Artur ŞOPENHAUER
(1788–1860) görkəmli alman filosofu və mütəfəkkiri
– Bütün böyük zəkaların tənhalıqdır qisməti.
– Canavarların bir vaxt bədənimi parçalayacağı fikrinə dözə bilirəm, amma fəlsəfə professorlarının mənim fəlsəfəmi gəmirdiklərini düşünmək canıma titrətmə salır.
– Dahi ilə divanə arasında oxşarlıq odur ki, hər ikisi adi adamlardan fərqli olaraq, tamam başqa bir aləmlə yaşayırlar.
– Dünyanın ən yoxsul insanı puldan-paradan başqa heç nəyi olmayandır.
– Düşüncələr sözlərə çevrildiyi anda ölür.
– Əlimizdə olanları ara-sıra düşünərik, olmayanları isə həmişə...
– Əzab çəkənlərlə əzab çəkdirənlər eynidir.
– Fəlsəfəmdən əsla qazancım olmadı, ancaq necə itkilərdən qurtardı o məni.
– Fəlsəfənin ilhamçısıdır ölüm...
– Fərqli düşünmək bir divanəlikdi, bədbəxtliyə aparır.
– Doğuluşdan gələn bir yanlışımız var xoşbəxtlikçün doğulduğumuza özümüzü inandırmağımız.
– Heyvanlara qarşı mərhəmətsiz biri yaxşı insan ola bilməz.
– Həyatımı onu düşünərək keçirməyə qərar verdim.
– İnsan oğlu məndən heç unuda bilməyəcəyi bir neçə şey öyrəndi.
– İnsanların qədər dedikləri çox vaxt elə öz-özlərinin başlarına açdıqları axmaqca oyunlardır.
– Kitablar olmasaydı, uzun zaman öncə ümidsizlik içində batıb gedərdim.
– Tənhalığı sevməyən, azadlığı da sevmir, axı yalnız tənhaykən azad olmaq mümkündür.
– Mən qələbəliklər üçün yazmadım...
– Məncə, insanlığın yüksəlişinə bir də o mane olur ki, adamlar ağıllı danışanı deyil, yüksək səslə danışanı eşidirlər.
– Nə ki geniş kütlənin diqqətini bir anda çəkir, onu heç vaxt oxumamalı.
– Sərvət dəniz suyuna bənzər; nə qədər çox içərsən, yanğın da bir elə artar.
Nikolay BERDYAYEV
(1874–1948) rus filosofu
– Biz Tanrıya qarğış yağdıranda cəhənnəm olur, daha O bizə qarğıyanda yox, Tanrı heç vaxt qarğımaz.
– Əgər Tanrı yox isə, insan da yoxdur.
– İnsan kölədir, ona görə ki, azadlıq çətindir, köləlik isə asan.
– Qoy həyatın mənasını bilməyim, fəqət həyata anlam verir mənasının axtarılmağı.
– Müdrikliyə yetə bilmədinsə, qalır müdrikliyi sevməyin, yəni filosof olmağın.
– Nəyisə nə bahasına olur-olsun eləmək istəyindən də pis heç nə yoxdur.
– Ölüm cəzası dövlətin Tanrıya qarşı zorakılığıdır.
– Psixoanaliz ruhu olmayan psixologiyadır.
– Tanrı haqda kölə düşüncələrin intiqamıdır qatı allahsızlıq.
Martin HAYDEGGER
(1889–1976) alman mütəfəkkiri, XX əsrin ən böyük filosoflarından biri
– Ali dəyərlərin çöküşü mənasız və dağıtmağa yönəlmiş yeniləşmə ehtiraslarından baş verib.
– Bizi qurtarsa, bir Tanrı qurtara bilər.
– Fəlsəfəylə poeziya əks ucalıqlarda dayanırlar, fəqət anlatdıqları bir-birinin eynidir.
– “Haydegger” imzasıyla olmasaydı, kimsə bu gün mənim heç hansı kitabımı oxumazdı.
Vasili NALİMOV
(1910–1997) tanınmış rus riyaziyyatçı alimi və filosofu
– Bilmək gərək ki, Yaradılış Sirrə qərq olmuşdur o sirri açmaq olmaz, buna cəhd eləməyə də lüzum yoxdu. Yalnızca onu qəbul etmək gərək.
– “Dünyanı kim yaradıb?” artıq bu, sual yox, ehkamdır.
– Dünyanın sirləriylə təmas bizi romantiklərə çevirir.
– Mən bir tək azadlığa səcdəyə gəlirəm.
– Nədən dünyamız bir belə qəddardı?.. Nə zamansa bu sirri də aça biləcəyikmi?
Yuri LOTMAN
(1922–1993) — rus ədəbiyyatşünası, kulturoloq və semiotik
– Az bilənçün, ondan da betər az düşünənçün çox danışmaq o qədər asandır ki... Nə qədər çox bilirəm, o qədər şübhəm artır...
– Mədəniyyət yasaqlardan başlayır.
– Vicdanlı və düşünən bir insançün asan dövr ola bilməz, olmayacaq da.
– Yaşadığımız dünya dəyərli, gərəkli nə varsa, hamısını getdikcə daha çox, üstəlik ən ucuz qiymətə almaq istəyir. Həqiqətsə əziz, müqəddəs olanın qurban verilməsi bahasına əldə edilir.
Xorxe Anhel LİVRAQA
(1930–1991) italyan əsilli filosof
–Arzuları öldürməkdən də böyük cinayət yoxdur.
– Biz insanıq... ona görə ki, ruhumuz var, ona görə ki, Allaha inanırıq.
– Böyük fikirlərin yaşandığı bir cəmiyyətdə tənha olmaq olmaz.
– Bütün doğrular və bütün həqiqətlər ağılla da, ürəklə də uyum içində olur.
– Çətin olanla dəyərli olan arasında əsrarəngiz bir bağ vardır.
– Həqiqəti sadəcə axtarmaq azdır, onu tapmaq gərək.
– İdeal yoxdursa, fəlsəfə də yoxdur.
– İnsanın çörəkdən də qat-qat artıq ləyaqətə ehtiyacı var.
– Qoy heç kimsə özünü tənha və zavallı bilməsin, çünki varlığında Tanrıdan zərrə daşıyan bir kəs nə yalqız, nə də zavallı ola bilər.
– Təbiətin qanunlarına heç vaxt müqavimət göstərməyin...
Yulian TUVİM
(1894–1953) böyük polyak şairi və yazıçısı
– Dünyada, Allah bilir, nə baş verir! Əvvəllər heç vaxt ölməyən adamlar indi başlayırlar ölməyə.
– Elə yaşamaq lazımdır ki, öz tutuquşunu şəhərin ən sözgəzdirən qadınına satmaqdan qorxmayasan.
Arif Nihat ASYA
(1904–1975) türk “bayraq şairi”
– Aramızdakılardan biri körpü olmağa razılıq verməsə, qiyamətəcən elə bu çayın qırağındaca gözləməli olacağıq.
– İşığın ardınca get! Kölgən arxanca istər gəlsin, istər gəlməsin!
– Ölülərin çənəsini bağlayırlar ki, burda gördüklərini orda danışmasınlar.
Karlos KASTANEDA
(1925/31–1998) amerikan yazıçısı, antropoloq, etnoqraf və mistik
– Atdığı hər addımı yer üzündə özünün son döyüşü kimi görən kəsin gücü qarşısında güc dayanmaz.
– Bu gözəl dünyada belə də gözəl zamanda yaşadığınçün cavabdehlik daşıman gərək.
– Düşün ki, heç vaxtın qalmayıb. Yalnız bu yolla addımına əsl güc qazandırarsan. Əks halda hər addımını qorxa-qorxa, qətiyyətsiz atacaqsan.
Qabriel LAUB
(1928–1998) aforizmləri ilə məşhur çex-alman yazıçısı
– Arxeoloqlar yerin altından siyasətçilərin dəfn elədiyi tarixi qazıyıb üzə çıxarırlar.
– Ən təhlükəsiz yollar o yollardır ki, heç hara aparmır.
– Milyonların gücü sıfırlardadır.
– Peyğəmbərlərə abidəni elə onlara atılan daşlardan da düzəldirlər.
Umberto EKO
[1932–2016] italyan alimi, filosofu, yazıçı və mədəniyyətşünas
– Doktor Freyd öz nəzəriyyələriylə Əski və Yeni Dünyanın milyonlarla insanını nevrasteniya halına gətirdi.
Təqdim edən: C.Məmmədov