Elə yurddaş təsəvvürə gətirmək mümkün deyil ki, Süleyman Rüstəmlə dostluq eləsin, lap az müddətə ünsiyyətdə olsun - şair haqqında xatirələr onun yaddaşında iz salmasın.
Lovğalığı könül dünyasından birdəfəlik qovmuş, hazırcavab, zarafatcıl sənətkarla bağlı ürəyimizcə olmayan söhbətlər də eşidirik. Bunların nə dərəcədə səhih olub-olmadığını deyə bilmərəm. Amma onu bilirəm ki, yer üzündə qüsursuz adam, xüsusilə ictimai mühitlə, rəhbər dairələrlə mütəmadi təmasda olan səhvsiz sənətkar təsəvvür etmək çətindir. Bəzən şəxsi mülahizələr, qərəzli münasibətlər hesabına mənfi söz-söhbətlərə təzə naxışlar vurulur və beləliklə sonrakı nəsil örnək kimi baxdığına da şəkk ilə yanaşır. İndi belə bir etiraf az qala dəb halına keçib ki, tariximiz səhvsiz ötməyib. Elə bil səhvlərimiz bizim üçün imtiyaza dönüb. Nəticədə meyar itir. Unuduruq ki, yekrəng tarix yoxdur-deməli, səhvsiz tarix yoxdur. Yarım əsr Trotskini, Buxarini, Zinovyevi... cəmiyyətimizin düşməni kimi tanıyan xalqa birdən-birə onlar proqres və humanizm təbliğatçısı kimi təqdim olunur. Bu prosesdə iki cəhətin mahiyyətinə realist baxışla müdaxilə etməliyik: əvvəla, bütöv nəsillər uzun müddət həmin "xalq düşmənləri"ni inqilab düşmənləri kimi tanıdılar. Deməli, inqilab xalqın deyilmiş. İkincisi, dövlətin ilk yaradıcılarını xalq düşməni kimi ifşa edən "əsl kommunist" liderlər - Stalin, Kalinin, Orconikidze, Mikoyan, Molotov, Beriya... idilərsə, onları 30-40 il mədh edən sənətkarın aldanmış gümanını kimin ayağına yazaq? S.Rüstəm barədə yazarkən, xəyalın belə cövlan etməsi qeyri-məqbul görünməsin. Ziddiyyətlərlə dolu aldadıcı, dəyişkən mühitimizdə aldanmamaq üçün Viktor Hüqo olmalısan. Hər yazıçı da dahilik zirvəsini fəth edə bilmir. Biz milli ədəbi köklərimizdən bixəbər yaşa dolduq. Böyük Nizamisi olan xalq öz dahisini birbaşa oxuya bilmir, onu Avropa və rus tədqiqatçılarının zərrəbini ilə tanıyır. Nazim Hikmətə az-çox bələd olanlar türk dünyasının ədəbi vicdanı olan Məhməd Akifi tanımadılar. Deməli, Q.Zakirdən... S.Rüstəmədək şairlərimizin məfkurəvi aldanışı kimsəyə təəccüblü görünməsin gərək.
Sənətkar haqqında danışarkən, öncə onun iç dünyasına dalmağı bacarmalıyıq və bunun üçün bizdən canlı mövzuya ədalətli münasibətdən başqa heç nə tələb olunmur. Təəssüf ki, şübhə və ehtimalımız həqiqəti üstələyir və beləliklə, həqiqət ala-toran labirintə düşür. Bir fakt: 1954-cü ilin payızında Süleyman Rüstəmi Neftçalaya qonaq dəvət etdiyimi eşidənlərin bir qismi mənə irad tutdular:
- Səməd Vurğuna külüng çalan bir adamı belə təntənəli görüşə dəvətdən ehtiyat etmirsən?
- Kimdən ehtiyat etməliyəm?
- Lap Səməd Vurğundan. Bilmirsən ki, onların arası yoxdur?
Fəqət Süleyman Rüstəmi evimdə başqa cür gördüm. Bir-iki saat içində evimizdə hamımıza doğmalaşan Süleyman Rüstəm zərli çərçivəyə saldırıb divara vurduğum iri fotoya diqqətlə baxıb: "Nə yaxşı eləmisən - dedi, - S.Vurğundan yadigar şəkil nəsil üçün iftixardır. Səməd bir başqa aləmdir. Ötən il mənə zəng elədi ki, Süleyman, Toliki göndərirəm, səndəki uzunboğaz çəkmələri ver, şənbə günü ova gedirəm, qayıdıb qaytararam. Verdim. Günlər, həftələr keçdi, ov ayaqqabılarından xəbər-ətər olmadı, Səmədlə görüşəndə isə, bu barədə söz salmırdı. Bir il keçə-keçməyə Səmədə zəng edib dedim ki, mən ova gedirəm, ayaqqabılarımı hazırla, gəlib götürərlər. Səməd əvvəlcə duruxdu: "Nə çəkmə, nə ayaqqabı?". Yadına saldım. Birdən-birə eyni açıldı:
- Hə, yadıma düşdü. Ay Süleyman, bilirsənmi, Muğanda bir kişiyə rast gəldim, yazıq ova çarığabənzər cırıq patava ilə gəlmişdi. Söhbətə tutdum. Hiss elədim ki, ehtiyac onu ovçuluğa sövq edib. Ayaqqabısı isə yoxdur. İnsafla de, axı, biz ova ehtiyac ucbatından getmirik, dincəlmək, feyz almaq ucbatından gedirik. Bax, elə bu hesaba da ayaqqabıları kişiyə bağışladım, fikrimdən çıxıb, sənə deməmişəm. Sən Allah, halal elə. Mən sənə borclu, gələn həftə ayaqqabıların hazır, özü də təzəsindən".
... Görüşdən sonra şairin şərəfinə evimdə məclis açdım. Ədəbiyyatşünas İslam İbrahimov da onunla gəlmişdi. Müəyyən məqam çatanda, Süleyman Rüstəm heç kimin gözləmədiyi bir təkliflə məclisə müraciət etdi:
- Bu badələri ədəbiyyatımızın beşiyi başında sərvaxt duran Səməd Vurğunun şərəfinə, həm də ayaq üstə nuş etməyi özümüzə borc bilək. Belə nadir sənətkarın haqqında ayağa qalxmadan danışmaq qəbahətdir.
İslam İbrahimova döndü:
- İslam, bilirəm sənə əziyyət olacaq (onun bir ayağı protez idi), fəqət dözməliyik, əzizim, qalx ayağa.
Təbiəti etibarilə şux, həssas olan İslam ötkəm-ötkəm dilləndi:
- Bu nə sözdür, Süleyman? Sən bu gün deyirsən, mən dünəndən hazıram. Amma iki gündür mənə niyə əzab verirdin, onun səbəbini danışarsan. Bu iki gündə sən mənə zülm elədin.
Heç birimiz bu "zülmün" mənasını başa düşmədik. Söhbəti yenə də Süleyman Rüstəm təzələdi:
- Üzünə demək olmasın, bu İslam mükəmməl, savadlı ziyalıdır. Moskvada da onun qələminə qibtə edənlər az deyil. Amma... İslam, deyimmi?..
İslamın atəşli gözləri oturanları süzdü. Və o, şən ovqatla öz hökmünü verdi:
- Danış, Süleyman danış. Dostun demişkən, "Deyilən söz yadigardır".
Bəlli oldu ki, İslamın savadına dərin hörmət bəsləyən Süleyman Rüstəm xahiş edir ki, Neftçalaya məruzəçi kimi onunla birlikdə gəlsin. Bu şərtlə ki, görüşə qədər İslam içməsin. İslam da bu "ağır şərti" şərtlə qəbul edir: əvəzində Süleyman Rüstəm onu "bir ay təmin etsin".
Neftçalada isə, görüşdən əvvəl İslam İbrahimov təklif elədi:
- Süleyman, bilirsən ki, fəhmimdə yanılmıram. Qoy məruzəçi İmamverdi olsun, mən isə çıxış edərəm.
Belə də oldu. Süleyman Rüstəm hazırcavablıq elədi:
- Uduzanın böyüyü mənəm. İki gün sən, bir ay mən. Özü də sən udmusan, canın qurtarıb, bir ayın xərc əzabı isə məni gözləyir.
O gündən sonra Süleyman Rüstəmlə münasibətlərimiz doğmalaşdı və elə vaxt olmadı ki, o Muğan tərəfə gələndə, mənim yolum Bakıya düşəndə bir-birimizə baş çəkməyək. Evimdə o qədər məktubları, birgə şəkillərimiz, yadigar hədiyyəsi, avtoqraf kitabları var ki...
* * *
...Yazıçılar İttifaqında pilləkənlə yuxarı qalxırdım ki, ikinci mərtəbədə Elçinin doğma səsini eşitdim. Cabir Novruzla söhbət edirdi. Mehriban görüşüb "Hüseyn Abbaszadənin otağında bizi gözlə" - deyən Cabir Novruzun ilıq təbəssümündən çox mətləbləri oxumaq olardı. Hüseyn Abbaszadənin otağına daxil oldum.
- Süleyman müəllim, sən Allah, ara ver, bir azdan sonra danışarsan.
Bu sözləri uğunub gedən Hüseyn Abbaszadə deyirdi. Hamısı ilə görüşdüm. Süleyman Rüstəm "Ya Allah" - deyib məni sol tərəfindəki kresloda əyləşdirdi və söhbətinə davam etdi:
- Əşi, Məmməd Səidlə bağlı söhbət qurtaran deyil. Rəhmətlik, yazıçı kimi nə qədər misilsiz adam olsa da, arvadı azərbaycanlı olmasa da rus dilini mükəmməl bilmirdi, öyrənməyə də çalışmırdı. Təəccüblənirdim ki, arvadın xaçpərəst ola, neçə il sürgünlərdə olasan, özün də rus dilini bilməyəsən! Bir dəfə müharibə günlərində əlində zənbil Yazıçılar İttifaqına, mənim yanıma gəldi. Söhbəti yenicə başlamışdıq ki, sözümü kəsdi: "Süleyman, tələsirəm, qoy evə zəng edim, arvada tapşırığımı verim, özüm də ət mağazasına dəyim. Yaxşı ki, talon da yanımdadır". Telefonda nömrəni yığdı, cavab verən arvadı idi. Tapşırığı eyni ilə yadımdadır:
- Ti idi Bülbül, çay kuşay, ya poşol maqazin, maqazin myas prişol.
Yəni sən get Bülbülgilə (böyük müğənnimiz Bülbül Məmməd Səidin qonşusu idi) çay iç, mağazaya ət gətiriblər, mən də ət almağa gedirəm.
Keçən gün arxivimi araşdırarkən köhnə bir şəkil tapmışam, nə vaxt, kim tərəfdən çəkildiyi yadımda deyil, amma nadir fotodur" - deyib iri ölçülü şəkli qovluqdan çıxardı. Şəksiz, müharibə illərində çəkilmişdi. M.S.Ordubadini, S.Vurğunu, S.Rüstəmi dərhal, Ə.Məmmədxanlını, M.Rahimi, O.Sarıvəllini isə çətinliklə tanımaq olurdu. Fotonu Elçin istədi. Lakin Süleyman Rüstəm izah elədi ki, fotoqrafa surətini çıxartdırmışam, çünki şəkli dostlarımın çoxuna, bəzi redaksiyalara, muzeyə verməliyəm, əslini isə İmamverdiyə verəcəyəm. Dizi üstündə şəklin arxasına qeyd elədi... İndi təxminən 55 yaşlı şəklə baxır, arxasındakı qeydləri həsrətlə oxuyuram: "Əziz dostum İmamverdiyə məndən bir xatirə kimi. Məhəbbətlə: S.Rüstəm, 1986, 20 may".
Söhbətimiz uzun çəkdi. Amma narahat idim. Akademiyada ədəbiyyatşünas alim Kamal Talıbzadə ilə görüşməli və oğlum Azərin namizədlik dissertasiyasının mövzusunu konkretləşdirməliydik. Mətləbi bildirdim, üzrxahlıq edib ayağa duranda Süleyman Rüstəm əlimdən tutub, aşağı dartdı:
- Əyləş, əşi, Kamalın atası ilə dost olmuşam, özü ilə də dostluq edirəm. Abdulla Şaiq, rəhmətlik yaxşı kişi idi, dinc, sakit adamdı. Qəribə bir əhvalat yadıma düşdü. Bir dəfə çox istədiyi xanımı ilə bahəm bu kişinin arasını vurmaq fikrinə düşdüm. Evlərinə zəng edib xanımına dedim ki, sənin kişin bu yaşında eşqə düşübsə, onda cavanlar neyləsin? Arvad əvvəlcə dinmədi, sonra da adımı soruşdu. Dedim ki, adımı soruşmağa nə ehtyac? Hər həftənin dördüncü günü saat 4 radələrində Yazıçılar İttifaqının 3-cü mərtəbəsində cavan bir gəlinlə görüşür. Amma məşuqəsi geyimindən şəhərliyə oxşamır.
Zəngi şənbə günü etmişdim. Şaiqin xanımının gəlib-gəlməyəcəyini bilmirdim. Amma oyunu davam etdirmək həvəsində idim. Tənqidçi Orucəlini dilə tutduq ki, cümə axşamı ağ paltar geyinib İttifaqa gəlsin və dediklərimizə əməl etsin. Razılaşdı. Aradan beş gün keçdi, günorta A.Şaiqin evinə zəng elədim. Xoşbəxtlikdən özü cavab verdi:
- Xeyir ola, Süleyman?
- Şaiq əfəndi, Səmədi Mərkəzi Komitəyə çağırdılar. Xahiş etdi ki, Sizə zəng edim ki, bu gün saat üçdən sonra zəhmət çəkib Yazıçılar İttifaqına gələsiniz. Çox ciddi konflikt baş verib. Siz ağsaqqallıq eləməlisiniz.
- Baş üstə, gəlirəm - deyib dəstəyi asdı.
Orucəli vaxtında gəlmişdi. Evdən gətirdiyim ağ kəlağayını ona verib, möhkəm-möhkəm tapşırdım ki, Şaiq əfəndi gələndən sonra onunla ata-oğul kimi söhbətə başla, de ki, Səməd və başqaları indicə gələcəklər, mənə tapşırıblar ki, darıxmayasınız deyə sizinlə həmsöhbət olum, özü də nə məsələdirsə, çox ciddidir, hamı nigarandır.
Sonra da tapşırdım ki, mən aşağı mərtəbədən üç dəfə öskürəndən sonra kələğayını başına atıb cumarsan Abdulla Şaiqin üstünə, qırsaqqız olub kişini aramsız-aramsız öpüşlərə qərq edərsən.
Abdulla Şaiq vaxtında gəldi. Elə etdim ki, məni görməsin. Orucəli onu qarşılayanda yavaş-yavaş aşağı endim, növbətçi qadınla söhbət edirdim ki, gördüm Şəhzadə xanım gəlir. Çox abırlı qadın idi. Salamlaşdıq. Əhvalımı soruşdu. Sonra da Şaiq əfəndini xəbər aldı:
- Vallah, mən növbətçi qadınla söhbət edirdim, yarım saat əvvəl o yuxarı qalxdı.
- Yuxarıda kim var ki? Səməd burdadır?
- Yox, bu gün heç kəs gözümə dəyməyib. Mən də gəldim onu görəm, tapa bilmədim.
Süleyman Rüstəm sxolastik nəzəri söhbətləri xoşlamırdı, amma yaradıcılıq məsələlərinə aid söhbət gedəndə, heç vaxt biganə qalmazdı. Özbək Qafur Qulam, rus N.Tixonov, gürcü G.Leonidze haqqında söhbətlərindən mənə aydın oldu ki, o, bütün "izm"ləri rədd edirdi, "Nə simvolizm, nə romantizm, nə realizm, canım, şeir yaz, xalqın ürəyinə yatsın, xalq sevəndən sonra, bütün izmpərəst nəzəriyyəçilər nə qədər cidd-cəhd etsələr də, xalq öz niyyətindən dönməz" - deyərdi. Belə söhbətlərin birində o, mənim üçün gözlənilməz halda Ə.Vahidi misal çəkdi, təriflədi və soruşdu:
- Sən Allah, insafla de, Vahid öz yaddaqalan qəzəllərini yazanda fikirləşirdimi ki, əruzun hansı bəhrində yazır? Yox. Mən də elə. Düzü, mən qəzəllərimin bəhri haqqında heç nə bilmirəm.
Belə söhbətlərdə mən də ona ərkyana deyərdim ki, "siz də sərbəst şeiri nahaq qəbul etmirsiniz. Nazim Hikmət Şərqdə sərbəstin bayraqdarı deyilmi? Yaxud S.Vurğun, O.Sarıvəlli azmı sərbəst şer yazıblar? R.Rza, sadəcə olaraq, sərbəst şeirə vətəndaş vüsəti verdi. Belə etirazlardan qətiyyən alınmaz, konkret faktları təkzib etməyə cəhd etməzdi. S.Rüstəmin bir xoşbəxtliyi də vardı: Dostları onun atmacalarından, zarafatlarından inciməzdilər. 60 - cı ilin əvvəllərində Yazıçılar İttifaqının plenumunda poeziyanın vəziyyəti müzakirə olunurdu. Məruzəçi Qasım Qasımzadə idi. Nisbətən uzun, eyni zamanda dolğun məzmunu ilə səciyyələnən bu məruzədə B.Vahabzadəyə dönə-dönə müraciət olunurdu ki, bu da təbiidir, çünki həmin illər B.Vahabzadə yaradıcılığının ən ilhamlı dövrü idi. Q.Qasımzadə məruzəsini tamamladı, diqqətlə dinlənilən məruzə boyu sükutu S.Rüstəmin atmacası pozdu: "Bəxtiyarnamə"ni dinlədik, indi müzakirəyə keçək". Başqasının dilindən bu, bəlkə də kinayə kimi səslənərdi. S.Rüstəmin dilindən isə yox.
1963-cü ilin yazında Yazıçılar İttifaqının sürücüsü Süleymanın idarə etdiyi "Pobeda" maşında üç qonağım gəldi: Süleyman Rüstəm, Əbülhəsən, İslam İbrahimov. Asudə günlər, şux ovqat. İki gün qaldılar və iki gündə onun Əbülhəsən və M.Seyidzadə haqqında söhbətlərini indi də xatırlayanda dost, həmdəm axtarıram ki, danışım, eyni açılsın. M.F.Axundovun anadan olmasının 150 illik yubileyi ilə əlaqədar elmi-yaradıcı heyət Şəki-Zaqatala bölgəsinə gedir. Alimlər məruzə etməli, şairlər şeir oxumalı, söz deməli, incəsənət ustaları konsert verməli imiş. Birinci gün Zaqatalada əla bir gecə keçir. S.Rüstəm: - "Zarafatsız keçinə bilmədim - deyir. Adı dillər əzbəri olan müğənnidən xahiş etdim ki, çıxışın əvvəlindən qəmzəli bir əda ilə tez-tez Əbülhəsənə bax, hərdən də eyhamla tənə et, elə alınsın ki, guya onun biganəliyindən rəncidəsən. İkinci xanəndəyə tapşırdım ki, "Sevgi sevən mərd olar" oxuyacaqsan, konfransye nesə təqdim eləsə qəbul et. Ən çətini konserti idarə edən qızı razı salmaq oldu. Ona görə ki, Əbülhəsənin hes cür qəbul etmədiyi mahnı vardısa, o da həmin mahnı idi. "Əzizim, əzizim, belə də məzmunsuz ifadə olar? Nesə yəni "sevgi sevən", sevgini də sevərlərmi? Kimisə sevərsən, olar sevgi..." deyərdi. Qızın qarşısında şərt qoydum ki, xüsusi vurğu ilə deyərsən "Sözləri məclisimizdə iştirak edən sevimli şairimiz Əbülhəsənindir". Qız tərəddüd elədi: "Qorxuram, məni bunun üstündə işdən çıxararlar" - dedi, mən isə onu tamam-kamal arxayın elədim ki, sənə kimsə bir söz deməyəcək, əksinə, qayıdandan sonra filarmoniya direktorundan xahiş edəcəyəm ki, sənə xüsusi qayğı göstərsin. Bəlkə də maaşını artıra bildim. Bu söhbət günorta olmuşdu, axşam isə Şəki Mədəniyyət Sarayında məclis başlanacaqdı. Məclisə 2-3 saat qalmış mehmanxanada Əbülhəsəni ciddi məzəmmət elədim:
- Yazıçıda da belə biganəlik olar? Bir başqası olsa idi, dərd yarı idi. Axı sən yazıçısan, özü də bilirsən ki, uşaq da, böyük də yazıçıya "insan qəlbinin mühəndisi" deyir. Sənsə, elə bil daşsan, dəmirsən, ürəyincə deyilsə, sakitcə yanaş o zavallı qıza de ki, bizimki tutmaz.
Heç nədən xəbəri olmayan Əbülhəsən çaşqın - çaşqın üzümə baxdı:
- Əzizim, əzizim, sən nə danışırsan, yuxudasan, yoxsa oyaq? Nə biganəlik, nə daş, nə dəmir?
- Məgər gömürsən, yazığın balası iki gündür gözləri ilə səni yeyir?
- Kim əzizim? Bu nə sözdür?
- ... Xanım hər səhnəyə çıxanda ona yazığım gəlir. Bəlkə də eyni salonda iki dəfə çıxış etsəydi, tamaşaçılar sənə tənə edərdilər. Anası ölmüş him-cimlə sənə hər şeyi qandırır, sən isə elə hey duruxub qalmısan.
- Əzizim, bu nə sözdür? Heç elə şey olarmı? Yəni...yəni...
- Bəli, yəni "o söz"...
- Əzizim, mən bu qələti eləyə bilmərəm, bu yaşımda mənə yaraşarmı? Yox, yox, Süleyman, sözün var, söz danış. Axı...
- Nə axı? Ə kişi, qısası budur ki, qız sənə aşiq olub, inanmırsansa, bir azdan başlanacaq məclisdən sonrakı konsertdə ona baxarsan, gör yuxu görən kimdir, ayıq-sayıq kim".
- Onu da danışacağam, Əbülhəsən, sən mültəfit ol.
Rişxənddən uzaq bu məzəli söhbətləri xatırlayanda Əbülhəsən kimi şöhrətə yabançı, pak, məsum sənətkarların nadirləşdiyindən mütəəssir oluram. Mətləbə qayıdaq.
Həmin gecə konsertdə birinci cərgədə əyləşən S.Rüstəm Əbülhəsənin qoluna girir ki, məqamında dözməz, səhnəyə çıxıb hər şeyi alt-üst edə bilər. Elə də olur. Müğənni... xanım sözünə əməl edir. İşvəli baxışlarla Əbülhəsəni sehirləyir və o da öz növbəsində bu "elani-eşqin" təbiiliyinə inanır. Həm də təəccüblə S.Rüstəmdən soruşur ki, "Əzizim, bu yaşımda mənə..." Hər şey yaxşı keçir, konfransye qızın şıltağı olmasaymış. Əslində bu şıltaqlıq idimi? Yox, fağır qız sadəcə olaraq, S.Rüstəmin tapşırığına əməl etmişdi.
...Qohumlarının hədiyyə gətirdiyi quzunu Əbülhəsən "Kommunist" küçəsindəki evinin eyvanında saxlayırmış. S.Rüstəm onu dilə tutur ki, quzunu kəsib eyvandaca kabab etsin. Amma Əbülhəsən razı olmur. Dəfələrlə etdiyi xahişdən bir nəticə olmadığını görən S.Rüstəm başqa çarə tapır. Deputat səlahiyyətindən istifadə edib Respublika Ali Soveti Rəyasət Heyətinin o vaxtkı sədri İskəndərovun yanına gedir və Ali Sovetin binası ilə üzbəüz olan eyvanı göstərib xahiş edir ki, birbaşa Əbülhəsənə zəng edib desin ki, mərkəz küçəyə çıxan balkonda heyvan saxlamaq heç kəsə yaraşmaz. O ki, qaldı sizin kimi tanınmış yazısı ola.
İskəndərov əvvəlcə ciddi etiraz edir:
- Əvvəla, balkondan heyvan görünmür, ikincisi, mühüm dövlət vəzifəsini aparan bir şəxsin belə kiçik məsələlərlə məşğul olması gülünc görünər.
Lakin S.Rüstəm inadından dönmür, bunu fərdi xahiş kimi qəbul etməsini təvəqqe edir. Həm də deyir ki, ona iki saat vaxt versin. Quzunu başqa yerə aparmaq istəsə, icazə verməsin, desin ki, heyvanı məhz həmin balkonda kəssin. İskəndərov yenə etiraz edir:
- Axı öz işidir. Saxlaya da bilər, kəsə də bilər.
- Siz deyin, o, sadədil adamdır, uşaq kimi saf, təmiz qəlbi var, hər sözə inanandır. Nə desəniz dinməz-söyləməz əməl edəcək.
İskəndərov nəhayət razılaşır. Zəng çalır, özü də hərbə-zorba ilə hökm verir: "Xarici qonaqlar sizin o quzunu görüb heyrətləndilər, şəhər başçısını məzəmmət etdilər. "Bu nədir, - dedilər, - parlament binası ilə üzbəüz quzu mələyir". İki saat vaxt verirəm, quzunu oradan yox edin... Yox, yox, heç yana aparmayın, elə orada kəsin ki, mən arxayın olum.
Telefon söhbətindən iki saat keçməmiş Süleyman Rüstəm Əbülhəsəngilə gedir. Əvvəlcə əhvalatın nə yerdə olduğunu bilməyən Əbülhəsən bu dəfə S.Rüstəmin atmacasından ayılır.
- Nə oldu, Ali Sovetin fərmanını icra etdinmi?
- Hə, ...indi mənə aydın oldu, Süleyman. Sən lap ağ elədin ki... O zavallı quzunun ətindən sənə bir tikə də vermərəm.
Buna baxmayaraq, az keçməmiş onlar bir yerdə mehriban-mehriban nahar edirdilər.
...Bu söhbətlər bizdəki o xudmani məclisdə söyləndi və oradaca Süleyman Rüstəm, zarafatının digər bir əlvan nüsxəsini də vərəqlədi.
...Bir şair dostu ilə Kislovodskda dincələn Süleyman Rüstəm hər gün onu tanıyanların əhatəsində olur. Şer sevən tanışlar az tanınan, az oxunan, fəqət özündən çox razı qələm dostunun qaradinməzliyindən, adamayovuşmazlığından gileylənirlər. S.Rüstəm də öz növbəsində onu məzəmmət edir, nəticəsi olmur. Nəhayət şairi çoxdan tanıyan sanatoriya yoldaşının vaxtı tamam olur, Bakıya qayıdanda S.Rüstəmdən tapşırıq alır: "Bizimkilərə de ki, təcili 500 manat pul göndərsinlər. Özün isə yaxşı bir bağlama göndər, birini mənə, birini də qaradinməz dostumuza. Həm pul, həm də bağlama".
Aradan 5 gün keçməmiş Süleyman Rüstəmə 500 manat, dostuna 50 qəpik almaq üçün poçtdan bildiriş vərəqəsi göndərilir. Bunu təhqir kimi qəbul edən dostu vərəqi cırır, lakin Süleyman Rüstəm pulunu alarkən qıza 10 manat bağışlayıb xahiş edir ki, hansı yolla olur-olsun 50 qəpiyin sahibini poçta gətirdib, pulu aldırsınlar.
Dönə-dönə bildiriş vərəqəsi göndərilir, nəhayət sanatoriya direktoru "mühasibat əməliyyatı pozulduğuna" görə işə qarışır. Mübahisənin qızğın vaxtında iki əlavə bildiriş gəlir. Biri S.Rüstəmin, biri də dostunun adına. Məsələdən agah olan S.Rüstəm bu dəfə qayğılı-qayğılı onu dilə tutur. "50 qəpik məsələsi məni də dilxor etdi. Bu ki, bağlamadır. Almamaq olmaz. Birlikdə gedək. Əvvəla bildirişin poçtda qalan hissəsindən öyrənək ki, yarım manatla səni yada salan kimdir. İkincisi bağlamanı açıb gün öldürərik". S.Rüstəm tanışlara tapşırır ki, süfrə açıb onları gözləsinlər. Dostu deyinə-deyinə, S.Rüstəm isə şad-xürrəm qayıdırlar. Hər ikisinin də qoltuğunda bağlama. Süfrə açılır. S.Rüstəmin ünvanına gələn sovqatı açırlar. Heyva, qoz ləpəsi, fındıq, nar, iki şüşə konyak, əla konfet... Məclis qızışır. S.Rüstəm ölməz qəzəlxan Vahidin arxasınca gileylənir: "Belə də oyun çıxartmaq olar?" kişiyə pul göndərirsən ləyaqətli göndər, yoxsa 50 qəpik?". Məclisdə S.Rüstəmdən başqa heç kim bilmir ki, Vahidlə bu qaradinməz şairin arası yoxdur, küsülüdürlər. Vahid isə bu "Süleyman əməliyyatı"ndan büsbütün xəbərsizdir. Kefi durulan S.Rüstəm dostunun ciddi etirazına baxmayaraq bağlamasını ortaya gətirir və üstündəki yazıya baxıb mənalı-mənalı soruşur: "Balam, niyə göndərənin ünvanı var, adı yox?" maraq dolu baxışların müşahidəsi ilə bağlama açılır. Üstdə qalın karton, üzərindəsə yazı: "Dostu Əliağa Vahiddən hədiyyələr". Köhnə şinel parçasını qutunun içərisindən güclə çıxarırlar. Altından nə çıxsa yaxşıdır, asfalt qırığı, bir cüt nimdaş qaloş, kif basmış, çox iri şor xiyar, ucu sınmış karandaş, iki qoz dənəsi və s. bundan sonra necə mərəkə qopduğunu təsəvvürə gətirmək çətin deyil... Yuxarıda qeyd etdiyimiz kimi, heç kəs o cümlədən Əbülhəsən də, O.Sarıvəlli də, hətta M.Hüseyn də S.Rüstəmdən küsülü qalmaz, ondan inciməzdi. Həmin təfsilatların şəxsən iştirakçısı olmasaydım, yazdıqlarıma özüm də inanmazdım.
Bir dəfə M.Hüseyn S.Rüstəmi səsləyir:
- Sübh tezdən sənin bağından bizim bağa iki gürzə ilanı keçdi, dedim yəqin Süleymanın işidir, məni çalmağa göndərib.
-- Yox, ay Mehdi elə deyil. Doğrudur mən göndərmişəm, amma çalmağa yox. Gəldilər ki, zəhərimiz qurtarıb, dolana bilmirik, bəlkə bizə kömək edəsən. Məndə zəhər hardandır? Dedim kimdə olmasa, Mehdinin dilinin altında bir az qalmış olar.
Atmacalara sərrast və ötkəm cavab verməyə çalışan Mehdi Hüseyn bu cavabdan incimək əvəzinə uğunub gedir.
Bir dəfə O.Sarıvəllinin S.Rüstəmə yarızarafat, yarıciddi gileyinin şahidi oldum. Yazıçılar İttifaqının ikinci mərtəbəsində Osman müəllim S.Rüstəmi məzəmmət edirdi:
- Belə işmi olar, Allahsız? Gələn qonaqlar məni təbrik edir, heç dəxli var?
Tövrünü pozmayan S.Rüstəm, elə bil ona ürək-dirək verirdi:
- Qəm yemə, Osman. Gec-tez səni bu münasibətlə təbrik edəcəklər, mən hadisəni bir az qabaqlamışam.
Məlum oldu ki, ədəbiyyat ongünlüyünə gələn rus yazıçıları Qazaxa gedərkən yol kənarında çiyni yapıncalı çoban heykəlini görüb soruşurlar:
- Kimin heykəlidir bu?
- Həmvətənləri Osman Sarıvəllinin şərəfinə qoyublar.
Çoban əməyi şərəfinə ucaldılmış bu simvolik abidənin Osman Sarıvəlliyə məzsus olduğuna inanan rusiyalı qələm dostlarının təbrikləri də burdan başlanır.
Həmin səfərdən qayıdan qonaqların yanındaca M.Hüseyn atmaca ilə sual verir:
- Görəsən belə bir düsturun cavabını kim tapar: S.Rüstəm - çıxmaq zarafat, yerdə nə qalar?
- Yerdə qalar qupquru M.Hüseyn.
Mən bu adamların, bu sənətkarların böyüklüyünü onda görürəm ki, zarafatı əylənmək xatirinə edər, müqabil tərəfi gözdən salmaq məqsədi güdməzdilər. Hər zarafatdan da inciyib kin-küdurət saxlamazdılar.
* * *
Albomu açıb nadir bir şəklə baxıram. Bu şəkil xatirəmdə əlvan naxışlar açır. Etibarı dizi üstə əyləşdirib Registanla məni qucaqlayan Süleyman Rüstəm indi yoxdur. Şəkildə bəxtəvər-bəxtəvər gülümsəyən Əliağa Kürçaylı isə ondan 9 il əvvəl dünyaya vida edib.
1963-cü il oktyabr ayının axırlarında Əliağa Kürçaylının idarə elədiyi füruzeyi "Volqa" maşını ilə qonaqlarım gəldi: Süleyman Rüstəm, Vladimir Qafarov, Qılman İlkin bir də tanımadığım qarasaç, bığlı, bəstəboy bir adam. Tanış etdilər: SSRİ dövlət himninin müəllifi, şair Qarold Registan.
Qonağı gələn azərbaycanlı nə edə bilərsə, onu etməyə çalışdım, imkanım daxilində heç nəyi əsrigəmədim. Sonra Kür sahilinə getdik. Balıq ovunu dəlicəsinə sevən Registan bizi xeyli ləngitdi. Axşam milli ədəbiyyatların müxtəlifliyi və vəhdəti haqqında qızğın mübahisə oldu, əsəblər gərildi, boşaldı, S.Rüstəm Qafur Qulamla əlaqədar bir lətifə danışanda isə umu-küsüdən bir əsər-əlamət qalmadı, söhbət munis məcraya düşdü. Yatmaq üçün hamımız eyni otağa sığışmadıq. 4 nəfər bir otaqda, 2 nəfər isə başqa bir otaqda gecələdik. Köhnə dostum, həmyerlim Əliağa Kürçaylı ilə xeyli söhbət etdik, yenicə yuxuya getmişdim ki, kimsə qolumdan dümsükləyib məni oyatdı. Pıçıltı ilə soruşdu:
- Axşam kəsilən qoyunun içalatı haradadır? Dur, tap, mənə ver.
Süleyman Rüstəm idi. Amma nəyin harada olduğunu dumanlı düşüncə ilə müəyyənləşdirə bilmirdim. Evdəkiləri səslədim, oyandılar. Mis tavadakı içalatı gətirib qarşımıza qoyanda şair təbəssümlə "bu əla" deyib, əlavə elədi: "İndi siz gedin, İmamverdi ilə hər şeyi yoluna qoyarıq". Sonra da mənə sual verdi:
- Axşamkı xörəklərdən qalıbmı?
- Boyat xörək? Təzəsini hazırlayarlar.
- Adə, dediyimə qulaq as. Axşamkılardan nə qalmasa, bozbaş qalmış olar, ondan bir boşqab gətir qızdıraq.
Gətirdim. Həyətdəki sobanın qazını yandırdıq. Sonra da içalatı səliqə ilə təmizləyib doğradı, tikə quyruğa qarışdırdı, "Hə, sən gedə bilərsən, özüm bişirəcəyəm" - dedi.
Çay vaxtı hamımız durduq. Süleyman müəllim doğrudan da mahir aşpazın bişirə biləcəyi xına rəngli cız-bız hazırlamışdı. Buxarlanan ətirli tavanı gətirib, stolun üstünə qoyanda Registan şux ovqatla ucadan səsləndi:
- Oy, eta uje prelest.
Sonra da soruşdu:
- Süleyman, çto za blyuda?
Süleyman müəllim "qovurma" əvəzinə el arasında deyildiyi kimi "p... qovurma" deyib vurğunu da əvvəlki "p"hərfi ilə başlanan sözün üstünə saldı. Heç nə başa düşməyən Registan həmin sözün mənası ilə maraqlandı. S.Rüstəm sözü olduğu kimi izah edəndə Registan çimçəşən kimi oldu, iştahla əlinə götürdüyü çəngəli saxlayıb narazı-narazı soruşdu: "Nu... Eta dlya çeqo?". S.Rüstəm də hamımızı heyrətləndirən bir izahat verdi: "Burada dəbdir, hörmətli qonaq üçün heyvan kəsiləndə, onun qovurmasına bir damçı da olsa, evin kiçik uşağının ifrazatından qatırlar, qonaq iyrənməyib yeyərsə, deməli bu ailənin doğma üzvüdür. Biz buna alışmışıq". Q.Registan ikrah qarışıq bir etirazla çəngəli yerə qoyub ayağa duranda, Qılman İlkin və Vladimir Qafarov onun qolundan tutdular. Qılman müəllim S.Rüstəmə irad tutub "Axı bu "qondarma adəti" hardan kəşf elədin?" - deyəndə S.Rüstəm isti xörəkdən boşqaba yığa-yığa zarafatından qalmadı: "Ə, götür xörəyini ye. Onsuz da hamıya çatmayacaq. Boyat xörək bəsidir". Sonra isə Registanın könlünü almağa çalışdı. Zarafat etdiyini söylədi. Amma Registan çəngəli tavaya uzatmağa ürək eləmədi, qızdırılmış xörəyi isə iştahla yedi.
Salyanda Qüdrət Səmədov bizi gözləyirdi. Maşına birtəhər yerləşdik. Yol boyu maşında yaylı aparatla üzünü qırxdı, ağ sədəfli, ürəkvari üzqırxanı ona Nikolay Tixonovun bağışladığını söylədi. Ürəyinə nəsə dammış kimi mənə döndü: "-Bu günümüzdən sənə yadigar qalsın, amma Neftçalada çəkdirdiyimiz şəkli mənə göndərməyi unutma".
Sonralar həmin şəkli üçünə də göndərdim. Süleyman Rüstəm də mənə qələm dostları, o cümlədən Nazim Hikmətlə çəkdirdiyi fotoları avtoqrafla göndərməyi özünə borc bildi.
Adamlar tanıyıram ki, məşhur şəxslərin öz tay-tuşları ilə qaynayıb-qarışmasına dözümsüz olur, şöhrətli şəxsi monopoliyada saxlamağa çalışırlar. S.Rüstəm belə mənəvi miskinliyə yad idi. O, özünə dost bildiyi adamların görkəmli şəxsiyyətlərlə ünsiyyətinə çalışırdı. Mənə Ə.Haqverdiyev, S.S.Axundov, C.Məmmədquluzadə haqqında mehr-ülfət nəfəsli xatirələr danışanda, böyük fransız yazıçısı Anri Barbüsü Bakıda qarşılarkən Ə.Haqverdiyevin onunla fransız dilində danışdığını söyləyəndə, Əbdürrəhimbəyin S.Rüstəmə şəxsi ərkyana məktubunu oxuyanda, eyni zamanda nəvəsi yaşda olan övladlarımla şairin doğma rəftarını görəndə heyrətlə düşünərdim: "Sadəlik də səhhət kimi ilahi töhfədir. Sadəlik elə mənəvi zinətdir ki, insanı yaddaşlardan yaddaşlara xəyali müsafir edir".
Belə xeyirxah sadəlik hesabına zəmanəmizin böyük şairi N.Hikmətlə ünsiyyət, onun keşməkeşli ömür yolunu səciyyələndirən sözləri hafizəmdə əbədi naxış saldı.
"Aman o gündən ki, köhlən yüyən çeynənəndə meydan dar olur, meydan gen olanda köhlən əldən düşür". Bu sözləri 1957-ci ilin 16 oktyabrında S.Rüstəmin açdığı məclisə dəvət etdiyi Nazim Hikmətdən eşitmişəm.
Məzah, zarafat, yumorla dolu sinəsi, həm də həzin xatirələr yuvası idi. Cənub dərdindən danışanda kövrəlir, dərd, hüzn, abidəsinə dönürdü:
Ürəyimi Arazdakı körpü üstdən assınlar,
Gənc nəsillər unutmasın bu şairin şərtini.
Tez köçərsəm bu dünyadan, başdaşıma yazsınlar,
İki yerə parçalanmış ürəyimin dərdini.
Bu adi şeir deyil. Həsrət və vəsiyyətin poetik ifadəsidir. Mətbuatda böyük Şəhriyara müraciəti, yəqin ki, oxucuların yadındadır:
Haqqım deyə ellər qalxıb ayağa,
Səsin gəlmir, ey Şəhriyar hardasan?
Ayıl barı güllələrin səsinə,
Millətimin min dərdi var, hardasan?
... Çox da bu gün, bu dəm özüm burdayam,
Ellər bilir ürəyimlə hardayam.
Süleymanam, söz ordumla ordayam,
Bəs sən özün ey Şəhriyar hardasan?
Zəhmli qanunların törətdiyi qadağalar hesabına bir-birinə ömürlük həsrət qalan bu iki dost sənətkarın bir-birindən gileyi əslində, zəmanədən şikayət idi. Əsl həqiqətin üzə çıxmasına mane olan sərt qanunlar iki şöhrətli Vətən oğlunun halal Vətən torpağında görüşünə Çin səddi çəkirdisə, belə dəhşətli məqamda ən böyük bəşəri məhəbbət olan Vətən məhəbbəti, Vətən yanğısı da siyasət bəzirganlarının yaratdığı amansız sərhəd maneələrini tarmar edə bilmirdisə, xalq şairimizin gileyindən inciməyə heç kəsin haqqı yoxdur. Aldanışlar, şirnikləndirici təltiflər, məqsədli alqışlar, uzaq gələcək üçün bəri başdan nəzərdə tutulmuş siyasət oyunları, saxta etimadlar, süni hörmətlər çoxlarına, o cümlədən S.Rüstəmə də müəyyən dərəcədə mənəvi ziyan vurdu. Böyük türk şairi Məhmət Akifin misrasını xatırlamağa ehtiyac duyuram: "Dünya yola çıxarkən, yol üstündə yatılmaz". Təəssüf ki, köhnə dünya təzə yola çıxarkən, ümidverən istedadların çoxunu yol üstündə əfsunladılar ki, yuxuya getsinlər. "Elin gözü tərəzidir" deyiblər. Ancaq nəzərə almamışıq ki, bu tərəzinin gözünü ağır-yüngül edənlərin hiyləsi tərəzi sahibinin iman və inamını da hiylə toruna sala bilər. Saldı da.
* * *
Ömrünün son aylarında lap kövrək olmuşdu, eyni zamanda zarafatından qalmırdı. Qüruba yollanan günlərin birində S.Rüstəmlə Bakıda görüşdük, ötənlərdən xeyli danışdı, çox əhvalatlar söylədi. RSFSR Ali Sovetinin sessiyasında Azərbaycan xalqı adından yazdığı "Rus qardaşıma" poemasından, K.Y.Voroşilovun məhəbbət ifadə edən avtoqrafından, yazdığı poema məktubla əlaqədar marşal Budyonnunun türkcə dediyi "Pək iyi şeirdir" sözlərindən, qəbul zamanı Xruşşovun uzun-uzadı rabitəsiz nitqindən, Mikoyanın onun qolundan tutub "Həmyerli, bu bizi rahat nuş etməyə qoymayacaq, çəkilək xəlvətə, özümüz üçün dəmlənək" deməsindən şirin söhbətlər elədi. Oğlum Etibarın sualı gözlənilməz olduğu kimi, aldığı cavab da birmənalı oldu:
- Süleyman müəllim, Şoloxovla necə, dostluq etmisiniz?
- Dostluq deyəndə ki, üç-dörd dəfə möhkəm vurmuşuq, lap ləbələb... A bala, Şoloxov dünənki hadisədir. Uzaq illər indi məni daha çox düşündürür, yandırır-yaxır. Anri Barbüsün gəlişi, bu izdihamlı görüşdə Əbdürrəhimbəy Haqverdiyevin fransız dilində çıxışı həzin, uzaq nəğmə kimi indi də məni kövrəldir.
Ayrılanda, təbiətinə uyuşmayan qəribə həzinliklə dedi:
- Qocalıram, qocaldıqca yaşamaq eşqim güc gəlir. Keçib gəldiyim ömür yolu uzundur, 85-i yola salmışam, üç-dörd ili də yaşasaydım bəd olmazdı...
Bu ümidlə yaşayan şair bilmirdi ki, əcəllə görüşünə 10 ay 2 gün qalıb... 1989-cu il iyun ayının 10-da oğlum Azərin toyuna uzaq-yaxın dostlar, doğmalar gəlmişdi. Müdrik ağsaqqal İsmayıl Şıxlı bəylə gəlinə xeyir-dua verdi. Və sonra məclisin axırınadək masabəyi missiyası onun öhdəsinə düşdü. Bənzərsiz şairimiz Qabil 30 il ünsiyyətdə olduğu ötən çağımla bağlı təəssüratını danışdı, etibarsız ömürdə bir-birinin qədrini bilməyin insan üçün ən vacib şərt olduğunu söylədi. «Gedən yerim olaydı...» şeiri toyxananı elə ovsunladı ki... Elə bu vaxt oğlum Şahin mənə yaxınlaşıb qulağıma pıçıldadı: «Süleyman Rüstəm vəfat edib. İndicə televizorla xəbər veriblər». Bu ağır xəbəri, əlbəttə mən qonaqlara yalnız toyun səhəri dedim...