Salam sənə, İnsan!
Salam sənə, doğma yurd! Doğma lisan!
Salam sənə, ən ulu eşq! Bu torpaq!
Salam sənə, odlu diyar! Yanar çıraq!
Salam sənə, anam! Can yadigarım!
Salam sənə, nakam sevgim! Rüzgarım!
Salam sənə, bircəciyim! Övladım!
Salam sənə, kövrəkciyim! Qanadım!
Salam sənə, dünyam! Sərhədli dünyam!
Salam sənə, dumanlı, dərdli dünyam!
Salam sizə, dərin-dərin dəryalar!
Salam sizə, yalqız, yalçın qayalar!
Salam olsun, salam! Bir də sizlərə -
Salam olsun, təbrizli əzizlərə!
Salam olsun, ulduzlara, atəşə!
Salam, bir də çörəyə, gülə, Günəşə.
İNSANLARSIZ NƏYƏ LAZIMSAN, DÜNYA
İnsandır şerimin
ilki və qurtaracağı.
İnsandır şerimin
odu, ocağı.
İnsandır yer üzünün
çiçəklərdən əzəl bəzəri.
İnsandır, insandır
şerimin rişəsi, özəyi.
İnsanların hamısı cavanı
da, qocası da,
qarası da, sarısı da,
İnsanların azadı da,
dustağı da,
narahat ömrümün döyüntüsüdür,
İnsandır düşüncəm də, nəfəsim də.
İnsandır nəğməm də, titrəyən səsim də..
İnsanlarsız nə dəniz, nə sahil, nə qaya?
İnsanlarsız nəyə lazımsan, dünya?
1981
ŞÜKÜRLÜ OL, NURU BALA
Ev dediyin şey –
torpağın üstündə durmalı.
Evlər bir-birinin üstünə,
üst-üstə qalanmamalı.
Ev evdən ayrı gərək, qəm qəmdən!
Evin kirəmit damı,
tüstüsü çıxmağa
bacası olmalı.
Evin həyəti,
həyətinin gül-bağçası olmalı –
Güllər, çiçəklər Günəşdən dirçəlməli.
Və... sərinlik bildiyimiz o şey –
göydən gəlməli.
Belə-belə işlər, Nuru bala!
Kondisionerin yoxdursa, sən çox da qəm yemə.
Hündür mərtəbədə yerin yoxdursa, fikir eləmə!
Mən biləni, hər şeydən əzəl göylərdi,
və haqq hoqqadan əvvəldir.
Eh, Nuru bala, uşaqsan, uşaq!
Sənin ki hasarından o tərəfə
albalı, qoz, iydə ağacların var!
Sənin ki ağaclarının yaşıllığı arasından
bol-bol günəş parıldar!
Sən də belə düşünsən, ciciş bala,
“Şəhərlər happ eyləyib, udar kəndləri.” –
Bizim Mövlud inciyər, “Köç” eyləyib, çıxıb gedər.
Və Nuru bala, Nuruş bala!
Belə getsə, həmin o əmin demişkən,
günlərin bir günü, unudub gedərik
ayağımız altındakı torpağı –
əkini, biçini,
dəryazları, xırmanları,
başımız üstündən təsəlli səpən
yaşıl, sərin ormanları.
Şükürlü ol, Nuru bala!
Ağaclar yaşayırlar...
1985
EV ELƏCƏ DURUR
Bu ev eləcə durur...
Bu ev eləcə durur, yolları çox uzun deyil.
Bu evin bir qarış boyu, yarım qarış eni var.
Elə tənhadır bu ev, nə gələni, nə gedəni var.
Bu ev eləcə durur.
Divarında sözlər göyərir,
tavanında qara gözlər...
Döşəmədə qırx beş nömrəli ləpir –
helə-belə hey ləngər döyür.
Havasından da bu evin
intizar adlı bir zəhrimar sallanır,
heç bilmirəm nə istəyir, nə deyir,
nə qandırır, nə qanır.
Bu ev ayaq açmayıb,
bu ev heç hara qaçmayıb,
bu ev eləcə durur, içində də bir ürək
daha əvvəlki tək vurmur.
Vəfa qılan bircə nifrətdir,
nifrətə də nifrətim gəlirnə
qapıya, nə çərçivəyə davam gətirir!
Ev eləcə durur:
Divardakı sözlər ilə, tavandakı gözlər ilə,
hərəkətsiz ləpir iylə, həsrət iylə, nifrət iylə...
A qardaşım, a bacım, a sirdaşım, a gözüm qarası!
Xəbərin olsun –
indi başım ağ pambıq tarlası.
Kövrəlsən, gəl üstündən astaca əl çək...
Ev eləcə durur.
1983
QƏFƏS BÜLBÜLÜ
...Pulum olmasaydı,
ala bilərdimmi
bu qəfəs bülbülünü?
Düz bir il əqdəm
itiribmiş
çəmənini, gülünü.
Bir mahir ovçunun
şikarı bülbül!
El içində sevdalı eşqinin
aşkarı bülbül!
Uç, uç!
Aldım bu qəfəsi,
açdım bu qəfəsi,
açdım və buraxdım səni.
Uç, uç!
Geniş ormanlar yaxşıdır.
Baxma ki, pələngi, aslanı var.
Uç, uç!
Ormanlar bir yaşıl nağılın yağışıdır...
Pulum çatdı
bu biricik qəfəs azadlığına.
Və əgər,
Işdir-şayəd,
pulum daha çox olarsa,
onda açıb buraxacam
dünyadakı
bütün
haqsız
qəfəs düçarlarını!