Bakının şimal çıxışındakı “Şamaxinka” deyilən yerdə həmişəki kimi basırıq idi; taksi taksiyə söykənmişdi. Sürücülər bir-birləriylə bəhsə giriblərmiş kimi səslərinin gur yerinə salıb qışqırır, müştəri haylayırdılar.
-Qubaya iki nəfər...
-Şamaxı, ay Şamaxı!.. Tərpənirəm ha!..
-Dəvəçi, Siyəzən..
-Xaçmaza gedən var, gəlsin!
Salman sir-sifətindən ona tanış gələn orta yaşlı sürücüyə yanaşdı:
-Dəvəçiyə gedirsən?
-Gedirəm, qardaşoğlu, gedirəm. Bir adam da gəlsin, tərpənirik.
Maşında heç kəs yoxuydu. Sürücü onun baxışlarını tutub əldən çıxaracağından qorxdu.
-Narahat olma, qardaşoğlu, iki nəfərimiz də var, gediblər çay içməyə. - dedi. Əlini uzadıb Salmanın salafan çantasını dartışdırdı. - Ver qoyum maşına, əlində saxlama.
-Əziyyət çəkmə, ağır deyil. - Salman razı olmadı. - məni Zarata kimi neçəyə apararsan? - soruşdu.
Sürücünün qanı qaralan sayaq oldu.
-Mənim üçün nə fərqi, qardaşoğlu. - dedi - Zarat, ya Dəvəçi, beş manatımı verəcəksən.
Salman sürücünün səsində də nə isə bir yaxınlıq duydu, di gəl ki, onu nə vaxt, harada, hansı şəraitdə gördüyünü xatırlaya bilmədi.
-Canın sağ olsun. - dedi. - Beş manat demirsən, verərəm, amma deyəsən tez tərpənənə oxşamırsan.
-Yox, yox, qardaş canı, uzaqbaşı 15-20 dəqiqəyə tərpənirik.
Salman xeyir işə tələsirdi. Cəbhə dostu Malik onu oğlunun toyuna dəvət etmişdi. O da istəyirdi ki, toy evinə yaxın qohum-əqraba sayağı, beş-altı saat əvvəl ayaq bassın. Tələskənliyinin bir səbəbi də o idi ki, günaşırı zəngləşib hal-əhval tutduğu Maliklə çoxdandı görüşmürdü, darıxmışdı onun üçün.
Sürücü, heç şübhəsiz, baş qatıb vaxtı uzatmaq xatirinə Salmanı söhbətə çəkməyə çalışdı.
-Zaratda yaşayansan?
-Necə ki?
-Heç, elə belə soruşuram... Sizin kənddə yaxşı xalça-palaz toxuyurlar.
-Mən Zaratda yaşamıram. Ora toya gedirəm.
-Belə deginən. Allah mübarək eləsin. Bəs onda sabahın gözü açılmamış hara tələsirsən? Toy olar axşam saat beşdə, altıda...
-Cəbhə dostum oğlunu evləndirir, mən də ora qaranlıq düşəndən sonra getməli deyiləm ki.
-Əlbəttə, əlbəttə...
Sürücünün gülümsəyən çöhrəsi Salmanı yenidən dərin fikrə daldırdı: “onu hardan tanıyıram axı? ”
-Mən heç zad demirəm. - sürücü deyirdi. - İntəhası, qardaşoğlu, indi sənin kimi düşünən adamlar azdıyee, çox azdı, demək olar ki, heç yoxdu. İndi kimdə sən deyən etibar qalıb, a kişi?
-Elə demə. - Salman sürücüylə razılaşmaq istəmədi. - Etibarlı elə etibarlıdı. - dedi.
Sürücü sözü çürütmədi, söhbətin yönünü dəyişməyə çalışdı.
-Qardaşoğlu, elə mən də köhnə döyüşçüyəm. - dedi. - Deməzsən ki,haralarda döyüşmüsən?
-Nə deyim vallah, doğrusu, çox yerdə... - Salman həmsöhbətinin hər bir hərəkətini diqqətlə izləməyə çalışsa da, hələ ki, hafizəsinin arxivindən bu adamla bağlı heç nə əldə edə bilmirdi.
Qəribə xasiyyəti vardı Salmanın. Bir də görürdün, kimisə, nəyisə yadına salmaq üçün uzun müddət narahatlıq keçirir, əziyyət çəkirdi və bu nigaranlığı bəzən günlərlə, aylarla uzanırdı. İndi də soruşmasa, öyrənib axırına çatmasa, kim bilir nə vaxta kimi sürücünün tanış sifəti gözlərinin önündən, şirin ləhçəli səsi qulaqlarından çəkilməyəcək, onu girinc eləyəcəkdi.
Sürücü:
-Mən də çox yerdə döyüşmüşəm... - dedi. O, əslində bayaq verdiyi sualının cavabını gözləyirdi.
Salman köks ötürüb könülsüz-könülsüz:
-Son döyüş yerim Güləbirddə oldu. - dedi. Deyəsən, o günləri xatırlamaq istəmirdi. - O vaxta qədər iki dəfə yüngül yaralanmışdım. Bu dəfə yaram ağır oldu, cəbhəyə qayıda bilmədim. Bir müddət Qubadlıdakı şəhər xəstəxanasında yatdım, sonra məni vertolyotla Bakıya gətirdilər... Bax, belə, qardaş... - o, başını qaldırıb sürücünün nədənsə böyümüş, sevinc dolu gözlərinə baxdı. - Qismətim beləymiş...
-Dayan, dayan, - sürücü iki əliylə onun arıq, sümükləri çıxmış çiyinlərindən tutdu. - qoy bir sənə diqqətlə baxım... Deyirəm axı, elə bil səni hardasa görmüşəm.
Salman isə onu hələ də xatırlaya bilmirdi.
Sürücü:
-Səhv eləmirəmsə biz bir palatada yatmışıq. - deyə onu silkələdi. - Mənə yaxşı-yaxşı bax, yadına sal, sən pəncərənin önündə, mənsə səndən iki çarpayı qapıya tərəf yatırdıq.
Salmanın qaranlıq yaddaşında ağır-ağır gün doğurdu, hafizəsi aydınlaşırdı.
-Mənim yaram sən deyən ciddi deyildi. - Sürücü hələ də onun çiyinlərindən tutmuşdu. - Sağalmaq üzrəydim. Səninsə, deyəsən...
-Qolum idi. - Salman ona xatırlatdı.
-Hə, hə, düz deyirsən. - Sürücü özü də bilmədən sağ əlini Salmanın sol qoluyla üzü aşağı sürüşdürdü və elə bil, barmaqları közə yapışdı, diksinib əlini çəkdi. O, yalnız indi gördü ki, bayaqdan bəri həmsöhbət olduğu Salmanın sol qolu dirsəkdən aşağı protezdir. Əvvəl özünü itirib ayaq üstə qurusa da, sonra qollarını açıb onu qucaqladı, titrək səslə:
-Səni xoş gördük qardaşoğlu, xoş gördük! - uzun müddət Salmanı qolları arasından buraxmadı. - Amma gərək bağışlayasan, adını xatırlaya bilmədim.
-Adım Salmandır. Bəs sizinki?
- “Salman”. - Sürücü onun adını təkrarladı. - Çox gözəl. - dedi. - Mənimki də Səxavətdir.
Onlar əl tutub uzun illərdən sonra yenidən “tanış” oldular.
-Sən bir işə bax, qardaşoğlu. - Sürücü Salmanın əlini buraxmaq istəmirdi. - Gör üstündən neçə ay neçə il, keçib. Nə yaxşı rastlaşdıq...
-Elədir, hər şey Allahın qismətidir. Biz xəstəxanada yatanda 92-ci ilin axırları idi. Artıq Qubadlı da əldən çıxmaq üzrəydi. Ağır döyüşlər gedirdi.
-Getsin o günlər, gəlməsin!
Onlar bir də bərk-bərk qucaqlaşdılar.
Sürücü:
-Hə, nə deyirsən, qardaşoğlu, gedirikmi Zarata? - deyə soruşdu.
-Gedirik.
-Bəlkə gecəni də orda qalaq?
-Nə deyirəm, qalaq.
-Əla!.. Bu dəqiqə evə zəng edirəm ki, məndən nigaran qalmasınlar və tərpənirik.
Salman təəccüblə:
-Bəs çayxanadakı müştərilərin necə olacaqlar? - soruşdu.
-Sən də lap dəstgahsanmış ki, qardaşoğlu. Nə çayxana, nə müştəri? Sözdü deyirdim də. Başqa nə uydura bilərdim axı?
Hər ikisi şaqqanaq çəkib ürəkdən güldü.
Səxavət maşını yola çıxarıb tərpənmək istəyəndə əli çantalı iki müştəri onun qabağına yüyürdü:
-Taksi, taksi, tələsirik, bizi Dəvəçiyə apararsız?
-Təəssüf ki, apara bilmərəm. - Səxavət gözünü belə qırpmadan yağlı müştərilərdən vaz keçdi. - Bizim yolumuz başqa səmtədir. - deyib, bir yalan da uydurdu.
* * *
Onlar toy evinə çatanda saat 11-ə qalırdı. Evlə yanaşı, küçədə qurulmuş gen-geniş mağar, demək olar hazır idi. Həyət qapısı qarışqa yuvasının ağzı kimi adamla qaynayır, ağız deyəni qulaq eşitmirdi.
-Balabacı, qızım, qazanların altına bax, sönməsin...
-A gədə, Murad, ustulların müşəmbələrini yaxşı-yaxşı silin, qab-qaşığınızı da daşıyıb düzün...
-Bıyy, a başıma xeyir, gün günorta oldu, bəs bu uşaq harda qaldı?..
Salmangil maşından düşüb dayanmışdılar. Gəlib-gedənə göz qoyur, kiminsə onlara yanaşacağını gözləyirdilər. Bu mənzərə, ona “Bəyin oğurlanması” filmini xatırlatdı. Ona elə gəldi ki, o kinonu elə burda, bu həyətdə çəkiblər. Odeyy, açıq darvazadan içəri keçən şlyapalı kişi elə Yaşar Nurinin kopyasıdı ki, vardı. Hələ güllü-çiçəkli, saçaqlı yaşıl kəlağayı örtmüş xanım-xatın qadına bax, elə bil Yaşarın cavanlığında sevdiyi, amma hayıf ki, kamına çatmadığı, kinodakı bəyin anasına oxşamırmı? Axtarsan, burda çox adamı çox artistə bənzətmək olardı. Fərqi bircə ondaydı ki, bir vaxt televizorda baxıb uğunduğu kino idi, indi gördükləri isə həyatın özü.
Əli çəlikli bir ağsaqqal taytıya-taytıya onlara yanaşdı və tanımaza-bilməzə:
-Xoş gəlib səfa gətirmisiz! - Əl tutub dil-ağız etdi. - Bəs niyə işəri keçmirsiz?
-Eybi yox, hara tələsirik? - deyən Salman Səxavətə işarə edib tərəddüdlə irəli yeridi.
Qoca qabağa düşüb yol göstərdi.
-Mən bəyin babası Ağarza kişiyəm. - dedi. - Amma soruşmaq ayıb olmasın, sizləri tanıyammadım.
-Heylə biz də qıraq deyilik. - Salman tanışlıq verdi. - Maliklə mən cəbhə yoldaşı olmuşuq. Bu qardaşımla da yaralananda xəstəxanada bir palatada müalicə olunmuşuq.
Ağarza kişi dayanıb zənlə Salmanı başdan ayağa süzdü:
-Həə, - deyib köks ötürdü. - çox gözəl, ay oğul, çox gözəl. - dedi. - Allah-taala o çətin günləri bir daha cavanlarımıza göstərməsin. Heç nədən gör nə qədər itkilər verdik.
-Elədir, əmican. - Salman əhvalı pozulmuş halda başını tərpətdi.
-Mən müharibənin nə olduğunu yaxşı bilirəm, ay oğul. - Qırış dolu sifətinin mis rəngi bir anda bir az da qaralan qocanın fikri-xəyalı kim bilir haraları gəzib dolaşdı. - Nemesin davasında iki dəfə ölümdən qurtarmışam. İndiyənəcən sol qıçımda qəlpələr qalıb. - Qoca çəliksiz əlini yaşına uyğun olmayan bir cəldliklə əsəbi-əsəbi yelləyib yenidən qabağa düşdü. - Gəlin, ay oğul, gəlin. - dedi. - Bu gün qanqaraldan söhbətlərin yeri dögül.
Plitə daşlarla döşənmiş səliqə-sahmanlı həyətə girdilər. Divar dibində oturmuş iki ağsaqqal və aralıda durmuş bir neçə yeniyetmə yaxına gəlib “xoşgəldin” etdilər. Ağarza kişinin işarəsiylə cavanlardan biri aynabəndə qalxdı və heç bir dəqiqə keçməmiş Maliklə birlikdə qayıtdı. Malikin tüklü sifəti gülürdü. O, hələ aralıdan qollarını geniş açıb Salmanın üstünə yeridi.
- Qardaşıma canım qurban! Gələn ayaqlarınız var olsun! - deyib onu bərk-bərk qucaqladı, hər iki üzündən marçamarçla öpdü. Xeyli müddət qolları arasından buraxmadı. - Ay Allah insaf vermiş, mən səni dünəndən gözləyirəm. - çiyinlərindən tutub giley-güzar etdi. - Dedim ki, toy axşamına özünü yetirərsən, sən də ki, belə, gəlib çıxmadın. Neynək, qalsın qulluğunda, necə deyərlər, borclu borclunun sağlığını istər.
Salman bu yarıciddi-yarızarafat danlaqdan özünü itirən kimi olub pörtdü.
-Malikcan, sən ki... sən ki, hər şeyi gözəl bilirsən. - dedi. - Uşaqları qoyub heç yana çıxa bilmirəm.
Səxavət çaşqın-çaşqın Salmanın üzünə baxdı, amma heç nə soruşmadı. Malik udqunub:
-Qardaşım, bir zarafatdı elədim. - dedi və əlinin içiylə Salmanın kürəyinə yüngülcə şappıldatdı. - Sənin güzəranını yaxşı bilirəm, canım-gözüm. Amma fikir eləməyinə dəyməz, biz ki az yaşımızdan həyatın hər üzünü görmüşük. - Çevrilib əlini Səxavətə uzatdı və Salmana müraciətlə: - Bizi tanış eləmədin. - dedi.
-Səxavət də keçmiş döyüşçüdür. Mən qolumdan yaralanıb Qubadlı xəstəxanasında yatanda tanış olmuşduq. Allahın işinə bax ki, 18 illik ayrılıqdan sonra bu gün yenidən rastlaşdıq...
-Amma bir-birimizi tanımadıq. - Səxavət səbirsizlik etdi.
-Düz deyir, doğrudan da əvvəlcə bir-birimizi tanımadıq, amma hər halda, qanımız qaynadı ki, yenidən tanış olduq.
-Nə gözəl, nə gözəl! - Malik də sevincini gizlədə bilmədi, onların qoluna girib bağçaya tərəf apardı. - Sizin kimi əziz qonaqlara bağın xəlvət yerlərində stollar qoydurmuşam. Hansında istəsəniz otura bilərsiz. Mənə belə gəlir, ayrı oturmağınız daha yaxşı olar.
-Əla, bəyənilsin! - Salman cəbhə dostunu alqışladı. - Ehh, hayıf döyül kənd toyu. Vallah, düz sözümdü. Bu genişliyə, bu təbiiliyə baxırsan, istər-istəməz adamın könlü açılır.
-Orası elədir. - Səxavət dedi. - Amma razılaş ki, həyət toylarının əziyyəti çoxdu...
-Əziyyətsiz nə var ki, ay qardaş? - Salman Səxavətin sözünü ağzında qoydu. - Həyət toyunun bir üzü əziyyətdirsə, bir üzü də rahatlıqdı. Ona görə ki, kəndlərimizdə xeyirdə də, uzaq olsun, şərdə də birlik olur. Hərə bir işin qulpundan tutub kömək edir, məclis yiyəsi də sən deyən çətinliyə düşmür.
Malik Salmanın sözünə qahmar çıxdı.
-Özünüz görürsüz də, - dedi. - hamı çalışır, Allaha and olsun, heç məni əlimi əlimin üstündən götürməyə də qoymurlar. Toyçun kəsilən cöngə də, erkəklər də öz qapımızdandı.
Salman:
-Allah min eləsin! - dedi.
-Sağ olasan, ay qardaş.
Yeniyetmə oğlan yaxınlaşıb Malikə müraciətlə bağın ayağını göstərdi.
-Əmi, bax orda, heyva ağacının altında stolu sahmana salmışam. - dedi. - Məsləhətdirsə, ora buyursunlar.
Salman:
-Malik, qıraq ha deyilik. - dedi. - Bizə görə işindən-gücündən avara olma. Harda otursaq bizə xoşdur.
Səxavət də təsdiq mənasında başını tərpətdi.
-Siz camaatınızın üstündə olun, görün nə çatışmazlıqları var. - dedi.
-Yaxşı, necə deyirsiz. - Malik etiraz etmədi. Üzünü yanında müntəzir durmuş yeniyetməyə çevirdi: - Day sən burdasan, qonaqlara yer göstər, çaydan-çörəkdən təşkil elə. Mən də... - Əliylə tüklü sifətini qaşıdı. - Üz-gözümə əl gəzdirib qayıdıram. - dedi.
Qoca heyva ağacının kölgəliyi, doğrudan da, məsləhətli yer idi. Düyün-düyün gövdəli ağacın budaqlarından sapsarı heyvalarla yanaşı, “dəvəgözü” üzümünün şirinləşmiş, iri büllur giləli salxımları sallanırdı.
* * *
Oğlan süfrəni sahmana salıb getmişdi. Salman isti küftəbozbaşdan iştahla yeyir və hər qaşıqdan sonra ortalıqdakı qara şanı üzümündən də üç-dörd gilə qoparıb ağzına atırdı. Onun bu hərəkətini gözaltı izləyən Səxavət nə isə soruşmağa hazırlaşırdı ki, Salman araq dolu badəsini qaldırdı.
-Hə, qardaş, nə deyirsən, başlayaq? - cavab gözləmədən: - içək səbəbkar cavanların sağlığına. - dedi. - Xoşbəxt olsunlar, “neynim” nədi bilməsinlər!
-Amin!
Badələrini döyüşdürüb içdilər. Hər ikisi birdən əllərini üzümə uzatdılar. Səxavət gülümsəyib:
-Ləzzətli üzümə oxşayır. - dedı. - Bayaqdan sənin yeməyinə baxıram... Bilirsən niyə? Xörəyinin üstündən ağzını marçıldada-marçıldada üzüm yeməyinlə mənə uşaqlıq illərimi, ailəmizi, kəndimizi xatırlatdın... Böyük bağımız, çoxlu mal-qaramız, cah-calallı evimiz vardı. Vallah, lap şah kimi dolanırdıq. Atam həmişə nahar vaxtı bir aşsüzən üzüm dərib yuyar, ortalığa qoyardı. Üzüm də üzüm idi ha. Bax, biz də eynən səni kimi xörəyimizi üzümlə yeyərdik.
-Yox, qardaş, düzünü desəm, bizdə belə deyildi. Bu vərdişi uşaqlarımın mərhum anasından öyrənmişəm.
-Allah rəhmət eləsin.
-Ölənlərin rəhmətlik. - Salman güclə eşidilən səslə mızıldandı və badələri yenidən doldurdu.
-Salman, belə görürəm, həyat səni az sınaqlara salmayıb... Sirr deyilsə, bir söz soruşum. Həyat yoldaşın nədən vəfat etdi? Güman ki, hələ çox cavan idi.
Salman köks ötürüb bir müddət susdu, sonra titrək əlini dolu badəsinə uzatdı.
-Ölümə nə var ki, qardaş. - pıçıltılı səslə dedi. - Ölüm yaşa-zada baxmır... O, səkkiz ildir ki, məni balalarımla tək qoyub. - Heç nə demədən badəsini başına çəkdi. - Uşaqlarımın anası cəmi otuz bir il yaşadı...
Səxavət cəbhə dostunun bir anın içində doluxsunmuş gözlərinə baxa bilmədi, ürəyi sancdı, düşündü ki, Salmanın yarasının qaysağını qoparıb. “Kaş, bu yersiz sualı verməyəydim.” - deyə özünü qınadı.
Salman isə ötən günlərinin acılı-şirinli xəyallarına qapılmışdı.
... 1993-cü il idi. Bacıları ailə həyatı qurandan sonra dördotaqlı həyət evində ana-bala yaşayırdılar. Dolanışıqları elə də ürəkaçan deyildi; Salmanın aldığı cüzi təqaüdün və iki sağmal inəyinin hesabına yarıac-yarıtox dolanırdılar. Töhfə arvad hər gün sübh tezdən müştərilərinə süd, qatıq aparırdı və bir gün evə qayıdanda, o, özüylə bərabər ortaboylu, iri qara gözlü, əsmər bənizli, ürkək baxışlı bir qız da gətirmişdi. Anası Salmana anlatmışdı ki, bu qız bütün yaxınlarını, əzizlərini itirmiş, kimsəsiz məcburi qaçqındır. Onlarla qaçqın ailəsinin sığındığı “Xəzər” mehmanxanasındakı müştərilərinə baş çəkəndə rastına çıxıb, ürəyinə yatıb və tək qız uşağının orada, çətin şəraitdə yaşamasını özünə rəva bilməyib, xeyli dil-ağızdan sonra onu yola gətirib, evlərinə gəlməsinə razı sala bilib.
Qız çox tərbiyəli, həm də işgüzar idi. Töhfə arvadın əlini ağdan qaraya vurmasına razı olmurdu. Gəldiyi gündən inəkləri də sağır, o yemləyir, tövləni kürüyürdü. Bağın çoxdan bəri baxımsız qalmış ağacları da elə bil yenidən həyata qayıtmışdı, yaşıllıq adamın üzünə gülürdü. Qızın çəkdiyi ağır zəhmət əlindən bir iş gəlməyən Salmana əzab verir, onu daxilən utandırırdı.
Qızın gəlişindən bir neçə ay keçmiş anası oğluna güya sözgəlişi eşitdirdi ki, kaş Allahın altında bu qız kimi bir gəlinim olaydı. “Maşallah, çox diribaş, qeyrətli qızdı. Yıxılı evin dirəyidi. ”
Salman oxun hansı səmtə atıldığını yaxşı anlasa da, söhbətdən yayınıb otağına çəkilmiş, qapısını da bağlamışdı. Kövrəlmişdi, özünün-özünə yazığı gəlmişdi, cıqqırını çıxarmadan uzun-uzadı ağlayıb, yüngülləşməyə çalışmışdı. Ali təhsilli dəmir yolu mühəndisi olsa da, şikəst qoluyla heç yerdə iş tapa bilmir və buna görə də çox ciddi əsəb gərginliyi keçirirdi. “Hansı üzümə evlənim axı, ay ana?! Bu halımla kimə lazımam, kimə?.. Qadın boynunda yükmü olmalıyam, hə?.. Heç vaxt, heç vaxt, heç vaxt!!! ”
Töhfə arvad bir daha bu söhbətin üstünə qayıtmamışdı. Oğlunu başa düşməmiş deyildi. Bəlkə o da bu dərdi içində çəkib ağlayırdı. Çox güman ki, belə idi.
...Yeniyetmə oğlanın gəlişi Salmanı xəyaldan ayırmışdı.
-Əmi, nə çatışmazlıq var? Bir qulluğunuz -zadınız yoxdu ki?
Salman başını qaldırıb onun üzünə baxmadan əlinin ucuyla “get” işarəsi verdi.
-Heç narahat olma, qardaşoğlu, - dedi. - hər şey yaxşıdır.
Səxavətin gözü Salmanda idi; onun bir əliylə qutudan kibrit çöpünü çıxararaq çətinlik çəkmədən siqaretini necə alışdırmağına baxırdı. Yaxşı yadında idi, xəstəxanada müalicə olunduqları vaxt Salmanın siqaretini palata yoldaşları yandırardı. Hələ ki, tək əli ilə bu işin öhdəsindən gələ bilmirdi. Düşündü ki, zaman keçdikcə insan hər çətin şəraitə məcbur qalıb uyğunlaşır.
Siqaretinin acı tüstüsünü acgözlüklə ciyərlərinə çəkən Salman yenidən xəyala daldı.
...Qız qəsəbələrində yenicə fəaliyyətə başlamış mebel sexində işə düzəlmişdi. Yüksək maaşı olmasa da, hər halda, indi bu kasıb ailəyə yük deyildi. Evdə olduğu günlər də boş dayanmırdı, lazım gələndə kişi işlərinə də baş qoşurdu. Onun bu canfəşanlığını gördükcə Salman özündən asılı olmadan sıxıntı keçirir, gözə görünməməyə, evdən qaçmağa çalışırdı.
Çox keçmədi, bir gün axır ki, tale Salmanın da üzünə gülümsədi.
Təsadüfən rastlaşdığı tələbəlik dostu Qərib vəziyyətindən ətraflı agah olduqdan sonra onun itirməkdə olduğu ümidlərinə qanad verdi. O:
-Özəl şirkətdə işləyirəm. - dedi. - Azdan-çoxdan xətir-hörmətim də var. Şefimizlə də münasibətim yüksək səviyyədədir. Xahiş edəcəm sənə bir iş versin. İnanıram ki, sözümü yerə salmayacaq. Bir də axı, mən sənin savadına, bacarığına yaxşı bələdəm. Arxayınam ki, harda olsa baş çıxaracaqsan.
Salmanın naümid baxışlarını tutan Qərib:
- Görürəm, nigaransan, inanmağın gəlmir. - dedi. - Doğrudur, indi iş tapmaq həqiqətən çətindir. Mən də iş tapana qədər çox qapılar döyməli oldum. Amma özünü üzmə, arxayınam ki, inşallah sənin də çətinliklərin arxada qalacaq. Bizim işimizdə fiziki qüvvədən çox, ağlına, düşüncəsinə güvənən adamlar lazımdır.
Adamın işini Allah düzəltsin! İkicə gün sonra Qərib zəng vurub Salmanı muştuluqladı, yolu-rizi başa salıb özünü təcili çatdırmasını tapşırdı.
İşi bir qədər bezikdirici olsa da, Salmanın kefi göylə gedirdi, sevincinin həddi-hüdudu yox idi. Axır ki, o da ailəsinə maaş gətirəcək, başını dik tutub evdəkilərin üzünə şux baxa biləcəkdi.
Hər şeyin yoluna düşüb yaxşılığa doğru getdiyi günlərin birində gözləmədikləri bir əhvalat baş verdi.
Həmin gün axşamüstü işdən qayıdan Salman evlərini qonaq-qaralı gördü. Nə səbəbdənsə, bir neçə həyət onlardan aralı yaşayan qəssab Səbirxan kişi arvadı və bacısıyla onlara gəlmişdi. Özlərini bu evin əziz-xələfi kimi ərköyün aparan qonaqlar dəyirmi masanın ətrafında oturub deyə-gülə mürəbbəli çay içirdilər. Salmanın qapıdan girdiyini görəndə özlərini yığışdırıb susdular. Səbirxan kişi əlindəki stəkanı nəlbəkiyə qoyub cantaraq bədəninə uyuşmayan cəldliklə yerindən qalxdı.
-Sənin bu işin nə yaman uzun çəkir, ay oğul? - deyə mehribanlıqla əl uzatdı. - Bir saatdan çoxdu ki, gəlmişik, evin kişisi isə yoxdur.
-İşimiz belədir, Səbirxan əmi, neynəmək olar. - Salman Səbirxan kişiylə görüşdü. - Sizdən nə əcəb? - deyə birbaşa nigaranlıqlan qurtarmaq istədi.
-Qonşu qonşunun qapısını açar da, ay oğul... Hər halda, şər işçün girmərik qapınızdan.
Qadınların ikisi də təbəssümlə ona baxırdı. Anasının da üzündə təbəssüm vardı, amma o dəqiqə görünürdü ki, bu təbəssüm tam fərqlidir; bu, təbəssümdən daha çox əzab dolu bir ağrıya oxşayırdı.
Səbirxan kişinin arvadı Gülcahan xanım səbirsizlik etdi.
-Ay oğlum, belə, qapınıza xoş niyyətlə gəlmişik. - dedi. - Anan hər şeydən xəbərdardır, amma sənsiz qərar verə bilmir.
Heç nə anlamayan Salman Səbirxan kişiyə sarı döndü.
-Ürəyimi üzməyin, Səbirxan əmi. Deyin görək nə məsələdir axı.
Səbirxan kişi dili dolaşa-dolaşa:
-Gəlmişik ki... Hə, o gün olsun, belə səninçün olsun, ay oğul... - dedi. - Gəlmişik ki, evinizdə sığınacaq verdiyiniz o gül balamızı oğlum Nəzərxana istəyək.
Salman qulaqlarına inanmadı, ayaq barmaqlarının ucundan tutmuş başına qədər sanki bütün vücudunda qarışqalar gəzişdi. Özünü ələ almağa çalışsa da bacarmadı; bir müddət nitqi qurudu, dili söz tutmadı.
Bir də çevrilib anasına baxanda onu boynu buruq, baxışlarını yerə dikmiş gördü.
Gülcahan arvad:
-Niyə fikrə getdin ki, ay bala? Gec-tez bir qız bir oğlanın deyilmi? - dil-ağız etdi. - Oğlumuz qızı çoxdan gözaltı eləyib, intəhası, üzə çıxarmağa utanırmış.
Salmanın təhər-tövüründən baş açmayan Badsabah xanım da söhbətə qoşuldu.
-Qardaşımın balasını ki, yaxşı tanıyırsan. Çörək qazanan uşaqdı. Avara işlərdə də əli yox. Onsuz da çətinliklə dolanırsız, həm yükünüz azalar, həm də qız binəva bir ağ günə çıxar. İnşallah, Nəzərxan onu ovcunun içində, gözünün üstündə saxlayacaq. Təki, bircə kəlmə “hə” deyin...
Salman sərt şəkildə:
-Bilin ki, qız özü-özünü dolandırır, bizə də yük-zad deyil. - dedi. - Deməli olsa, “hə” sini də biz yox, özü deyəcək.
Qonaqlar karıxmış halda bir-birinin üzünə baxdılar. Səbirxan kişi yoğun, piyli boynunu çiyninə qısıb:
-Dedik, əvvəl başdan sizin ağzınızı arayaq... - dedi. - Siz “hə” deyəndən sonra qız nə deyəsidi axı?
Salman təəssüflə başını bulayıb:
-Bir qonşu kimi sizə hörmətim var, Səbirxan əmi. - dedi. -Amma qızın fikrini soruşub öyrənmədən bu söhbətin yeri varmı? Mən bunu öz tərəfimizdən tərbiyəsizlik kimi qiymətləndirərdim. Bizi bağışlayın, belə izdivaca qol qoya bilmərik.
Salman gözünün ucuyla gördü ki, anası onun cavabından razı qaldı; bir anda ağbirçək arvadın bənövşə boynu düzəldi, elə bil çiyinlərindən ağır yük götürüldü.
Səbirxan kişi içindən kəsilsə də, pərtliyini üzə vurmaq istəmədi.
-Vallah, bir söz demirik, bizdən uşaq olsan da düpbədüz danışırsan. - dedi. - Hər halda, qızla oturub danışın. Bizim ailəmizi qızdan çox siz tanıyırsız. Çalışdığımız da odur ki, hər şey hamının ürəyincə olsun... Allah qoysa, beş-on günə, bir də gələrik.
Qonaqlar getdikdən sonra Salman anasına heç nə demədən otağına keçdi. Çaşıb qalmışdı: “Nə çətin işə düşdük? - deyə düşündü. - Görəsən qızın bu məsələdən xəbəri var? Görünür, xəbəri var ki, gözə dəymirdi. Stəkan-nəlbəkini də, stolu da anam yığışdırdı.”
Nədənsə ürəyi üzülürdü, nəfəsi çatmırdı. “Boynuna al ki, qız elə sənin də qəlbinə yatır. Onun bu evdən getməyi heç ürəyincə olmayacaq... Bəlkə bu barədə dərindən düşünəsən, hə?.. Allah, bu nə qəliz sınaqdı bizi çəkirsən axı?! Qız uşağının “hə”sini ata-anasından, yaxın əqrabalarından soruşarlar. Biz onun üçün kimik ki? Noolsun ki, onu evimizə gətirmişik, müvəqqəti sığınacaq vermişik, indi bu yaxşılığımızı onun başına qaxınc etməliyik?”
Qapı ehmalca açıldı, anası üzgün halda içəri girib qapının ağzındaca durdu, tənəli baxışlarıyla bir müddət oğlunu süzdü. Sonra yaxın gəlib oğlunun boynunu qucaqladı.
-Bilirsən, oğlum, qəssab Səbirxan düz danışmır... - nəvaziş dolu səslə dedi.
Salman dinmədən baxır, anasının daha nə deyəcəyini gözləyirdi.
-Qəssabın oğlu bir neçə dəfə qızın dalınca düşüb, onu dilə tutub qaçırtmağa çalışıb... Qızsa onu yaxın qoymayıb.
-Bunları hardan bilirsən, ana?
-Qız abrına qısılıb, hər şeyi gizlədib... Hamıdan gizlədib, məndən də... Düşünüb ki, yəqin əl çəkər.
-Başqa neynəyə bilərdi ki, ana?.. Biz onun üçün yad adamlarıq.
-Allah eləməsin, yad niyə oluruq? Yox, gərək əvvəlcədən bizə hər şeyi anladaydı, indi belə çətinə də düşməzdik... Oturub gözünün qarasını tökür. Elə də pis ağlayır ki...
-Nə fikirləşirsən, ana? Səbirxan kişigil yenə də gələcəklər axı.
-Qız “yox” deyir, yalvarır ki, məni heç kimə verməyin, bu evdən çıxarmayın. Üzüm-gözüm bu evə alışıb, deyir.
Töhfə arvadın arıq, gömgöy damarları çıxmış barmaqları oğlunun gur saçlarında gəzdi. Handan-hana:
-Bilirsən, oğul, nə var?.. Hissiyyatım məni az-az aldadıb. Mənə belə gəlir ki, qızın könlü sənədi, sənə. - Oğlunu özündən aralayıb gözlərinin içinə baxdı. - Yox, yox, mənə elə baxma, mən nə dediyimi yaxşı bilirəm. Demə ki, qocalmışam, amma anayam axı, gözümdən tük də yayına bilməz. Onun sənə olan istəyini hər addımında, hər hərəkətində, nəfəsində, adın gələndə titrəyən dilində, baxışlarında görürəm...
-Ana, elə şairanə danışdın ki... Belə fikirlər hardan ağlına gəldi? Özün yaxşı bilirsən ki, yanılırsan... Bəli, o sənə də, mənə də bir ailə kimi böyük hörmətlə yanaşır, bizi sevir. Amma bu hörmət və sayğısına başqa don geydirmək bizə yaraşmaz.
-Mən heç nəyə don geydirmirəm, heç nəyi də şişirtmirəm. Nə varsa, onu deyirəm. Hələ onu deməmişəm ki, sən də ona qarşı biganə deyilsən. Yaxşı bilirəm ki, onun bu evdən köçməsinə şad olmazdın... Nədi, bəlkə bu sözümü də inkar edəcəksən?
-...
-Ağzına su alıb susma, oğul. Mən ki sənə özgə deyiləm, doğmaca ananam axı, qəlbini aç, de mənə... Qorxuram... Sonra gec olacağından qorxuram, bala.
-Ana, məni bağışla... Mən... mən çox şey arzulaya bilərəm. Amma... qısası, niyə kiməsə ağır yük olmalıyam, kiminsə hamar yolunu daşlı-qayalı sərt yoxuşa dirəməliyəm?.. Belə olmaz axı, heç cür olmaz, ana!
-Sən nə danışırsan, bu axmaq fikirlər beyninə hardan dolub?
-Ana, elə o vaxt qızı mehmanxanadan götürüb evimizə bu niyyətlə gətirmisən, hə?
Ana oğlunu bağrına basıb üzündən-gözündən öpməyə başladı.
-Doğrudan da axmaqsan, mənim şirin balam. Düzdür, qızı elə gördüyüm andan çox istədim, ürəyim ona bərk yapışdı, ancaq inan səmimiyyətimə, qıza kömək etməkdən qeyri başqa niyyətim yox idi... Hə, oğul, indi anandan heç nə gizlətmə, de görüm fikrin nədir.
-Anacan, özümü onun gözündən sala bilmərəm. Axı, bu məsələnin başqa tərəfi də ola bilər, mənə olan hörmətini itirsəm, xəcalətli başımı hara soxaram?
Axır ki anası rahat nəfəs alıb, yenidən oğlunun üzündən öpdü...
-Bu barədə iynə ucu qədəri də narahat olma, əziz balam. Əsas o idi ki, sənin fikrini öz dilindən eşidim...
-Mən ki, hələ bir söz demədim. - Salman təəccüblə anasına baxdı.
-Sözü necə deyərlər ki, bala? Sən hər şeyi dedin. Qalan nə var, mənlikdi. Görəcəksən həyatın necə dəyişəcək, necə xoşbəxt olacaqsız. Tək siz yox, elə məni də xoşbəxt edəcəksiz.
Töhfə arvad yerindən sıçrayıb “uça-uça” qızın yanına getsə də, Salman həyəcan içində uçuna-uçuna qaldı. Nə edəcəyini bilmirdi; elə oturduğu yerdəcə oturub gözləsin, ya aləm biri-birinə dəyməmiş bir neçə saatlığına da olsa, durub buralardan yoxa çıxsın. Bu məsələnin axırı necə olacaqdı, necə bitəcəkdi?! Nigaranlıqdan havası çatmır, ürəyinin döyüntüsünü qulaqları ilə eşidirdi...
-Salman... Ay Salman, sənə nə olub, elə bil özündə deyilsən? - üzbəüz oturmuş Səxavət ehmalca onun əlinə toxundu. - Telefonuva zəng gəlir.
Salman dərin yuxudan ayılıbmış kimi, karıxmış halda nə baş verdiyini anlamağa çalışdı.
-Nə deyirsən?.. Hə, telefon... Mobil telefonunu cibindən çıxara-çıxara: - Zəhrimar araq məni yaman xumarlandırıb, deyəsən. - deyib həm özünü, həm də Səxavəti aldatmağa çalışdı. Displeyə baxanda sifəti işiqlandı: - Uşaqlarımdı, - dedi. - nigaran qalıblar. - Xəttə qoşuldu. - Salam, mənim balam, necəsən?.. Hə... hə... lap yaxşı. Mən də gəlib çatmışam. Malik əmingilin bağında oturmuşuq... Gülnaz bacın neynəyir?.. Yanındadı?.. Dəstəyi bacına ver... Nə var, nə yox, qızım, darıxmırsan ki?.. Bilirsiz də, axşam qayıda bilməyəcəm. Malik əmingildə qalacağam... Oldu, oldu... Məlahət bibinizə demişəm, gəlib yanınızda qalacaq... Qızım, Nemətə de, heç yana çıxmasın, ha. Oturun televizora baxın. Yaxşı, mənim balam?.. Hə, sağ olun, mənim şəkərlərim, sağ olun... Mən də hər ikinizi öpürəm. - telefonunu cibinə qoydu. Öz-özüylə danışırmış kimi: - Allahım bir onda gətirib ki, nadinc deyillər, şıltaqlıq edib məni incitmirlər, - dedi.
-Hər ikisini Allah saxlasın! Gözüvə çıraq olsunlar.
Salman Səxavətin səsində qəribə bir ahəng duydu və başını qaldırıb baxanda dostunun az qala kağız kimi ağarmış sifətini görüb vahimələndi.
-Sənə nə olub, qardaş? - nəvazişlə soruşdu. - Gözümə birtəhər dəyirsən... Xəstə-zad deyilsən ki?..
-Yox... Hər şey qaydasındadı. -Səxavət qüssə dolu gözlərini Salmana dikmiş halda yarıpıçıltılı səslə cavab verdi. - Mənə belə gəldi ki... - sözü boğazında düyünlənib qaldı.
Salmanın həyəcanı bir az da artdı, durub mineral sudan stəkana süzdü.
-Al... al, bir-iki qurtum iç, özünə gəl... Sonra da söylə görüm iki daşın arasında nə baş verdi ki, bu hala düşdün.
Salman üzünü ağacların arasından görünən Beşbarmaq dağına sarı tutub inildədi.
-Ey uluların ulusu, ucaların ucası! Hər dəfə yanından ötəndə nəzir-niyazını əsirgəməmişəm. Qüdrətinə şübhəm yoxdur, ey Xıdırzində baba!.. Amma həyat gerçəklikdirsə, bu nağılına necə inanım?!.. Yox, yox, bu boyda möcüzə baş verə bilməz! İlahi, bu əfsanəni səndən başqa kim uydura bilər axı, kim?!
Salman onun çiynindən tutub silkələdi.
-Bir ayıl, özünə gəl, ay qardaş. Bəsdir ürəyimi para-parça elədin. Lap kantuziyalı adamlar kimi danışırsan... Biz ki yad deyilik, düz-əməlli ürəyini aç, görüm nə olub?
-Salman...
-Eşidirəm, qardaş.
-Salman... Sənin mərhum yoldaşının adı... Adı... Bağdagül deyildi ki?
Salman gözləri alacalanmış halda:
-Sən bunu hardan bilirsən? - təşvişlə soruşdu.
Səxavət qəhərdən boğulmuş çöhrəsini yana tutub astadan, aram-aram:
-Hardan biləcəkdim?.. - dedi. - Qızının adı Gülnaz - o mənim anam, oğlunun adı Nemət - o da mənim atam... Xörəyini üzümlə yeyən yoldaşın bütün əzizlərindən ayrı düşmüş Bağdagül bacım ola bilməzmi?.. Biz isə illərdir onu axtarır, onu soraqlayırıq... Deyirdik, iraq olsun, yəqin zalım ermənilərin əlində sitəm çəkir... Anamı bir az əvvəl kənddən çıxara bilmişdilər. Bacım isə ipə-sapa yatmayıb evimizdən çıxmayıbmış. O, erməninin kəndimizə girə biləcəyinə inanmırdı... Sonra isə nə olub, necə olub, heç kimdən heç nə öyrənə bilmədik... Anam bu müharibədə ərini, qardaşını, iki igid oğlunu itirdi. Bəlkə də bu ağrılara tablaşardı, dözərdi, di gəl bacımın yarasına gücü çatmadı, son nəfəsinə kimi “Bağdagül” deyə-deyə göz yaşı axıdıb zarıdı... - Və Səxavət birdən-birə əlləriylə sifətini örtüb hönkür-hönkür ağlamağa başladı. - Məə-nim məə-lək baacım... uul-duz baacım, aay baacım... Mənim aana oolan baacım...
Həyətin o başında qara zurnanın səsi havalandı və Səxavətin hıçqırıq içində qırıq-qırıq pıçıldadığı sözləri eşidilməz oldu.
Salmanın gözü qabağına isə dayıları Səxavətin boynuna sarılmış gül balalarının sevinc dolu çöhrələri gəldi...
Mağardakı toy qızışmaqda idi.
“Azərbaycan” jurnalı