ƏHDƏ VƏFA
Fanidən fani dünyada
Bir gün yatıb durmamaq var.
Öz içində kövrək, pünhan
Öz halına ağlamaq var.
Əməllərin sorağında,
Ömür gözün qabağında,
Talenin bəxt tabağında
Öz nəfsini dağlamaq var.
Hər kəs doğruya həsrətdi,
Könül bu həsrətə yetdi?
Yaşanan gün bir möhlətdi
Yolu açıb, bağlamaq var.
Qəlbini köklə ahəngə,
Ömrünü gətirmə təngə
Əhməd düşməz rəngdən-rəngə
Əhdə vəfa saxlamaq var.
ÜMİDİM - GETDİYİM YOL
Halım pis, dindirmə məni,
Göylərdən endirmə məni,
Gözlərim tutulur yaşdan
Toylara göndərmə məni.
Yaşamağa həvəs yoxdu,
Bəxtim, axı, necə bəxtdi?
Bu bəlaya niyə düşdüm,
Günahım bu qədər çoxdu?
Çox qırıldım, yoxam daha,
Gümanım yoxdu sabaha.
Ümidim - getdiyim yoldur,
Bu yolun üzü Allaha.
YOLUMUZ
Bir aləmdən gəlmişik biz,
Yolumuz o aləmədi.
Çəpərlər, daş-kəsək çoxdu,
Haqq bizə uğur dilədi.
Min dəfə də üzə gülsə,
Enmərik heç vaxt nəfsə.
Bu yolda lap ölüm gəlsə,
Qəlbimiz Allah ilədi.
Qorxma dünya bu gündədi,
Ənvari nurum öndədi.
Əhməd nə xoşbəxt bəndədi
O, bu yolda əhd elədi.
MƏRYƏM
La İlahə İlləllah!
La İlahə İlləllah!
Dünyada Məryəm adlı
Bir sirrin var ey Allah!
Məkanlar içində məkanlar çoxdu,
Sayı nə qədərdi? Xəbərim yoxdu.
Qaynayıb-qarışan bu məkanların
Biri od içində, biri soyuqdu.
Günahsız bir qızın qəlbi çiçəkdi-
-Şaftali çiçəyi, ləçək ləçəkdi...
Dualar içində, nur içindəydi,
Nurdan doğulanlar nurdu, gerçəkdi...
Kainat insanın duyduğu deyil,
Sayılan, insanın saydığı deyil.
Allahın, dərgahın sirri çox böyük,
Təkcə kitabların yaydığı deyil.
La İlahə İlləlah!
La İlahə İlləlah!
Dünyada Məryəm adlı
Bir sirrin var ey Allah!
Peyğəmbər anası olan müqəddəs!
Səndən nəsə deyir hər sehrli səs.
Allaha o qədər qovuşdun ki, sən,
Bu eşqdən doğuldu ilahi nəfəs.
Özün ilahilik zirvəsindəsən,
Doğuldun nə qədər könüllərdə sən.
Hər vaxt nur payladın, nura çağırdın,
Haqqın övladısan, sən haqq iləsən.
La İlahə İlləllah!
La İlahə İlləllah!
KİM BİLİR?
Görkəmiylə yer üzündə insanlar,
Kimin qəlbi hayandadır? Kim bilir?
Lap yan-yana, bir evdə yaşayanlar
Nə qədər yad, doğmadılar, kim bilir?
Qəlb doğmasa, çəkir insan insanı,
Qəlb hər zaman gəzir onu duyanı,
Duyan yoxsa, ögey görür dünyanı
Küskün qəlbi kim dindirər, kim bilir?
Doğmalığa köklənmək bir nemətdi,
Qəlbi dilləndirən nurdu, qüdrətdi.
Heyif ki, çox insan buna həsrətdi,
Belə ömür, bəlkə, hədər, kim bilir?
SƏNSƏN O SİRDƏN GƏLƏNİM
Qırx məlakə məclisinin
Aləmindən nur alanım.
O nur ilə ürəyimdə
Bir yar, padişah olanım!
Qəlbim o nura bağlıdı,
Ömrüm ona soraqlıdı.
Könlüm tək qaldı, ağladı,
Gəldin? Başına dolanım...
Qırxlar aləmi bilir ki,
Yer üzü deyil mənimki...
Gözlərin mənə deyir ki,
Sənsən o sirdən gələnim.
Pişvazın - şeir yağmurum,
Səndən necə ayrı durum?
Alışıram burum-burum,
Halımı pünhan bilənim...
MƏN SƏNİN ÖZÜNLƏ SEVİRƏM SƏNİ...
təkcə ürəklə sevmək nədi ki...
qəlbimin kökləndiyi
yerlə, göylə sevirəm səni...
min illərin səsi gəlir hər yandan...
min illərin
ruhuyla sevirəm səni...
ayağımı basdığım
hər qarış torpağın
duaları ilə sevirəm səni...
bilirsən anamı
nə qədər sevdiyimi...
anamın baxışları ilə sevirəm səni...
ulduzların, kəhkəşanların,
qaynayıb daşan aləmlərin
sirri ilə sevirəm səni...
...çiçəkli ağacların üstündə
ilahi nəğmə oxuyan
ay işığıyla sevirəm səni.
ürəyimin parçasısan,
səndən axıb gəlir üzümün nuru,
mən sənin özünlə sevirəm səni...
NUR İÇİNDƏ PƏRDƏ
aşiq mənəm! deyən gözəl
karıxdırma bu dünyanı...
bir gör hələ nə gündəyəm?
eşqi həm də məndə tanı.
bax hər yandan yağan nura,
odlar alışıb odlara...
bu bir tilsim ya haqq əmri?
gör bir kimdi düşüb dara?
qulaq asdın harayına?
kainat hayandı ona.
o göy üzünə köklənib,
insafsız, onu az qına.
astaca tut əllərindən,
bil, nələr axır qəlbindən.
gör nə kövrək soruşacaq
ürəyini tellərindən...
eşq - ahəng olan yerdədi,
qəlb dindirən şeirdədi.
mən kiməm? gizli saxlayan
nur içində bir pərdədi.
YIXILDIM
Sərv nurum məni duymadı,
Budağından yıxıldım.
Hər an gözləri doğmaydı,
Yanağından yıxıldım.
Bu qədər qısqanclıq olar?
Hər an ilan kimi çalar.
Gileyimdən kitab dolar,
Varağından yıxıldım.
Tanıyır axı özümü,
Axtarır nəyin izini?
Heyrət titrədir dizimi,
Qınağından yıxıldım.
Şübhə düzür ətrafına,
Suallar sual yanına...
Min yol çəkir imtahana,
Sınağından yıxıldım...
Hərdən qalmadı ümidim,
Qəlbim qırıq, didim-didim.
Körpü saldım, gəldim, gəldim,
Qırağından yıxıldım.
Min sahilə atdı məni,
Tonqallara çatdı məni,
Ayrılıq qorxutdu məni,
Fərağından yıxıldım.
Axı, nurdan nur doğular,
İtər, gedər qalmaqallar...
Yarım! nə vaxt bitər bunlar?
Marağımdan yıxıldım.
BİR GÜN BİR ÇAY GÖRSƏN
Haraylı bir çayın sahilindəyəm,
Çiskinli, sazaqlı bir boz havada.
Təkəm, çox tənhayam, məğmun gündəyəm,
Qəlbim bir köməksiz, kövrək davada.
Sular haray salıb qışıqırır sanki....
Məndən nə soruşur dalğa dilində?
Bunu düşünməyə heç halım var ki?
Qalmışam hesabsız sual əlində...
Suallar da məni dindirmir tək-tək,
Üstümdə sel kimi, burulğan kimi...
Hərdən, bir ümidlə qalxıram hövləng,
Hərdən dağılıram bir duman kimi...
Bir az aşağıda, müdhiş şəlalə
Uğultu içində məni haraylar.
O uğultu mənim qəlbimdə nalə,
Qəlbimin naləsi adınla ağlar.
Biz niyə gəlmişik üz-üzə, axı?
Yerin cavabı yox! Göy üzü etdi?
Mələklərmi atdı ilahi oxu?
Göylər bu sevdadan nələrə yetdi?
Elə göylərdə ol, sənə yaraşır.
Sənə duaçıyam səndən xəbərsiz...
Mənə fikir vermə, halın qarışır,
Səndən uzaq olum xəbər-ətərsiz...
Bir gün bir çay görsən, haylı-haraylı
Uçqundan atılıb şəlalə olan...
Bil ki, o çay mənəm, o tay-bu taylı,
Nakam bir sevgidən bu günə qalan.
Bir övuc su götür, üzünə çırp sən,
Görərsən su deyil, yetim şeirdi...
Çaydan sual eylə, suları öp sən:
-Bu şeiri bir vədə Əhməd deyirdi?
NURUN MÜBARƏK
qeybə vurulmusan gözəl,
ilahi yarın mübarək.
gör kimlərdi burda məşəl?
irfanda yerin mübarək.
qəlbin hikmət aləmində,
ariflər sözü dilində,
qırxlar eşqi gözlərində
bu qədər varın mübarək.
vurulduğun Allah nuru,
üzünün nuru dumduru.
yol gəlirəm sənə sarı,
üzündə nurun mübarək.
SƏNDƏN SONRA
eşqindən dərviş oldum,
sirr oldum səndən sonra.
dünyaları dolaşdım,
sovruldum səndən sonra.
axı, nədən, de, nədən
yer oynadı yerindən?
mən şah idim əzəldən,
devrildim səndən sonra.
tərlandım, göydən endim,
qanadım didim-didim...
daha dünyadan bezdim,
yoruldum səndən sonra.
O İLAHİ ÜZÜNDƏ
çırpınır ilahi eşq o ilahi üzündə,
eşq dolu bir yaraşıq o ilahi üzündə...
titrəyir tanrı nuru, bir təşnə işıq kimi
işığa ruhum aşiq o ilahi üzündə.
səsinin ahəngində yüz sirrin sədası var,
aya bənzər üzündə mələklər ədası var.
qəlbindən qalxan odda qəlbimin nidasi var,
sirlər düşüb qarışıq, o ilahi üzündə.
məni göylər dindirir, sən məni dindirdikcə...
baxışın sonsuzluqda ilahi hər bir heca.
dünyanın harasıdı? gündüzdü yoxsa gecə?
gecə, gündüz barışır o ilahi üzündə.
ÖZÜNÜ DANLAMA
Ovçuda qaydadır vurar şikarı,
Vurduğun o ovun halın sor barı.
Gəl gör, qanı axır, düşüb qalıbdı
Üstünə tökülür tənhalıq qarı...
98 Poeziya
Oxu sən atmadın, günah kamanın,
Ox dəydi, qəlbimin kəsdi amanın.
Özünü danlama, bir işdi oldu,
Bilirəm əlaca yoxdu gümanın.
Fani yer üzünün belə tövrü var,
Kim kimə ovçudu, kim kimə şikar...
Sənə qurban olmaq bir uca məqam
Şikayət etməm ki, bu günah olar.
NANƏ KOLLARI
mən sənə məktub əvəzi....
nanə kolları göndərmişdim....
eşitdim
urəyin nanə yarpağı kimi əsə-əsə
oxumusan "məktublarımı"....
tutmusan eyhamımı...
dibçəkdə əzizləyib o kolları,
bəzəmisən eyvanını…
eşitdim,
nanələrin ətriylə danışırsan hər gün,
meh əsəndə
gülümsəyə-gülümsəyə baxırsan
körpə uşaqlar kimi atılıb - düşən
nanə yarpaqlarına…
bir yarpaq düşsə qəfil
diksinib kədərlənirsən,
qınayırsan özünü…
yeni cücərən yarpaqlar
sevgimizə
sədaqət ümidi gətirir …
eşitdim nanələrlə danışa-danışa
xəlvət-xəlvət
bağışlayırsan günahımı…
BAYATILAR
* * *
oddan od alana bax,
qəlbimdə talana bax,
məni xəlvət öldürüb
hay-haray salana bax....
* * *
kirpiyi qaldır dedim,
qəlbimi güldür dedim,
qəzəbin çox qəvidi,
qəmzənlə öldür dedim.
* * *
sən qəlbimdə, qanımda,
ən kövrək məqamımda.
müqəddəs bir and içir
əhdim də, imanım da.
* * *
ay! mənim harayıma
gəl mənim harayıma.
görmürsən nə gündəyəm,
od vurma sarayıma.
* * *
nurlardan nur selisən,
dəli mən, ağıllı sən?
qəlbim dindirdi, susdun,
bilmədin o dili sən.
* * *
gülləsi qızıl güllə
öldürür pillə-pillə,
el halımı ağlayır,
yar dinmir şirin dillə.
KİM KİMƏ QULUM DEMİŞ
Kim kimə qulum demiş, o buna haqq eləmiş?
Çoxu qul bildiyindən, sonra imdad diləmiş.
Hər qulun qəlbindəki aləm hansı aləmin?
Kim bilir, hansı qəlbə hansı sirr nə ələmiş?
Dövranın işığında rənglərdən rəng alan çox,
Ali olan o kəs ki, Allah nura bələmiş.
Sevdanın ən qəvisi, əzab verib sevinmək,
O kəslər yer üzünə iblis eşqiylə gəlmiş.
İldırım nə söyləyir nurlu yağış öncəsi?
Nədən çoxları onu sevib ilahi bilmiş?...
Hər qulun qəlbində, bil, həm də ildırım yatır
Hər qul fağırlığını sanki paltartək geymiş.
Kimisə qul bilməyə haqqı varmı Əhmədin?
O bəyəm bilirmi ki, həyat deyilən nəymiş?
ŞAHIM
Uğuru artıq olsun qoy nurlu şahənşahın,
Bir az sevsin qulunu, bağışlasın günahın.
Qoy mənim gözümdəki əhdimi salsın yada,
Qəlbiylə qulaq assın dil-ağızsız fəryada.
Bəşərin qulu olmaq bəşərə acı tale,
Amma sən bir mələksən, qulunam, sənə valeh.
Qəlbim aşiqdi sənin eşqinə, ilqarına,
Dediyin hər bir kəlam bürünüb haqq nuruna.
An nədi, anın anı, mən səni unuduram?
Hər o anın anında mən səndən nur alıram.
Çəkdiyin hər nəfəsə tabe mənim nəfəsim,
Belə sadiq qulu da, bil ki, yoxdu hər kəsin.
Ey şahım, təzim etsə, sənə yer, göy, hər yan,
Bil ki, qulun Əhməddi, yer üzündə ən doğman.
SƏN O SƏN DEYİLSƏN
Sən mənə sən deyilsən, bir nurun sədasısan,
Sən o ilahi nurun işvəsi, ədasısan.
Baxıb sən güzgülərə, aşiq olma özünə,
O nurun dərgahında eşqimin xətasısan.
Nəqşində hər əzanın ayrıca mənası var,
Güzgü göstərməz onu, o mənanın yadısan.
Məni valeh eləyən qaş-gözün, üzün deyil.
Sən o sirri-xəlvətin közərən bir odusan.
Göy üzündə ulduzun şahımın yanındadı,
Ey qəlbimin doğması, niyə onun yadısan?
Bilmədin heç qədrimi, istədim üz döndərəm
Daha çox alovlandım, bəlkə pəri-cadusan?
Qəlbinin fəryadıdır Əhmədin hər şeiri
Diqqətlə kim oxusa, hər sözün bir qatısan.__