Uzaq yetmişinci illərdə, ən azı 40-45 il bundan əvvəl, ən çoxu 25-30 yaşlarımda yazdığım bu şeirlər, əslində, mənim 1970-ci ildə çıxan "Bir yağışlı nəğmə" adlı ilk şeir kitabımla 1987-ci ildə çap olunan "Göy üzü daş saxlamaz" adlı ikinci kitabımın arasındakı on yeddi illik fasilədə işıq üzü görə bilməyən "itmiş kitabım"ın şeirlərindəndi.
HİRSLİ ADAM
Bu adamı dindirməyin, hirslidi;
Qapısına əzazil it bağlanan
ev kimi hirsli.
Cırtdana aldanan
div kimi hirsli.
Bir sarışın gözəlin
ipək saçları da
yumşaltmaz onu.
Hirslidi -
dişləri qırılmış
daraq kimi hirsli.
Məclisin şirin yerində
qəfil sönüb qaralmış.
çıraq kimi hirsli.
Hirsindən gözləri görmür dörd yanı,
Ağzı kilidlənib bığının altda.
Gecə də, gündüz də qaradır qanı,
Ona yaxın düşmür ağcaqanad da.
Hirsi ağrı kimi gəzir canında,
Hirslidi -
yaralı ov kimi hirsli.
Uduzulan oyunun son anında
Qapı dirəyinə dəyən
top kimi hirsli.
Küsdürüb özündən bütün dostları,
sevmir özünü də, özgəsini də.
Bəlkə də, çəkdiyi papirosların
xatirinə alır nəfəsini də.
Bağlanıb üzünə
bütün qapılar...
Yox, hələ açıqdı ümid qapısı.
Hələ ki, çəkməyə papirosu var,
Təki yandırmağa kibrit tapılsın...
1971
ƏLLƏRİMİN YUVASI
Əllərimin yuvasıdı ciblərim;
əllərim quş kimi dənləyir hər gün
cibimdəki pulları.
Cibimdə sən deyən pulum da yoxdu,
Əllərim yarıac-yarıtoxdu.
Qəpik-quruşla
başını aldadır hələ əllərim.
Qorxuram bu gedişlə
axırda acından ölə əllərim.
Atalar deyib ki, "Pul əl çirkidi".
Axı hansı ata deyib bu sözü?
Əli dirsəyəcən pula batanmı?
Yastığının altına
pulları qat-qat düzüb
şirin-şirin yatanmı?
Kim deyib? Kim?!
Mənim tərtəmizdi əllərim, atam.
Bircə qəpiksizdi əllərim, atam...
Axı bu əllərlə neyləyə billəm?
Nə bir saqqız alıb çeynəyə billəm,
nə bir gül-
bir qıza bağışlamağa.
Bu əllər bir şeyə yarıyar ancaq;
yaxşı çəpik çalıb alqışlamağa.
Mənsiz də, -
nə çoxdu çəpik çalanlar...
Yatın ciblərimdə, yatın, əllərim.
Şirin yuxulara batın, əllərim.
Yuxuda görün ki,
göydən pul yağır,
Yağır şax yüzlüklər göydən dən kimi.
Dənləyin o pulları
quşlar dənləyən kimi.
Doyun o pullardan, doyun, əllərim.
Öpüb göz üstünə qoyun, əllərim.
Qəflətən səksənib
qalxın yuxudan;
O pullar nə oldu, nə oldu, atam?!
... Şirin yuxulara aldanmaz adam,
Gedin, əlinizi yuyun, əllərim...
1972
QARIŞQA ÖMRÜ
Yaşamaq, doğrudan, çox gözəl işdi,
Bir az pulun olsun, bir az imkanın.
Dörd yanın şıdırğı alış-verişdi;
Arzu bazarıdı, ümid dükanı.
Dolan bu bazarı, atam balası,
Simiclik eləmə qəpik-quruşa.
Lənkəran limonu, Şəki halvası...
Turşu şirinə qat, şirini turşa.
Hələ o şütüyən maşınlara bax,
Baxıb için-için bir az yan hələ.
Sənə də bir maşın yetirər Allah,
Bir az səbrini bas, cavansan hələ.
Hələ ki bu metro düşüb baxtına,
Axına qarışıb sən də axarsan.
Girib “Baksovet”də yerin altına,
Montində xortdayıb yerdən çıxarsan.
Belə yaşayarsan ömrünü hər gün,
Axı kim deyir ki, sən pis gündəsən?..
Qarışqa ömrüdü hələ ki ömrün,
Yerin gah altında, gah üstündəsən.
Darıxma, qarışqam, az qalıb yaza,
səni sevindirər bu gələn bahar.
Atlı qarışqasan, bəlkə... haçansa
hələ qanadlanıb uçmağın da var.
Mən də qarışqayam, qadası, mən də,
Bunu yazdım sənə mən öz adımdan.
Yəqin bu yerlərdən uçub gedəndə
Mənə əl eləmək çıxmaz yadından...
1973
MƏNİ SAYMAYANLAR
Mənim bu dünyada xoşbəxt olmağa
görən haqqım varmı?
Yəqin ki, yoxdu.
Bir gün bu dünyadan qaçıb uzağa,
deyərəm: ilahi, dünyan soyuqdu.
Deyərəm: ilahi, bu necə işdi,
tüpür günəşə də, tüpür aya da.
Ya sən bu dünyanı tamam dəyişdir,
ya özgə gözlə bax bu dünyaya da.
Bir az yağışdan kəs, bir az buluddan,
qoy bu köhnə evin damı dammasın.
Bir az sevincdən kəs, bir az ümiddən,
qarışdır dərdimə, - havalanmasın.
Özün ki həmişə göydən baxırsan,
Mən axı kiməm ki, səni aldadam.
Kefim saz olanda -
yaddan çıxırsan,
Kefim pis olanda -
düşürsən yada.
İndi ha söz qoşum aya, ulduza,
Ha deyim, bu gecə gözəl gecədi.
Bu gecə mən sənə üz tutmuşamsa,
Özün bilirsən ki, kefim necədi.
Nə çoxdu kefimə soğan doğrayan,
Kefimdən xörəkmi bişirəcəklər?
Mən axı nə şaham, nə şah oğluyam,
Məni hansı taxtdan düşürəcəklər?!
Məni saymayanı mən də saymadım,
Artdı gündən-günə saymadıqlarım.
Sən mənim başıma ağıl qoymadın,
Onların başına ağıl qoy barı.
Məni saymayanlar axmaqdı, axmaq,
Onlar nə bilir ki, axı kiməm mən?
Məni saymayanlar bir vaxt sayacaq,
Onda görəcəklər; bir yox, minəm mən!..
1971
ŞAİRLƏR MƏCLİSİNDƏ
Səninkidi bu məclis;
hamı qusunca yeyir.
Daraşıb canına səssiz-səmirsiz,
səni rahat-rahat, asanca yeyir.
Hansı sözünəsə dilləri yatmır,
ağız büzürlər.
Hansı sözünəsə dişləri batmır,
səndən küsürlər.
Yenə küsə-küsə yeyirlər səni,
Ağız büzə-büzə yeyirlər səni…
…Səni yeyənlərin bu məclisində
sən özün də öz içini yeyirsən.
Öz qəmini, sevincini,
öz gücünü yeyirsən.
Ruhun göyə uça bilmir,
daha göydən düşürsən.
Daha sözün heydən düşür,
özün heydən düşürsən.
Darıxma, döz, -
axırına çıxacaqlar bir azdan.
Səni yeyib
üstündən su içəcəklər
Sonra -
ağızlarının qanını yuyacaqlar,
Qəbrin üstə gül qoyub
hamısı bir ağızdan
mahnı oxuyacaqlar;
"Əziziyəm, qanlı gül,
Qanlı danış, qanlı gül,
Yeyib bülbül bağrını,
Çıxıb ağzıqanlı gül…"
1971
ALTINCI KALONDA "NƏSİMİ GÜNÜ"
Bu dünyadan qan içində, dərisi soyulmuş gedən böyük şairimiz Nəsiminin bu dünyaya gəlişinin 600 illiyi münasibətilə yetmişinci illərin əvvəlində Azərbaycan sovet respublikasının hər yerində yubiley tədbirləri keçirilirdi; klublarda, məktəblərdə, zavodlarda, fabriklərdə, hətta həbsxanalarda da. Belə tədbirlərdən birində mən də iştirak eləmişdim, bu şeiri də o tədbirdən sonra yazmışdım...
Altıncı kalonda "Nəsimi günü",
Əbülfət oxuyur muğamı pəsdən.
Zal da kı doludu ağzına kimi,
Dustaqlar əyləşib bu zal qəfəsdə.
Baxır neçə-neçə dustaq gözləri;
Baxır dustaqların
bu qəmli səsdən
Bir azca nəm çəkmiş, islaq gözləri.
Divarlar şüarla bəzənib tamam:
"Unutma, yolunu gözləyir anan!".
Ya "körpən"... Nə fərqi, gözləyənin var,
Baxır, göz-göz olub baxır divarlar.
Bax, bu ana şəkli, bu körpə şəkli,
Bu da, Nəsiminin yepyekə şəkli.
Şair mat-mat baxır
bu adamlara,
Bu cibkəsənlərə, evyaranlara.
Bu nəmli gözləri görəndə çaşır;
nə qədər dostu var gör bu salonda.
Hələb meydanında, atam, qardaşım,
ağlayan vardımı sən soyulanda?!
Eh, nəyə lazımdı bu boş suallar?
Gör neçə vaxt keçib... dəyişib zaman.
İndi burda səni elə soyarlar,
Ruhun da inciməz, Nəsimi babam.
Çox dedin: "Haqq mənəm! Haqq məndədir!"... Sus!
Dinmə, "haqq məndədir" demə, yazıqsan.
Yoxsa bu dəqiqə üstünə cumub
Səndən haqq istəyər bu qədər insan.
Serjantı, mayoru, dustağı belə,
Açılar hamının iştahı belə.
Deyərlər: nəyin var, qoy bu boşqaba,
Serjanta, mayora, bir də "obşak"a...
Soyarlar -
sonuncu qəpiyinəcən,
Soyarlar -
ət nədi, sümüyünəcən.
...Deyəsən, səksəndi şəklin divarda,
Titrədi, tərpəndi şəklin divarda.
Demə, bizim burda nə işimiz var?!
Sənin axşamındı bu gözəl axşam,
Səni bu divarda mıxdan asıblar,
Mən öz ayağımla gəlib çıxmışam.
Bir şeir oxuyub, çıxıb gedirəm,
Bağışla, qanını bir az qaraltdım.
Şəklinə son dəfə baxıb gedirəm,
Yanında yer saxla... bəlkə, qayıtdım...
1973
KÖHNƏ QORXULAR
Köhnə qoxular kimi
Köhnə qorxular da
candan heç cür çıxmaz ki, çıxmaz.
Nə sabunla,
nə şampunla yuyular.
Qəflətən hansısa məclisdə, yasda
çirkli corab qoxusutək
açıq-aşkar duyular,
vurar yanındakı adamları da.
Tamada sağlığı saxlar yarımçıq,
molla yasinini kəsər yarıda.
Bəlkə, bu dünyada ən mundar qoxu
sənin canındakı qorxudu, qorxu.
Özün də bilmirsən,
bu nə qorxudu?!
Səni ilan kimi qəfildən çalan
bəlkə də atandan, babandan qalan
bir sırtıq, qartımış, köhnə qorxudu.
Yazdığın hər şerə baxar gözləri,
baxdıqca qaşını çatar o qorxu.
Varaqda at kimi çapan sözlərin
tez-tez cilovunu dartar o qorxu.
Dayan, elə yazma, belə yaz, deyər,
cavansan, özünü salma cəncələ.
O misranı dəyiş, bu misranı at,
O sözü poz, deyər, bu sözü yumşalt!..
...Axırda yazdığın nəyə bənzəyər;
bir az əriştəyə, bir az xəngələ.
Hərdən allı-güllü yaz havasında,
Aşıqlar oxuyar saz havasında...
...Köhnə qorxularla bacarmaq çətin,-
hamının canına hopubsa əgər.
Qorxaq şairləri bu məmləkətin
bu qədər şan-şöhrət tapıbsa əgər.
Bəs sən qurd ürəyi yemisən, nəsən?!
Heç nədən özünə iş çıxarırsan?
Bu dişsiz şairlər arasında sən
Bu körpə yaşında diş çıxarırsan?!
Nəyinə lazımdı bu kirpi təki
hər sözü göz deşən biz-biz şeirlər?
Südəmər vaxtındı sənin hələki,
Axsın qələmindən varağa hər gün
ana südü kimi təmiz şeirlər.
Misralar yayılsın varaq yamaca,
sözlər quzu kimi versin baş-başa,
Sən də bala-bala tütəyini çal,
şairim, çobanım, yaşa, min yaşa!..
1977
ROMAN
Hər ömür romandı; uzun, ya qısa,-
şirin sevgiləri, acı səhvləri.
Sənin yaşadığın bu romanınsa
nə çoxdu cırılan səhifələri.
Burda uc-ucadı doğruyla yalan,
Bəlkə, bu romanı yazan naşıdı?
Bu ağ varaqlarda ləkəsi qalan
Ya dodaq boyası, ya göz yaşıdı.
Çox da varaqlama bu romanı sən,
Qəflətən səksənmək təhlükəsi var.
Hansı varaqdasa bir də görərsən,
Hələ qurumayan qan ləkəsi var.
Bu kimin qanıdı? Bu nə qandı? Nə?!
Kimin qatilisən? Kimin cəlladı?
Batır barmağını, bir vur dilinə,
Gör tanış gəlirmi bu qanın dadı.
Dadı yox, tamı yox, bu necə qandı?
Hardan bu varağa sızılıb bu qan?..
Bir yox, sənin ömrün iki romandı;
Biri tanrı yazan,
biri sən yazan.
Tanrının yazdığı bu deyildi ki...
Bir dön ömrünə bax; otuz ildi ki,
Tanrının yazdığı o romanı sən
Korlaya-korlaya ömür sürürsən.
Bir bax o səhvlərə, yalnışlıqlara,
Gör necə calanıb biri-birinə.
Neçə dostluqlara, tanışlıqlara
Sən nöqtə qoymusan vergül yerinə.
Gör necə qoşmusan sən bu romanda
doğma feilləri yad isimlərə.
Böyük sevgilərin keçib yanından
uymusan yalançı təbəssümlərə...
...Nə deyir uzaqda səslənən əzan?
Deyir, indən belə bu giley nədi?
İstər Tanrı yazan, istər sən yazan,
Hər iki romanın sonu eynidi, -
amma sona gedən yolları başqa.
Öləndə Tanrıya üzünü tut, de:
- Ey böyük romançı, məni bağışla!..
1977
İTMƏK ÇOX ASANDI BU QARIŞIQDA
İstər qaranlıqda, istər işıqda,
İtmək çox asandı bu qarışıqda.
Elə neçə-neçə dost məclisində
dostlara qarışıb itmək də olar.
Şəninə deyilən o sağlıqlara,
tostlara qarışıb itmək də olar.
Sən də şirin-şirin sağlıq deyərsən,
bərbəzək vurarsan sözünə sən də.
Bir də görərsən ki, özün deyilsən,
baxıb mat qalarsan özünə sən də.
Deyərsən: "Ay mənim özüm, hardasan?
Bəzəksiz-düüzəksiz sözüm, hardasan?!.."
Harda tapacaqsan özünü, harda?
Hansı kafelərdə, çayxanalarda?
Hansı xanımların yataqlarında?
Hansı kitabların varaqlarında?
Bir uzaq Rusiya meşəsindəmi?
Ya da ki, bir araq şüşəsindəmi?
Özün olacaqmı tapdığın hələ?
Hamının əlindən qapdığın hələ?..
Nəsə qoparacaq səndən hər biri,
Səndən hər birinə nəsə qalacaq.
Kiminə dediyin ən gizli sirrin,
Kiminə ən şirin sözün qalacaq.
Kiminə öpüşlərin,
kiminə söyüşlərin,
kiminə pulun qalacaq.
Daha indən belə özün olmağa
nə gücün, nə də ki, halın qalacaq.
Yox, dəymə heç nəyə, qoy belə getsin,
Əl vurma bu ömrün axarına sən.
Gün-günə calansın, il-ilə yetsin,
Gedib çıx bu ömrün axırına sən.
Demə ki, bu ömür yaddı, özgədi,
Səni pis göstərən əyri güzgüdü.
Nə öz ömründən küs, nə öz adından,
Bu ömrə dözdünsə, demək qoçaqsan.
Qorxma, bu yad ömrün son saatında
Ölən özgəsi yox, sən olacaqsan...
1976
KİNO
Mənə də yer verin... ən son sırada...
Mən də bu kinonu görüm, nə olar.
Görüm, nəyə gülür bu qədər adam?
Mən də hamı kimi gülüm, nə olar.
Hava da soyuqdu... kefim də yoxdu...
Canım qoy bu zalda qızınsın bir az.
Kino da köhnədi... lent də qırıqdı...
Qırıla-qırıla uzansın bir az.
Bir küncdə səssizcə oturub baxım,
Baxdıqca açılsın qoy qaşqabağım.
İlahi, bu kino necə tanışdı,
Bu filmi deyəsən görmüşəm axı.
Ekranda görünən sifətlər tanış,
Öpüşlər, gülüşlər, söhbətlər tanış.
O kimdi? Ekiztək mənə oxşayan?
Mən onun özüyəm? Ya qardaşıyam?
Bu kinoya necə çəkiblər məni?
Deyəsən, gizlicə çəkiblər məni.
Yox, tək mən deyiləm... demə bu zalda
Hamı mən gündəymiş, hamı mən halda.
Hamı otursa da burda yan-yana,
Hər kəs öz filminə baxırmış demə.
Hər kəs bu ekranda öz həyatına,
Hər kəs öz ömrünə baxırmış demə.
Mənsə, baxa-baxa yatdım, yuxladım,
Heyif, öz filmimi görmədim... heyif!
Filmin ortasından xəbər tutmadım,
Axırı nə oldu? Bilmədim... heyif!..
1973