Aulun yaxınlığında çox da böyük olmayan qara təpə var idi. Bizim düzənlik diyarlarda belə hündürlüklərə nadir hallarda rast gəlinir. Bəlkə də elə ona görə mənə elə gəlirdi ki, dünyada o təpədən hündür yer yoxdur. Otuza yaxın əyri-üyrü gil evdən ibarət qışlaqdan başlayan geniş kənd yolu qərbə - rayon mərkəzinə qədər uzanırdı.Yaşlılar deyirdilər ki, bu yolla əyalət mərkəzinə də, hətta böyük şəhərlərə də getmək olar.
Mən hündür bir yerə qalxıb ordan yola baxaraq xəyal qurmağı çox xoşlayırdım. Yol mənim ürəyimdə nə isə böyük və həyata keçməsi mümkün olmayan anlaşılmaz ümid və tutqun həyəcan ifadə edirdi. O, çöl otlarının, kolluqların arasından burulur və uzaqdan diqqəti cəlb edirdi. Anamın sözlərinə görə, qardaşım Sultan və aulumuzun digər igidləri müharibəyə elə bu yolla gediblər. ”Əgər belədirsə, deməli, onlar elə bu yolla da qayıdacaqlar” - bir an belə məni tərk etməyən bu fikir səhər gözlərimi açar-açmaz məni təpəyə aparırdı. Əgər mən gün ərzində bir dəfə də olsa təpəyə qalxmasaydım, özümə yer tapa bilmir, sanki nə isə çox vacib və əhəmiyyətli olanı etməyi unutmuş kimi hiss edirdim.
Qardaşım müharibəyə gedəndə mən hələ lap körpə olmuşam, ona görə də onun necə göründüyünü xatırlamıram. Buna baxmayaraq, bütün günü qardaşım haqqında düşünürəm. Bəzən həmkəndlilər məni uzaqdan görüb deyirdilər:
-Ona bax, necə də qardaşına oxşayır. Eynilə Sultandır. Burnu da onunku kimi donqardır...
Kimsə belə deyəndə mən sevinir, qürur duyuram -Eh, Sultan... Əla oğlan idi-deyən adamın yanından ovsunlanmış kimi bir addım belə aralanmadan onun ətrafında dolanıram.
Axır vaxtlar evdəkilər, deyəsən, düşünməyə başlayıblar ki, Sultan artıq heç vaxt geri qayıtmayacaq.Onu daha az xatırlamağa çalışır, demək olar ki, haqqında danışmırlar. Əgər qardaşımdan söhbət düşsə, atam dərindən nəfəs alır və susur. Anam ağlamağa başlayır və evimiz kədərlə dolur. Belə anlarda mənim ürəyim sıxılır və tez küçəyə qaçmaq istəyirəm.
Hər şey qışda, bizə o lənətəgəlmiş qara kağızın gətirilməsi ilə başladı. Bundan sonra onsuz da az danışan atam bütün günü qaşqabağını töküb tamamilə susdu. Anam sanki bürüşdü, qocaldı. Oturduğu yerdən çətinliklə, tutunaraq ayağa qalxır və nədənsə bu zaman sızıldayır və təngnəfəs olurdu. Amma mən qardaşımın öldüyünü düşünmürdüm. Onun necə qayıdacağını təsəvvür etməyi çox sevirdim. Gecə-gündüz bu barədə fikirləşirdim. Xəyal qurur, təsəvvür edir, lakin sonra onun üçün çox darıxırdım. Onun şəklini götürüb saatlarla baxırdım. Qardaşım onu bizə keçən il göndərmişdi. Şəklin arxasında onun əl yazısı ilə yazılıb: ”Seyitcana qardaşları Sultan və Maqsuddan xatirə”. Bu kiçik, parlaq kağızın dörddə biri idi və buraya iki əsgərin boydan-boya uzunətəkli şinelli rəsmi yerləşdirilmişdi və bu bizim evimizdəki ən əziz xatirə idi. Məktubda qardaşım yazırdı ki, onun yanındakı dostu Maqsuddur və müharibədən sonra onlar bizim aula birlikdə qayıdacaqlar. Bunu oxuyub anam göz yaşlarına boğulmuşdu:
-Sənin dostuna qurban olum,əzizim.
Birlikdə gələcəyik deyir. Allah sizi arzunuza çatdırsın.
Biz qara kağız aldıqdan sonra bizə Maqsuddan hələ məktublar gəlməyə davam edirdi. Amma artıq aylardır ki, ondan da bir xəbər yoxdur. Düşmən üzərində qələbə çalınıb və müharibə bitib. Sağ qalanlardan sevindirici xəbərlər gəlirdi: ”Yaxınlarda evə gələcəyik”. Hətta kimlərsə artıq qayıtmışdı da...
Xatırladığım qədərilə çöl həmişə qonur rəngdə olubdu. Ola bilsin ki, bizim iqlim quraqlıqdır. Onsuz da az olan yaşıllıq tez yanır və yayda çölün mənzərəsi kədərli olur. Ona görə də quru və isti hava bir neçə ay davam etsə də, burada sonsuzluq qədər uzun davam edirmiş kimi hiss olunurdu. Çölün tək zənginliyi olan, sıx kolluqların arasında bitən yovşan və ceyranotu əzəldən, əsrlərlə geniş çölləri doldurur, burada çox sayda dovdaq yaşayırdı. Tez-tez külək tərəfindən uçurulan bir parça dəvə yununa bənzəyən, fırfıra kimi fırlanan dovşanlara rast gəlinirdi. Boş vaxtımız olan kimi biz çöldə veyllənməyə gedir, quşlara tələ qururduq. Bir dəfə belə gəzintilərdən birindən döndüyüm zaman gördüm ki,anam samovar yandırır. O, məni görüb,səslədi:
-Saken, tez gəl, sənin böyük qardaşın gəlibdi.
-Kim? Hansı qardaşım?
-Maqsud-ağa, şəkildəki. Get, get yanına.
Mən evə daxil oldum və yerimdə donub qaldım. Otaqda çoxlu adam var idi. Qonaq ən hörmətli yerdə-torda oturmuşdu. Mən içəri girər-girməz gözlərimi bərəldib ona zilləndim. Hər şeyi dərhal gördüm: qonağın dağınıq və böyrü üstə daranmış sərt qara saçları, düz, donqar burnu, yumru sifəti və bir az qıyıq, xeyirxah gülüşlə parıldayan qonur gözləri. Açıq yaxasından onu da gördüm ki, əsgər kəmərsiz oturub.
-Get qardaşınla salamlaş da-atam mənə dedi, sonra qonağa tərəf çevrilərək izah etdi. -Maqsud, əzizim, sənin kiçik qardaşın Seyitcan bax budur.
Beləcə mən qardaşımla tanış oldum. Axşam evdə ancaq bizimkilər qalanda atam Maqsudla uzan-uzadı olub keçənlərdən danışdı.
Qonaq dedi ki, kiçik yaşlarından uşaq evində böyüyüb.
-Daha sonra orduda qulluq edib. Sultanla da ilk dəfə 1942-ci ildə, cəbhəyə ilk gəldiyi zaman tanış olduğunu bildirdi. Doğrudur, cəbhə həyatının ağırlıqları və çətinlikləri insanları yaxınlaşdırır, amma biz dərhal dostlaşdıq və tezliklə bir-birimiz haqqında hər şeyi bildik. Zamanla elə doğmalaşdıq ki, sanki bütün ömür boyu birlikdə yaşamışıq. Sultan məndən bir az böyük idi və qardaş kimi qayğıma qalırdı.
-Sağ-salamatçılıq olsun, müharibədən sonra bizim aula birlikdə qayıdacağıq-o arzulayırdı.
Yaxşı-cavab verirdim mən. -Heç fikirləşirdimmi ki, onu qürbətdə qoyub bura tək dönəcəyimi..
Maqsud–ağa öz əhvalatını yarımçıq kəsib, fikrə getdi.
-Sən yaxşı elədin ki, gəldin, - dedi atam. Bizim evimiz-sənin evin. Biz sənə öz Sultanımıza davrandığımızdan pis davranmayacağıq. Seyitcanla bir-birinizə dayaq olarsınız.
Bizimkilər qızğınlıqla Maqsudu inandırmağa çalışırdılar ki, o bir az istirahət etsin,amma Maqsud canla-başla kolxoz işlərinə və qayğılarına atıldı. Bütün qışı digərləri ilə birlikdə bizim köhnəlmiş texnikanı-kotanları, otçalanları təmir etdi. Yazda torpağı şumladı. Bir dəfə işdən qayıdanda o bizə elan etdi:
-Sabah yaylağa ot yığımına gedirəm. Otu kolxoz gölün sahilindəki çəməndən biçirdi. Anam dərhal ona yol hazırlığı görməyə başladı, əşyalarını yudu.
-Yaylağa getmək istəyirsənmi? - tək qaldığımız zaman Maqsud məndən soruşdu. -Sən ki onsuz da tətildəsən.Yoxsa aparmayım səni?
-Apar, məni də apar özünlə-yalvarmağa başladım. Mən çox istəyirəm ki, gedim.
-Apa mən Seyitcanı özümlə aparıram. Qoy getsin, heç olmasa torpağı görsün, başı qarışar-dedi o anama.
-Necə istəyirsən, əzizim. Mən onu saxlamıram-anam razılaşdı. -Heç olmasa bütün günü sənin gözünün qabağında olar, burda isə onu hara apardıqları bəlli deyil.
Səhərisi, gün doğmadan biz yola çıxdıq. Bizimlə birgə öz ailəsilə briqadir Beysen və digər biçinçilər yola düşdülər. Heç yerdə istirahət etmək üçün dayanmadıq və təxminən gecəyarısı gedəcəyimiz yerə çatdıq. Əşyaları boşaldıb atları otlamağa buraxdıq, lakin onlar necə əldən düşmüşdülərsə otların üstünə yıxılıb qaldılar. Səhər günəş çıxana qədər biz artıq çadırları qurub, səhər yeməyimizi yemişdik, camaat isə işə başlamışdı.
-Oğlan, sən biçinçilərə su paylamaq işinə necə baxırsan? - deyə Beysen soruşdu
Mən razılaşdım. Bu çox da ağır iş deyildi. Günortaya yaxın dinc qara öküzü yəhərlədilər, ona su tuluğu yüklədilər və məni də üstündə otuzdurdular. Mənim işim sahəni gəzib adamlara su paylamaqdan ibarət idi.
Otu gölün sahilində və çaybasar çəmənlərdə biçirdilər. Öz gözəlliyi ilə bu yerlər kurort sahələrdən geri qalmırdı. Ətrafda göz işlədikcə yaşıl otlar yırğalanır,şəffaf mavi göl görünürdü. Mənim üçün hələ də dünyada bundan daha gözəl yer yoxdur.
Tezliklə işimi bitirib mən qara çapağanı otlamağa buraxdım, özüm isə gün boyu Maqsudun ətrafında dolaşdım. Qardaşım ot biçirdi və fikirləşirəm ki, biçinçilərin arasında bu işi onun qədər yaxşı bacaranı yoxdu.
Bir dəfə həmişəki kimi mən Maqsud–ağanın yanına yaxınlaşanda o, mənə diqqətlə baxıb, dərindən nəfəs aldı və soruşdu:
-Sən bunu Kunimaya apara bilərsənmi?- və mənə dörd qatlanmış bir kağız uzatdı.
Kunimay Beysenin yeganə qızı idi. İki il əvvəl o bizim aulda yeddiiliyi bitirmiş, aulda orta məktəb olmadığı üçün təhsilini davam etdirməyə rayona getməmiş və evdə oturmuşdu. Mənim fikrimcə, bizim aulda, hətta qonşu aulda da Kunimaydan daha gözəl qız yoxdur. Onun xarakteri isə kərə yağından daha yumşaqdır. Həm də çox gözəl oxuyur. Mən onu bütün qəlbimlə sevirdim və sevməyə də davam edirəm. O da mənə aulda başqa uşaqlardan fərqli, doğma qardaşı kimi yanaşır. Əvvəllər o bizə tez-tez gəlirdi, Maqsudun gəlişi ilə görünməməyə başladı. Bəlkə də ondan utanırdı. Mən ona asanlıqla yaxınlaşa bilərdim. Əslində kim olur-olsun yaxınlaşardım, çünki qardaşım bunu məndən xahiş edirdi. Ona görə də mən dərhal cavab verdim:
-Əlbəttə, bilərəm.
Kunimay anası ilə ot daşıyırdı. Mən qıza yaxınlaşanda, ot yığının kölgəsində istirahət edirdi. Elə orada da yarıya qədər yüklənmiş araba durmuşdu. Anası heç yerdə görünmürdü. Görünür o tayanın yanında dayanmışdı.
Mən Kunimayın yanında oturdum və ona məktubu ona verdim.
-Bunu qardaşım verdi.
O, məktubu səssiz götürdü, gizlətdi və kiminsə görməyindən ehtiyatlanırmış kimi, əmin olmaq üçün ətrafa nəzər saldı. Beləcə o mənə heç nə demədi və mən geri qayıtdım. Gəlib çatan kimi Maqsud–ağa sualedici nəzərlərlə mənə baxdı: bacardınmı?
Mən öz qara çapağanımda möhkəm əyləşərək –Verdim - dedim. -Acıqlanmadı ki? - Maqsud süni səmimiyyətlə soruşdu və tez də gözlərini qaçırdı. Ancaq mən hiss etdim ki, onun gözlərində təbəssüm qığılcımlandı.
-Yox.
Növbəti gün mən ona Kunimayın cavabını gətirdim. Bilmirəm o, ona nə yazmışdı, amma həmin gündən etibarən qardaşım daha xoşbəxt görünürdü. Bir araba keçən kimi o dərhal baxırdı. Mənə aydın idi ki, onun gözləri kimi axtarırdı.
Seyitcan, sən maşına otur,bir az o tərəfə tərpən. Burda yer çoxdur. Mən tez bir yerə gedəcəm - dedi o.
Bir qədər sonra bir də gördüm ki, o Kunimayla birlikdə ot yığır. Elə ki,arabalar göründü, otu tayaya yığıb o öz yerinə geri qayıtdı. O sevinc içərisində güclə sürünən atlara qışqırdı. Onlar gümrahlıqla irəli atılıb, sürətlə addımladılar, o isə şən nəğmə mırıldadı.
Həmin gün günəş batana qədər Maqsud–ağa sevincli, həyəcanlı idi, işlər onun əllərində sanki od tutub yanır və biz ona baxıb canlanıb, günlük yorğunluğumuzu unutduq.
Aula qaranlıqda qayıtdıq.
-Mənim yazıq heyvanlarım yorulub, atları qoşqudan açaraq onları oxşayır, böyürlərini, kürəyini sığallayır, onlarla məşğul olur, sanki bu gün onları çox işləməyə məcbur edib yorduğu üçün günahını yumaq istəyirdi.
Günlər beləcə keçirdi. Maqsud və Kunimay get-gedə yaxınlaşırdı. Kunimayın anası olmayanda, mən otçalan maşını işlədir, onlar isə birlikdə tək qalırdılar. Onların dostluğu məndə hansısa yeni, naməlum sevinc,qürur və təəccübün qarışığı olan bir hiss oyadırdı. Mənə bir şey də aydın olmuşdu ki, biz indi qardaşımla bir-birimizə həmişəkindən daha möhkəm və etibarlı bağlanmışıq.
Ot yığımı başa çatdı. Əgər indi kifayət qədər texnika və insan qüvvəsi olsaydı - təsərrüfat yay ərzində otu yığıb qurtara bilmir, qışın sonuna isə çətinliklə çatdırırlar - onda biz atlılar və piyadalar ay ərzində on beş-on altı taya qurardıq.
-Seyitcan, qalx, oğlum. Atan və qardaşın gün çıxmamış gediblər, yəqin ki, artıq susuzlayıblar. Bax, günəş necə qızmardır. Onlara su apar, - anam məni səhər oyatdı.
Səhər yeməyimi yeyib qaynanmış su ilə dolu kiçik verdəni götürdüm və sahəyə yollandım. Mənim qarşıma döyülmək üçün aparılan buğda dolu arabalar çıxır, toz göyə qalxırdı. Atamla yarıyolda rastlaşdım. Su qabını ona uzatdım. Atam qabın kənarından bir neçə qurtum içib mənə qaytardı və dedi:
-Bunu qardaşına apar.
Mənim yolum indi biçin gedən yerə uzanırdı. Yolun hər iki tərəfində yetişmiş, sarı buğda dənizi dalğalanırdı. Sünbüllər qapanmış qız kirpikləri kimi yırğalanır, orda-burda biçinçilərin silueti görünürdü. Onların arxasında, kövşənlikdə isə bərk buğda tayaları qalmışdı.
Yolun sağ tərəfində mən Maqsudu axtardım. Onunla yanaşı Kunimay işləyirdi. Mən onlara yaxınlaşdım və xeyirli biçin arzuladım.
-O! Budur Seyitcan da köməyə gəldi- qız gülümsəyərək səs verdi.
Hər ikisi oturub növbə ilə qabdan su içdi, sonra bir az mənimlə söhbət edib, yenidən işə başladılar. Hər kəsə onların ikisinə birlikdə necə xoş və şən olduğu bəlli idi.
Bir dəfə mən adət üzrə qardaşıma nahar yeməyi gətirəndə Kunimayı görmədim. Qardaşım isə sanki sevincini itirmişdi. Süst və darıxıdırcı görünürdü, elə ona görə də mən onu tək buraxmamağa qərar verdim və iş gününün sonuna qədər onunla oturdum. Biz evə gec qayıtdıq. Qardaşım susurdu. Axşam yeməyi zamanı da onu tanımaq mümkün deyildi. Yatmazdan əvvəl hava almaq üçün həyətə çıxanda,anam təlaşlı halda atama xəbər verdi:
-Sən demə Beysen arvadına acıqlanıb: ”Sən qızını bu əsli bilinməyən avaraya vermək istəyirsən? ”və bu gün Kunimaya evdən çıxmağa icazə verməyibdi.
-Maqsud bunu bilir?
-Bilmirəm. Əgər o bunu eşitsə bu onun qəlbini yaralayar.
-Beysenin özü ilə danışmağı yoxlayaq - atam fikirli halda dedi.
Faydası olub olmayacağını bilmirəm. Əgər onun arvadı Janıl olmasaydı heç kəs aulda onun üzünə belə baxmazdı. O heç insanlarla danışmağı da bacarmır. Qaşqabağını töküb susur-anam kədərlə başını tərpətdi.
Amma yenə də onlar Beysenlə danışmaq qərarına gəldilər. O birisi gün onu arvadıyla birlikdə qonaq çağırdılar. Valideynlərimin xahişi ilə aul igidlərindən kimsə Maqsud-ağanı özü ilə apardı və o bütün axşamı evdə olmadı. Qonaqlıqdan sonra atam söhbətə başladı.
-Beysen-batır, qədimdə deyərdilər:” Gənclər kişiləşmir, kasıblar varlanmır məgər?” Sən baxma bizim Maqsud təkdir, yetimdir. Özün görürsən o təkbaşına onlarla igidə dəyər. Bizim zamanımızda kasıblıq nədir ki? Bu gənclər üçün maneədirmi? Lazım olacaq-qazanacaqlar. Əgər gənclər bir-birinin ürəyinə yatıb və ailə qurmaq istəyirlərsə onlara mane olmaq lazım deyil. Biz də öz tərəfimizdən onlara hər zaman kömək edərik, sən də, mən də. Axı sən özün də tək olmusan. Sənin çoxmu qohum-əqraban var? O da sənə həyatda arxa və dayaq olar.
Janıl elə dilsiz-ağızsız qadınlardan idi ki, söz demək, nəyəsə qərar vermək haqqı yox idi. Ona görə də o, söhbətə sanki bunun ona heç dəxli yox imiş kimi müdaxilə etmirdi.
-Bertay-Beysen güzəştə getməyərək qaşqabağını tökdü. Bıçağı birbaşa ürəkdən vurma. Sən qeyri-mümkünü istəyirsən. Mən çoxdan dostlarımla danışmışam, sən bilirsən axı, mən sözümdən dönə bilmərəm. Üstəlik biz bu gün - sabah onu ər evinə yola salacağıq.
O, bunu dedi və qalxdı. Ürəyim döyündü. Bu o demək idi ki, tezliklə onu nişanlısının evinə köçürəcəklər. Bundan sonra Kunimay işə gəlmədi, evdən bayıra çıxmadığı üçün Maqsud onunla görüşə bilmədi. O, Kunimaya kiminləsə məktub da göndərdi: ”Çıx görüşək, ya da heç olmasa son sözünü de”, amma o cavab vermədi.
Qızın ondan açıq-aşkar qaçması isə Maqsuda daha ağır təsir etdi. O, hədsiz arıqladı, dalğınlaşdı. Bir daha onun üzünün güldüyünü görmədik. Bu arada payız gəldi və mənim məktəbdə dərslərim başladı. Ola bilsin ki, Maqsud ağa zəif də olsa mənim günlərlə onu izləməyimdən, gözünün içinə baxmağımdan təskinlik tapırdı, indi isə tamamilə tək qalıb darıxdı və bir günbildirdi:
-Mən burada nə edəcəm? Yaxşısı budur gedim mal-qaranı köçürməyə. O heyvandarların yanına getdi, onlara yaylaqdan qışlağa köçməyə, evləri düzəltməyə kömək etdi və orada kifayət qədər çox qaldı. Mən onun gəlişini gözləyərək özümə yer tapa bilmirdim.
Günlər monoton və kədərli keçirdivə belə günlərdən birində anam dedi:
-Kunimayı ərə verirlər.
-Kimə?
-Kənd sovetinin qardaşına.
-Hansına? Satıcı Usenəmi?
-Bəli.
İstirahət günləri ərəfəsində Kənd soveti Darmenin evində toy təşkil olundu. Həmin gün məni hər şey əsəbiləşdirirdi, az qalmışdım hirsimdən partlayım. Kiminləsə dalaşmaq, nəyisə sındırmaq istəyirdim ki, hamını qəzəbləndirim. Usenin ağzı qulaqlarında Kunimayın evinin ətrafında səndələyə-səndələyə gəzdiyini görəndə, hiddətim bir az da qaynayırdı. Bir az artıq gücüm olsaydı ona elə bir təpik vurardım ki, kəlləmayallaq uçardı. Əvvəllər toy kimi bir mənzərəyə tamaşa etmək üçün həmin gün yemək yeməyi unudardım, amma həmin gün hamının şənləndiyi o tərəfə heç gözümün ucuyla da baxmadım. Axşam yaşıdlarım küçədə şənlənəndə mən nəinki çölə çıxmadım, hətta pəncərəyə də yaxınlaşmadım. Bir neçə gündən sonra Maqsud mal-qaranın köçürülməsindən qayıtdı, bütün ailə yığışan zaman o birdən dedi:
-Ata, mən sabah gedirəm.
-Hara?
-Müharibəyə qədər yaşadığım yerə. Mənim bütün sənədlərim ordadır. Mən onları götürüb oxumağa gedəcəm.
Hamı susdu.
-Öz işindir, gözümün nuru, nəhayət, atam dilləndi. -Sənə yaxşı yol. Hara gedirsən get, sağ və salamat ol. Bizi unutma, yaz bizə.Biz səninçün narahat olacağıq. Çətinliyin olsa, gizlətmə. Bacardığım qədər səndən heç nəyi əsirgəmərəm.
O biri gün mən qardaşımı yola saldım. Atam onu atlarayon mərkəzinə apardı. Maqsud-ağanın gedişi hamıdan çox mənə təsir etdi. Məni saatlarla dayanıb yola baxmağa vadar edən qəm yenidən oyandı. Mən yenidən tək qaldım və öz tənhalığımı bütün acısıyla hiss etdim.
O axşam mən uzun müddət yata bilmədim. Məndən başqa heç kəsin olmadığını bildiyim halda mənə elə gəlirdi ki, otaq qorxulu qaranlıq və xışıltı ilə dolu idi. Uzanıb qaranlığa elə diqqətlə baxırdım ki, sanki kimisə görməyi ümid edirdim. Anam, deyəsən, mənim vəziyyətimi hiss etmişdi, ona görə də sakitcə soruşdu:
-Seyitcan, sən nə üçün yatmırsan?
Ürəyim o qədər həssaslaşmışdı ki, sanki mən dünyada ən əziz adamımdan ayrılmışam. Göz yaşlarımı güclə saxlamışdım, anamın rəhmli pıçıltısından sonra dayana bilməyib hönkürtü ilə ağladım.
Çevirəni: Nərmin Azadgil