Mən dünyada ən gizli, sirli bir missiya üçün seçilmişdim... Lakin bəşəriyyətə haqq yolunu göstərən peyğəmbərlərdən fərqli olaraq, məni Tanrı yox, dünyanı gizlicə idarə edən insanlar seçmişdilər... Onlar dünyanın ən məxfi missiyasını yerinə yetirməyim üçün öz elçilərini mənim dalımca göndərmişdilər.
...Biz dünyanın ən yüksək yerində, göylərin qapısında yaşayırıq. Gözümü dünyaya açandan bizi hər tərəfdən dövrələyən başıqarlı dağları, uca yaylalarımızın üzərini xalı kimi örtən ənginlikləri görmüşəm. Yurdumuz kimi, özümüz də belə nəhayətsiz və hüdudsuzuq: cismimiz yerdə olsa da,
varlığımız kainatı doldurur...
Biz başqa xalqlardan fərqli olaraq, bir-birimizlə az danışırıq (söz müqəddəsdir, axı, göylərdən endirilib). Sözü, əsasən, xeyir işlərdə, ən çox da dua edəndə işlədirik. Çox vaxt isə özümüzə (meditasiyaya) qapılıb möhtəşəm ahəngi öz içimizdə hiss edirik, (bununla da) kainatın bir hissəsinə çevrilirik... Biz neçə minilliklərdir ki, beləcə yaşayırıq.
Bizim maddi nemətlərimiz çox məhduddur... bəzən yeməyə də heç nə tapmırıq... Amma ən çətin anlarımızda belə xoşbəxt olmağı bacarırıq... ürəkdən sevinmək üçün səbəb tapırıq: nə yaxşı ki, biz varıq... nə yaxşı ki, sevincimizi bütün kainatla bölüşə bilirik... Hər cür fəlakəti, müsibəti isə böyük səbirlə qarşılayırıq... Bilirik ki, bunların hamısı keçəridir, vacib olan isə ruhun sakitliyidir...
* * *
...Həmin səhər yakları otarmağa aparanda ağ adamların arxamca gələcəkləri ürəyimə dammışdı... O gün ömrümdə ilk dəfə olaraq kədərləndim... çəkdiyim qəm-qüssə qəlbimə qara kölgələr saldı...
Yaklar isə heç nə olmamış kimi, yenə qarı eşələyir, özlərinə yem axtarırdılar... Bu il quraqlıq keçdiyindən yaklar qarınlarını doyura bilmirdilər...
Həmin kədərli vaxtımda ürəyimdən keçdi ki, kaş mən də yak olaydım, lap acından öləydim, ancaq bu yerlərdən heç yerə getməyəydim... Ürəyimə dammışdı ki, mən buralardan birdəfəlik gedəcəyəm... özü də sabah. Hətta indi yad adamların evdə məni gözlədiklərini də bilirdim... Ona görə də evə qayıtmağa tələsmirdim...
Günorta Anurad yanıma gəldi... ağ adamların məni axtardıqlarını xəbər verdi...
Biz obamıza yalnız axşamüstü, günəş öz evinə çəkildikdən sonar qayıtdıq... Yol boyu Anurada baş verəcək hadisələrdən danışdım. Son sözlərim dodaqlarımdan çıxanda üzünə baxdım. Gözlərində bizim tərəfin insanlarına xas olmayan böyük kədər vardı. Hər şeyi başa düşdüm: deməli, mənim getməyimi ən çox istəməyən Anurad idi.
Obamıza yaxınlaşdıqca içimdə qəribə hisslər oyanırdı... Lakin evimizin qarşısında tanış olmayan yakları görəndə həmin hisslərim əriyib yox oldu. Bizim inancımızda “təkər” müqəddəs sayıldığından dünyanı idarə edənlərin elçiləri bura araba ilə deyil, (uca dağlardan aşaraq) yaklarla, pay-piyada gəlmişdilər. Bununla da bizim duyğularımıza çox böyük sayğı göstərmişdilər...
Qabağıma çıxan ağ adamlar qarşımda əyiləndə qəlbimdə baş qaldıran gizli rəğbət hissinə acı bir həqiqət də qarışdı: deməli, neçə gündən bəri ürəyimə damanlar doğru imiş... mən dünyada ən gizli, sirli bir missiya üçün seçilmişdim... dünyanı gizlicə idarə edən insanların elçiləri isə həmin məxfi missiyanı yerinə yetirməyim üçün mənim dalımca gəlmişdilər...
Elçilər vaxtı çox uzatmadılar, biz ertəsi gün səhər tezdən yola düşdük. Qarşıda bizi günlərlə, bəlkə də, həftələrlə uzanacaq çox yorucu, təhlükəli bir yol gözləyirdi... arxada isə çiyinlərinə narıncı sanqati1 salan rahiblərin xeyirduaları getdikcə eşildilməz olurdu...
Biz yaklarla birlikdə altı nəfər idik. Onlar həm bizə qarlı aşırımlardan keçməkdə kömək olacaq, həm də qidamızı təşkil edəcəkdi... Bir zamanlar XIV Dalay-Lamanın qət etdiyi bu çətin yolu indi mən keçməliydim. O, həyatının ən faciəli vaxtında təqiblərdən qaçarkən heç vaxt ruhunun sakitliyini pozmamışdı... Mən də onun kimi olmağa çalışdım... ayağım dağların bəmbəyaz qarına dəyən kimi yenidən möhtəşəm ahəngin içinə düşdüm... dünəndən bəri qəlbimdə kök salan qəm-qüssə məni birdəfəlik tərk etdi.
* * *
Mən dünyanın ən varlı insanları ilə qaranlıq, böyük bir otaqda görüşdüm...
Mən onları görmürdüm, onlar isə məni çox aydın görür, hislərimi duyurdular...
Mən əvvəllər inanılmaz dərəcədə kin bəslədiyim bu insanların hüzurunda durduqca bir vaxtlar onların xəyalımda canlanan qorxunc siması yavaşyavaş əriyib yox olurdu. Mən onları görmürdüm, amma heç cür inana bilmirdim ki, dünya ağalığını öz əllərində saxlamaq üçün hər cür fitnə-fəsad, qanlı münaqişələr törədən bu “oğlanlar” öz danışıqlarında bu qədər xoş və səmimi ola bilərlər... Sonda bir şeyi özüm üçün dəqiqləşdirdim: yəqin, bu insanlar nə vaxtsa çox sərt (qəddar) olublar, Yer üzündə qarışıqlıq törədiblər.
Amma indi vəziyyət başqalaşıb: dünyada müqəddəs dəyərlər, yaxşı nə varsa hər şey itib, mədəniyyətlər axtalanıb, insanlar azğınlaşıb... Bu “oğlanlar” da başa düşüblər ki, daha dünyanı belə idarə etmək olmur. Ona görə özləri də başqalaşıblar...
Mən indiyə qədər özümdən tərs adam tanımırdım... bilirdim ki, heç kim məni iradəmin əksinə heç nəyə məcbur edə bilməz... Amma indi ilk dəfəydi ki, dünyanı idarə edənlərin qarşısında mum kimi əriyirdim. Mən bu beş-altı nəfərin (səslərindən “oğlanlar”ın beş-altı nəfər olduqlarını təxmin etmişdim) istəyinə onların xahişini gözləmədən razılıq verməyə tələsirdim... Bəlkə, bu, “oğlanların” fitri istedadından idi ki, bu mürəkkəb, xaos içində olan dünyanı idarə etməyi bacarırdılar. Bəlkə də, onların xüsusi bacarığından idi ki, özlərinə lazım olan adamı (məni) dünyanın ən ucqar yerindən axtarıb tapa bilmişdilər, indi də mənə mühüm tapşırıq verirdilər...
Həmin adamlar məndən çox qəribə xahiş (tələb) etdilər. Dedilər ki, indi dünyada baş verən bütün fəlakətlərin əsası təxminən beş əsr bundan əvvəl müqəddəs bir yuxu ilə qoyulub. Vaxtilə dünyanın seçilmiş insanları zaman-zaman bu yuxunun içinə girərək bəşəriyyət üçün nəsə vacib bir şey götürüblər. Yuxuda dilənən hər bir arzu sonradan həyata keçib... Sonuncu dəfə həmin müqəddəs yuxunu Xristofor Kolumb görüb. Onun yuxuda dilədiyi arzu da yerinə yetib... O vaxtdan müqəddəs yuxu unudulub, əvvəlcə bir az yer üzündə sərgərdan dolaşıb, sonra sıx cəngəllikdə, Mayya qəbiləsinin sonuncu kahininin komasına sığınaraq qalıb... İndi bu müqəddəs yuxunu oyatmaq, içinə girərək uzaq bir mağaraya yollanmaq, bəşəriyyətin arzusunu işıqlı varlığa çatdırmaq lazımdır. Bu çətin missiyanı isə dünyada yeganə seçilmiş insan, yəni mən yerinə yetirə bilərəm.
Mən dünyanın ən varlı insanlarını bura qədər dinləyəndən sonra ürəyimdən keçdi ki, kaş onların gözlərinə baxa biləydim... onda sözlərinin doğru olub-olmadığını anlayardım... Amma bu heç cür mümkün deyildi... əvəzindəsə qaranlıqdan zillənən sərt baxışların altında üşüdüm... bu titrəyişlərin içində “oğlanların” içindəki dəmir iradəni hiss etdim... onların çox ciddi adamlar olduqlarını dərk etdim... Yox, belələri heç vaxt zarafat etməzlər!.. Bəs onda niyə görə bir yuxuya (lap elə olsun müqəddəs yuxu) sadəlövh uşaqlar kimi inanırlar?..
Elə bil ürəyimi oxumuşdular... eşitdiklərimdən diksindim:
- Dünyada elə sirlər, müəmmalar var ki, onlar kütlə üçün həmişə sirr olaraq qalacaq, heç vaxt da açılmayacaq. Qədim əlyazmalardan tutmuş, yadplanetlilərə kimi insanlardan gizlədilmiş o qədər sirr var ki... onlar bundan sonra da heç vaxt faş olmayacaq...
Başqa vaxt olsaydı, onlara qulaq asa-asa xəyal qanadlarında yellənərdim, amma indi bütün varlığım gərgin diqqət içində idi...
- ...Sənin yerini tapmaq isə çox çətin oldu...
Mən hardaydım ki, həmişə burada, Yer üzündə olmuşam.
- ...Biz dünyada sənin kimi vergili insanın olduğunu bilirdik, amma harada yaşamağından xəbərsiz idik. Ona görə də bu görüşü məxsusi olaraq burada keçirməyi qərara aldıq...
Görəsən, haradır bura, hansı ölkədir?.. Bəlkə, dağ başıdır?
- Hə, düz tapmısan, dağ başıdır bura!
Tüklərim biz-biz durdu: yoxsa, “oğlanlar” mənim fikirlərimi oxuyurlar?!
- Təqribən elə bir şeydir... Amma ürəyində bizə “oğlanlar” deməyin xoşumuza gəlir, - yerbəyerdən gülüş səsləri eşidildi.
Qəti qərara gəldim: görüş qurtaranacan heç nə fikirləşməyim.
- Harada qalmışdıq?.. Deyəsən, söhbət Kolumbun yuxusundan gedirdi... - bu sözlərimdən qaranlıq otaq gülüşlə silkələndi...
Gülüşlər danışıq kimi olmur. Dil hər hansı bir xalqa xas ola bilər və digər insanlar bu dili öyrənib, səlis, hətta ləhcəsiz də danışa bilərlər. Amma gülüş başqadır... və mən bir-birindən fərqlənən bu gülüşlərdən qarşımdakı “oğlanlar”ın heç də hamısının bir millətdən olmadığını yəqinləşdirdim...
Deməli, dünyanı bir yox, bir neçə millətin təmsilçiləri idarə edirmiş... Bu “gülüş məsələsində” bir az lovğalandım da.
- Sən çox istedadlı, qeyri-adi bacarığa malik vergili insansan... bununla fəxr etməkdə haqlısan...
Görəsən, çox şişirtmirlər ki... Onlar dünyanın ən varlı adamlarıdır... bəs mən kiməm?
- ...İnsanlara elə gəlir ki, pul, var-dövlət, hakimiyyət hər şeyi həll edir... Biz də həmişə bu fikirdə olmuşuq... Bəlkə, Kolumbun həmin müqəddəs yuxuda mağaradan götürdüyü bu olub, elə həmin vaxtdan da zamanın təkəri birdəfəlik dönüb...
- Bəs mən nə etməliyəm?
- Getməlisən... müqəddəs yuxunu tapıb, içinə girməlisən. Sonra da qoca kahinin yanına yollanmalısan. Ondan bəşəriyyət üçün çox mühüm bir xahiş etməlisən.
- Nə istəməliyəm ki?
- Bunu sən özün tapmalısan...
Hər şeyin gün kimi aydın olduğu bir məqamda yenə də aləm qaranlıqlaşmağa başladı. Heç nə başa düşmürəm, görəsən, belə ciddi insanlar da (bizim kimi) başlarını itiriblər... yoxsa niyə bir yuxunun ovuna çıxsınlar ki?
- Görürük, dediklərimizə şübhə ilə yanaşırsan... ona görə də məcburuq səni inandıraq, yoxsa sən nə müqəddəs yuxunu tapacaqsan, nə də öz missiyanı yerinə yetirə biləcəksən... De görüm, bizi əhatə edən hər şeyin real olduğuna inanırsan?
Sevdiyim mövzuya toxunmuşdular:
- Bütün səmavi kitablardan tutmuş, müasir kvant fizikasına qədər hər bir ilahi deyim, hər bir elmi təcrübə gözlə gördüyümüz, toxunduğumuz hər şeyin, sadəcə, illüziyadan ibarət olduğunu inandırıcı dəlillərlə sübut edir.
Varlıqlar, əşyalar yalnız müşahidəçi olanda öz formalarını, xassələrini saxlayır... Belə bir müşahidəçi olmayanda isə hər hadisənin, əşyanın, varlığın istənilən qədər sayı, variantı ola bilir, - deyə birnəfəsə söylədim.
- Biz bir az da irəli getmişik, daha çox şey öyrənə bilmişik... Sənin söylədiklərin hər kəsə açıq olan bilgilərdir. Ancaq indi sənə açacağımız sirr isə dünyanın ən gizli sirridir. Bu sirri sən də gizli saxlamalısan... Bil ki, əslində, hər şey tamam başqa cürdür... yuxunun gücü ilə...
* * *
...Hər şey “oğlanlar”ın planlaşdırdığı kimi oldu. Mən əvvəlcə təyyarə ilə Meksikanın Kampeçe ştatına, sonra isə oradan 300 km cənub-şərqdə yerləşən keçmiş Kanul çarlığının paytaxtı Kalakmulaya uçdum. Burada bələdçilərin köməyi ilə Mayya qəbiləsinə yollandım... qoca kahini tapıb, komasında yatdım və müqəddəs yuxunu görməyə başladım...
Yuxuda çox uzun bir yol getməyə başladım... Mən yolu tanımasam da, hara getdiyimi bilirdim... meşələrdən keçirdim, dənizlərdə üzürdüm... Yolda qarşıma çıxan hər şey mənə maneələri dəf etməkdə kömək edirdi: susuz səhralarda dilim-ağzım cadarlananda kəhrizin yerini o dəqiqə tapırdım... qabağıma qorxunc, bədheybət varlıq çıxanda haradansa əliqılınclı birisi, yaxud ruh gəlib onu məndən uzaqlaşdırırdı... dağları aşmaq istəyəndə Simurq quşu peyda olub məni qanadlarında yuxarı qaldırırdı...
Beləcə, yolumu tutub mənzil başına yaxınlaşırdım. İrəlilədikcə mənə çox şey tanış gəlirdi...
Axırda hər yeri tanıdım. Mən öz yurduma - dünyanın ən uca yerinə, göylərin qapısına gəlib çatmışdım. Burada girəcəyim mağara isə evimizin yaxınlığında yerləşirdi... dağda quzuları güdəndə yağışdan qorunmaq üçün o qədər onun içində daldalanmışdım ki... Görəsən, bu mağaraya yollanmaq üçün okeanın o tayına uçmağa nə lüzum vardı?
- Bura həm sənin tanıdığın, həm də tanımadığın müqəddəs yerdir... Bura düşmək üçün mütləq uzun yol keçməliydin. - Qarşıma çıxan mağara sakininin söylədiyi bu sözlərdən diksindim... qorxa-qorxa ətrafa göz gəzdirdim... doğrudan da, burada hər şey mənə həm tanış gəlirdi, həm də yox. Arada nəsə çox incə bir fərq vardı... amma tapa bilmirdim. Qarşımda dayanan adam da başqalarından nəyləsə fərqlənirdi. Əslində, o, çox yaşlı olmalı idi. Amma indi qarşımda cavan bir oğlan dayanmışdı.
- Hərə dünyanı bir cür görür... bəlkə, mən kimin üçünsə əldən düşmüş qocayam. Sən isə məni belə görmək istədin, ona görə də qarşına bu görkəmdə çıxdım.
- Mən buracan çox uzun yol gəlmişəm, hələ bir o qədər yolu da geri qayıtmalıyam. Vaxtım azdır, qorxuram xahişimi sənə çatdıra bilməyim, - tələsik dilləndim.
- Tanrı kainatı yaradanda onu zamanın içinə yerləşdirdi. Əslində isə hər şey - keçmiş, indi, gələcək də eyni yerdədir... hər şey eyni anda, bir-birinin içində, yanında baş verir. İnsanın uşaqlığı da, cavanlığı da, qocalığı da eyni yerdədir... Burada isə tamam başqa ölçülər qüvvədədir, sənin başa düşdüyün zaman burada yoxdur.
- Amma mən tələsirəm... sözümü demək istəyirəm.
- Sən deməsən də, mənə hər şey əyandır... Axırıncı dəfə bura sizing dünyadan Xristofor Kolumb adlı bir dəniz səyyahı gəlmişdi...
- O da seçilmişlərdən idi?
- Əlbəttə, əgər elə olmasaydı, müqəddəs yuxuya girə bilərdimi?
- O, Amerikanı kəşf edib, yəqin ona görə seçilmiş sayılır... Bəs mən neyləmişəm... nəyi kəşf etmişəm?.. Mənim heç adım da yoxdur... Deyirlər, mən anadan olanda qəbiləmizin kahini yatıb bir yuxu görüb, sonra da anama deyib ki, bu körpəyə ad qoymayın... o öz adını yuxuda qazanacaq.
- Sənin adını ona görə qoymayıblar ki...
- Sən qoyasan... eləmi?
- Hə... buradan çıxan kimi öz adını biləcəksən, hamı səni o adla çağıracaq.
- Mənə bir az Kolumbdan danış... o bu yuxuda nə etmişdi, nə xahiş etmişdi səndən?
- Nə istəmişdisə hamısı verildi ona... qövmü ucsuz-bucaqsız torpaqlara sahib oldu... O da yuxuda sənin kimi uzun yol keçərək yanıma gəlmişdi... amma bura onun gözlərinə doğulduğu Genuya şəhəri kimi göründü. Mən onun qarşısına orta yaşlı, təcrübəli bir dənizçi qiyafətində çıxdım... qarşı-qarşıya əyləşib ucsuz-bucaqsız okeanlardan, dəniz fırtınalarından o qədər maraqlı əhvalatlar danışdıq ki... Söhbətdən doyanda Kolumba elə gəldi ki, burada da zaman işləyir və tez məndən diləyini istədi...
Mağaramın arxa divarında qədimdən qalmış böyük bir rəf var. Bu rəfin gözlərinin hərəsinə bir dünya neməti qoyulub... Səni bura ona görə göndəriblər ki, həmin dünya nemətindən birini seçəsən... necə ki vaxtilə bunu Kolumb etmişdi... O, rəfə yaxınlaşanda buradakı varlıqların sehri başından vurdu... gözləri dumanlandı, qamarlayıb rəfdəkilərin hamısını birdən götürmək istədi... Sonra xəbərdarlığımı eşidib əlini yalnız birinə uzatdı.
Həmin an rəfə uzanan əlindən vurdum... Bu vaxt Kolumbun əli azca qanadı və bayaq toxunduğu torpağa qırmızı qan damcısı düşdü... Bir azdan insan əli dəyən pak torpaq rəfdə dayana bilmədi, aşağı şürüşüb tozun içinə düşdü...
Qəfil hərəkətimin səbəbini Kolumba mülayimcəsinə izah etdim... O, tələsirdi, mənim isə nə qədər desən, vaxtım vardı. Kolumba dedim ki, bu sən bildiyin qədər də sadə məsələ deyil. Burada seçim etmək asandır, amma nəticəsini bütün bəşəriyyət əsrlər boyu yaşayacaq... ta bura başqa bir elçi gələnəcən... Sonra əsas mətləbə keçdim... dedim ki, bu torpaq istəyi səninki deyil, İspaniya kraliçası İzabellanın sevdasıdır. O səni bura göndərsə də, sən müstəqil, azad adamsan, sənin öz seçimin olmalıdır.
Kolumb bir az düşünüb “mənim də istəyim, əslində, budur, torpaq!” - deyəndə bildim ki, budəfəki istək onun arzusudur... Amma indi vəziyyət xeyli qəlizləşmişdi... pak torpaq rəfdən sürüşüb tozun içinə düşmüşdü, həm də indi onun üstündə qan ləkəsi vardı. Ona görə də bu dəfə Kolumba yaxşı-yaxşı düşünmək üçün şans verdim... Dedim ki, bir az əvvəl olsaydı, torpağı götürməyinə etiraz etməzdim. Amma indi o, tozun içindədir, üstündə də insan qanı var. Heç bilirsən bu nə deməkdir? Əgər sən qanlı torpağı götürsən, Yer üzündə indiyəcən insanlara məlum olan quru sahəsi qədər yeni torpaqlar - materiklər, qitələr, adalar kəşf olunacaq... əhalinin sayı durmadan artacaq... Amma dəhşətli bir bəla da heç vaxt başınızın üstündən əskik olmayacaq. Yer üzündə nifaq, düşmənçilik artacaq, qanlı savaşların, müharibələrin ardı-arası kəsilməyəcək... Bu əbədi qovğaya alimlər də qoşulacaq... onlar bəşəriyyətə fayda vermək, planeti qorumaq əvəzinə, milyonlarla insanın məhvinə səbəb olacaq kütləvi qırğın silahları ixtira edəcəklər. Böyük dövlətlər bu qorxunc silahları çoxaltmaq üstündə bir-biri ilə yarışacaq... milyonlarla günahsız insan məhv olacaq... Pak torpağın rəfdən tozun içinə düşməsi isə Yerin nəfəs ala bilməyəcək qədər çirklənməsi deməkdir... Buna uyğun olaraq, bəşər cəmiyyətinin feodalizmdən sonrakı inkişafı tamamilə başqa istiqamətə yönələcək... hər yerdə baş verən burjua qiyamları monarxiyaları yer üzündən siləcək, əvvəlcə bu proses cəmiyyətə azadlıq, yüksək tərəqqi, yeni ideyalar bəxş edəcək. Lakin sonra amansız rəqabət üzərində qurulan kapitalizm, sənayeləşmə öz fəsadlarını göstərəcək... yerin üstündəki, altındakı bütün sərvətlər acgözlüklə sovrulub tükədiləcək, planetiniz bundan özünü qoruya bilməyəcək qədər elə gücsüz, zəif düşəcək ki... amma bu heyfi də insanlarda qoymayacaq... iqlim kəskin şəkildə dəyişəcək, təbii fəlakətlər baş alıb gedəcək... Bütün bunların qarşısını almaq isə heç cür mümkün olmayacaq... Dünyanın məhvi belə başlayacaq...
Mən elə hey danışır, danışırdım... Kolumb isə eyni sözləri təkrarlayırdı: “torpaq istəyirəm!..” Mən getdikcə Kolumbu daha böyük faciələrdən xəbərdar etməyə çalışırdım... Amma onun qulaqları tutulmuşdu, tamahkarcasına torpağa zillənən gözləri isə heç nə görmürdü...
...O, seçimini dəyişmədi... tozun içinə düşmüş qanlı torpağı götürdü!.. Sən nə vaxtsa öz-özünə sual vermisən ki, niyə Amerika qitəsi, Avstraliya, Antarktida və s. torpaqlar sonradan kəşf edilib?.. Çünki onlar əvvəllər, sadəcə, mövcud olmayıb. Nuhun gəmisi Cudi dağında yerə oturan vaxtdan insan övladı həmişə torpaq həsrətində olub... onların bu arzusuna uyğun olaraq dənizlər aşağı düşüb, quru sahələri genişlənib... Bunu sən dünyanın ilk coğrafi xəritələrində də görə bilərsən... əvvəllər quru ərazi, həqiqətən də, orada təsvir edilən dərəcədə kiçik olub. Fatehlərin dediyi kimi, doğrudan da, dünya əvvəllər elə böyük olmayıb ki, onu iki hökmdar idarə etsin... Amma indi həmin vaxtdan çox keçib və quru ərazi o qədər genişlənib, insanlar o qədər azğınlaşıb ki... qaranlıq otaqdakı “oğlanlar” da bu qarışıqlıqdan başlarını itiriblər. Dünyanın məhvərini düzənləmək üçün səni müqəddəs yuxunun içində mənim yanıma göndəriblər.
- Bəs mən nə etməliyəm, rəfdən nəyi seçməliyəm... xahiş edirəm mənə bir yol göstər... dünyamızı fəlakətlərdən necə qurtarmalıyam... noolar, heç olmasa, bir ipucu ver...
- İxtiyarım yoxdur.
- Bəs demirdin ki, Kolumb rəfdən torpağı götürəndə əlindən vurdum, onu yenidən düşünməyə vadar etdim... Noolar, mənə də bir yol göstər... yalvarıram... İnan ki indi dünyada Nuhun gəmisi də yoxdur ki, kimsə minib xilas ola bilsin.
- Sənin həyəcanını başa düşürəm, amma heç bir ipucu verməyə ixtiyarım yoxdur. Sizdən fərqli olsam da, mən də yaradılmışlardanam, axı... O ki qaldı Kolumbun məsələsinə... əvvəlcə Kolumba ona görə mane oldum ki, çünki o, birinci dəfə kraliça İzabellanın iradəsi ilə hərəkət edirdi. İkinci dəfə isə öz seçimini etdi... sadəcə olaraq, bu, kraliçanın arzusu ilə üst-üstə düşürdü.
- Kolumba qədər insanlar bura gələndə nəyi seçirdilər?.. İpucu vermirsən, heç olmasa, bunu söylə... yalvarıram.
- Bayaq dedim, axı, hər dəfə bura bir bəni-insan gələndən sonra dənizlərin səviyyəsi aşağı düşürdü.
- ...Deməli, hamı torpaq istəyibmiş!.. Bizim zamanda da, həsrətində olduğumuz qızıl dövrdə də insanları yalnız eyni şey maraqlandırıbmış... insan xisləti heç dəyişməyibmiş!
- İnsanları çox da qınama... bəlkə, bu ona görədir ki, Tanrı sizin mayanızı torpaqdan yoğurub, onun üçün də həyatınız boyu həmişə torpaq arzulayırsız... yalnız öləndə, torpağa qarışandan sonra rahatlaya bilirsiz.
“Deməli, məndən əvvəl gələnlərin hamısı torpaq istəyiblər... Bəs mən nə edim, rəfdən nəyi seçim?.. Bəlkə, mən də torpaq götürüm... onda quru sahəsi bir az da genişlənər, qanlı müharibələr səngiyər... Yox, tələsmək lazım deyil, yaxşı-yaxşı fikirləşməliyəm. Axı indi mənim seçimimdən bütün bəşəriyyətin gələcəyi asılı olacaq...”
...Bir azdan hər şey mənə gün işığı kimi aydın oldu... və mən öz seçimimi etdim... Bunun üçün çox düşünmədim, ürəyimin səsinə qulaq asdım, seçimimi qəlbimlə etdim...
* * *
...Sonra yenə də yuxuda əvvəlki kimi uzun yol getməyə başladım... bu dəfə geri qayıdırdım... Yenə də dağlardan aşdım, dənizlərdən keçdim... ayağımı quruya basıb Mayya qəbiləsinin uzaq cəngəllikdə yerləşən gözdəniraq, tənha komasına tərəf üz tutdum...
Mənim yuxum orada qurtaracaqdı... dünya isə Kolumbun “yuxusundan” oyanıb mənim “yuxuma” girəcəkdi. Bundan sonra dünyada baş verəcək bütün hadisələr isə mənim mağaradan götürdüyüm nemətə uyğun dəyişəcəkdi... beləcə, bəşəriyyət uzun müddət bu “yuxunu” yaşayacaqdı...
Dünyanın bundan sonra necə fırlanacağını isə mənim adımı insanların ağzından eşidəndə biləcəksiz... adımı eşidən kimi hər şey sizə aydın olacaq!
Mən hələ yuxudaykən başqa dəyişiklik də baş verdi... Dənizdən üzə-üzə çıxanda pərilər məni indiyəcən eşitmədiyim gözəl bir adla çağırdılar. Və mən kahinin mənə verdiyi adı tanıdım... o mənə rəfdən götürdüyüm nemətin adını qoymuşdu... Bildim ki, yuxudan ayılandan sonra da bu adla çağırılacağam.
Amma adım dünyada bircə dəfə çəkiləcək... çünki bundan sonra Yer üzündə çox az yaşayacaqdım. Nə qədər az olduğunu özüm də bilmirdim. Bəlkə, heç “oğlanlarla” görüşə də bilmədim. Ona görə də tələsirdim, Mayya qəbiləsinə tez çatmaq istəyirdim... orada müqəddəs yuxudan oyanmalıydım, yuxuda gördüklərimi “oğlanlara” danışmalıydım...
İstəyirsiz sizə bir sirr açım? Heç fikirləşmisiz ki, bayaqdan mən niyə belə şirin-şirin “oğlanlar” deyirəm? Bunu indiyədək tapa bilməmisinizsə, heç bundan sonra da başa düşməyəcəksiz... Axı, mən qızam!.. Təəccübləndiz?!
Mən artıq cəngəlliyə girmişdim. Yolu tapmaq üçün pərilər yenə də məni gözəl adımla çağırırdılar... çağırışlara sevinclə hay verirdim...
Bu vaxta qədər adım olmadığına görə məni daha necə çağırmamışdılar ki: mağaranın yanında yaşayan qız... hörüklü qız... kor qız... Məni beləcə müxtəlif cür çağırmışdılar. Amma bunların heç biri mənim adım olmamışdı... indi isə yuxuda, komaya tələsdiyim bir vaxtda pərilər məni kahinin qoyduğu adla çağırırdılar... Elə sevinirdim ki... İlahi, görəsən, o günü yaşaya biləcəyəmmi ki, məni dünyada da bu adla çağırsınlar... Görəsən, o vaxta qədər yuxudan ayıla biləcəyəm?..
* * *
...Meksikanın Mərkəzi Axtarışlar Bürosunun cavan, yaraşıqlı agent xanımı bir saatdan çox idi ki, qarşısında dayanan, ondan yalvarıcı səslə xahiş edən asiyalı oğlanın artıq boş görünən suallarından bezməyə başlamışdı. Lakin yad şivədə danışan bu cılız oğlanın son ümid yeri olduğunu anlayıb onu səbirlə dinləməyə çalışırdı:
- ...düz bir həftədir sizin ölkənizin hər yerini ələk-vələk etmişəm, bütün xəstəxanalara baş çəkmişəm, polisə axtarış vermişəm... heç bir nəticəsi olmayıb. Son ümid yerim buradır... sizdən çox xahiş edirəm, onu tapmaqda mənə kömək edəsiz.
- Biz sizə necə kömək edə bilərik? Axı, siz heç axtardığınız qızın adını da bilmirsiz.
- Adını bilməməyim o demək deyil ki, onu tanımıram... əksinə, onu çox yaxşı tanıyıram, uşaqlıqdan bir yerdə böyümüşük... sadəcə, onun adı yoxdur, elə anadan olandan qoymayıblar. Doğulanda bizim kahin demişdi ki, bu uşaq vergilidir, adını qoymaq olmaz, böyüyəndən sonra öz adını yuxuda qazanacaq... bilirsiz, biz dağda, rahiblərin arasında yaşayan insanlarıq, belə şeylərə çox inanırıq.
- Deyirsiniz adı yox... yəqin, heç familiyası da yoxdur. Bəs belə bir adam necə olub ki, təyyarə ilə okeanın bu tayına uça bilib... bəlkə, o qız heç buralara gəlməyib. Allah bilir, indi hansı dağda azıb qalıb... axı özünüz dediniz ki, kordur, gözləri görmür.
- O heç vaxt dağda azıb qalmaz!.. Düzdür, o kordur, amma hər şeyi səndən-məndən yaxşı seçir. Bəsirət gözü haqqında nəsə eşitmisiz... bax onda bəsirət gözü var. Elə bu vergisinə görə də “oğlanlar” gəlib onu aparıblar. Əvvəlcə haradasa gizli görüş keçiriblər, sonra isə bura, sizing ölkəyə göndəriblər. Bunun hamısını mənə o özü əvvəlcədən danışmışdı... axı, o hər şeyi qabaqcadan görə bilirdi... Burada bir komada olacağını, orada yatacağını da mənə söyləmişdi...
- Nə?! Komada yatmaq... yuxu görmək... ha-ha-ha...
- Gülməyin, mən düz deyirəm. O burada qədim komada olacağını deyirdi... Həm də deyirdi ki, hər şeyi ancaq oracan görə bilir, ondan sonrası isə qaranlıqdır... bu onu çox həyəcanlandırırdı. İlk dəfəydi ki, gələcəyi görə bilmirdi. Buna görə mən də onun taleyindən narahatam.
- Mən sizi çox yaxşı başa düşürəm... həyəcanınızdan o qızı sevdiyinizi də anladım... Xahiş edirəm, siz də məni başa düşəsiz... mən sizə kömək etməyi çox istərdim, amma əlimdən nə gələr ki... Bir dəqiqə gözləyin... aha, deyəsən, sizin verdiyiniz sorğuya cavab gəldi... Hə, özüdür ki var, sizing sorğunun cavabıdır. Heç inanmazdım ki, belə qeyri-dəqiq sorğuya nə vaxtsa cavab gələ bilər. İndicə hər şeyi oxuyub sizə məlumat verərəm. – Oxumağa başlayanda üzünün ifadələri birdən-birə dəyişdi... bir xeyli keçmiş məyus halda dilləndi. - ...bəlkə, bu heç sizin axtardığınız qız deyil?
- Deyin görüm nə baş verib, niyə tutuldunuz... susmayın, cavab verin!
- Bu heç də ürəkaçan xəbər deyil.
- Qorxmayın, mən çox möhkəməm.
- Deməli, belə... bayaq sizin verdiyiniz sorğu əsasında xəbər gəlib ki, keçilməz bir cəngəllikdə... Mayya qəbiləsinə məxsus komanın içində asiyalı bir qızı, necə deyim sizə, cansız halda tapıblar... Amma narahat olmayın bu sizin axtardığınız qız olmaya da bilər... Axı, hələ heç şəklini göndərməyiblər...
- Xahiş edirəm, susmayın... davam edin.
- ...Sizə onu da deyim ki, bu Mayya qəbiləsinin son dərəcə qəribə, sirli-sehrli bir kahini var. Özü də o qədər qocadır ki, heç yaşını da bilən yoxdur.
Ondan xeyli uzaqda yaşayan bir qəbilənin yüz yaşlı sakini deyib ki, mən anadan olandan bu kahini elə belə görmüşəm. Mən indi qocalıb əldən düşmüşəm, o isə necə var eləcə də qalıb... Bu qoca kahin haqqında keçən il bir film də çəkmişdilər... O çox qocadır, yadında heç nə qalmayıb. Həm də qəribə sözlər danışır, deyir ki, guya yaddaş çox pis şeydir, insana yalnız əzab, iztirab verir... Bu qoca kahinin nə yediyini, içdiyini də heç kim bilmir...
sadəcə, onu deyir ki, uzun müddətdir, bu komada müqəddəs yuxu ilə yaşayır, onu kimdənsə qoruyur. Yazığın ağlı lap çaşıb, deyir ki, guya bir vaxtlar Kolumb da bu yuxunu görüb... Ağlı çaşmayıb neyləsin, axı çox qocadır, 200, bəlkə də, 250 yaşı var... Bağışlayın, deyəsən, boş sözlərlə başınızı ağrıtdım... Deməli, həmin bu qoca kahinin komasında sizin təsvir etdiyiniz əlamətlərdə bir cavan asiyalı qızı tapıblar. Adı da...
- Dayanın... deyirsiz adı var onun?
- Burada təəccüblü nə var ki, adamın adı olar da... həm də çox qəribə, maraqlı addır bu... bizim tərəflərdə qızlara belə ad qoymazlar...
- Adı varsa, onda mən axtardığım qız deyil.
- Niyə elə düşünürsüz ki... Aha, qızın şəkli də gəldi.
- O, kordur?
- Yox... çox qəşəng gözləri var... baxmaq istəyirsiz? - bunu deyib monitorun üzünü asiyalı oğlana tərəf çevirdi.
Göndərilən şəkildə qızın üzü iri planda verilmişdi. Monitorun ekranına qızın ancaq üzünün yuxarı hissəsi, bir də açıq qalan ala gözləri düşmüşdü.
Qızın bu ala, iri gözlərinə qorxa-qorxa nəzər salan asiyalı oğlanın qəlbi birdən-birə işıqla doldu... təəccüb içində çiyinlərini çəkdi... bir xeyli keçmiş qətiyyətlə dilləndi:
- Bu qız mən axtardığım adam deyil.
- Əminsiz?
- Əminəm!.. Mənim axtardığım qız kor idi, heç nə görmürdü... bunun isə gözləri elə bil canlıdır (“can alır” demək istədi)... Həm də bu qızın adı var, axı.
- Hə, doğrudan da, heç cür uyğun gəlmir: adı var... həm də gözləri... elə ala gözləri var ki, adamın qəlbini işıqlandırır.
- Bayaq heç demədiz bu qızın adı nədir?
- Doğrudan?.. Heç fikir vermədim... Özü də bu gözəl qızın çox maraqlı (“qəribə” demək istədi) adı var. Bizim yerlərdə qızlara belə ad qoymazlar...
Hə, tapdım, indi sizinçün oxuyuram, bu gözəl qızın adı...
Mərkəzi Axtarışlar Bürosunun gözəl xanımı monitordan oxuduğu sözü böyük coşqu ilə səsləndirəndə asiyalı oğlan bu adın nə mənasını başa düşdü, nə də ürəyində tələffüz etməyi bacardı. Sadəcə, onu bildi ki, onun vətənində də göylərin qapısında da qızlara belə ad qoymurlar...
...Tezliklə bu qəribə, gözəl ad həm cavan xanımın, həm də təyyarə ilə geri, uca dağlar diyarına uçan asiyalı oğlanın tamam yadından çıxdı... eyni zamanda Meksikanın Mərkəzi Axtarışlar Bürosunun kompüter sistemindən, dünya internet şəbəkəsindən də birdəfəlik silindi... Beləliklə, bu müqəddəs ad dünyada bir dəfə səsləndi və sonra da lüzumsuz söz kimi unuduldu...
...Bəlkə, belə məsləhət idi. Qoca kahinin dediyi kimi, hər şeyin unudulub yaddan çıxması yaxşı idi... Kim bilir, bəlkə də, bütün bunlar artıq yenicə başlamış təzə bir “yuxunun” əvvəli idi...
Epiloq
“Oğlanlar”ın qaranlıq otaqda keçirdikləri gizli məşvərətdən:
- ... indi dənizlərin səviyyəsi qalxır... hidrometeoroloqlar kəndlərin, şəhərlərin, ölkələrin su altında qalacağını proqnozlaşdırırlar.
- Görəsən, bütün bunlar nədən xəbər verir? Bizim “peyğəmbər” kahinin mağarasından nə götürmüşdü ki, hadisələr belə qəfil dəyişir...
- Bircə kahinin ona verdiyi adı öyrənə bilsəydik, onda hər şey aydınlaşardı.
- Təəssüf ki, bu heç cür mümkün olmur, bütün səylərimiz boşa çıxır.
Dünyanın ən məşhur xakerləri Meksikanın Mərkəzi Axtarışlar Bürosunu, dünya internet şəbəkəsini ələk-vələk ediblər, ancaq heç bir nəticə hasil olmayıb. Kompüter şəbəkəsində bizim “peyğəmbər” haqqında məlumat var, ancaq hər yerdə adı pozulub, heç cür də bərpa etmək mümkün olmur... buna cəhd göstərənlərin isə öz şəbəkəsi sıradan çıxır.
- Bəs onlardan nə xəbər var... cavan xanımla, asiyalı oğlanı deyirəm.
- Onlar tutuquşu kimi elə eyni sözləri təkrarlayırlar. Deyirlər ki, biz dünyada yalnız bir dəfə müqəddəs çöhrə gördük, müqəddəs söz eşitdik... sonra da hamısı yadımızdan çıxdı.
- Görünür, biz kahinin qıza verdiyi adı heç cür öyrənə bilməyəcəyik. O ad dünyada bircə dəfə səsləndi, bircə dəfə də eşidildi. Təkrarı isə, görünür, heç vaxt olmayacaq... müqəddəs sözdür, axı.
- Amma şəkillərdə son dərəcə gözəl, füsunkar düşüb bizim “peyğəmbər”imiz. Heyif ondan, o hələ bəşəriyyətə (“bizə” demək istədi) çox lazım ola bilərdi.
Nəhayət, bayaqdan ağzına su alan ən cavan “oğlan” da dilləndi:
- Görəsən, biz pulun, mal-dövlətin, hakimiyyətin boş şey olduğunu söyləyəndə “peyğəmbər” bizə inandı?..
1 Sanqati - Tibet rahiblərinin xüsusi geyimi