ATDIN TƏNHALIĞIN OVCUNA MƏNİ
Bağladın gərəksiz bir əşya kimi
qəm - kədər daşının ucuna məni.
Zərrə acımadın, rəhm eyləmədin,
Atdın tənhalığın ovcuna məni.
Bu ovcun hər hissə, hər qarışını
acı xatirələr aldı cənginə.
Tənhalıq ömrümlə nigah bağladı,
boyandım həsrətin qəm ahənginə.
Bu ovuc qıraqdan baxanlar üçün
quşlar tərk eləyən yuva kimidir.
Bu ovcun içinə düşənlər bilər
bu ovuc dərd qoxan hava kimidir.
Kimsə eşidirsə, hay versin mənə,
uzadıb əlini tez dartsın məni.
Nəfəsim çatışmır, boğuluram mən,
biri bu yuvadan çıxartsın məni.
ÜRƏYİMİN BAŞINDAN
Oxucum, diqqət et sətirlərimə,
qəlbimin dərdini-sərini eşit.
Hər gecə Ağdama dua edirəm.
Allah, heç olmasa birini eşit.
Vallah, bir dənə də quzu qalmayıb
yaylaqdan qışlağa köçən sürüdən.
Şuşaya bir qurban boyun olmuşam
Laçın dəhlizindən keçən sürüdən.
İyirmi dörd illik Vətən həsrəti
məzlum gözlərimin yaşından keçir.
Xocalıya gedən qanlı cığırlar
Mənim ürəyimin başından keçir.