MƏN VAXTINDA AĞLAMADIM ÖZÜMƏ
Taleyimə, yığvalıma yanıram,
Danışdığım nağılıma yanıram.
Bu huşuma, ağılıma yanıram,
Mən vaxtında ağlamadım özümə!
Günü yelə, ayı yelə sovurdum,
İli başsız axan selə sovurdum.
Deyə-deyə, gülə-gülə sovurdum.
Mən vaxtında ağlamadım özümə!
Otuz keçdi, qirx da keçdi, əlli də,
Kədər məni çulğaladı yelli də.
Bu halıma çox sevindi felli də,
Mən vaxtında ağlamadım özümə.
Haqq, ədalət mən tərəfdə olsa da,
Düz, həqiqət mən tərəfdə olsa da.
Güc, dəyanət mən tərəfdə olsa da,
Mən vaxtında ağlamadım özümə.
İndi yorğun, tutqun aham dünyada,
Nur gözləyən bir sabaham dünyada.
Qula möhtac taxtsız şaham dünyada,
Mən vaxtında ağlamadım özümə.
GÖRÜRƏM
Məni yaman işə salma!
Nə bişə, nə düşə salma.
Gözə eynək-şüşə salma,
Eynəksiz də görürəm!
Dağ zirvəli, bağ güllü,
Çöl zəmili, sünbüllü.
Çəmən şeyda bülbüllü,
Söz-şəksiz də görürəm!
Gözümdən tük yayınmaz,
Quru, çürük yayınmaz.
Ocaq, körük yayınmaz,
Mən dərksiz də görürəm!
Nadan elə nadandı,
Vartan elə vartandı.
Yatan elə yatandı,
Döşəksiz də görürəm!
Mövlud, etmə ah-aman,
Oxuyacaq tar-kaman.
Dinləyəcək bu dövran,
Tütəksiz də görürəm!
KEÇƏSƏN
Sevinib gülmək üçün
Çəmən, çöldən keçəsən.
Elinə gəlmək üçün
Neçə eldən keçəsən!
Qarasa da, ağsa da,
Bağçasa da, bağsa da.
Qayasa da, dağsa da,
Zirvə, yaldan keçəsən!
Baxmayasan dumandı,
Ya bəlkədi, gümandı,
Ya qanqaldı, tikandı,
Çiçək, güldən keçəsən!
Mövlud, həyat sehirdi,
Fikir, ələm, qəhərdi.
Acı, zəqqum, zəhərdi
Şəkər, baldan keçəsən!
HƏQİQƏT BELƏDİ, GERÇƏK BELƏDİ
İnsan doğulduğu kəndini sevir,
Dağını, düzünü, bəndini sevir.
Etdiyi təsadüf, zəndini sevir,
Həqiqət belədi, gerçək belədi!
Çölündə gəzməkdən doya bilmirəm,
Gülünü üzməkdən doya bilmirəm.
Dağları yazmaqdan doya bilmirəm
Yal-yamac belədi, gədik belədi!
Şairə təb, ilham göyündən gəlir,
Gücündən, əzmindən, səyindən gəlir.
Səsindən, ünündən, neyindən gəlir,
Tar-kaman belədi, tütək belədi!
Yağışı bərəkət, nemətdi, yağır,
Çayları, suları sərvətdi, axır.
Qartalı zirvədən qıy vurur, baxır,
Qızılquş belədi, ördək belədi!
Mövlud, duyan baxış, görən gözdü kənd,
Xoş kəlmə, xoş söhbət, şirin sözdü kənd.
Küləyə, soyuğa, qara dözdü kənd,
Qəlb-könül belədi, ürək belədi!