- Demək, sən mənə xəyanət etmisən? Onsuz da mən bunu hiss edirdim... Axır ki, öz dilindən eşitdim... İndi sənə nə ad verim: pozğun? Azğın? Gic?.. Yox... Bəlkə də səhv edirəm: bütün bunların hamısı elə mən özüməm. Mən? Bəli, mən! (Pauza). Mən səni arzularımda olduğun kimi yaşada bilmədim. Buna mənim gücüm çatmadı... Artıq mənim qarşımda yalnız bir yol var: intihar etmək, bu dünya ilə vidalaşmaq... Ayrı bir çıxış yolu görmürəm...
Əziz monoloqu bitirib növbəti replikanı xarırladı: "Yox... Əvvəlcə məni öldür. Dayan... Əl saxla..." Bu sözləri, pyesdə ərinə xəyanət edən gənc qadın deməli idi. Ancaq tamaşada xəyanətkar arvadın əri əl saxlamır, atəş açır; rolu oynayan Əziz də belə etdi: o, əlində silah kimi tutduğu tapança- alışqanın tətiyini çəkdi ...və lülənin titrək alovunda siqaretini yandırıb kiçik otaqda var-gəl eləməyə başladı.
On il əvvəl tamaşaya qoyulmuş əsər, bu il təzədən oynanılacaqdı...
O vaxtkı kimi yenə də baş rol Əzizə tapşırılmışdı. Obrazın bütün sözləri, hərəkəti Əzizin yadında idi. Di gəl ki, işlər qaydasında getmirdi. Məşqlərdə hərə öz replikasını bildiyi kimi deyirdi; "köhnə bazara təzə nırx qoymaq istəyən" rejissor ağzı köpüklənə-köpüklənə nə qədər hay-küy eləsə də, köhnə heyətdə işləmiş aktyorlar bir-birinə qaş-göz eləyib bu şümal oğlanla sanki bir növ məzələnirdilər. Məsələburasında idi ki, teatrın, əksəriyyəti yaşlılardan ibarət olan truppa üzvləri, indi- illər keçəndən sonra yeni bir recissorun başqa quruluşda hazırladığı əsərin təzədən uğur qazanajağına şübhə ilə yanaşırdılar.
Səhnədə və zalda təmir işləri getdiyindən aktyorlar, adətən, günortayajan toplaşıb recissorun kiçik otağında məşq edir, hələ axşam olmamışja dağılışıb gedirdilər. Əziz teatra hamıdan tez gəlir, oranı hamıdan gej tərk edirdi. O, bunu təkjə daşıdığı məsuliyyət, yəni baş rolu oynayajağı üçün yox, həm də tənhalıqdan darıxdığı üçün edirdi. Amma qəribə idi: o, tənhalığın əlindən qaçsa da, yenə istər-istəməz tənhalığın qoynuna jan atırdı. Bəzən saatlarla öz aləminə çəkilib nəyisə götür-qoy edir, çox vaxt zarafatla ona sataşan sənət dostlarının atmacalarına sükutla cavab verirdi. Görünür, insan çox vaxt dərddən jan qurtarmağa çalışsa da, yenə dərdə pənah aparmalı olur. Bu, bəlkə də dünyanın ədəbi, pozulmaz qanunlarından biridir...
Əzizin bütün günü, özü və obrazları ilə mükalimədə, həsb-halda keçirdi: o, sanki kiminləsə söhbət edir, nəyəsə etirazını bildirir, nəyisə təsdiqləyirdi. Axşamlar isə öz maşınına əyləşib dəniz kənarındakı bağına gedir, məşqləri orada davam etdirirdi...
İkiotaqlı kiçik bağ evinin arxasından, payız meşəsinin kövrək ağacları kimi, xışıldayan dalğaların səsi eşidilirdi...
Həmin gecə göy üzü elə aydın idi ki, deyərdin bəs gün hələ batmayıb. Bürkü idi. Bir yandan da ağcaqanadlar onu əsəbləşdirirdi.
Əziz otaqda çox qala bilmədi. Dama qalxdı. Ayın parlaq işığında ağaran damdan dənizin xışıltısı daha aydın eşidilirdi...
Onun avazla söylədiyi monoloqun son sözlərini, bir-birini qovan dalğalar, sahil qumları kimi yuyub aparırdı.
Əziz hiss elədi ki, səsini çox qaldırıb. Hətta, ona elə gəldi ki, kimsə kənardan bu monoloqa qulaq asır. O, udqundu, kəkələdi. Özünü ələ alıb səsinin tonunu dəyişdi. Asta, sızıltılı səslə, az qala pıçıldayaraq davam etdi: "Artıq mənim qarşımda yalnız bir yol var: intihar etmək".
Sanki kənardan kiminsə replikası eşidildi:
"Hanı səndə o cürət?"
Heç şübhəsiz ki, onun qulağı səsə düşmüşdü... Hər halda Əziz özlüyündə belə düşündü...
Sonra uzun-uzadı pauza.
Əziz susub ətrafa göz gəzdirdi; dənizın xışıltısından başqa heç bir səs eşidilmirdi.
"Yaxşı, sən allah, zarafatı boşla"...
Bu sözləri ətrafa boylanan Əziz dedi. Bu, onun növbəti replikası idi.
Az sonra yenə davam etdi:
"Di qaş-qabağını tökmə"...
Sonra sükut...
"Dayan, əl saxla".
Hə, bu da onun replikası idi. Sonra?
Sonra Əziz alışqanın lüləsini tapança kimi öz sinəsinə tuşladı. Və tətiyi... çəkə bilmədi. Qolları ildırım vurmuş quru budaq kimi yanına düşdü. Hə illah elədisə səsi çıxmadı. Ani olaraq fikirləşdi ki, lap tutalım özümü ələ aldım, bəs nə deyim? Roldakı sözləri? Kimə? Tərəf-müqabilə? Yox, Əziz hələ ağlını itirməmişdi, kiminsə ona replika dediyini öz qulağı ilə eşitmişdi: "Hanı səndə o cürət?" Bəs kim idi onun üzünü görə bilmədiyi bi "tərəf-müqabil"?
Bu, nə cür replika idi? Pyesdə olmasa da belə, bu sözlər Əziz üçün replika idi. Daha doğrusu, həm replika idi, həm də ki, yox...
On il əvvəl də beləcə idi. Dəniz, sahil, qayalar...
İndi teatrda məşqi gedən əsərdə o vaxt ər və arvad rolunu onlar, yəni Əzizlə Qönçə, hazırlayırdı. İndi Qöçə yox idi... Yaxşı xatırındadır, o vaxt Əziz hər dəfə özünü intihar etmək istəyən aşiqin monoloqunu söyləyib qurtaranda Qönçə: "Hanı səndə o cürət?"-deyər və sonra da bir qayda olaraq uğunub gedərdi. Və onda Əziz jiddiləşib qaş-qabağını tökərək: "Zarafatı boşla", -deyə, mızıldanardı.
Əziz handan-hana toxtayıb özünü ələ aldı, alışqanı çəkib siqaretini yandırdı. Bayaqkı səsi həqiqətən eşidib-eşitmədiyini özü üçün müəyyənləşdirməyə çalışsa da, heç bir qənaətə gələ bilmədi. Qəflətən ağlına gəldi ki, kimsə onu kənardan güdür, izləyir, sanki onunla zarafatlaşmaq istəyir. "Kimsə" deyəndə ki, bu yəqin Lalədən başqa heç kəs ola bilməzdi. Qadın tanışlarından yalnız Lalə arabir onun yanına gəlib-gedirdi. Bəs elə isə Lələnin özü hanı? Hə, yəqin ki, o, ağajların arasında gizlənmişdi. Axmaq qız... Axı, onun bu uşaq hərəkətləri kimə gərək idi?
Hə, deyəsən, kollar tərpəndi. Ax, görüm səni çər vursun... Az qala məni qorxuzmuşdu...
Yox, deyəsən, yarpaqları külək tərpədirdi; çünki kolların arasında keç kəs gözə çarpmırdı.
Əziz asta səslə pıçıldadı:
- Lalə... Lalə...
Əzizin tükü ürpəşdi: kiminsə addım səsləri eşidilirdi. O, ehmalja pilləkənlərə yaxınlaşdı. Damdan aşağı enən ağaj pilləkəndə əvvəlcə ona tanış gələn ayaq səsləri, sonrasa qapı cırıltısı eşidildi. Sanki kimsə onu təqib edirdi. Amma... qapı örtülü idi... Qapı zərblə çırpıldı. Onsuz da bağlı olan qapının təzədən örtülməsi mümkün olan şey deyildi. Ancaq çırpılan qapının səsini Əziz indi öz qulaqları ilə eşitmişdi: buna qətiyyən şəkki-şübhə ola bilməzdi.
"Gəl yat, özünü az yor"...
İndi səs içəridən gəlirdi. Amma Əziz yüz faiz əmin idi ki, içəridə adam yoxdur, çünki qapı kip örtülmüşdü və otağa hansısa ins-cins (lap elə olsun it-pişik), belə asanlıqla girə bilməzdi...
Əziz uçuna-uçuna içəri keçdi... O, dəmir çarpayının xırçıltısını eşidəndə başının tükü biz-biz oldu. Kiminsə çarpayıya yaxınlaşdığı aydınja hiss olunurdu. Di gəl ki, çarpayı bomboş idi və otaqda da heç kəs gözə dəymirdi. Əziz əyilib diqqətlə baxdı: çarpayınin heç yayı da tərpənmirdi, lakin onun aramsız xırçıltısı kəsilmək bilmirdi. Əziz tərəddüdlə yatağa uzandı. Elə bil kiminsə isti nəfəsi onun üz-gözündə gəzdi. Əziz çevrilib düyünlənmiş yumruğunu zərblə irəli qolayladı. Yumruğu divara dəydi: "Gum-m-mb..."
"Sənə nə oldu?"
Bu, Qönçənin səsi idi. Minlərlə səsin içindən seçib tanıya bilərdi Əziz bu səsi...
Sonra asta, ehtiraslı pıçıltıları eşıdildi...
Əzizə elə gəldi ki, kimsə qarmaqarışıq səsləri maqnitofon lentinə yazıb təzədən səsləndirir. Qəribə burası idi ki, həmin səslər Əzizə doğma idi, tanış idi. O, haçansa bu səsləri eşitmiş, bu səslərə qulaq asmışdı. Həm də Əziz, ona replika deyən, onu yatmağa çağıran səsləri, lap elə açılıb- örtülən qapı cırıltısını başqa bir yerdə yox, məhz burada eşitmişdi: bu dənizin sahilində, bu bağda, bu evdə...
Əzizə elə gəldi ki, uzaq illərdə yaşadığı zamanın axarına təzədən atılıb, bir vaxt rastlaşdığı adamlarla təzədən görüşür, haçansa eşitdiyi söhbətləri təzədən dinləyir.
O, nədənsə, bu anlarda öz ömrünü ikinci dəfə yaşayan sehrli nağıl qəhrəmanlarını xatırladı. Hağılın öz yeri, bu ki, həyatdır. Həyatsa heç vaxt güzəştə getmir: o, zarafatdan daha çox, ciddiyyəti sevir.
Əzizə elə gəldi ki, bu otaqda min-min il əvvəllər də yaşayıb və bu dənizin səsini də çoxdan, lap elə o vaxtdan eşidib. Sonra... Sonra isə, haçansa ölüb, dəfn olunub və indisə dünyaya təzədən gəlib. Yox, əgər belə deyildisə, o, Qönçənin səsini necə eşidə bilərdi?
Əziz qulağını şəkləyib ətrafı dinşədi: daha nə dənizin, nə də ağacların xışıltısı eşidilmirdi. "Deyəsən, qulağım səsə düşüb... Bu, necə ola bilər? Mən ürəyimdə öz-özümlə, lap elə Qönçə ilə çox söhbət eləmişəm. Əzbərlədiyim rolları saatlarla təkrarlamışam özümçün.... Bəlkə, məni qara basır: guya kiminsə səsini eşidirəm, əslində isə heç bir səs-filan yoxdur. Yox... Axı... səslər aydın eşidilirdi. Mən Qönçənin səsini, nəinki səsini, lap pıçıltısını belə, ölən günüməjən unuda bilmərəm... Hələ onun nəfəsi... həniri üzümü qarsıdı... sifətimdə gəzdi... Bəs içəridə adam yox idisə qapı, çarpayı niyə səslənirdi? Qapı açılmasa da, onun cırıltısı eşidildi. Mən dəli oluram nədir, ay Allah?"
Əziz otaqda var-gəl edib eşitdiklərinin qarabasma olduğu fikrini özü-özünə təlqin edərək, monoloqunu təzədən təkrar etməyə başladı. Cümləni deyib başa çatdırmamış yenə tanış səs- Qönçənin səsi eşidildi. Qönçənin səsindən sonra Əziz on il əvvəlki kimi yenə arvadının üstünə çəmkirmək istədi. Lakin mərhumun ruhunu incidəcəyini düşünüb susdu. Susdu, amma başqa bir səs eşitdi: "Yaxşı, sən allah, zarafatı boşla". Səs... Əzizin özcə səsi idi. Əziz öz səsini zorla tanıdı...
Əziz səhnədə qaibanə səsləri çox eşitmişdi; hətta, özü bir vaxt Hamleti oynayanda atasının kölgəsi ilə danışan prinsin həyəcanlarını tamaşaçıya inandırıcı təqdim etmək üçün dəridən-qabıqdan çıxmışdı. Səhnədə eşitdiyi xəyali səslər onu təbii ki, heç zaman qorxutmamış, təəccübləndirməmişdi... Amma indi o, səhnədə deyildi axı...
" Dəniz oxuyur"...
Onun səsi idi. Qönçənin...
"Gedək dənizə... Çimək"...
Əziz əməlli-başlı xoflanmışdı; o, özü öz pıçıltısını bu dəfə lap aydın eşitdi. Qönçə isə dil-dil ötürdü:
"Mən səni şəhərin bütün qızlarına, qadınlarına qısqanıram. Sən get-gedə məndən soyuyursan... Məşhurluğun doğmalara soyuqluq, yadlara isə istilik gətirir... Sən niyə belə gülürsən?... Mənə belə baxma... Yaxşı, sən Allah... Utanıram... Üstümü ört... Eşitmirsən, Əziz? "
Qırıq-qırıq söz qəlpələri otağın divarlarına, pəncərə şüşələrinə dəyib cingildəyirdi. Hə vaxtsa deyilmiş sözlər təzədən təkrarlanırdı. Heç maqnitofon lentinə də belə aydın səs yazmaq mümkün deyildi. İndi sözlər elə canlı, elə diri idi ki, Əziz o sözlərə lap əli ilə toxunmaq fikrinə düşdü. Hər necə olsa da səs, elə səs idi və Əzizin əlləri havada oynaya-oynaya qaldı...
Sonra hıçqırtı eşitdi. Daha sonra gülüş... Qönçənin gülüşü o qədər uzandı ki, Əziz hövsələdən çıxıb bağırdı:
- Bəsdir!..
Bir az keçdi...
Qönçə susdu... Və Əziz özünün on il əvvəlki səsini təzədən eşitdi:
"Bəsdir!.."
Bir az da keçdi...
Yenə mübahisə, höjətləşmə... Göz yaşı... Gülüş...
Əziz aydınca hiss edirdi ki, on il əvvəl Qönçə ilə elədiyi söhbət təzədən təkrar olunur. Həm də yalnız bir günün, daha doğrusu bir gejənin, söhbətləri. Bəlkə də düz on il əvvəl ilin bu ayında, ayın bu günündə, günün məhz bu saatında, bu anlarında Əziz öz arvadı ilə elə bu jür söhbət eləmişdi?.. Hə, deyəsən, beləcə idi... Həmin gejə tamaşaya hazırlaşır, bir-birini cırnadır, küsür, barışırdılar...
Bax, indi o söhbətə heç nə əlavə olunmur, o söhbətdən heç nə ixtisar edilmirdi... Hə, pıçıltı ilə söhbət edirdilər o gecə, sanki kiminsə onları dinləməsindən ehtiyatlanırdılar. Əziz xatırladı ki, o gün çıxıb evin damında uzandılar, közərən ulduzlara tamaşa edə-edə... O vaxt Qönçə onu, həqiqətən, az qala bütün qadınlara qısqanırdı...
Bağın darvaza qapısı açıldı. Addım səsləri yaxınlaşdı. Kimsə evə gəlirdi. Əziz heç yerindən durmağa təşəbbüs də eləmədi... O, bu qəribə gecənin bütün möcüzələrinə inanmağa hazır idi. Bayaqdan Qönçənin yalnız səsi gəlirdi, indi isə yəqin ki, özü zühur edəcəkdi. Bəlkə lap on ilin ölüsü xortlayıb cumacaq onun üstünə ki, bəs mən sənin arvadınam...
" Vallah, deyəsən, mən dəli oluram... Bəlkə bu gözəgörünməz kolğə məni Hamletin atası kimi qətldə də günahlandıracaq. Axı, mənim nə təqsirim var, mənim əzizim? Sən maşın qəzasında həlak olmusan. Bu ölüm o vaxt məni sarsıtdı. Mən səni həqiqətən sevirdim. Bu sevginin acısını sənsizləşəndə bildim... Səndən sonra düz bir il səhnəyə də çıxa bilmədim. Sonra qorxmağa başladım ki, teatrı da sənin kimi birdəfəlik itirəm, dünyada tamam tək-tənha qalam... Elə ona görə də təzədən qayıtdım səhnəyə..."
Qapı döyüldü.
Əziz gözlədi ki, bu dəqiqə Qönçə, bəlkə də Qönçənin özü yox, skleti sorğu-sualsız içəri girib, özünü onun üstünə atacaq. Əziz o müdhiş anın yetişəcəyini duyanda daha da xoflandı, əti ürpəşdi; o, gözlərini bər-bərk yumdu. Qapı təzədən döyüldü.
Durub kiməsə içəri keçməyi təklif etməyin nə mənası vardı ki? Onsuz da, yəqin ki, bayaqdan səsi gələnin indi özü içəri keçəjəkdi: özü də təklifsiz-filansız... Başının üstündə hənirti eşitdi. Əzizə elə gəldi ki, sinəsi kürəyinə yapışdı. O, gözlərini bərk-bərk yumub hərəkətsiz uzanmışdı.
- Əziz, yatırsan? Hə tez?
Əziz ani olaraq, sövq-təbii on il əvvəlki söhbətin davamını xatırladı və nədənsə ona elə gəldi ki, Qönçə o zaman belə bir sual verməmişdi. Gözlərini açdı. Lalə idi. Həmişəki təki şad, gülər.
"Bəlkə onun da Hamletin atası kimi özü yox, kölgəsi gəlib...Hə desən ola bilər..."
- Sənə nə olub, Əziz?
Yox, bu, həqiqətən Lalə idi.
- Heç nə...olmayıb...
- Yuxulu kimisən... Yoxsa yatırdın?..
- Hə, deyəsən, bir balaca mürgüləmişəm...
Həqiqətən, Əziz birdən-birə yuxuladığını zənn elədi. Elə bayaqkı səsləri də yəqin ki, yuxuda eşidirmiş... Yoxsa, bu boyda zarafat olar?
- Deyəsən, mən içəri girəndə yuxu görürdün? Üz-gözün əzabla qırışmışdı...
- Hə... Deyəsən...
...O vaxt Lalə epizodik rollarda çıxış edirdi. Arıq, zərif bir qızdı. Qönçə ilə rəfiqə idi, hərdən onlara gedib-gələrdi. Lalə ərə gedib boşanandan sonra, nədənsə Qönçə ilə münasibəti sərinləşdi, soyudu.
Əziz qabaqlar ona o qədər də diqqət yetirməzdi. Amma Qönçə avtomobil qəzasına düşəndən sonra... Yalnız o vaxt Əziz qızın nejə gözəlləşdiyinin, ətə-qana gəldiyinin fərqinə vardı: Lalə bir gejənin içində açan qızılgül kimi bərq vururdu.... - Sən get-gedə mənə yadlaşırsan...
"Hə, indi də bu başladı. Bəlkə mənim yanımda, həqiqətən, heç kəs yoxdur? Bütün bunlar qarabasmadır?"
Əziz başını qaldırdı. Lalə gülümsəyib ona tamaşa edirdi. Əziz onun canlı, yaşarı varlıq olduğunu aydınlaşdırmaq istəyirmiş kimi, əlini uzadıb qızın qolundan yapışdı, sonra onun sarışın tellərini, dolu çiyinlərini sığalladı.
Qız nazlandı:
- Yaxşı, tələsmə...
Yox, Əzizin yanında, daha doğrusu başının üstündə dayanan həqiqətən Lalə idi. Qız gülürdü, nazlanırdı...
"Yaxşı, bəs o bayaqkı səs hara qeyb oldu? Deyəsən, bizi güdür..."
- Axı, sənə nə olub ki?...
- Heç nə...
"Heç nə baş verməyib... Mən yuxu görürəm...Bəlkə elə bütün ömür bir yuxudur... Guya ki, mənim Qönçə adlı arvadım olub, sonra ölüb. Mən də on ildir ki, subayam. Hərdən Lalə ilə görüşürəm. Bəs Lalə kimdir? Görəsən bu dünyada belə bir adam olubmu? Hə, deyəsən, o, həqiqətən mövcuddur. İndi mənim yanımdadır... Bax, bu da onun əli, qolu, saçı, alnı, qulaqları, boğazı... Bu, Lalədir"...
- Ay, məni boğdun ki...
Lalə şaqqanaq çəkib güldü...
"Yox, o, mənimlədir. O, canlıdır. Danışa bilir, gülə bilir... Məgər yuxuda danışıb-gülmək olmur? Olur, nejə yəni olmur? Bu da belə bir yuxudur. Bəlkə heç Qönçə ölməyib, sağdır? Ola bilsin ki, ölən mənəm və indi Qönçənin yuxusuna girmişəm. Onun yuxuları üçün mən diriyəm. O, məni öz yuxusuna gətirib və oyanan kimi mən qeyb olajam. Mənim bir yuxuluq ömrüm var. Bəs Lalə? Hə, olsun ki, Qönçə yuxusunda Lalə ilə məni qəsdən qoşa görmək istəyib. Axı, o, məni bütün qadınlara qısqanırdı. Mən üzün illərin ayrılığından sonra yuxuda onunla təzədən görüşürəm. Bəs Qönçənin özü hanı? Yox, mən onu görə bilmərəm. Axı, mən onun yuxusundayam. Lalə də onun yuxusundadır. Biz yuxu görən adamı necə görə bilərik? Biz onun röyalarında yaşayırıq. Bəs Qönçə məni niyə təhqir edir? O, niyə Laləni də mənimlə birgə gətirib öz yuxularına? Hə, tapdım, yəqin ki, məni sınamaq istəyir. Ha-ha-ha... Belə də sınaq olar? ... Lalə mənim üzümü oxşayır, məni qıdıqlayır..." "Dayan, dayan"...
- Dayan!...
- Özünü uşaq kimi aparırsan, Əziz... Nədir, sənə nə olub?
- Heç, Lalə ...
"Bir azdan səhər açılacaq. Qönçə oyanacaq. Hər şey bir andaja bitəcək. Biz Lalə ilə məchul bir aləmə çəkilib qeyb olacağıq. Bitəcək hər şey... Ömür də, arzu da... Mən Qönçənin yuxularına yenə gələ biləcəyəmmi?"
Sonra yenə bayaqkı "xışıltılar", "pıçıltılar" eşidilməyə başladı.
"Dəniz oxuyur..."
Bu, Qönçənin səsi idi.
- O, nə səsdir elə, Əziz? Deyəsən, radioda veriliş var hə...
Bu, Lalə idi...Aha, deyəsən bayaqdan Əzizi az qala dəli edəjək o səsləri indi Lalə də eşidirdi...
Əziz susdu, dillənmədi.
"Qısqanıram... Qısqanıram səni..."
Lalə əsəbi halda:
- Kimdir o yanan, o qısqanan?- deyə soruşdu. -Yaman qışqırır...
Əziz cavab vermədi.
"Mənə belə baxma... Yaxşı, sən Allah... Utanıram..."
- Əziz, radionu söndür...
- Radio deyil,- deyə, Əziz güclə, heysiz halda dilləndi.
- Maqnitofondur? Deyəsən köhnə lentdi, hə?... Xırıldayır...
-"Ha-ha-ha..."
Lalə otağa göz gəzdirdi:
- Bu, nədir? Elə bil otaqda kimsə var... maqnitofona oxşamır...
- Mənim maqnitofonum yoxdur...Heç yerli-dibli olmayıb da...
- Tanış səsdir... A...a...a... Elə bil Qönçənin səsidir... Elədir... Qönçə danışır... Qapı cırıldadı. Hər ikisi dik atıldı. Sonra qapı bərk-bərk çırpıldı. Diqqətlə baxdılar: qapı bayaqkı kimi örtülü idi.
Onların sifətini sanki kiminsə qaynar nəfəsi yaladı.
İkisi də diksindi...
Danışmağa taqətləri yox idi...
Nəhayət, Lalə dilləndi:
- Bu, nədir, kimdir belə? Bu, nə oyundur, Əziz?..
Əziz çiyinlərini çəkdi.
- Bılmirəm... Heç nə anlamıram... Yəqin Qönçənin.. ruhudur... Gəzir...
- Ruh...Nə ruh?... Ruh-zad boş şeydir... Sən də söz tapdın danışmağa...
- Onda bu nə səs-küydü? Bu həngamə nə üçündür? Bəlkə sən bilirsən, Lalə?
- Mən? Mən haradan biləsiyəm ki, sənin evində nə baş verir?..Sükut. Bu sükutu yenə Əzizin mızıltısı pozdu:
- Mən heç bir şey bilmirəm...Bəlkə mən dəli oluram?
-Elə isə bəs mənə nə olub? Bəlkə mənim də başım xarab olub?.. Yox...
...Yenə dənizin xışıltısı eşidildi. Sahilin havası nəm idi.
Bağ evinin damında kimsə gəzişirdi.
Əziz otağın ortasında heykəl kimi quruyub qalmışdı...
Lalə gözə dəymirdi. Sanki qız əriyib gejənin qaranlığına qovuşmuşdu...
Dəniz oxuyurdu.
"Dəniz oxuyur..."
Bu, Qönçənin səsi idi.