BİZ HAZIR NAĞILIQ
Burax, bundan belə sevda dediyin
Nədisə, qoy film, dizi danışsın.
Mən adda nə dəli oğlanı dinsin,
Sən adda nə mələk qızı danışsın.
Hay salsın, ün təpsin dilində türkün,
Nə imiş özündən özünə sürgün...
Gün gəlsin, günlərin içində bir gün
Dil dönüb, dolaşıb düzü danışsın.
Ağrı nə bilməyən ağrı nə, bilsin,
Çatlamaq nə demək, bağrı nə bilsin...
Beş-altı adamı doğru nə, bilsin,
Yalanı, yanlışı yüzü danışsın.
Belə bağlanmasın dünənə söylə,
Köhnəlib bu adət-ənənə, söylə.
Biz hazır nağılıq, nənənə söylə
Qoy nağıl yerinə bizi danışsın...
BARI, BU OXUNAN QURAN OLAYDI
Qoymazdım əlimdə olsa, gözlərim
Nə yasaq axtara, nə cəza görə.
Yatsa, ipə-sapa yatsa sözlərim,
Yenəmi gedərdim güdaza, görən?
Bu yolu gözünə təpir, nə verir,
Yolçuya bu cığır, ləpir nə verir?
Bu ocaq nə verir, bu pir nə verir
Bu boyda nəzirə-niyaza görə?
Yolu yoxmu, Tanrım, heç günahımın?
Azını, çoxunu seç günahımın.
Üstdən keçərsənmi beş günahımın
Bu beş vaxt qılınan namaza görə?
Bu gələn hədəfə vuran olaydı,
Sözünün üstündə duran olaydı.
Barı bu oxunan Quran olaydı
Belə gözəl səsə, avaza görə...
TOZ BASIB ÜSTÜNÜ XATİRƏLƏRİN...
Deyirlər, çoxalıb işvən bir az da,
Naz gəlib bir az da nazın üstünə.
Mənsə üşüyürəm, gülüm, bu yazda,
Payız gətirmişəm yazın üstünə.
Adicə duyğumu bu duyğu, görən,
Neynəsin bu qəfil soyuğu görən?
Axı nə yatdım ki, nə yuxu görəm,
Ta yoxun nəyini yozum üstünə?..
Gəl də gör şəstini xatirələrin,
Yapmışam büstünü xatirələrin.
Toz basıb üstünü xatirələrin,
Adını yazmışam tozun üstünə...
ÖMRÜMƏ DAHA BİR SEVGİ GƏTİRMƏ
Ömrümə daha bir sevgi gətirmə,
Ürəyim tablayıb dözə, dözməyə...
Daha bir işvəyə, naza dözməyə
Elə daş nə gəzir, dəmir nə gəzir?..
Baxma, nəyin desən, qadam, ömrü var,
Vaxtsız çiçəkləyən badam ömrü var,
Məndə bir ölümlük adam ömrü var,
Məndə bir sevgilik ömür nə gəzir...
SINMAQDAN YANADI ŞÜŞƏLƏR, QADIN...
Sirr dolu mən adlı yönlər, tərəflər,
Mən adlı məkanlar, guşələr, qadın.
Çətin, məni yazıb bitirə, çətin,
Dönüb qələm olsa meşələr, qadın.
Mən ağırtaxtalı, ağırçəkili,
Sevdim bircəsini, sevdim təkini.
İçimdə gizlədim içimdəkini,
Qoymadım gözümdən düşələr, qadın.
Bir əlin quzeydə bumbuz qarıymış,
Bir əlin hazırca kətil, darıymış.
Can almaq adlı bir peşən varıymış,
Yalanmış yanında peşələr, qadın.
Mən paşa saxladım, paşa könlümü,
Daim tutsalar da daşa könlümü.
Sındır, sən də sındır şüşə könlümü,
Sınmaqdan yanadı şüşələr, qadın...
ƏLİBOŞ QALIB...
Əli də məmnundu, Vəli də məmnun,
Əli iş başında, Vəli boş qalıb.
Elə ağıllı da, dəli də məmnun,
Ağıllı boş qalıb, dəli boş qalıb.
Nə gəldi taledən bəri zərgərə,
Ürcahdı tək dərdi-səri zərgərə,
Əmanət edən kim zəri zərgərə,
Gövhəri boş qalıb, ləli boş qalıb.
Gəl də bu şeytanın şərindən qorun,
Atılıb qarmağı, qurulub toru.
Gör neçə qansoran zəli qan sorur,
Gör neçə qansoran zəli boş qalıb...
Çıxarmır kimsə səs-səmir, yaşayır,
Üz-gözü qapqara kömür, yaşayır.
Eh, hərə bir cürə ömür yaşayır,
Eh, hərə bir cürə əliboş qalıb...
HƏLƏ SƏN YIXDIĞIN EVDƏ QALIRAM
Bilmək istəyirsən necədi halım,
Sən qoyub getdiyin kefdə qalıram.
Həminəm, elə o həmin sevdalı,
Saxlayır o dəli sevda, qalıram.
Neynim, ağlamadım bir gün özümə,
Sürgünəm o gündən, sürgün özümə,
Nağıl danışıram hər gün özümə,
Cırtdana çatmamış devdə qalıram.
Mən ona, o mənə alışdıq artıq,
Qaynayıb iç-içə qarışdıq artıq,
Sonda həsrətinlə barışdıq artıq,
Eh, bu da bir cürə sövdə, qalıram.
Bitəcək beş-altı qarışda yolum,
Bu uzun, bu yorğun qarışqa yolum.
Bir ayrı yerim yox, bir başqa yolum,
Hələ sən yıxdığın evdə qalıram...
YAMAN TANIŞ GƏLİR BU KÜLƏK MƏNƏ
Qəlbimdə yeri var, izi var kimi,
Yaman tanış gəlir bu külək mənə.
Əsir, elə əsir sözü var kimi,
Deyəsən, nə isə deyəcək mənə...
Bəyaz saçlarımı oxşayan nəyi,
Nəyi doğma gəlir, çaşıb qalmışam...
Elə bil nə vaxtsa mən bu küləyi
Göylərə əlimlə yola salmışam.
Yəqin, yeri gəlib, yeri, qayıdıb,
Hazır kətilimdi, hazır darımdı.
Olmaya, göylərdən geri qayıdıb
Üzümə çırpılan dualarımdı?