ayrı düşmüş sevdalılar ürəyində
Ar az
Hər nəqədər arın varsa
Bir oqədər bu dünyada yerin vardır
Düşün artıq bu ölçünü
Bir də düşün
Ar çox ar az
Az-çox araz...
Çəkil çəket səni canın
Qardır qışdır üşüyürük
Yaxamızı bağla artıq
Dağımızı sağla artıq
BAZAR OLSUN
Genə gəldi xəzəllərin bağçalarda gəzən çağı
Çiçəkləndi gözümüzün qurumayan qan çanağı
Artıq uzun zaman oldu
Zalım xəzan
Arzıların yuvasını pozar oldu
Azər əzir azar azar
Zərrə zərrə üzülürük
Hiçistana düzülürük
Bilməm kimsə sezər mi hiç?
Nə yaman bir azardır bü!
Qəzəllənmir gözlərimdən süzən sözlər
Avazlanmır aramıza sızan sükut
Susuz xəzər qalib gəlir
Araz dözür sınan saza
Və'də gəlir gələn yaza
Tarıxımız azar ikən öz yolundan
Cəhalətin çənnətinə uyan xalqın
Uyuşduqca beyni ruhu
Güzgülərdən bezən xalqın
Yurdu basan yarasalar
Yazısını yazar oldu
Dırnağına döydüyü ev
Kimliginə məzar oldu
Varlığına bazar oldu
Bazar oldu
Bazar olsun...
QƏLƏM DONUR
Sənin acı dəstanını dinləyirəm
Dinlədikcə düşünürəm
İnim inim inləyirəm
Damla damla əriyirəm
Duyğumun tüm mürəkkəbi
Kirpigimdən şəlalə tək axıb gedir
Amma necə deyim sənə?!
...
Gəl istəmə bu nağılın yazilmasın
Yazılanda axıb getmir
Dəftər onu çəkməlidir
Sözlərivi tapşıranda qələmimə
Susdu inan
Axanmadı
Yalvararaq cıza cıza ha dirəndim
Gördüm kağaz sızıldayır
Yazıq yazıq mənə dedi;
İnsan dərdi ağır olur
Hər nisgili çəkmək olmur
Zor eləmə
Zor eləmə
BILMƏLI IDIM
Yetim qalmış anıların ağır ağır daşlarını
Gözüvün gölçəsinə saldım
Doldu gözün
Daşdı gözün
Apardı kükrək sel məni
Çırpdı ürəksiz daşlara
Əl atıb kirpiginə qalxmaq istədim
Bir ox kimi yaydan qopub
Sancıldı dağlı köksümə
Bağırdım bağrım yarılana dək
Bir səs gəldi
Dinlədim;
" Binasın tişeyi ahımla viran etdigimdəndir "
Bu yasanı başda yazmış
Leyli Məcnunu yaradan
YOL QARAR VERSIN
Bir şum səhər çağı dan cızıldarkən
Apardılar səni burdan
Qopardılar səni məndən
Bir ağacı öz kökündən qoparan kimi
Mənsə donub qaldım baxar kora tay
Əli-qolu bağlı
Cansız bir heykəl
Səsimi də utdum nəfəsim kimi
Qarabaxt qaranlıq çökdü başıma
Sən demə bu səhər gerçək deyilmiş
Daha çox var səhərə sənələr qədər
Sürərsə yetişməm sənə nə qədər
Gözlərim tikilmiş yoluna artıq
Günəşə mərhəba ogün deməli
Hələ də hələ də hələ də hələ
İnləyir bir aci sızı qəlbimdə
Yaşayır zoğunun izi qəlbimda
Bitər mi bu yara?
İtər mi bu itgi?
Yetər mi bu həsrət?
Bilə bilmirəm
Gözləməklə olmur gərəkdir buna
Biz yola qoyulaq
Yol qarar versin
Dik dolanan köklülərin kök yükləri
Köksüzlərin çiynindədir
Arıq qara beli bükük öksüzlərin ağırlığı
Əsalətli nəsəblinin beynindədir
Mənim çiynim
Sənin beynin
Yaşayışın naqis rəsmin bütünlədir
Rəssam əli alqışlanır
Ağ saraylar duvarında
Daşdan çıxmış quru çörək
Palçıqlanır
Yam atların dırnağında
Varlıların torpaqları
Bir avuc da
Arta bəlkə
Sən mənidin
Mən sənidim
Arzımızın şirin şirin mahnısını
Dağda sünbül bağda bülbül oxuyordu
***
Sən sən oldun
Mən isə mən
Yoldaşışız
Sırdaşımız
Qarlı dam-duvarda gəzən
Yazdan qaçan qarğa oldu
***
Sən o olsan
Mən o olsam
İnan
Bayquş yuva bağlar bağçamızda
GIZLI MƏKTUB
Salam…
Sənə salam vermək belə
Nisgil omuş
Bugün sənə nə deməli?
Təbrik desəm?
Ya təsliyət?!
Şən günündə
Diləklərin dirəklərin başın öpdü
Zalımların mındar əli
Arzıları kül eləyib yerə səpdi
İllər boyu həsrət-həsrət
Öksüz başsız bir uşaq tək
Yetim qalmış bir uşaq tək
Gendən genə
Xəyalımda səni süzüb
Dərdlərimi kəlmə kəlmə gözlərimə axıtmışam
Arxayınam məni duydun
Arxayın ol anam mənim
Üzüm həryana baxsa da
Dünyaların dərdı sığan gen ürəyin kəəbəm olmuş
Mən heç səndən ayrılmam ki
Ayrılamam!
Ögey ata qorxusundan əhvalını soranmıram
Artıq dünya dəyişmişdir
O qədər ki
Buqədərcik bir məktubu
Gizliysə də yazıb yelə vermək olur
Gözlə məni
Bəlkə birgün görüşümüz gerçəkləşər