ÜSTDƏ
Laçından köçəndən mənasız ömrüm
Keçir maşınların təkəri üstdə.
Oğlum, qurban olum, köklə sazını
Ədalət əminin şakəri üstdə.
Koroğlu deyibsə, qaçmaq hünərsə,
Yaxşı həsrət qaldıq Qırxqıza, Kirsə.
Vaxtın pilləkəni çevrilib tərsə,
Ağa aşağıda, nökəri üstdə.
Agah ol dərdlinin halından yenə,
Qorxuram kişilik yolundan dönə.
Kələkbaz dünyanın balından yemə,
Zəhəri altdadır, şəkəri üstdə.
Eynullayam, nələr arzularım var,
Şirin röyalarda çəmənzarım var.
Yurda qayıdınca ahu-zarım var,
Zümzümə edəcəm Həkəri üstdə.
ÇIXA
Qorxuram satıla insanın ağlı,
Nadan aqil başa müştəri çıxa.
Qorxuram əqrəbin küt görkəmindən,
Fürsət tapan kimi neştəri çıxa.
Qorxuram günəşə qəhmar çıxalar,
Oxunu sındırıb yeri yıxalar.
Qorxuram qoyuna dost tək baxalar,
Ağzından boz qurdun dişləri çıxa.
Eynulla dolaşır yorğun yolları,
Vətən deyə açıq qalıb qolları.
Dəyişilib bu dünyanın halları,
Qorxuram daha pis işləri çıxa.
OLDU
Kefi dost tuta bilmədim,
Qəm mənimlə qardaş oldu.
Bunca hicran ağrısıyla
Yaşım necə qırx beş oldu?
Canım yandı tonqal ilə,
Gülüm bitdi qanqal ilə.
Xoş gün mənə misqal ilə,
Başqasına şabaş oldu.
Eynullatək yazıq harda?
Yazıq qışda, yazıq qarda.
Vətənindən uzaqlarda,
Nişanəsi bir daş oldu.
SÜNİ DİŞLƏRİM
Bu ki qocalıqdan bir nişanədir,
Gəlin, xoş gəldiniz, süni dişlərim.
Doğma dişlərimdən nə xeyir gördüm,
Məni bay edəcək yeni dişlərim.
Gəlin, xoş gəldiniz, süni dişlərim.
Gəldiniz, ağzımın dadı qalmadı,
İllərin cavanlıq adı qalmadı,
Gözümdə yaşamaq odu qalmadı,
Qəfil tərk elədi məni dişlərim.
Gəlin, xoş gəldiniz, süni dişlərim.
Loxmalar şinşiyib üzümə durdu,
Tikələr düz getdi, gözümü qırdı,
Əzilmək bilmədi, çənəmi yordu,
Saçıma gətirdi dəni dişlərim.
Gəlin, xoş gəldiniz, süni dişlərim.
GƏRAYLI
Canımın ah-amanını
Ərşə dirədi gəraylı.
Dağ başında qışın günü
Yanar kürədi gəraylı.
Ürəyim yandı dərindən,
Alovlar çıxdı sərimdən.
Bəlkə, mənim dərdlərimdən
Artdı, törədi gəraylı.
Aşıq, oxu cani-dildən,
Bir az pəsdən, bir az zildən,
Eynullanı saldı əldən,
Ahdı, nalədi gəraylı.