– 1 –
Yağır yollarıma payız yağışı,
"Cəngi"yə köklənib küləyin səsi.
Kövrək xatirələr qəlbə yığışıb
Oxuyur bir şirin vüsal nəğməsi.
Xəyal fikrimizi alıb aparır
Ürəkdən-ürəyə çəkilən simtək.
İldırım nur saçıb haray qoparır,
Çəkir imzasını səmada şimşək.
Hər səda bir qərib sevgi nağılı,
Gümüş saçlarıma çəkir sığalı,
Xəfif dağ yelinın sərin nəfəsi.
Eşq ilə qorunur ocağın közü,
Sevgi odasına çağırır bizi.
Üşüyür qəlbimin yaz xatirəsi.
– 2 –
Üşüyür qəlbimin yaz xatirəsi
Gənclik illərinə açıb pəncərə.
Qırıb zülmətlərin dəmir qəfəsin
Hər gün salam verər nurlu səhərə.
Hər sabah işıqla salamlar bizi
Ruha qida verir səhərin nuru.
Ömür tarixinə salıbdır izin
Eşqimə boy verən sözün qüruru.
Yenə dilə gəlib könlümün təbi,
Açıb xəzinəsin göylərin dibi,
İllər alnım üstə tale naxışı.
Kəssə də yolumu min acı, ağrı,
Hələ yol gedirəm zirvəyə doğru,
Hələ qurtarmayıb ömrün yoxuşu.
– 3 –
Hələ qurtarmayıb ömrün yoxuşu,
Dağlar qoynun açıb mənə dost kimi.
Arzular gözümün çəkib yuxusun,
Zirvəyə qalxıram alpinist kimi.
Günəş əl eyləyir zirvədən mənə,
Çağırır ruhumu aydın sabaha.
Alqış bu dünyaya gəldiyim günə,
Hər gün şükr edirəm adil Allaha.
Bağlıyam eşq adlı imana, dinə,
Qəlbimin saflığı yol açır mənə,
Çəkir yollarımdan dumanı, sisi.
Kökləyib ruhuma səbrin, inadın,
Qıy vurub göylərdə açıb qanadın,
Zirvəyə çağırır qartalın səsi.
– 4 –
Zirvəyə çağırır qartalın səsi,
Uca zirvələrin öz aləmi var.
Dağlara boy vermir ömrün haqq üzü,
İşıqlı sabahlar zirvədən doğar.
Tanrı taleyimə çəkib qələmi,
Bir yeni, işıqlı ayə göndərər.
Əyilər önündə dünyanın qəmi,
Ömür eşq bağından təzə gün dərər.
Hər kəlam dünyaya iz sala bilmir,
Heç bir qüvvə ilə alçala bilmir,
Eşqin qüdrətiylə ucalır zaman.
Qaldırıb başına hər gözəl günü,
Verər hər anına ölüm hökmünü,
Mənasız günlərdən öc alır zaman.
– 5 –
Mənasız günlərdən öc alır zaman,
Qisas qiyamətə qalmır, deyirlər.
Haqq sözün gücüylə çəkilir duman,
Göylərin qapısın haqla döyürlər.
Sıxar ovucuna bulud əsəbin,
Göylərdən rəngbərəng yağışlar yağar.
Hər kiçik olayın vardır səbəbi,
Deyilən hər sözdən təzə söz doğar.
Ömür tora düşmüş qızıl balıqdır,
Mənasız keçən gün xarabalıqdır,
Xaraba günlərdə bayquş ulayır.
Qorxudur günləri ölüm qoxusu,
İnsafsız anların vaxtsız yuxusu
Nakam arzuları çapıb-talayır.
– 6 –
Nakam arzuları çapıb-talayır
Şeytana aldanan günlərin şəri.
Hər gün yolumuzda meydan sulayır
Dünyanın mənasız əyləncələri.
Bir yanda qayğılar baş alıb gedir,
Qəm səpir günlərə ağrı-acısı.
Durna qatarına qoşulub gedir
Çəkir arxasınca illərin xasın.
Hər səhər üzünə gülür dan yeri,
Hər axşam qəm əkir dünyanın şəri.
Ömür ötüb keçir, gözləmir zaman.
Qəlbə buraxmırıq hər dərdi-səri,
Başımız üstündə haqqın nəzəri,
İnama, imana köklənir hər an.
– 7 –
İnama, imana köklənir hər an,
Nurum çəkib üzə haqqın niqabın.
Arifdir sözünün üstündə duran,
Nə sual eyləsən, verər cavabın.
Hər gün qarşımıza çıxır min yoxuş,
Hər dağı qalxmağın öz hikməti var.
Tanrıdır hər sirrə vuran min naxış,
Hər söz ilməsində həqiqət yaşar.
Üç yol ayrıcında xəyala dalma,
Tilsimli yoldadır sehrli alma,
Yolların içindən haqqa yol ayır.
Çox zaman uduzur sərvət, var güdən,
Yaxşı əməllərlə yolu düz gedən
İlahi sevgidən ocaq qalayır.
– 8 –
İlani sevgidən ocaq qalayır
Ürəyi haqq ilə döyünən insan.
Sevdasız əməllər ömrü talayır,
Doğru, düz yaşamaq gəlməsin asan.
Dövran yalanlara meydan açıbdır,
Rüşvətdir zamanın ölçü, meyarı.
Sözüm yalanları ütüb keçibdir,
Olmuşam əzəldən haqqın süvarı.
Ümidim eşqimə sədaqətimdir,
Düzlüyüm mənliyim, həqiqətimdir,
Yalanla yol gedib etmərəm güman.
Eşq ilə çəkilib yolu bəşərin,
Babalar söz demiş dərindən-dərin:
Bir eşqlə bağlıdır torpaq, asiman.
– 9 –
Bir eşqlə bağlıdır torpaq, asiman,
Eşq ilə dolanır çarxı aləmin.
Eşqlə bütövləşir kainat, cahan,
Eşqin haqq olarsa boğulmaz gəmin.
Gəlsə də ömrümün payız ovqatı,
Qəlbimdə bir fəsil bahar eşqi var.
Eşq ilə bağlanır sözün hər qatı,
Səsin musiqisi sözü oxşayar.
Sözümlə su səpdim çiçəyə, gülə,
İblis xislətlilər verib əl-ələ,
Dünyanın üzündən hələ axır qan.
Bağlıdır bir sirli ilahi himə,
Gedir öz yoluyla, baxmır heç kimə,
Fırlanır kainat, fırlanır cahan.
– 10 –
Fırlanır kainat, fırlanır cahan,
Zamanın dəyirman daşı fırlanır.
Tarix təkrar olur elə bil hər an,
Bahara qayıdır qışı, fırlanır.
Fəsillər dəyişir, qış yaza dönür,
İlk bahar ömrünü yaya dəyişir.
Yay fəsli bəhrəli payıza dönür,
Payız son bahartək qışla döyüşür.
Ömrün də baharı, payızı vardır,
İnsanın əməli insana yardır,
Kainat eşq ilə danışır, dinir.
Bəşərin varıdır bu torpaq, bu su.
Fırlanır cahanın eşqi, arzusu,
Görünmür təkəri, gəlmir səs-səmir.
– 11 –
Görünmür təkəri, gəlmir səs-səmir,
Ruhusa oyadır eşqin sədası.
Yananda polada çevrilir dəmir,
Vardır hər zərrənin sevgi dünyası.
Bülbülün yanıqlı nəvası kimi
Qəlblərə od salır vüsalın səsi.
Maqnitin cazibə sahəsi kimi
Vardır hər ürəyin eşq əhatəsi.
Eşq Allah nurudur, vardır, doğulmaz,
Kim deyir, kainat, aləm dağılmaz,
Eşq sönsə, dünyamız yerindən qopar.
İnsan zəmanəylə eşqlə döyüşür,
Yer üzü hər gün bir qanun dəyişir,
Göylərin dəyişməz bir qanunu var.
– 12 –
Göylərin dəyişməz bir qanunu var,
Allahın əliylə, eşqlə yazılmış.
Hər zərrə eşq ilə yatar, oyanar,
Röyası, yuxusu eşqlə yozulmuş.
Zəhmətsiz keçən gün vaxtı əyləməz,
İşıqla yol açar Simurq quşu.
Zamanın qəlbinə təsir eyləməz
Qərib durnaların tənha uçuşu.
Xisləti insana olubdur əngəl,
Babalar desə də, zamana bab gəl,
İnsan zamanıyla döyüşüb yaşar.
Dəyirman köhnədir, təzədir avaz,
Həyatda heç bir şey itməz, azalmaz,
Hər şey öz halını dəyişib yaşar.
– 13 –
Hər şey öz halını dəyişib yaşar,
İnsanın xisləti dəyişməz ancaq.
Hər gələn yeni bir nəğməylə qoşar,
Yurd salıb qalayar yeni bir ocaq.
Axtarar tarixin hey varaq-varaq,
Gələr əsrlərin addım səsləri.
Təpədən-dırnağa geyinib yaraq,
Döyüşə çağırar xeyirlə şəri.
Var-dövlət üstündə qurulubdu taxt,
Qalibi, məğlubu bilinməz heç vaxt,
Göylərlə bağlıdır bu fərman, əmr.
İlahi eşq ilə açıb qol-qanad,
Zamandan -zamana yol gedir həyat,
Nəsildən-nəsilə ötrülür ömür.
– 14 –
Nəsildən-nəsilə ötrülür ömür,
Zamana can verir körpə gülüşü.
Hər şey bir dastana, nağıla dönür,
Nağılın sonunda üç alma düşür.
Bir işıq nağılı danışdım, gülüm,
Hərəsi bir rəngdə üç alma düşdü.
Xoş günlər eşqiylə çəkirik zülüm,
Həyat həm kədərdi, həm də gülüşdü.
Hər gələn körpəylə doğulur bahar,
Saf eşq işığına gələn uşaqlar
Nağıl dinləməyə yenə yığışıb.
Gənclik eşqi iə vurar ürəyim,
Qəlbimdə, ruhumda bahar küləyi,
Yağır yollarıma payız yağışı.
– 15 –
Yağır yollarıma payız yağışı,
Üşüyür qəlbimin yaz xatirəsi.
Hələ qurtarmayıb ömrün yoxuşu,
Zirvəyə çağırır qartalın səsi.
Mənasız günlərdən öc alır zaman,
Nakam arzuları çapıb-talayır.
İnama, imana köklənən hər an
Bir ülvi sevgidən ocaq qalayır.
Bir eşqə bağlıdır torpaq, asiman,
Fırlanır kainat, fırlanır cahan,
Görünmür təkəri, gəlmir səs-səmir.
Göylərin dəyişməz bir qanunu var,
Hər şey öz halını dəyişib yaşar,
Nəsildən-nəsilə ötrülər ömür.