VƏZİFƏ
Divara darı misal yeridirəm canımı,
Fərq eləməz qocayam, ya cavan yaşındayam.
İlmüdam oda tutub, əridirəm canımı,
Bəlkə də milyon ildi vəzifə başındayam.
Fikrimi dağıtmağa can dolusu ah verib;
İçimdən külək qalxır ələm, qüssə boğanda.
Ərizəsiz, filansız əmrimi Allah verib,
Vəzifəli doğubdu anam məni doğanda.
Xoş bir xəbər canına qüvvət verir zəifin,
Xeyirə yazmaq gərək ən xatalı yuxunu.
Gecə, gündüz yatmayıb qorumaqdı vəzifəm
Günəşin paklığını, Ayın bəyaz ruhunu.
Fərman bu, düşüncənin südünü sağmalıyam
nə ki baş var kasası ağız-buğuz dolunca,
Susuz çöllər görüncə kükrəyib yağmalıyam,
Halına yanmalıyam şah palıddan otacan.
Kabinetim, stolum...
heç dünəndən olmasın;
vəzifəm günah sayır xəlvətə çəkilməyi.
Barmaqlarım tökülsün, telefonum çalmasın
nə qədər ki, hər cana telefon çəkilməyib,
nə qədər ki, vicdana telefon çəkilməyib.
Vəzifəm çətin peşə, həm də şərəfli əmək,
Vəzifəm düzəltməkdi, nə əməl var tərsinə.
Sinəmlə daxmaları rüzgarlardan gizlətmək,
bir az nəşə qatmaqdı suyun dərdli səsinə.
Əl açıb dilənəni, lütü, acı bilmərəm,
Balama da pay düşən xəzinədən keçərəm.
Vəzifəmin uğrunda bacı-macı bilmərəm,
Gülnardan, Xuramandan, Nəzimədən keçərəm.
Möhtaca öküz kəsib, dəvəmi doğrayaram,
nə oğula, nə qıza dəyişmərəm adımı.
Vəzifəmə xor baxsa, nəvəmi doğrayaram,
alçaltsa vəzifəmi, boğaram arvadımı.
Şaham,
divanım gülər sözlər üzümə gülsə,
Haqq kəlməmi satmaram...
yana-yana çəkib dad
anam gordan dikəlsə,
durub qapıma gəlsə,
desə ki, haqq sözü sat -
deyərəm, kiri, arvad!
Canımı boğazımdan dartıb qoparda bilər,
Zalım odlar yandırar,
basıb keçər su məni.
Bəli, Allah cənnətdən qovub çıxarda bilər,
Çıxarda bilməz amma, vəzifəmdən, O, məni!
Gözə də soxmuram heç işimin çoxluğunu,
İşimi sahmanlayan yaradanın əlidi.
Vəzifəsi var əlbət əbədi yoxluğumun -
Çünki qərib qəbrim də böyük vəzifəlidi.
Seçkim ali seçkidi, taleyimdi öhdəlik,
Əhdimdən dönər olsam, vücudumu sarar ox!
Vəzifəmə səs verib qoca cəddim,
üstəlik
Tanrının qərarıdı, ondan uca qərar yox!
Onsuz kim sayar məni,
odur iman-pənahım;
vəzifəmin quluyam,
vəzifəm var, mən varam.
Şərləyərəm Günəşi, Yeri, Göyü, Allahı,
Canı rüşvət verərəm,
vəzifəmdən çıxmaram!
İndi siz deyin görüm, məntək iqtidar hanı,
Vəzifə pilləsinin neçənci qatındayam?
Sərvətim təmiz dəri, mudaram ürək qanı
Adam məmləkətində,
insan ştatındayam!
QURBAN
Allah, sənə qurban, keç günahımdan! (dua)
Qızarır müqəssir canın harayı,
Gözüm qarmaq gəzir asılmaq üçün.
Haçan ki yetişir qurbanlıq ayı
Boğazım udqunur kəsilmək üçün.
Tanrı qar-yağışı yanaşı tökür;
Bəlkə günah yuyub deyir ki, ayıl?
Qışqırıb içimdə göz yaşı tökür
İbrahim babanın oğlu İsmayıl?
Lüləyən dalınca yüyürür uşaq,
Ləyəndə salavat suyu çırpınır.
Milyard müsəlmanın əlində bıçaq,
Dizinin altında qoyun çırpınır.
Deyimmi haradı sürünün üzü? -
matəm qırımına, toy qırımına...
Fələk necə dözür, göy necə dözür
Dilsiz qoyunların soy qırımına?
Günah var, Allah da adını bilmir,
Günahın atası şeytan adamdı!
Heç çoxu qoyunun dadını bilmir
Yazıq canavarın adı beddamdı.
İştaha dişiylə yazılan qanun
Nə Tanrılıqdı, nə Quranlıq, qoyun!
Axırda dünyanı tutacaq qanın,
Sənə qurban olum, qurbanlıq qoyun!
Sanki qisas alır gora tələsən,
Kimsə yox günahsız dəfn olunmağa.
Dünən anasının əmcəyin kəsən
Bu gün qoç kəsdirir əfv olunmağa.
Allahın min dürlü buyruğun qoyub
Qoyun quyruğundan yapışdıq nədən? -
Çünki şoralanır ağzının suyu,
Ət üçün quzutək mələyir bədən.
Əməli məzhəkə, işi oyunlar,
Bu Məmməd, bu Nəsir, həsir kişilər...
Qurbana yaramır dişi qoyunlar,
Kişi qoyunları kəsir kişilər!
Qoyun hara qoysun yazıq canını
Nə mərhəmət umaq de, səndən,
Allah?
Yaşatmaqçün bir mif qəhrəmanını
Milyard baş üzülür bədəndən,
Allah!
İsmayıl dirilib yoxdan içimdə...
Ona toxunmayın, qoyun yaşasın!
Hönkürüb ağlayır çoxdan içimdə,
Deyir:
- Məni kəsin, qoyun yaşasın!
PLAN
Eyni yol gedirik nəsilbənəsil,
Çox da ki, ömürdə hər cür an olur.
Şəksiz ki, mənzilə yetən hər kəsin
Əlinin altında bir plan olur.
Plansız addımlar donur dalanda,
Yetir tamamına iş - plan ilə.
Planlar cızılır şəhər salanda,
Divara hörülür daş plan ilə.
Planlar yaradıb Tanrı heç nədən,
Yeri dərə-dərə,
dağ-dağ eləyib.
Ayı qəndil kimi asıb göylərdən,
Günəşi gündüzə çıraq eləyib.
O ki, nəfəs verib quru canlara,
Eşqi sıx-sıx əkib, qəmi cəm tikib.
Haqlıya gül cənnət,
yol azanlara
Körpülü, qazanlı cəhənnəm tikib.
Qoy olsun dağlar bir,
çaylar bir sıra -
O düzdü, qüdrətin öz planı var.
Niyə sözü düzür ağ varaqlara? -
Çünki şairin də söz planı var.
Altına imzanı kor şeytan qoyur,
İş var ki, sürünüb ilana düşür.
Qırx ilə ev tikir biri, can qoyub
O ev, bir də gördün,
plana düşür.
Dilsiz qoyundumu babam,
ya nənəm.
Kəsəsən,
deyəsən - milli qanı yox.
Plansız salınsın şəhərlər,
nə qəm,
Vay odu, millətin baş planı yox!
Yoxdu qandığımın yalanı, qardaş,
Plan var barmaqda hərlətmək üçün.
Məkrli düşmənin planı, qardaş,
Plandı xalqımı çərlətmək üçün.
Bəlkə hara gəldi səpək olanı,
Plan bu dünyaya bir yükdü bəlkə?
Xırda qarışqanın ərzaq planı
Filin planından böyükdü bəlkə?
Göydən halva düşmür, tökülmür
küncüt,
Xülyanı plana salan olmayıb.
Sevgi səhrasında Qeys azıb, çünki,
Bədbəxtin əlində plan olmayıb.
Qismət plansızdı,
nə kükrə, nə qız -
atanın, ananın arzusuna bax,
oğlan desə, oğlan,
qız istəsə qız,
İndi plan üzrə doğulur uşaq.
Plansız bədəndən axır qan, kənar...
Plansız tifilin qarğışdı səsi.
Əgər kim doğulsa plandan kənar
Onu qəhr eləyir şəhər küçəsi.
Gerçək planların şəfəq izləri
Açıq alınlarda, ağ üzdə qalır.
Millət qol qoymasa
prezidentlərin
Cızdığı planlar kağızda qalır.
Planın üstünə haqdan nur düşə,
Memar qismətinə yazıla gərək.
Halal çörək kimi ürəkdə bişə,
Qeyrət təndirində qızara gərək.
Niyə istəmirsən can planını? -
Can qurban, millətim, namus-arına!
Gərək biz doldurub qan planını
Qan vuraq vətənin şah damarına.
“Azərbaycan” jurnalı