Əlizadə NURİ
NƏ YAXŞI, DURMADIM SÖZÜMÜN ÜSTƏ...
(Şeirlər)
QOCA BALIQÇI
Sahildə torunu unudub qoca...
Bəlkə su pərisi çağırıb onu,
Bəlkə də bu qoca su pərisini,
Haçansa sevdiyi qıza oxşadıb,
Girib dalğalarla qol-boyun olub...
Görən hara gedib qoca balıqçı,
Ah, bəlkə toruna balıq əvəzi,
Dənizdə boğulmuş bir gözəl qızın,
Nişan üzüyüymüş düşüb bu dəfə?
Sıxıb o üzüyü göz yaşlarına,
Bəlkə havalanıb qaçıbdı qoca?!
Qocadan nigaran qalan balıqlar,
Gəlib tora girib öz istəyiylə,
Qoca balıqçının xəbəri yoxdur...
Dəniz də nigaran dalğalanır hey,
Sanki yaxasını cırıb ağlayır,
Toru yetim qalmış o qoca üçün...
...Qocadan sahildə bu tor qalıbdı.
Bir də qum üstündə qaloş izləri...
Adını çəkdim, ilahi!..
Nə yaxşı ki, nəfəs verdin,
Otunun, çiçəyinin dadını çəkdim, Allah
Nə yaxşı, dil verdin mənə, -
Adını çəkdim, Allah!
OLDUM
Çox yaşadım sanki ilin-
On üçüncü ayı oldum.
Sevinc üstə dava düşdü,
Mən də qəmin payı oldum.
Əzdi məni əzizlərim,
İçim, çölüm əl izləri...
Sən üzdüyün dənizləri,
Qoruyan qağayı oldum...
Tamah salma cır almaya,
Ətək axtar, - cırılmayan.
...Qəm yükündən cırıldayan,
Bir köhnə çarpayı oldum...
Kədər məni kəm böyütdü,
Həm böyüdü, həm böyütdü.
Sən ana ola bilmədin,-
Bacım, sən bir qəm böyütdün,
Mən o qəmə dayı oldum...
DARIXAN EV
Bu evdə hər şeydə kədər,
Bu evdə təkcə divardan asılan
Köhnə şəkillər gülümsər,
tək
Divardan asılan
Köhnə şəkillər xoşbəxt...
... kədər
Bu evə elə sarmaşıb
Pəncərədən içəri boylanan
Sarmaşıq da,
Çilçıraqdakı işıq da darıxır bu evdə...
Bu evdə
hər şey qatma-qarışıq.
hər şey itirib öz adını
Çaşıb güldandakı süni gülə su tökür
Bu evin başını itirmiş qadını...
...beşikdəki körpə də darıxır, beşiyi də
Belinə sığal çəkən yox idi, -
Bu küskün adamlardan küsüb getdi
Bu evin pişiyi də...
...çiçək girsə solar,
Günəş girsə üşüyər,
Bu evlərin, bu damların içində
Adam evdə darıxar, -
İşə bax, bu ev darıxır
Adamların içində...
...Sərçələrin ümidinə qalıb
Sərçələr civiltisiylə
Səhər-axşam başını qatır bu evin...
...Özü soyuqdan büzüşüb
Ancaq məni yaxır bu ev...
Bulud kimi dolmaq nədi?-
Yağış kimi yağır bu ev...
Sanki kimisə gözləyirmiş kimi
Hər gün əlini gözünün üstünə qoyub
Uzaqlara baxır bu ev...
...Darıxır, lələ, darıxır
Bir isti əlçün darıxır.
Ay Allah, elə darıxır,
Ya dəli olacaq, ya şair bu ev...
YAXŞI KI, DURMADIM SÖZÜMÜN ÜSTƏ
Bu kədər deyəsən yorulub bir az,-
Qoy, qoysun başını dizimin üstə.
Yeridin, izini gözümə yığdım,-
Qorxdum ki, iz düşə izinin üstə...
Tale bəd gələndə xoş olasan sən,
Görüşə çağırsam, boş olasan sən...
Gözümün üstündə qaş olasan sən,-
Mən səni saxlayam gözümün üstə.
Özümlə danışdım, - dinlədim səni,
Gözümdə yaş oldun,-silmədim səni...
Nə yaxşı, unuda bilmədim səni,-
Nə yaxşı, durmadım sözümün üstə...
GÖZLƏDIM, AXŞAM OLMADI...
Çıraq oldum, işığımı
Salmağa bir dam olmadı.
Çoxu mənə "oğul" dedi,
Heç biri anam olmadı.
Dost əlində güllə tutdum,
Gülləsini gülə tutdum...
Əcəli çox dilə tutdum,-
Zalım oğlu xam olmadı...
Bu ömrü kim qəmə çəkdi?,
Qəm üstümə Qəmə çəkdi...
...Sevinc axşam gələcəkdi,
Gözlədim, axşam olmadı...
Yüz il yaşasan belə,
ömür yarımÇıq qalır...
Yarımçıq sevgilərlə doludu bu yer üzü,
Yüz il yaşasan belə, ömür yarımçıq qalır.
Gözlərini yumsa da, adamlar bu dünyaya
Yenə baxa-baxa gedir, gözləri açıq qalır...
Bu ürək də tam deyil, - vətən kimi bölünüb,
Biri o tayda qalıb, biri bu tayda qalıb.
Sevinc dolu bir ömür heç kəsə qismət olmur,
Neyləyəsən, tanrıdan belə bir qayda qalıb.
MƏKTUB
Son nəfəsdə olan ananın dilindən
Ağ telimi yandırım,
Mən bir ağ lələk kimi.
Oğul, daş olsan da gəl,
Yumşalım ipək kimi...
Ahım gəlib əritsin,-
Yolun qarla doludu?
Qolumu uzadım, gəl-
Qolum qatar yoludu...
...Şəkil də göndərmədin,
Bəlkə düzəldi qəddim.
Bəlkə sənin şəklindən,
Mən bir oğul düzəltdim!
Oğul, son nəfəsdəyəm,
Tez gəl, səni qucum, gəl.
Özgə reys ilə gəlmə,
Ürəyimə uçub gəl...
Özümdən qorxmuram ki,
Məni yadlar ağlayar.
Tabutuma girməsən
Axı, çiynin ağrıyar!
...Ağ telimi yandırım,
Mən bir ağ lələk kimi.
Oğul, daş olsan da gəl,
Yumşalım ipək kimi...
BIR QURTUM SU VERIN
Bir ovuc su verin
Bu günah üçün,
Bir ovuc su verin yusun əlini
Bir ovuc su verin
O günəş üçün
Çırpsın üz-gözünə,
Soyusun günəş.
...o quşlar
Tanrının yanına uçur,-
Bir ovuc su verin
Atım dalınca...
...bir qurtum su verin
Bu xəstə üçün
Qoy rahat oxusun son duasını,-
Su verin
Tanrıyla danışa bilsin...
ÖZÜNÜ ASMAĞA İP TAPA BİLMƏZ
Uduzub oyundan çıxar astaca, -
Baş açmaz dünyanın qumarından o.
Tanıyar hər qəmi ilk təmasdaca,
Tanıyar hər qəmi tumarından o...
Dili kəsilsə də, dillənib gedər,
Tək göyə əl açar, -- "dillənib" gedər...
Yolun yoxuşuna dirənib gedər,
Yıxılar bu yolun hamarında o...
Dostu öz qəmidi, özü kimdi bəs, -
Quru bir budaqda solğun bir nəfəs...
Özünü asmağa ip tapa bilməz, -
Asar ürəyinin damarından o...
YAĞIŞ
Yağışa açdım əlimi,
Əlim göyərdi, ay ana.
Bu yağışa şeir qoşdum,-
Dilim göyərdi, ay ana.
Niyə belə ağdı yağış,
Bir kövrək uşaqdı yağış...
Mən yananda yağdı yağış –
Külüm göyərdi, ay ana.
Bu qəm mənə amanatdı, -
Saxladıqca yaman artdı...
Mən torpağa ömür atdım, -
Ölüm göyərdi, ay ana.
VƏTƏN
Cənablar!
Bir azca əl saxlayın,-
Satıb qurtarmayın bu torpaqları
Bir parça yer saxlayın,
əl basıb and içmək üçün...
ÖZÜNÜ YANDIRAN UŞAQ
İlahi, bir anlığa bu dünyanı unut, burax bu dünyanı,
Bütün diqqətini xəstə yatan bu uşağa yönəlt...
Xəstə yatan uşağa bax,
Allah, zülümnən oynayır.
Oyuncağı düşüb yerə,
Uşaq ölümnən oynayır...
Mən bu qəmi lal çəkirəm,
Gözlərimlə yol çəkirəm...
Saçına sığal çəkirəm,-
Tutub əlimnən oynayır...
Dinsəm, sözümü yandırır,
Bu su gözümü yandırır...
Uşaq özünü yandırıb,-
Mənim külümnən oynayır...
SAAT
Taleyin öz əlində,
Baxtın göydədi, oğlan.
Saatın qolundadı,
Vaxtın göydədi, oğlan.
Kimdi çəkən yaxandan,
Yaxan hara dartılır?
Saat qabağa gedir
Ömür dala dartılır...
... "Saatsaz" da qaytarmaz
Geri qalan dəmləri.
Bir gün səni sancacaq
Saatın "əqrəbləri"...
AĞIRLIQ
Sənə həsr etdiyim şeiri
Qoydum sevgi romanları yığılmış
Kitab rəfinə.
Bu bir şeir
Bütün sevgi kitablarını
Çəkdi öz tərəfinə...
“Azərbaycan” jurnalı