DÜŞMƏNLƏ DÖYÜŞƏ HAZIRLAŞIR KƏND...
Hazırdır döyüşə ən cavanlar da,
Hazırdır döyüşə ən qocalar da.
Hazırdır bu kəndi, torpağı sevən
Quşlar, böcəklər də, qarıncalar da.
İndi başlayacaq yerdə titrəyiş,
Yağacaq düşmənə top atəşləri.
İndi başlayacaq göydə titrəyiş,
Qalxacaq şahinlər, qırıcılar da...
İndi başlayacaq taktiki gediş –
Ordunun başında durub komandan
Hiyləgər düşmənə işlədəcək fənd.
Atılır döyüşə modern ordu,
Atılır döyüşə əli yalın kənd.
Öyrəşib burda kənd döyüş səsinə,
Öyrəşib geyməyə Vətən bayrağı –
Öyrəşib səhidlik təntənəsinə...
Bu kənddə öpürlər hər gün torpağı,
Hər gün torpağıyla halallaşır kənd.
Düşmənlə döyüşə hazırlaşır kənd.
Gözəldir dilimiz, şeiriyyatımız,
Gözəldir əsgərə şeir söyləmək!
Gözəldir gəraylı, qoşma, qıfılbənd,
Könlüm “Səməd Vurğun ol !” deyir hərçənd.
Sən də qələmini çevir süngüyə!
Sən də Qavroş kimi yığ güllələri,
Qoyma alov saçan silah boş dura!..
Qoyma düşmənlərə atəş səngiyə!..
Könlüm “Viktor Hüqo ol!” deyir, hərçənd.
Düşmənlə döyüşə hazırlaşır kənd.
Beləmi adidir bu kəndin dili,
Qaçmaq anlayışı bu kənddə yoxdur.
Necə dərs keçiblər orta məktəbdə,
Necə öyrədiblər xəbəri, feili?
“Qaçmaq” adlı feil lüğətdə yoxdur...
Durub önümüzdə o şanlı təpə –
O Vətən bayrağı sancılacaq sədd.
Qələmi avtomat, dəftəri qəlpə,
Gedir düşmən üstə kəndli bir şair,
Gedir düşmən üstə moderrn ordu,
Gedir düşmən üstə əli yalın kənd...
Tovuz, Əlibəyli, sərhəd bölgəsi.
26 iyun, 2016-cı il
GİZLİCƏ!
Xəyalım göylərin yeddi qatında,
Dolanar dünyanı məndən gizlicə!
Bir ürək od alar köksün altında
Yanaqda şehləyən nəmdən gizlicə!
Nərgizlər çəmənin otunda qaldı,
Şimşəklər üfüqün qatında qaldı.
Zirvə ayağımın altında qaldı,
Sevinc qanad açdı qəmdən gizlicə!
Dağlarda dumana çən vurulubmuş,
Dünyada sevincə qəm vurulubmuş,
Qara tellərimə dən vurulubmuş
Ömürdən xəbərsiz, gündən gizlicə!
Gözəllik lövhəsi min bir naxışlı,
Vüsalın yolları qarlı, yağışlı.
Baxasan bir cüyür, ceyran baxışlı
Necə aynalanır gendən, gizlicə!
Sən, ey İlhamlı dost, coşdun, çağladın,
Gahdan gülümsədin, gahdan ağladın!
Bir qədirbilməzlə könül bağladın,
O səni sevmirmiş səndən gizlicə!
DƏLİ KÖNLÜM
Dəli könlüm, Məcnun olma, yazıqsan,
Salar səni səhralara, düzlərə.
Əllidəsən, çək kefini dünyanın -
Bel bağlama səksənlərə, yüzlərə!..
Qədrini bil yerdə qalan ömrünün,
Duzu yoxdur qocalığın xəmrinin.
Bəndəsindən üz döndərən Tanrının-
Bəlkə bir gün yolu düşdü bizlərə!..
İlhamlıyam, sözün sərraf duyanı,
Söz bir olar, yoxdur o yan, bu yanı.
Yola salır “dünya mənim” deyəni –
Zaman büküb ipəklərə, bezlərə!..
DOSTUM, HARDA QALDIN?..
Dostum, harda qaldın, tufandı, gəl çıx,
Sinəmin köklü bir kaman vaxtıyam!..
Bir vaxt Xətainin qızıldan tacı,
İndi muzeylərdə sınmış taxtıyam!...
Azadlıq adında bir ünvanım var,
Dosta dost dedimsə, əhd-peymanım var!
Ziyalı yanında adım-sanım var,
Elmsiz yerlərdə başaqaxdıyam!..
İlhamlı, gözləmə şeirdən xeyir,
Qoyma ucuz olsun kağızdan şeir!..
Hamı “ziyalılar bədbəxtdir” deyir,
Bu “bədbəxt dünyanın” ən xoşbəxtiyəm!..
POL VERLEN
(Fransız poeziyasından tərcümələr)
Şəhəri isladan yağış
Şəhəri isladan narın yağış tək
Buludlu gözümdən yağar nəmlərim.
Bir yara qəlbimi göynədər mənim,
Dağ çəkər köksümə dərdim, qəmlərim!
Bir yara qəlbimi göynədər mənim,
Nədir bu göynədən, bilmək çətindir...
Bəlkə də heç nədir göynədən məni,
Bu matəm ömrümə xəyanətimdir.
Duymamaq, anmamaq çətindir əlbət,
Yaxşı ki, dünyada kədər də varmış!..
Könüldə məhəbbət, sevgidə nifrət
Olmasa, yaşamaq necə olarmış?!
Bu mənim dərdimdir, mənim qəmlərim,
Mən sığal çəkərəm dərdlərə tək-tək...
Buludlu gözümdən yağar nəmlərim
Şəhəri isladan narın yağış tək...
Payız mahnısı
Payız yenə sızıldar
Kədərli bir nəğmə tək.
Tənhalıq bir dərd olar,
Ona dözərmi ürək?!
Taleyimdən xəbərsiz
Vaxt ötər aram-aram.
Anıb ötən günləri
Hönkür-hönkür ağlaram.
Məni payız küləyi
Qovduqca uzaqlara
Oxşaram xəzan vuran
Saralmış yarpaqlara...