İLK ROL
Artist oldum.Oynadım
Cıxaraq ilk rolda mən.
İlk dəfə qazandım haqq,
Coxlu güldüm ürəkdən.
Qəh-qəh çəkdim doyunca,-
Bəli, belədir, səhnə!-
Bilirdim ki, həyatda
Yasaqdir gülmək mənə!..
UZAQLARDAN
Dunay sahilində bir daxmacıq var
O mənə babamdan qalmış yadigar,
Gecələr yuxuda görüb onu mən,
Qanlı yaş tökürəm kirpiklərimdən!
İstərdim mən onu yaşayım hər an,
Xəyallar ayırdı doğma yuvamdan,
Xəyalda bir qartal qanadı vardır...
Daxma da, anam da uzaqlardadır!
Mən öpdüm anamı ayrılan zaman,
Yazığın alovlar qalxdı başından.
Bilirəm, o vaxtdan bilirəm bunu,
Yaş da söndürmədi dərdin odunu.
Əsla buraxmazdı bilirəm məni,
Edərdi əlindən anam gələni.
Özüm də getməzdim,getməzdim əlbət,
Bilsəydim gözləyir məni fəlakət!
Olub sehirli bağ, bir dan ulduzu
Bu həyat çağırır, aldadır bizi.
Sonralar bilirsən,-taleyə bir bax,-
Bu həyat, bir vəhşi meşəymiş ancaq!
Ümid işığıyla gülürdü üzüm...
Qoy bundan heç söhbət açmayım özüm..
Etdimsə həyatda mən çox səyahət,
Daim tikanlardan çəkdim əziyyət.
Tələsin, a dostlar, tələsin yenə,
Siz gedin o doğma, gözəl vətənə!
Gedin, yadınızdan çıxmasın daxmam,
Anama baş çəkin, söyləyin salam.
Ona söyləyin ki: ağlama, artıq
Oğluna gülmüşdür bir bəxtiyarlıq...
...Ah, yazıq bilsə ki, başımda nə var,
Dözməyib bir anda ürəyi çatlar!
1843.
ŞAİR OLMAQ, YA OLMAMAQ
Bir sabahkı şair tək, sən ey doğulduğum an,
Lənətlər olsun sənə.
Lənətlər o günə ki, ilk dəfə göz açıb mən
Baxdım dünya üzünə!
Lənətlər şeir, sənə!
Hörümçək toru kimi
Ovlayırsan bizi sən,
Sorursan qanımızı düşənədək taqətdən.
Hörümçək! Zəhərləyib sorma mənim qanımı
Olmuş sənin adətin,
Torun möhkəm olsa da, parçalamaq onu bil,
Deyildir əsla çətin!
Cıracağam onu mən,-
O tor qəlbimdə olsa
Qəlbimlə bir ataram çıxarıb öz sinəmdən!
Sən ey cəllad hörümçək, isti qanımla səni
Bəsləmərəm daha mən,
İçdiyin qandan ötrü hansı mükafatları
Görmüşəm söylə səndən?
Böyük ad-san şöhrətmi?.. Şairin gözlərini
Kor eləyir, o ancaq,
O mükafat özü də bilmirəm mənə qismət
Olacaq olmayacaq...
Adilik, gözəlsən sən, üzəcəyəm səninlə!
Bulansan da sən bir az,-
Bu sakit axarının qabağında nə qaya,
Nə də bir əngəl olmaz!
Səadətin qoynunda olmasam da mən bir an,
Görməsəm də mən şöhrət,
Ancaq sakit olaram,-
Elə bunun özü də deyildirmi səadət?
Bəs sonra necə olsun? Daim susum mən demək?
Bacarmaram mən bunu!
Həyat-arfa kimidir. İstəmirəm yox, əsla
Vermərəm əldən onu.
Sevincimi susmağa inan,məcbur etmərəm,
Qoy, dilənsin qəm, kədər!
Külək qopduğu zaman
Söylə, coşğun dənizlər sakit olurlar məgər?
Yox, səni tərk etmərəm, yox, etmərəm ey şeir,
Mənimləsən sən hər an!
Bəsləyərək mən səni, əzab dolu sinəmdən
Verəcəyəm yenə qan.
Ud məni, gəmir məni,
Etməyirəm təəssüf. Güdməyirəm şöhrət, ad,
Nə qədər nəfəsim var, unutmaram heç zaman
Mən şeiri, nəğməni.
QUŞLAR
Quşlar uçmaq istəyirlər-
Qış düşəcək,
Keçir zaman.
(Yazda geri dönəcəklər, mən bilirəm onlar yenə.)
Quşlar uçur, hey uçurlar... Bir şey çıxmır heç yadından,
Bəli, ancaq o bircə şey,
Sən quşlara baxırsan hey
Onlar orda, lap sərhəddə,-
Göy çəməndə sular təmiz-
Yaşayırlar gecə-gündüz.
Amma həyat,
Quşlardan da iti uçur, axır, gedir,
Neyləmək ki, o quş deyil, bir də geri dönmür heyhat!
ÜRƏK
Qəlbimi çıxarıb atacağam mən,
Cünki o bezmişdir işgəncələrdən.
Mən gərək basdıram onu torpağa,
Göyərsin bir ağac qalxsın ayağa,-
Bir dəfnə ağacı... Döyüşdə əgər
Azadlıq uğrunda qazansa zəfər,
Orda kim vuruşsa bir qəhrəman tək,
Qoy, onun başına olsun o cələng!
QANLI GÜNLƏR HAQDA DÜŞÜNÜRƏM MƏN
Qanlı günlər haqda düşünürəm mən:
Onlar məhv edəcək dünyada nə var...
Bilirəm o köhnə xərabələrdən
Bir aləm güləcək-azad, bəxtiyar...
Of, hanı ucalsın şeypurun səsi,
Titrətsin dünyanı qoy gurultular,
Şeypurlar, döyüşün ilk nişanəsi
Səslənin! Ürəyim tutmayır qərar.
Elə bil uçuram bir həyəcanla,
Altımda həmdəmim, o köhlən atım,
İgidlər oynayır yenə də qanla,
Uçuram... Ordadır ömrüm, həyatım.
Əgər mən sinəmdən alarsam yara,
Bağlayan tapılar yaramı əlbət.
Dərdimə kim yansa axtarar çara,
Mənə bəxş edərək sevgi, məhəbbət...
Yaxud əsir olub zindana düşsəm,
Var yenə dərdimi çəkən bir dilbər.
Gəlib, oz eşqilə o gözəl sənəm
Zülməti ulduz tək çırağban edər!
Yox, əgər ölərsəm döyüşlərdə mən,
Tufanlar didərsə uyazıq canımı,
Tapılar bir insan yanıb dərindən
İnci göz yaşıyla yuyar qanımı.
MƏHƏBBƏT VƏ AZADLIQ
Məhəbbət və azadlıq-
De, nə var bundan artıq!
Məhəbbətçin ölümə
İnanın,gedərəm mən,
Azadlıqçın, hər zaman
Keçərəm məhəbbətimdən!
MƏN MACARAM
Mən macaram! Hanı elə bir torpaq,
Mənim vətənimlə dursun yanaşı?
Qalın buludların sinəsində bax,
Dayanmış vüqarla dağların başı.
Nələr bəxş etməmiş ona təbiət?-
Üfüqsüz bir dünya, gözəl bir aləm.
Hesaba gəlməyir ondakı nemət,
Küləklər olmuşdur çöllərə həmdəm...
Mən macaram! Sərtdir hər bir adətim,
Bizim nəğmələr də olmuşdur belə.
Getdi hər sevincim, bitdi söhbətim,
Nə divan tutmuşdur düşmənlər elə!
Göz yaşı tökməkdən yorulmuşam mən,
Gülüş bir qonaqdır dodaqlarımda.
Qəmlər getmədikcə ürəyimizdən,
Əsla gülməyəcək dodaqlarım da.
Mən macaram! Keçən günlərə bir bax,
Nə məğrur dayanmış ah, Macarıstan!
Dənizlər dalından göyə qalxaraq,
Hər qaya oxuyur şanlı bir dastan.
Avropa titrədi hər sözümüzdən,
Arxa cərgələrdə tutmadıq qərar.
Qorxdu süngümüzdən, o qorxdu bizdən,
Necə ildırımdan qorxar uşaqlar.
Mən macaram! İndi nədir o torpaq?
Böyük bir keçmişin yazıq kölgəsi.
Ona yaraşmayır aşkara çıxmaq,
O qaçır, gizlənir görsə hər kəsi.
Biz indi gedirik dəyərək yerə,
Sınmışdır macarın məğrur vüqarı.
Doğma qardaşlar da bizimkilərə,
Bu gün geyindirdi təhqir paltarı.
Mən macaram! Bu ad ar gəlir mənə
Xəcalət üzümü yandırır eyvah!
Üfüqlər gülürkən insan ömrünə,
Bizim ömrümüzdən uzaqdır sabah.
Bədbəxt zamanların bədbəxt həmdəmi,
Mən yenə ürəkdən bağlıyam sana.
Mənə vəd edirlər bütün aləmi,
Dünya bir yanadır, sən də bir yana!