Yerim isti və rahat idi. Dayanacaqda duranda soyuq lap məni əldən salmışdı. Payızın sonlarında bəzən lap qış soyuğu olur. Buza dönmüş vücudum indi dolu avtobusun insan nəfəsi ilə isinmiş havasında qızdıqca kefim kökəlirdi. Ürəyimdə gülürdüm özümə, çünki bu an hətta qəribə bir xoşbəxtlik hissi də keçirirdim. Demə, insan mazut iyi verən balaca, dar bir avtobusda belə xoşbəxt ola bilirmiş. Yanımda oturan oğlan öz oturacağından əlavə mənim də oturacağımın yarısını tutmuşdu. Göz altdan ona baxdım. Hündür boyu və azca dolu bədəni vardı. Qara, ilıq ifadəli gözləri, yaraşıqlı üz quruluşu nəzəri cəlb edirdi.
Məndən fərqli olaraq, daha hərarətli və yumşaq idi. Mən çox arığam və hətta arıqlığımdan arada lap narahat da olurdum. Utana-utana düşündüm ki, bu vəziyyət, deyəsən, ürəyimcədir. Oğlandan gözəl parfüm qoxusu gəlirdi. İsti, yumşaq, ətirli yol yoldaşımın yanından durmaq istəmirdim. Bu, qəribə və mən yaşda bir qız üçün qəbahətli görünən bir hiss idi. Amma bu belə idi. Nədənsə,
mənim kişi tayfasına cox da etibarım yoxdur. Arada hətta qızlar məni lağa da qoyurdular. Çünki hələ bu vaxta kimi ciddi bir münasibətim olmamışdı. Adətən bizim universitetin qızlarının əksəriyyəti cəmisi bircə semestrdən sonra mütləq özlərinə sevgili tapırdılar və bu sevgililəri son kursa kimi tez-tez dəyişirdilər.
Amma, insafən, sevgisinə sədaqətli olanlar da vardı. Mən isə tamam başqa cür düşünürdüm. Heç vaxt ailə qurmaq istəmirdim. Bu qəti qərarım idi və bu qərarı kimsə ilə müzakirə etməyi sevmirdim. Gələcək həyatım haqqında qurduğum planlarda magistraturaya daxil olmaq vardı. Elmlə ciddi-ciddi məşğul olmaq istəyirdim. Bircə ərə getmək haqda düşüncələrimin içində heç bir arzuya, istəyə, təşəbbüsə rast gəlməmişdim. Ümumən mənə elə gəlirdi ki, ailə mənlik deyil. İndi isə yanımda oturan bu yaraşıqlı oğlanın hərarəti elə bil günəşin yazda dağ başında qalmış qarı əritdiyi kimi məni əridirdi. Çox rahat idim və bu yolun bitməsini istəmirdim. Artıq qaranlıq qovuşmuşdu. Buzovna avtobusunda bu vaxtlar adam çox olur. Mən qaranlıqda yol getməyi sevirəm. Dərsdən adətən gündüzlər çıxıram və nadir hallarda bu vaxta qalıram. Bu gün də ləngimişdim.
Avtobusun şüşəsindən qaranlıq, həzin payıza baxıram. Gecənin qaranlığı ulduzları ovuclayıb içirdi. Gecə avtobusun pəncərəsindən əksimə baxmaq mənim xoşuma gəlir. Belə olanda daha gözəl görünürəm elə bil, kirpiklərim daha uzun, profilim isə qüsursuz görünür. Çölü bəhanə edib bayaqdan şüşədən oğlana da tamaşa edirdim. Oğlanın başı telefonundakı oyuna qarışmışdı. Qulaqlarımdakı qulaqcıqdan birbaşa beynimə işləyən həzin musiqi məni lap məst eləmişdi.
Birdən oğlanın telefonu zəng çaldı. Sakitcə telefonu açdı. Ona cox yaxın oturduğumdanmı, içəridə səssizlik hökm sürdüyündənmi və ya sadəcə, ordan gələn səsi eşitmək, dinləmək marağımın çoxluğundanmı, səs, bir az asta da olsa, mənə çatırdı. Nazik, məlahətli bir qadın səsi idi.
-Canım, axşamın xeyir. Nətərsən? Hardasan?
-Salam, az qalıb çatmağıma. Nə bişirmisən?
-Balıq bişirmişəm balama, axı, sən sevirsən balığı.
-Sənin əlindən zəhər də içərəm ay qız! Gələndə nə alım, evdə çörək var?
- Çörək var, şirniyyat al! Nəsə yaxşı bir şey, tort ya pirojna.
-Ay daa, bunu edə bilməyəcəm ey, mən artıq avtobusa oturmuşam, yolu da yarılamışam.
-Canın sağ olsun. Tez gəl!
Əlimdəki balaca torbada pirojnalar vardı. Bayaq almışdım dükandan. “Ekler” Mosunun ən cox sevdiyi pirojnadır. Mosu mənim bacım oğludur. Adı Müslümdür, Mosu deyirik. Oğlan evliymiş deyə bir az məyus oldum. Amma hiss elədim ki, karyera qurmaq həvəsim əməlli-başlı öləziyir. Mən də ailə istəyirdim. Bir anda gözlərim önünə illərlə qan-tər töküb qazanacağım elmi nailiyyətlərin əvəzinə balaca bir ev, o evdə ağ süfrə salınmış bir masa, masanın üstündə buğlanan balıq, təzə çörək, şirniyyat gəldi. Budur, mən eyvanda dayanmışam, həyat yoldaşımı gözləyirəm. Qapı döyülür və mən onun qabağına qanadlanıram. Sanki bu səhər yox baş-altı gündür ayrılmışıq. Mən onun boynuna sarılıram və… Bu mənzərədəki oğlanı isə nədənsə bayaqdan yanımda oturmuş qəşəng yol yoldaşım kimi təsəvvür etdim. Gözlərim yenə utana-utana şüşəyə zilləndi, onun yaraşıqlı pofili, üz quruluşu bu dəfə gözümə daha gözəl və fərqli göründü. Ürəyimdə qərar verdim ki, düşəndə pirojnaları ona verəcəyəm. Qoy aparsın evinə, bu axşam süfrələri şirniyyatsız qalmasın. Mən xəyal aləmindəykən onun telefonu yenə zəng çaldı. Həzin melodiyası vardı telefonun. Oğlan telefonun ekranına bir xeyli tərəddüdlə baxdı. Sonra köks ötürüb, nəhayət ki, “yes” düyməsini basdı.
-Alo, hə.
-Hardasan? Gec gələcəksən?
-Hardayam, kefdə, toyda, bayramda, ay qız, harda olacam, işdəyəm. Səhər-səhər müdir gəlib abırdan saldı bizi. İndi oturmuşuq sənədləri tökmüşük qabağımıza, qaydaya salırıq. Bezmişəm, vallah! Yalandeyənheç kişideyil, bircə sizə görə buzəhirmaraqalmış işdə duruş tuturam. İt oğludur yoxsa bu xarabada bircə gün işləyən.
-Əsəbiləşmə, Rauf, biz çörək yemək istəyirdik. Zəng etdim ki, tez gələcəksənsə, səni də gözləyək.
-Nə bişirmisən?
-Balıq.
-Nə? Sən bilmirsən ki, mənim zəhləm gedir balıqdan? Ehh... nə isə, onsuz da mən gec gələcəm, bəlkə, heç bu gecə gəlmədim də. Siz yeməyinizi yeyin.
-Orxan yatmır, deyir atam məni öpməsə, yatmayacam.
-Dəstəyi ver ona.
-Ata, haydasan? Ata mənə quqqu gəti. Ata mən maç eləməy istəyiyəm səni. Mama dedi tez gəl. Gə də…
-Oğlum, sən yat, ata gecə gəlib səni maç eləyəcək. Sənə quqqu da gətirəcəm, yaxşı? Yat!
Mən elə bil avtobusun oturacağına yapışmışdım. Ürəyim qalxırdı. Birdən - birə avtobusun içərisi mənə xəfə və basırıq göründü. Yaxamı açdım, üzümü şüşədən qaranlıq payıza tutdum. Ağlağan payıza, həzin payıza, dərdli payıza; ağlamaq keçdi ürəyimdən. Gözlərimin önünə bayaqkı mənzərə gəldi. Həmin otaq, həmin masa, ağ süfrə, amma soyumuş balıq və pəncərə ömündə payıza ağlayan qadın. Buqadın bir az mənə bənzəyirdi, bir az da bizi illər öncə atıb getmiş atamın yolunu illərlə gözləyən, gecələr yatağında ağlayan anama. Və mən qəti qərar verdim: mən
o pəncərənin önündə ağlamayacaqdım! Başımı yenidən qaranlıq pəncərəyə tərəf çevirdim və payızın da mənimlə birgə ağladığını gördüm! Yağış yağırdı. Yağışın damlaları şüşə boyu süzüldükcə oğlanın əksi sanki, gözəgörünməz xətlərlə para-para bölünürdü, xırdalanır və eybəcərləşirdi. Hövllə çevrilib oğlana baxdım və təlaşla hiss etdim ki, o, mənim fotoşəkillərdən, yaddaşımdakı dumanlı xatirələrdən tanıdığım atama bənzəyir. Pırojnaları sinəmə sıxdım, Mosu cox sevirdi “Ekler”i.
Buzovnaya çatanda oğlan düşdü, mən isə hələ bir dayanacaq da getməli idim.