HƏR ŞEYİ GÖRƏN VAR
Hər şeyi görəndir hər şeyə sahib,
Kim var ki, nə var ki, izlənə bilmir?
Kilsə kölgəsində gizlənən rahib
Allahın gözündən gizlənə bilmir.
Qaranlıq yayınmır Ay işığından,
Gecənin sirrini açandır səhər.
Dumanlı dünyanın qarışığından
Günəşi doğmağa qaçandır səhər.
Çox da ki, çoxunun sirri dərində -
Zamanın əlindən sirr ötüşməyib.
Qəbri itkin düşən fatehlərin də
Əməli tarixdən itkin düşməyib.
…Hər şeyi görəndir hər şeyə sahib,
Kim var ki, nə var ki, izlənə bilmir?
Kilsə kölgəsində gizlənən rahib
Allahın gözündən gizlənə bilmir.
BİR SEVDA DƏLİSİYƏM
Qəlbimə girəndən savaşa girən,
Mənimlə yaşayıb bu yaşa girən
Bir sevda dəlisiyəm.
Ömrümü şam kimi əridib gedən,
Məni ağlayanda kiridib gedən
Bir sevda dəlisiyəm.
Vurulmaq sinəyə sancılan bir ox,
Eşq özü Allahdır - heç Allahı yox,
Bir sevda dəlisiyəm.
Bilmirəm mən lalam, o laldır yoxsa,
Dumanlı başımda xəyaldır yoxsa,
Bir sevda dəlisiyəm.
Sinəmdə ürək yox, ocaq yeri var,
Qollarım içində qucaq yeri var -
Bir sevda dəlisiyəm.
Bərədə marığa yatan ovçuyam,
Səhrada səhəri açan yolçuyam -
Bir sevda dəlisiyəm.
Mən eşqin gücünü bilməzdim belə,
Yaşaya-yaşaya ölməzdim belə -
Bir sevda dəlisiyəm.
YUXU GÖRMÜRƏM
Var-yox arasında var isə yuxu
Mən varı görmürəm, yoxu görmürəm.
Qəribə həyatdır, qəribə duyğu -
Haçandır yatıram - yuxu görmürəm.
Bəlkə də beynimin damarlarında
Tərəzi əyilib, "balans" düzəlmir.
Hələ də yuxumun qılıncı qında,
Mənə də verilən bu şans düzəlmir.
Nə olsun yadımdan çıxmayır bir an,
Atamı, anamı axı görmürəm.
Bəlkə yuxularım çin olduğundan
Haçandır yatıram yuxu görmürəm?..
YAŞI ÇOXDUR GÖZ YAŞIMIN
Kimsə bilməz sabahını,
Gedən bilməz nədən gedir.
Bölünürsən aya, günə,
Vaxtın gedir, vədən gedir.
Bu dünyanın min rəngi var,
Matəmin də çələngi var…
Həyatın öz ahəngi var -
Gələn gəlir, gedən gedir.
Olacaqdan olmaz qaçan,
Sahibinə qalmaz bu can.
Göy üzünə ruhdur uçan,
Yer altına bədən gedir.
Bəlasıyam öz başımın,
Yaşı çoxdur göz yaşımın.
Şəhid olan soydaşımın
Kimliyində Vətən gedir…
BU ÖMÜR-GÜN
Mən çölümdən yıxılmadım
İçdən qurula-qurula.
Yaxın-uzaq bu yolları
Yordum yorula-yorula.
Şenliklərdə şellənmədim,
Təpiklənib hellənmədim.
Dağ çayıyam, lillənmədim -
Axdım durula-durula.
Sınıq qəlbim qəm çuvalı -
Günlər gördüm zəncivari.
Bu ömür-gün zəncirvari -
Harda qırıla, qırıla…
SORUŞMAYIN ƏHVALIMI
Dünya fani, ömür hədər,
Gedən gəlməz, gələn gedər.
Azdı sevinc, boldu kədər,
Boldu, boldu də…
Soruşmayın əhvalımı,
Görən görür bu halımı.
Soldurdular baharımı,
Soldu, soldu də…
Ürəyində kin olmadım,
El-obadan gen olmadım.
Bir də gördün mən olmadım -
Oldu, oldu də…
GÖRDÜM
Qartal yuvasıydı bizim zirvələr,
Əyilməz dağların əzmini gördüm.
Hayanı dolaşdım, hara baxdımsa
Tanrının sehirli rəsmini gördüm.
Onda gördüklərim bir əfsanədir,
Titrəyən ürəyim indi nanədir.
Bir çəmən üstündə yüz çiçək nədir,
Hərəsi bir rəngdə yüz mini gördüm.
Mən orda bilmişəm sözün tamını,
Şair eləmişdi dağlar hamını.
Məmmədin, Bəhmənin od ilhamını,
Şəmşirin hikmətli nəzmini gördüm.
DÜNYA DƏRK ELƏMİR MƏNİM DAVAMI
Haçandır üzünə salıb yaşayır
Dədəmin tikdiyi evdə erməni.
Qaçqınıq, köçkünük, didərginlərik -
Biz zillət içində, kefdə erməni.
Haramdan törəyən birisi varsa,
Donuz dərisindən dərisi varsa,
Kökündə xəyanət kürüsü varsa
Gəlir göz önünə siftə erməni.
Dünya dərk eləmir mənim davamı,
Kor gözlər görməyir uçuq yuvamı.
"Mənimdir" söyləyib milli havamı
Çalır balabanda, dəfdə erməni.
Beləcə nə dava, nə barışıqdır,
Yer üzü yamanca qatqarışıqdır…
Şeytan əməlinə yaşıl işıqdır
Bütün qapılara cəftə erməni.
Bu dərdlər adamı gora qaytarır,
Gora da sifəti qara qaytarır.
Əlinə keçibsə, hara qaytarır -
Tapıbdı torpağı müftə erməni.
BÖYÜKÇÖL
Bir kurqana söykənib
Göy üzünə baxıram.
Bu göyün göylüyünü
Gözlərimə sıxıram.
Qulağıma səs gəlir:
- Göytürklərin göyü bu…
Qanıma qan calayır
Uçan bulud, axan su.
Ot basan bir cığırla
Ayağım tanış olur.
Tanrıdağın hər daşı
Baş altda balış olur.
Ayağıma ilişir
Ay şəkilli at nalı.
Manasın qırx çorosu
Xəyalımda atlanır.
Alaçıqlar, yurtalar
Bitib göbələk kimi.
Gül-çiçəkli yamaclar
Dağlara bələk kimi.
Türkün ömür kitabı,
Böyük tarix - Böyükçöl.
Əcdadımız deyib ki,
Burda doğul, burda öl!..
ÜRƏK TUMURCUQ MİSALLI
Yaşamaq asan deyil,
"Asan xidmət" deyil yaşamaq.
Daş daşımaqdan ağırdır
Bir ömrü daşımaq.
İnsan ömür boyu
Əkində, biçindədir.
İnsan insanlar içində yox,
Ürəyinin içindədir.
Ürək tumurcuq misallı -
İnsan ürəyindən çiçəkləyir,
Ürəyindən yarpaq tökür.
Bəlkə yenə çiçəkləyər deyə
Dirilər ölülərin
Üstünə torpaq tökür…
O YANDA, BU YANDA
O yanda yer qazılır
Kəhrizə çıxmaq üçün.
Bu yanda çay tələsir
Dənizə çıxmaq üçün.
İblis qatır aranı
Qan dizə çıxmaq üçün.
Hamı Həccə tələsir
Təmizə çıxmaq üçün.
Yaşayırıq - gecədən
Gündüzə çıxmaq üçün.
BİZİM O KƏND
Bizim kənddə molla yox idi,
Amma hamının Allahı vardı.
Bizim kənddə məscid yox idi,
Amma ibadət yeri gündoğan idi.
(Bu da bir zaman idi…)
Bizim kənddə namaz qılanlar
Barmaqla sayılırdı,
Amma barmaqla göstərilmirdi.
Qibləsiz deyildi o kənd,
Qübbəsiz deyildi o kənd.
Günahsız bəşər olmur,
Günahsız deyildi o kənd.
Mollasız, məscidsiz olsa da
Allahsız deyildi o kənd.