Xəzər Süleyman oğlu Süleymanov 1989-cu il mayın 7-sində Goranboy rayonunda anadan olub. 2006-cı ildə Bakı şəhər Tahir Bağırov adına 59 nömrəli orta məktəbi bitirib. 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin texnologiya və dizayn fakultəsində təhsil alıb. Bədii yaradıcılıqla məşğuldur.
ƏLVİDA, BAKI
Bir səhər güzgüdə özünə baxıb,
Son dəfə özündən doyub gedəsən.
Bu ömrü yarımçıq əlyazma kimi
Yazı masasında qoyub gedəsən.
Gedəsən, nə dərdin, nə qəmin qala,
Səni səadətin çəkə dalınca.
Masanın üstündə qələmin qala,
Üç nöqtə göz yaşı tökə dalınca.
Dönə göyərçinə bəyaz kağızlar,
Təlaşla boylana sən gedən yola.
Hərflər uşaqtək tuta əlindən,
Şeirlər hərəsi bir qadın ola.
"Səfillər" boylana kitab rəfindən,
"Yalquzaq" ulaya şam işığında.
"Qumarbaz" özünü itirə birdən
Bu qorxunc səslərin qarışığında...
Birdən kürəyindən qanadlar çıxa,
Gerçəyə çevrilə xəyalındakı.
Buludlar içində gözdən itəsən,
Bərkdən qışqırasan: "Əlvida, Bakı!”
YAXŞI Kİ, YOXSAN...
Mən indi beləyəm ilin hər günü:
Qaranlıq adamı, gecə adamı
Mən indi bir az da içki düşkünü,
Mən indi bir az da küçə adamı...
Kaş sənə hər şeyi danışa biləm,
Mənə məskən olub soyuq səkilər
Mən indi səninlə üz-üzə gəlsəm,
Gözümdən gözünə yuxu tökülər...
Bilsəm ki, sonunda lap ölüm də var,
Dərdə də düşmərəm sonuma çıxsan.
Hələ bir yalandan təsəllim də var,
Mənim bu günümdə yaxşı ki, yoxsan...
BALIQ YADDAŞI
Bu dəniz ömrümün qum sahilinə,
Axır ki, məni də atdı tənhalıq.
Yoxsul taleyimə, kasıb bəxtimə
Baxıb gülümsəyir bir qızıl balıq.
Köhnə xatirələr ləpələndikcə
Gözümün yaşına qarışır sular.
Bu sonsuz dənizin bətnindən indi,
Beləcə doğulur ölü arzular.
Bu nə vahimədir, bu nə təlatüm?!
Dalğalar elə bil durur qəsdimə,
Dənizi çaşdırıb oğru görkəmim,
Köpək balıqları hürür üstümə.
İndi bu vahimə, qorxu içində
Bir ümid doğulur hər addımbaşı.
Haçansa məni də xatırlayacaq,
Bir su pərisinin balıq yaddaşı.
GÜNAHKAR
Nə desən haqlısan, mənəm günahkar.
Üzünə baxmağa utanıram mən.
Niyə and içirsən, uşaq kimiyəm...
Sən yalan desən də, inanıram mən...
Demə ki, xoşbəxt ol, çat arzu-kama.
Çılğın gəncliyimin sönən dəmidir.
Bu sanki gözü kor olan adama
"Gözün aydın olsun!" demək kimidir.
Daha öz səsim də mənə yad olub,
Hardasa ağlayan körpə səsitək.
Mənim gözlərimdə həsrət iz salıb,
Körpələr evinin pəncərəsitək...
AĞ GÜNƏ ÇIXDIMI QARA GÖZLƏRİN?
Yuxumu gözümdən oğurlayan qız,
Ağ günə çıxdımı qara gözlərin?
Elə ağladım ki, arxanca sənin,
Yuyuldu yollardan ayaq izlərin...
Daha tükənmişəm, daha bitmişəm,
Sənin nə vecinə, rahat yatırsan...
Mən sənə haqqımı halal etmişəm,
Sən niyə yuxuma haram qatırsan?
Qayıtmaz o günlər, bilirəm indi.
Qoyardın başını, sinəmə hərdən
Gecəni ikiyə bölürəm indi,
O yanında sən yat, bu yanında mən...
GƏL YENƏ GÖRÜŞƏK
Ağlıma gəlməyən başıma gəldi.
Bəlkə, biz bu işə bir əlac qılaq?
Görüşüb ayrılmaq xoşuma gəldi,
Gəl yenə görüşək, yenə ayrılaq...
Gəl yenə görüşək, bir sevgi istə,
Saxta gülüşlərlə, saxta baxışla,
Yenə də adi bir səhvimin üstə
De ki, mən gedirəm, məni bağışla...
Mən də razılaşım, susum lal kimi,
İzləsin qəm dolu baxışım səni.
Cavabı olmayan bir sual kimi,
Gələndən, gedəndən soruşum səni...
Kaş mənim yanımda qalaydın, ya da,
Nə bilim, başqa bir yolu seçəydin...
Ürəyin belə çox yanırdısa da,
Aramızdan keçən suyu içəydin...