Şair xoşbəxtliyi
Zərəngiz Dəmirçi Qayalının, doğrudan da, şair olduğunu, ilk növbədə, ondan bilirəm ki, adında- sanında, sözündə - söhbətində, işində- hərəkətində təkzib edilməsi heç cür mümkün olmayan sadəlövh (və kəskin!) bir şairlik havası, iddiası var. Bu elə bir iddiadır ki, hətta Zərəngiz arada bir and içib aman eləsə ki, mən şair deyiləm, elə belə sözdür gəlir ürəyimə, deyirəm, yazıram; heç kim inanmaz…
Məsələnin ikinci, fikrimcə, ən mühüm cəhəti özünü onda göstərir ki, Zərəngizin artıq bir sıra maraqlı şeir kitabları nəşr olunub, nüfuzlu ədəbi mükafatlara, Prezident təqaüdünə layiq görülüb, hələ on il bundan qabaq “İlin Qadın Şairi” adını alıb. Yəni ötən illər ərzində öz istedadı, zəhmətkeşliyi ilə sübut edib ki, o, həqiqətən, söz adamıdır…
Və nəhayət… Zərəngizin bilavasitə poeziyası barədə…
O, hər şeydən əvvəl, vətənpərvər şairdir. Vətənpərvərliyi də el- obadan, yurd- yuvadan, doğma kəndi Daş Salaşlıdan başlayır:
Qoynunda xəzinə, dürr Avey dağı,
Damcılın zövq verər ilk bahar çağı,
Alimlər, şairlər, pirlər oylağı,
İgidlərin beli xəncərli kəndim.
Oradan keçir Qazağa…
Sərvətin gözəllik, qaynağın ilham,
Eşqin həyat dolu, nur dolu bir cam.
Hüsnünə heyrandı bu Azərbaycan,
Yaxına, doğmaya mehriban Qazax.
Ordan da keçir Azərbaycana, bütün Türk dünyasına… Və gəlib çıxır bütövlükdə bu dünyanın işlərinə:
Tilovu bəzəkli don olan dünya!
İnsanı ələkdə dən olan dünya!
Məsləhəti yaman gen olan dünya!..
Və aydın hiss olunur ki, poetik təfəkkürü nə qədər mütəvaze, hətta sadəlövh təsir bağışlasa da, Zərəngizin bu dünya ilə əməlli- başlı cəngi- cidala çıxacaq hökmü- hikkəsi də var:
Tanrı sirdi, dünya naşı,-
Göyərmir qaraca daşı…
Araz, Kür oldu göz yaşım,
Baba, sənin xəbərin var?..
Yaşı əllidən altmışa keçən Zərəngiz Dəmirçi Qayalının işi- gücü sirr olan Tanrıdan təmənnası isə cəmi- cümlətanı bundan ibarətdir ki:
Həzin- həzin yazan mən oldum, ya Rəbb!
İki kəlmə sözüm qalar dünyada!..
Şair üçün bundan böyük xoşbəxtlik varmı?..
Nizami Cəfərov-akademik,
Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi,
Azərbaycanda Atatürk Mərkəzinin direktoru
Ay ana
(Anama)
Qıvrım-qıvrım tellərimi darardın,
İndi qızın ana olub, ay ana!
Çiçək kimi körpə nəvələrin var,
Evim, bir əfsanə olub, ay ana!
Çəmən, çiçək oxşayanda gözümü,
Təbiətə söyləmişdim sözümü,
Yaz olanda uşaq billəm özümü,
Ürəyim pərvanə olub, ay ana!
Sən balanı xoş arzuyla böyütdün,
Çəmən yaşıl, dəniz mavi, söyüd tünd,
Bir alovdum, tufanında soyutdu,
Dünya xarabxanə olub, ay ana!
Ürəyimdə bir ərzim var, haqdadır,
Fələk mənim gözümü oymaqdadır,
Nəsimi tək dərimi soymaqdadır.
Sinəm də dərdxanə olub, ay ana!
Zərəngizi pir tutarmı, görəsən?
Sevgisiylə uyudarmı, görəsən?
Axıracan mənlə yarmı, görəsən?
Pənahım Mövlanə olub, ay ana?
Aman, dünya
Gedən gedib, gələn yoxdu…
Soran, duyan, bilən yoxdu?
Dərdlərimi bölən yoxdu,
Yaman dünya, aman, dünya!
Yeri doyurar su ilə,
İnsanları yuxu ilə,
Dərdləşmirəm çoxu ilə,
Yaman dünya, aman dünya!
Pünhan qapı açar özü,
Aqil özü, naçar özü?
Betər dərdə düçar özü,
Yaman dünya, aman dünya!
Dağları duman, çən olur,
Yamacları gülşən olur,
Qanlı torpaq Vətən olur!
Yaman dünya, aman dünya!
Mən özüm Tanrı quluyam,
Haqqa gedən, haq yoluyam,
Piranələrin piriyəm,
Yaman dünya, aman dünya!
Ürəyim tədbirin qanar,
Günəşdən əvvəl oyanar,
Qovğana öküz dayanar?
Yaman dünya, aman dünya!
Oxun üstə fırlanırsan,
Rəngdən-rəngə boyanırsan,
Zərəngizi sağ sanırsan?
Yaman dünya, aman dünya?!
Ata
Sevgimin bir adı ATA deməkdir
Tanrının verdiyi buta deməkdir!
Hər bir dövranların bayrağı ATA!
Bütün zamanların növrağı ATA!
Atasız bir evin üst damı yoxdur!
Atasız günəş də mənə soyuqdur!
Ata övladına göydən nur ələr,
Ata ömürləri nəşəyə bələr!
Atanın ürəyi cahan qədərdir!
Atanın sevgisi ümman qədərdir!
Atasız yer ağlar, göy qəmə batar,
Ata övladını ucada tutar!
Atanın nəfəsi dirilik suyu,
Atanın kölgəsi bir elin toyu,
Ömür bağçasının bağbanı ATA!
Uğurun, sevincin ünvanı ATA!
Atasız balanın gözləri gülməz,
Ata olan evin gülşəni solmaz!
Atanın kölgəsi haqqın dayağı,
Atanın varlığı uğur sorağı!
Övladın başının tacıdır ATA,
Vətənin düşməndən öcüdür ATA!
Atanın bağında çiçəklər solmaz,
Ataya bərabər dünyada olmaz!
Atanın çiynində dayanar cahan!
Atanın gözündə şəfəqlənər dan!
Atanın nəfəsi Xızr nəfəsi,
Atanın öyüdü Quran kəlməsi!
Övladını haqqa çağırdın, ATA,
Dünyamı nur ilə yoğurdun, ATA!
Şairləri körpü bilin
(Gənc şair Mövlud Mövludun ölümünə)
Mövlud Mövlud yaman yandırdı məni,
Üşütdü qəlbimi, yaxdı qəlbimi,
Bilmirəm nə vaxtdan düyünlənmişdi,
Əritdi qanımı, axdı qəlbimə!
Sanki atəş girdi, çıxdı qəlbimə!
Şairləri körpə bilin, nə olur,
Şairləri körpü bilin, nə olur,
Tanrıya uzanan əldi şairlər,
Ən gözəl arzu, əməldi şairlər…
Dünyaya köməksiz gəldi şairlər…
Hər sözü Tanrının öz diktəsidi,
Kəlam diqtəsidi, söz diqtəsidi,
Bircə dogma baxış bəzən bəs edir…
Şairləri körpə bilin, nə olur,
Şairləri körpü bilin, nə olur…
Gözləri bənövşə yuxulu olur,
Sözləri ayrılıq qoxulu olur,
Bəzən həzin, bəzən qorxulu olur,
Şairləri körpə bilin nə olur,
Şairləri körpü bilin nə olur…
Körpə tək saf olur, müdrik tək mətin,
İlahi körpüsü- Haqqa millətin!
Dövrümüz nə ağır, nə acı? Çətin!
Layla, körpə Mövlud Mövludum, layla!
Haqqa belə tezmi qovuşdun, layla!
Şairləri körpə bilin, nə olur,
Şairləri körpü bilin, nə olur…
Qarşıla
Ucu şiş qayalı uca dağları,
Görməyə gəlmişəm, ana, qarşıla!
Mən səni içimdə ürək bilərdim,
İndi can bilmişəm, sona, qarşıla!
Dünya nə şirinmiş keçə bilmirsən?
Göz yaşı acıdır, içə bilmirsən….
Yaxşını-yamanı seçə bilmirsən,
Ürək, sən də yana-yana, qarşıla!
Əzəldən: “Can!”-dedi, bu dünya mənə,
Sonradan bürüdü dumana, çənə,
Atamı, anamı istərəm yenə,
Bəlkə, yuxularda dönə, qarşıla!
Dünya sirr qazanı tökülsə dolmaz,
Hər düşünən kimsə ağıllı olmaz,
Cavanlıq keçəndi, axıra qalmaz,
Qocalıq gəlsə də, yenə qarşıla!
Zərəngiz, ədalət dəvə bonunda,
Yaxşı da, yaman da oynar oynunda!
Beşcə qarış yer ver, ana qoynunda,
Ey Vətən, sığındım sənə, qarşıla!
Dünyada
Elə özü böyda heyrətmiş demə,
Nə qədər gözəllik varmış dünyada?
Bir zərif çiçəklə aldı könlümü,
Bütün qayğılarım qaldı arxada!
*
Tilovu bəzəkli don olan, dünya!
İnsanı ələkdə dən olan dünya!
Məsləhəti yaman gen olan dünya!
Yeddi göy qurşağın süzər havada!
*
Ömrümün sahibi sən oldun, ya Rəbb!
Dərdim saçlarımda dən oldu, ya Rəbb!
Həzin-həzin yazan mən oldum, ya Rəbb!
İki kəlmə sözüm qalar dünyada!