GÜZGÜ NAĞILIM
Nağıla bənzəyir həyatım mənim,
Sən nağıl ömrümün qəhrəmanısan.
Nağılda harada axtarım səni,
Əvvəldə, ortada, yoxsa sondasan?
Biri var, biri yox, biri də heç yox,
"Yox"da var, "var"da yox - hansı gözəldir?
Vüsalın qarşıma indi çıxsa da,
Həsrətin milyon il səndən əzəldir.
Şirindi, şit deyil, bir az da duzlu.
Bir azca məzəli, sözlü nağılım.
Hisslərlə yoğrulub, ürəkdə bişən,
Ay mənim həyatda güzgü nağılım...
GECƏ DÜŞÜNCƏSİ
Düşünürsən gecələr,
Soyuğu,
yalnızlığı.
Pəncərədən içəri
Dolur gecə sazağı.
Kimsə yoxdur otaqda,
Yalnızlıq içindəsən.
Narahat çarpayıda
Qıvrılır sakit bədən.
Dəli bir düşüncə var
Ürəyinin içində.
İllərdi gələn nəfəs
Dolaşırmı köksündə?
Axı, bu itən nəfəs
Hara gedir, görəsən?
Gecə pozur sükutu,
O, danışır, deyəsən:
"Bax, səmaya, dolanır,
Yerdə, göydə fırlanır.
Ürək durmur yerində,
O dayanmır, çırpınır.
Gözlər dikilib yola,
Kimi isə gözləyir.
Yola baxırsa gözlər,
Bəs niyə kədərlidir?
Yetdi zaman bu anda,
Qaraltı var uzaqda.
Bu son nəfəs, bu son söz:
"Nə gördüm ki, həyatda?".
MƏLHƏM
Gizlənərəm özümdən,
Həyatımdan küsərəm.
Unudaram keçmişi,
Mən təzədən sevərəm.
Qoşulub buludlara
Yağış olub yağaram.
Çəkilib ulduzlara
Sənə göydən baxaram.
Açdığın yaralara,
Məlhəm tapıb sürtərəm.
Sən çıxanda yoluma,
Nə bir salam alaram,
Nə bir salam verərəm…
SƏNSİZLİYİN DADI
Sənsizliyin dadı...
Dözülməz bir ağrıdır o.
İşıq yoxdur, qaranlıqdır.
Küləklər də sazaqlıdır.
Çox acıdır...
Sənsizliyin dadı...
Əlacsız bir dərd kimidir,
Daldalanmış ər kimidir.
Tapdalanmış mərd kimidir.
Sənsizliyin dadı...
Bütün naləm, ah-fəryadım,
Dərdlə açılan sabahım.
Bu dərdi mən necə yazım?
Sənsən ən böyük günahım.