Biri vardı, biri yoxdu, gözdən-qulaqdan uzaq Qaraxanlı meşəsinin yaxınlığında Çəkməçilər kəndi vardı. Kəndin adı burada yaşayan məşhur çəkməçilər ailəsi ilə bağlı idi. Onlar dədə-babadan çəkmə tikmişdilər.
Palçıqlı, çala-çuxurlu kənd yollarında tikmə ayaqqabıların əvəzi yox idi. Ancaq təqribən on il əvvəl bu ailə qəfildən yoxa çıxmışdı. Onları bir də gördüm deyən olmamışdı. Evləri isə içindəki bütün əşyalarla, olduğu kimi dururdu. Bu sirr müəmma olaraq qalırdı. Buna baxmayaraq, maraqlı idi ki, kənddə yenə də tikmə ayaqqabılar dəbdə idi. Özü də eynilə çəkməçilər ailəsinin tikdiklərinə bənzəyirdi. Onları hamının Zəhra xala kimi tanıdığı bir dul qadın satırdı. Bu qadın, dediyinə görə, şəhərdəndi. Satdığı malları şəhərdə yaşayan, vaxtilə çəkməçilər nəslindən olan qızla evlənmiş bir sahibkarın sexindən alırdı. Kəndbəkənd gəzib çəkmə satmaqla çörək pulu
qazanırdı...
Çəkməçilər kəndində 10 yaşında bir oğlan vardı. Adı Vaqif idi. O, əlinə keçən dəmir-dümürdən, taxta-tuxtadan, qarğı-qamışdan nə istəsən düzəldə bilirdi. Hamı deyirdi ki, bu uşağın əlləri qızıldır.
Bir dəfə Vaqif uşaqlarla oynayanda yoldan traktor keçirdi. Traktordan bir neçə qamış yerə düşdü. Uşaqlar qaçıb hərəsi bir qamış götürdü. Başladılar bir-bir onları dizləri ilə sındırmağa, sonra da ayaqlarının altına atıb əzməyə. Bu, Vaqifin xoşuna gəlmədi, payına düşən qamışı götürüb evlərinə getdi.
Evlərində heç kim yox idi. Həyətdəki sevimli armud ağacının altında oturub qamışın o tərəfinə - bu tərəfinə baxdı. Çox fikirləşdi, az fikirləşdi, axırda evdən bıçaq gətirib qarğıdan tütək düzəltdi. İşi özünün də xoşuna gəldi, əlini tütəyə sürtüb sığal çəkdi. Birdən tütəkdən qəribə səs çıxdı. Uşaq diksinib tütəyi əlindən yerə saldı. Elə bildi ki, onu qara basır.
Tütəyi götürüb yenidən sığalladı. Bu dəfə lap aydın səs eşitdi:
-Ey Vaqif, təəccüblənmə, danışan mənəm. Mən cansız bir qarğı idim. Sən məni dəcəl uşaqlar kimi qırmadın, tütək düzəldib həyat verdin. Bundan sonra əlini mənə sürtüb nə arzulasan, həyata keçəcək. İndi, de görüm, nə arzulayırsan?
Vaqif heyrətə gəldi. Çaşqınlıq içində qalmışdı. Arzuları çox idi. Hansını desin?... Qərara gələ bilmirdi. Çox fikirləşdi, az fikirləşdi, ancaq bir arzu seçib deyə bilmədi. Başını qaldırıb armud ağacına baxdı. Üstündə bir dənə də olsun meyvə qalmamışdı. Hamısını dərib yemişdilər.
Tütəyə sığal çəkib dedi:
-Tütək, istəyirəm bu ağacın üstü armudla dolsun!
Söz ağzından çıxan kimi tütək incə səslə züyüldədi. Yuxarıdan bir armud Vaqifin çiyninə dəyib yerə düşdü. Uşaq baxdı ki, armud ağacının üstü yetişmiş meyvələrlə doludur. Ağzı sulandı. Yerə düşən sapsarı, dəymiş armudu götürdü.
Üstünü silib ləzzətlə dişinə çəkdi. Sevincinin həddi-hüdudu yox idi. Armudu yeyə-yeyə daha nə arzulamaq haqqında düşündü...
Birdən ətürpədici qarıltı səsi gəldi. Bir qara qarğa qarıldaya-qarıldaya armud ağacına qondu. Vaqif qeyri-ixtiyari tütəyi yuxarı qaldırıb “kiş-kiş” etdi ki, onu qovsun. Qarğa elə bil bunu gözləyirmiş, o saat dimdiyi ilə tütəyi onun əlindən alıb Qaraxanlı meşəsinə tərəf uçdu. Bu meşə haqqında kənddə qorxulu rəvayətlər gəzirdi. Deyirdilər, guya orada hər cildə girməyi bacaran Qorzilla adlı bir cadugər var. Əlindən hər pis əməl gəlir. Qorxusundan heç kim meşəyə tək getmirdi.
Fikri tütəyin yanında olan Vaqif hər şeyi unudub qarğanın dalınca qaçdı. Qarğa özünü meşəliyə vurdu. Uşaq da meşəyə girdi. Az qaçdı, çox qaçdı, yorulub dayandı. Meşə haqqında danışılanlar yadına düşəndə qorxu canını aldı.
Bədəninə üşütmə düşdü. Ehtiyatla ətrafı nəzərdən keçirməyə başladı. Birdən qara qarğa gözünə sataşdı. Quş, dimdiyində tütək, yaxınlıqdakı ağacın budağından ona baxırdı.
Vaqif dedi:
-Qarğa, xahiş edirəm, tütəyi ver, axı onu mən düzəltmişəm, istəsən sənə...
Qəfildən güllə səsi gəldi. Vaqifin sözü ağzında yarımçıq qaldı. Qarğa ağacdan yerə düşüb çapalamağa başladı. Tütək dimdiyindən çıxıb uşağa sarı diyirləndi.
Vaqif qorxudan gözünü yumub yerə qısılmışdı. Gözünü açanda başının üstündə ovçu geyimində, əlində qoşalülə tüfəng olan yekəpər bir adam gördü.
Sərt sifəti, ifadəsiz gözləri vardı, yerli adama oxşamırdı.
Ovçu əyilib yerdən tütəyi götürdü, o tərəfinə, bu tərəfinə baxıb dedi:
-Balaca, burada nə edirsən?
Vaqif qorxu içində idi, ancaq özünü ələ alıb dedi:
-Əmi, tütək düzəltmişdim, qarğa əlimdən alıb bura uçdu, mən də onun dalınca qaçdım.
Ovçu dedi:
-Yaxşı əl qabiliyyətin var. Adın nədir?
Vaqif adını dedi.
Ovçu dedi:
-Çox yaxşı, Vaqif, bura meşənin ortasıdır, evinizə yolu tapa bilməyəcəksən. Yaxşısı budur, gedək səni evinizəcən ötürüm.
Vaqifin ovçudan gözü su içmədi. Yerdə çabalayan qarğanı göstərib dedi:
-Yaxşı, ancaq bu qarğa yazıqdır, yarasını bağlayım, sonra gedək.
Ovçu dedi:
-O ifritənin nəyinə yazığın gəlir, sənin tütəyini oğurlamamışdı? Onun başını üzmək lazımdır!
Ovçu əlini kəmərinə bağladığı naxışlı qını olan xəncərin dəstəyinə apardı.
Vaqif özünü qabağa verib dedi:
-Yox, o, yaralıdır, ona kömək etmək lazımdır!
Ovçu nə fikirləşdisə, əlini saxlayıb dedi:
-Yaxşı, necə istəyirsən elə et!
Tütəyi əlində oynada-oynada aralanıb kənarda bir kötüyün üstündə oturdu. Vaqif qarğanı götürüb yarasına baxdı. Güllə quşun ayağına sürtünüb keçmişdi, elə də ciddi zədə deyildi. Ancaq qarğanın qanadlarının lələkləri bir-birinə dolaşmışdı, ona görə də uça bilmirdi. Tez qarğanın yarasını palıd ağacının yarpağı ilə silib təmizlədi, yaşıl otla bağladı, qanadlarının dolaşığını açdı.
Birdən qarğa dil açıb pıçıldadı:
-Balaca, sənə pislik etdiyimə görə məni bağışla. Sənin bu xeyirxahlığını heç vaxt unutmaram!
Vaqifin heyrətdən ağzı açıla qaldı. Bu gün, deyəsən, doğrudan da, nağıllar aləminə düşmüşdü. Ovçu eşitməsin deyə qarğanı bir qədər də kənara aparıb yavaşcadan dedi:
-Qarğa, mənim yerimə kim olsa belə edərdi. Heç kimi darda qoymaq olmaz.
Qarğa dimdiyi ilə ovçuya işarə edib pıçıldadı:
-Sənə bir sirr açacam. O, ovçu deyil, qiyafəsini dəyişmiş cadugər Qorzilladır.
Qorzilla adını eşidəndə Vaqifin rəngi qaçdı.
Qarğa dedi:
-Qorzillaya qul kimi işlətmək üçün bir oğlan uşağı lazım idi. Məcbur etdi ki, mən gətirim, yoxsa balalarımı öldürəcəkdi. O da, bəxtindən, sən oldun. Mənə diqqətlə qulaq as, meşənin ortasında yan-yana durmuş qoşa palıd ağacı var.
Onların arasından gözəgörünməz, tilsimli bir məkana keçid var. O məkanı Qorzilla magiya ilə yaradıb. Oğurladığı insanları həmin yerdə saxlayır. Onları gecə də, gündüz də işlədir.
İnsanların darda olduğunu eşidəndə Vaqif həyəcanla dedi:
-Mən onları xilas etməliyəm!
Qarğa dedi:
-Bu, çox təhlükəlidir.
Vaqif dedi:
-Mən heç nədən qorxmuram, onları qurtarmaq lazımdır!
Qarğa dedi:
-Kömək etmək istəyirsənsə, onda mən deyənlərə əməl etməlisən. Qorzilla yolda sənə su versə içmə, elə et ki, o görməsin, tök yerə. Onun içində çox güclü yuxu dərmanı var. Sonra özünü vur yuxululuğa. O, səni çiyninə alıb aparacaq.
Bu zaman ovçunun səsi gəldi:
-Ey balaca, orda nə çox yubandın, gəlmirsən?
Ovçu ayağa qalxıb Vaqifə sarı gəldi. Vaqif tez Qarğanı göyə buraxdı.
Ovçu dedi:
-Nahaq buraxdın onu, gedib yenə də pislik edəcək.
Vaqif özünü eşitməməzliyə vurub dedi:
-Əmi, gedək, bir azdan qaranlıq düşəcək, evdə narahat olarlar.
Ovçu dedi:
-Balaca, bu tütək heç çalmadı. Səhərdən üstündə əlləşirəm, heç səsi də çıxmır.
Vaqif dedi:
-Verin, evdə baxıb düzəldərəm.
Tütəyi ovçudan alıb kəmərinə taxdı.
Yola düşdülər. Bir az getmişdilər ki, ovçu çiynindən asdığı su qabının qapağını açdı, qapağa su töküb Vaqifə uzatdı.
-Hava istidir, yəqin susamısan?! Götür iç, bulaq suyudur.
Vaqif suyu başına çəkmək istəyəndə qarğanın sözləri yadına düşdü. Gözünə sataşan bir kola işarə edib dedi:
-Əmi, elə bil o kol tərpəndi, deyəsən içində dovşan gizlənib?!
Ovçu kola tərəf gedəndə tez suyu yerə töküb qapağı ağzına tutdu. Ovçu əlini salıb kolu yoxladı.
-Balaca, orada heç nə yoxdur, sənin gözünə görünüb.
Vaqif yuxusu gələn kimi əsnədi, su qapağını ovçuya uzadıb dedi:
-Əmi, bu, nə yaxşı su idi, xoşum gəldi, ancaq nədənsə birdən-birə yuxum gəldi.
Vaqif yerə yıxılıb özünü yuxululuğa vurdu. Ovçu əllərini bir-birinə sürtübdodağının altında nə isə mızıldadı. Bir anda nəhəng, bədəni tüklü, iri dişli, uzun qulaqlı, əcaib görkəmli, qorxunc məxluqa çevrildi. İri əlləri ilə uşağı çiyninə alıb yoluna davam etdi.
Bir azdan qarğa deyən qoşa palıdlara çatdılar. Ağacların arasından keçəndə boşluğa düşdülər. Vaqifin az qaldı ürəyi ağzına gəlsin. Sonra güclü hava axını onları nasos kimi sovurub bir xarabalığa atdı. Göydə bayquşa, yarasaya oxşar əcaib quşlar uçurdu. Hər tərəfdən uğultu, ulaşma səsləri gəlirdi.
Qorzilla, çiynində uşaq, xarabalıqdan keçib böyük bir qalanın yanına gəldi. Əlini qala divarına sürtdü. Divar aralandı, içəri keçdi. Qalada pilləkənli bir quyu vardı. İçindən işıq gəlirdi. Qorzilla uşağı quyunun dibinə düşürdü. İri bir dəmir qapının qıfılını açıb emalatxanaya oxşayan bir otağa girdi. İçəridə adamlar vardı. Vaqifi üzüquylu yerə uzadıb fısıldaya-fısıldaya əmrlə dedi:
-Sizə köməkçi gətirmişəm. Bir azdan ayılacaq. Ona nə etmək lazım olduğunu başa salarsız!
Sonra Qorzilla çıxıb dəmir qapını bağlayıb getdi. O gedən kimi Vaqif ayağa qalxdı. Adamlardan biri uşağa yaxınlaşdı.
Vaqif gördü ki, bu Zəhra xaladır, təəccüblə soruşdu:
-Zəhra xala, siz burda nə edirsiz?
Zəhra xala dedi:
-Ay bala, üç ildir ki, Qorzilla məni oğurlayıb burda əsir saxlayır. Mən şəhərdə yaşayırdım. Tək adamam, heç kimim yoxdur. Kasıbçılıqdan əziyyət çəkdiyim üçün bazarda ticarətlə məşğul olurdum. Bir gün bir qoca kişi gəldi ki, mənim oğlumun bir çəkmə sexi var. Çox ayaqqabılar tikirlər. Ancaq şəhərdə bu cür çəkmələrin alıcısı yoxdur. Sən aparıb onları kəndlərdə satsan, həm özün qazanarsan, həm də biz. Bir-iki dəfə yoxladım, alındı. Çəkmələri qoca özü gətirirdi. Ondan sonra bazardan ayrılıb ancaq çəkmə satmaqla məşğul oldum.
Kəndlərin hamısında tanındım.
Alver qızışanda həmin qoca dedi ki, gedək sənə çəkmə sexini göstərim, bundan sonra özün get al, apar sat. Daha mən çox qocalmışam, əldən düşmüşəm, gəlib-gedə bilmirəm. Mən də razılaşdım. Fikirləşdim ki, birdən qocaya bir şey olar, qalaram çörəksiz. Sexə gedəndə yolda mənə su verdi içdim, huşum getdi. Gözümü açanda özümü burda gördüm.
Vaqif dedi:
-Heç nə başa düşmürəm, Zəhra xala, axı, mən sizi dünən kənddə görmüşəm.
Zəhra xala dedi:
- Oğlum, Qorzilla məni oğurlayandan sonra, qiyafəmə girib özü kəndbəkənd gəzib çəkmə satır. Biz isə onun üçün burda ayaqqabı tikirik. Yəqin eşitmiş olarsan, sizin kənddə məşhur çəkməçilər ailəsi var idi?!
Vaqif dedi:
-Eşitmişəm, ancaq deyirlər, onlar harasa köçüblər.
Zəhra xala kənarda dayanıb kədərli baxışlarla onları izləyən adamları göstərib dedi:
-Köçməyiblər, oğlum, onları da Qorzilla oğurlayıb. Bütün ailə burdadır. Artıq on ildir ki, onlar da Qorzilla üçün işləyirlər.
Zəhra xala tikdikləri ayaqqabıları Vaqifə göstərdi. Eyni ilə kənddə satılan çəkmələrdən idilər.
Zəhra xala dedi:
-Bax, burda gördüyün çəkmələri sabah Qorzilla aparıb mənim qiyafəmdə satacaq. O bədheybət bizi bütün günü işlədir. Yeməyə də qara çörəkdən başqa heç nə vermir.
Vaqif bir adamlara baxdı, bir də çəkmələrə, kəmərindən tütəyi çıxarıb dedi:
-Narahat olmayın, mən sizi xilas edəcəm!
Əlini tütəyə çəkib dedi:
-Tütək, Qorzillanı yox elə, bizi də azad et!
Tütək bərkdən züyüldədi, sonra gərginliklə titrədi, birdən necə qızdısa, az qaldı tüstüləsin. Vaqif qorxub onu əlindən buraxdı. Tütək o tərəfə, bu tərəfə uçdu, sonra Vaqifin qabağında havadan asılı dayanıb dedi:
-Ey Vaqif, mənim gücüm Qorzillanın tilsimini qırmağa çatmadı.
Vaqif məyus oldu. Ümidsiz halda soruşdu:
-Demək, biz buradan xilas ola bilməyəcəyik?!
Tütək dedi:
-Bircə yol var.
Vaqifin gözlərinə işıq gəldi.
-Hansı yol?
Tütək dedi:
-Gərək gözləyək, Qorzilla gəlsin. Elə etməlisən ki, o, məni götürüb bir hava çalsın. Ancaq belə mən onun sehrini qıra bilərəm...
Bir azdan Qorzilla gəldi. Vaqif tez tütəyi götürüb, həzin bir hava çaldı. Qorzilla musiqidən xoşlanıb dedi:
-Deyəsən, tütəyi düzəltmisən?
Vaqif dedi:
-Düzəltmişəm, istəyirsiz yoxlayın?!
Qorzilla tütəyi ağzına alıb püflədi. Tütəkdən səs çıxmadı. Bir də püfləmək istəyəndə birdən tütək onun ağzına girməyə başladı.
- Ay boğuldum, ay boğuldum, - deyə, Qorzilla nərildədi. Özünü ora-bura vurdu. Tütək isə onun boğazından keçib mədəsinə girdi. Qorzillanın daxilindən tütəyin səsi gəldi. Tütək mahnı çalırdı. Səs getdikcə güclənirdi. Səs artdıqca Qorzilla da şişirdi.
Qorzilla şişdi, şişdi və birdən necə partladısa, hər tikəsi bir tərəfə düşdü. Onun magiya ilə qurduğu məkan əriyib yox oldu. Adamlar gördülər ki, meşədə qoşa palıd ağacının yanındadırlar. Sevinc hissi ilə Vaqifi qucaqlayıb alqışladılar. Cadugərin əsarətindən xilas olmuşdular. Vaqif baxdı ki, tütəyin yanmış hissələri yerə səpələnib. Onları toplayıb qoşa palıdın dibində basdırdı. Azad olmuş adamlar meşədən çıxmağa yol axtarırdılar ki, qara qarğa uçub gəldi. Onlara yolu göstərdi. Gəlib kəndə çatdılar. Çəkməçilər ailəsi yiyəsiz qalmış evlərinə getdi. Zəhra xala da onlara qoşuldu.
Vaqif isə öz evlərinə yollandı. Burda da nağıl bitdi.