KEÇDİM
Ən uca dağ qarşımdaydı,
aşdım, uca dağı keçdim.
Yol sevdası başımdaydı,
qaçdım, uzun yolu keçdim.
Ürəyim bərk-bərk döyündü,
həyat bir başqa oyundu...
Təpələr - düyün-düyündü,
aşdım, min düyünü keçdim.
Sirr qalmadı açılmamış,
dodağımdan qaçılmamış.
Qamış yuvam uçulmamış,
uçdum, hər qovğanı keçdim.
TABUT
Xocalı soyqırımına
Yol yolluğunu azıb,
adam hissiyyatını.
Qeyrət məzarın qazıb,
çapdırır hirs atını.
Əl-ayaq kəsib külək,
keçib düşmən tərəfə.
Ağacdan quşlar tək-tək
köçüb düşmən tərəfə.
Suların başı şişib
xəyanət izləməkdən...
Xançalın qaşı düşüb
dəyanət gözləməkdən.
Dünya vecinə almır
zamanın süqutunu...
Yerdən qaldıra bilmir
Xocalı tabutunu.
Yan çevirib üzünü,
kim kor gözünü oyub?
Tanrı o gün özünü
görməməzliyə qoyub.
İSTƏMİRSƏN
Çağırıram, sən məni
eşitmək istəmirsən.
İki yol ayrıcında
üşütmək istəmirsən.
Söz etmisən adından,
çıxartmısan yadından.
Eşqin bədöy atından,
düşürtmək istəmirsən.
Sənə söz çatdırmıram,
ta əvvəldən beləydi.
Ürək göynətdi xiffət -
saç ağartdı, bel əydi.
Guya daha işimə,
qarışmaq istəmirsən.
İki dünya bir ola,
barışmaq istəmirsən.
***
Qəribə bir qüssə var
sifətində, gözündə.
Tamam-kamal başqasan,
deyilmişsən özündə...
Kimə oxşarlığın var,
bəlkə, göz qaytarırsan?
Özündəki özgəyə
yoxsa söz qaytarırsan?
Dərd anadangəlmədir,
qulaq asmır sözünə.
Zaman şəklini çəkir,
yapışdırır üzünə.
***
Gün ki, sayən düşdüyü yerdən durar,
bir vəchi var.
M.Füzuli
Yaddaşımın səs düzümü,
quzuların ot qırpması.
Gözlərimin ağrısıdır,
məni yolda at çırpması.
Şeytan apardı ağlını -
seçdi əppəyi yağlını?
Ağlamalıydı - dağlının
qara qızı qaçırtması.
Çəkdim könüllü türməni,
heyrət, düzdə qoydu məni.
Gərmicin qamış küməni
başıma tez uçurması.
Halal qazancımdır fəna,
nədir bunda hikmət, məna.
Bu quraq ömrümün mənə
yağış suyu içirtməsi.
Ağıl qaçırandır şərdən,
məəttəl qalıram hərdən.
Qara kölgəm düşən yerdən,
günün aradan çıxması.
AXTARIR
Həmişə özünü gizlədir insan,
göydə ola-ola, düzdə axtarır.
Şair də içdiyi andını hər an
yazdığı kəlmədə, sözdə axtarır.
Düz adam minmir ki özgə atına,
"qırıq" söyləsinlər sonra zatına.
Başlayır əbədi kəşfiyyatına,
dərinə baş vurub, üzdə axtarır.
Duz basdım yarama, əlim dinc durmur,
söz sinəmi yarır, dilim dinc durmur.
Hər kişi özündə nöqsanı görmür,
hər kəsi başqa bir tərzdə axtarır.
Seltək çağlayıram, çaytək daşıram,
mamırlı qayayla pıçıldaşıram.
Dağı birnəfəsə hərdən aşıram,
hərdən su izimi mərzdə axtarır.
Daha balla kəsir sözümü inam,
yaranıb qəlbimdə özünəinam.
Hər cümə yuxumdan qoparır anam,
məni uşaq bilib dərsdə axtarır.
***
Ürəyin bağlı pirdi,
necə girim içəri?
Ziyarətə başlayıb
bir sərgərdan köçəri.
ANLAYIB ALDANMAQ BƏXTƏVƏRLİKDİR
Qar yağır başına bəxtəvər günün,
indi fəsillərin sərhədi itib.
Yayın ortasında göz yaşı donur,
qışın çilləsində daşda gül bitir.
Onda şəkk gətirdin ağrı-acıma,
deyirdim ki, yoxdu yazıya pozu.
Götür, qabığını yığ öz ovcuna,
fələyin başımda sındıran qozun.
Kim küsdü, incidi, kim kimdən bezdi,
kim verdi kəmşirin ümidi yelə?
Ölünün kəfəni bəmbəyaz bezdi,
dirinin kəfəni paltarmış elə.
Qar yağır başına xoşbəxt çağların,
nə boranlı qışdı, nə isti yaydı.
Hansı meh özündə güc-qüvvə tapıb,
sirrini faş edib cahana yaydı?
Heç vaxt hissiyyatım sürüşməmişdi,
verdim ta ömrümü ağlın əlinə.
Anlayıb aldanmaq bəxtəvərlikdir,
aldandım həyatın yağlı dilinə
YAŞ GƏLİB AYAĞINA
Saçların qəhvəyiydi,
nəyə lazımdı xına.
Hava yaman soyuqdu,
qış gəlib ayağına.
Yaddaşım lap unudub,
həftənin nə günüdü.
Sabah mayın onudu -
yaş gəlib ayağına.
Harda qurmusan bardaş,
məni qoymusan çaş-baş?
Göydən daşmı yağır, daş
tuş gəlib ayağına.
İNSAN FƏSİLLƏRİ
Qar yağır budaqlara,
bu qar dünənki deyil.
Söz qonur dodaqlara,
bu söz mənimki deyil.
Mənim deyil bu hava,
əlimyandı yağan qar.
Dənələr qova-qova,
dilini dinc saxlayar.
Kisəsi dolar yerin,
göyə çatar işığı.
Şeir demək şairin,
qar - qışın danışığı.
VƏD VERİB ARADAN ÇIXIB
Günəş dağ başında tonqal qaladı,
meyidini sərdi uzun kölgənin.
Yenəmi dar cığır, daş yol başladı,
yamacda dırnağı düşdü ürgənin.
Torpaq aşağıdan "yağış" çağırır,
bulud bu həyatın sarı simidir.
Bacadan dırmaşan tüstü cığırı,
quyuya sallanan kəndir kimidir.
Qırov göydən enməz başda papağa,
fırlanar Günəş, Ay - fələyin çarxı.
Ədalı duman da sınan torpağa
bir yağlı vəd verib aradan çıxıb.
O yanda torpaq var, burda çat yeri,
bircə damcı yağış od qiymətinə.
Sünbüllü zəmilər üzmü çevirib,
samanı qaldırıb ot qiymətinə.
Cidarda səmənd at göylə çarpışır,
qarın ki tox olmur təkcə çayırdan.
Kənd-kəsək torpaqdan elə yapışıb,
əl-ayaq yığışmır çöldən-bayırdan.
***
Fələk qırdı
ömür ağacımın budağını.
Odun içimi yandırır,
adın dodağımı.
ADIN BİLMƏDƏN DÜŞÜB
Bir aç ürəyini, çevirib baxım,
görüm daha kimin adı var orda.
Neçənci bəxtəvər adamam axı,
ağlım kəsə-kəsə qalmışam darda.
Bəlkə, yaddan çıxıb verdiyin vədə,
üstümə sopsoyuq kölgən gəzişir.
Öyrənim mənimlə hansı döngədə,
səni sevənlərin yolu kəsişir.
Ya çəkim üstündən birdəfəlik xətt,
deyim kimsə mənə şəbədə qoşub.
Qopartma qarşımda daha qiyamət,
adım ürəyinə bilmədən düşüb.
ARAL QURUYUR
Vaxtilə kütləvi informasiya vasitələri
gölün süni surətdə qurudulması ilə bağlı
haray-həşir qaldırmışdılar.
Narın yağışın da, güclü qarın da
bir köməyi dəymir, Aral quruyur.
Deyirlər bu gölün lap kənarında
su içməyə gəlmiş maral quruyur.
Quruyur Böyük Çöl, ətraf büsbütün,
yerin çat-çat olmuş dodağı yanır.
Günəşdən od yağır hər saat, hər gün,
səhra ağacının budağı yanır.
Diksinir göy türkün göyərmiş ruhu,
çöldə əfsanəvi sərgi quruyur.
Başlanır dəmbədəm tufanı Nuhun,
quşların dilində şərqi quruyur.
Dəyişikmi düşüb nisyə ilə nağd,
qum boz çiçək açıb - səhra nübarı.
Vəd verir, keçmişi unutdurur vaxt,
kəsmir səmt küləyi, deyingən qarı.
Çaşqın lal baxışlar donub çəpəki,
nə məscid səs verir, nə də ki kilsə.
Balığına tamah salmayıblar ki,
qalığına yiyə dursun bir kimsə.
GECƏNİN QANI
...Görüm açılmasın bu sabahları.
Aşıq Abbas Tufarqanlı
Gecəm - cəhənnəm gecəsi,
açılmır, sabah açılmır.
Çəndi gözümün küçəsi,
gah açılır, gah açılmır.
Əlində zəmi dəryazı,
ta Əzrayıl adam biçir.
Basanda səmi dəryazın
cəhənnəmdə adam bişir.
Zəncir halqasıtək sabah
gecəsindən iraq düşüb.
Şeirmi yazırmış Allah,
ortalığa varaq düşüb?
Tapdım qoymağa can yeri,
yaşıl yarpağa bükülür.
Qeyb olub qızıl dan yeri,
gecənin qanı tökülür.
ALLAHIMLA TƏN BÖLMƏYƏ
Yer boşaldı ordu-ordu,
su ram oldu bir kəlməyə.
68 Poeziya
Bu dünya tamaşa qurdu -
bircə buğda dən bölməyə.
Əmr gəldi: "Qalx ayağa!"
həm yatmışa, həm oyağa.
Bəşər düşdü əl-ayağa,
təzə-təzə din bölməyə.
Mən bir gəzərgi dərvişdim,
qərib ölkələr görmüşdüm.
Behişt almasın dərmişdim,
Allahımla tən bölməyə.
HƏQİQƏT
Qara dedilər qatığa,
hamı yığışdı yollardan...
Nə gedənlərdən artığam,
nə də əskikəm onlardan.
***
Başıma səpilən qara dən kimi,
əkildin, bolluca bar, bəhrə verdin.
Dağlara çəkilən bəyaz çən kimi,
gözümün ağında yuxuma girdin.
Heç demə, indinin adı var imiş,
göz açıb-yumunca dövran keçmişdi.
Guya mən xoşbəxtə tale yar imiş,
ötən bəd əyyamı ömür seçmişdi.
Çağlayan çağları varmış qanımın,
bu dərya sahilə ötürüb məni.
Qarnından çıxmışdım Həvva anamın,
torpaq övladlığa götürüb məni.
GEDƏNLƏR HAQQINDA BALLADA
Çürütdü ömrümü taleyin nəmi,
qurutdu canımı dövrün xiffəti.
Bu cismim, cəsədim torpağın yemi,
sifətim - ağarmış göyün sifəti.
Zəmi becərirdim, bostan əkirdim,
şum boyun qaçırdı öz şumluğundan.
O söz ki, cismimdə cəza çəkirdi,
qurtardı ömürlük məhkumluğundan.
Borc-xərcə çevrilən həftəm sələmə,
ömürdən devrilən hər gün tələdi.
Olanlar dar gəldi gen hövsələmə,
qalanlar dedilər kəmhövsələdi.
Gərək baş verənlər baş verməyəydi,
bəxtimin başına daş düşməyəydi.
Barı acı dadan körpə iydənin,
dibinə gözümdən yaş düşməyəydi.
Bağlandı yüz illik vaxtın bağları,
ruhumun alışan odu sönmədi.
Zaman doldurmadı boş papaqları,
gedənlər bir daha geri dönmədi.
AD VƏ DAD
Qarabağ uğrunda qəhrəmancasına
həlak olmuş sıravi əsgərə
Rayondan gələndə,
Bakıda pasport qeydiyyatına salmadılar.
Cəbhədə öldün,
Qəhrəman oldun:
Adına küçə verdilər,
Qeydiyyata düşdün,
İstehza ilə güldün...
Sən adınla biganəliyə,
Laqeydliyə düşmən kəsildin.
Döyüş imtahanında kəsilmədin,
Yürüş meydanında üzülmədin,
Kəm-kəsir düzəldəsən.
Düşməni qara günə qoydun,
Neçə zabitin qanını yudun.
Sıravi adınla, adi avtomatınla.
Yağının od yağdırdığı,
Tankın, topun dağıtdığı,
Hərb düşərgəsində qeydiyyatdasan.
Bakıda yenə ev növbəsində ehtiyatdasan.
Dəyanətin ölmədiyini anlatdın,
Ləyaqətin solmadığını anlatdın,
Xəyanətin anasını ağlatdın.
Ruhunu dara çəkdi su pəriləri.
Onsuz da Vətənin adı sıravilərindi,
Dadı vəzifəli suvarilərin...
1990-CI İLİN 20 YANVAR BAKISI
Keçən ilə nisbətən
ağaclar xeyli arıqladı.
Külək həmişəki kimi,
yarpaqları varaqladı -
oxumağa bir şey tapmadı.
Billah, bunun işi lap tapmacadı...
Buludlar çiçəkləri ayaqlamaqdan,
çiçəklər öz-özünə sayıqlamaqdan,
məhrəm torpaq soyuqlamaqdan
Güllə dolu kimi yağdı,
küçəyə, səkiyə, tinə.
Güc düşdü əkinə.
Şəhər diksindi zabit əmrinə, əsgər fitinə.
"Ətin tökülsün" - dedi birisi
sapı özündən bildiyi düşməninə.
Tankın tırtılları pis günə qoydu
gül kimi asfaltı.
Keçən ilə nisbətən
Bakıya gediş-gəliş xeyli azaldı.
"İlahi, ölmədim, bu günü gördüm",
söylədi qos-qoca İçərişəhər.
İtirmədi açarını, dözdü birtəhər.
20 yanvar Bakısı gözünü döydü,
açılmaq istəmədi
al-qana boyanan səhər.
Dərbəndə, Təbrizə boylanan şəhər,
ağzından söyüş qaçırtdı...
Keçən ilə nisbətən
qaraqabaq oldum.
Daşdan səs çıxdı,
məndən çıxmadı.
Faciə qəhrəmanı - yaddaş
gözünü küçələrdən yığmadı.