Adil Zakirlə həmin kafedə oturub yeyib-içdiyinə hələ də peşman idi. Əslində, Zakirin bu işdə heç bir günahı yoxdur. Amma nədənsə Adil belə fikirləşirdi ki, arada yaranmış soyuqluqdan, fasilədən sonra yenidən Zakirlə görüşməsəydi, bəlkə də, bunların heç biri olmazdı.
Hər şey telefon zəngindən sonra başladı. Günün ikinci yarısı idi. Başı işə qarışan Adil telefonun zəngini eşitməmişdi. İş otağında onunla üzbəüz oturan Könül gözünü kompüterin monitorundan ayırmadan “Adil müəllim, sizin telefondur” deməsəydi, zəngin fərqinə varmayacaqdı. Telefonu açan kimi yüksək tonlu, bir az da cingiltili səsi tanıdı.
Tələbəlik dostu idi – Zakir. Həmişəki kimi imkan vermədi ağzını aça. Əvvəlcə Adili itirib axtarmamaqda günahlandırıb son nöqtəni də özü qoydu: “Axşam səni ofisdə gözləyirəm. Etiraz-filan istəmirəm. Gör nə vaxtdır görüşmürük. Belə də qardaşlıq olar?” Cavabı gözləmədən telefonu söndürdü. Telefon qulağında gözucu divardakı saata baxan Adil fikirləşdi ki, onsuz da bu gün qısa iş günüdür, görüşməyə vaxt tapa bilər. Bir də ki, nə qədər qaça biləcəkdi Zakirdən? Qaçışının haqlı səbəbləri olmasa da, qaçırdı dostundan.
Zakirlə üç il bir otaqda qalmışdılar. Qonşu rayonlardan idilər. Bəlkə də, elə ona görə sözsöhbətləri tuturdu. Zakir Politexnik İnstitutunda oxuyurdu. Amma çox vaxt dərsləri qurtarar-qurtarmaz özünü Adilə yetirir, gəlib Bakı Dövlət Universitetinin qabağında dayanırdı. Adillə müqayisədə çox diribaş, aktiv idi Zakir. Hər şeydən başı çıxırdı. Şəhərdə tanımadığı küçə, kafe, idarə yoxdu. Dildən-ağızdan da, maşallah! Tanışları, xüsusilə də, qızlar nə qədər desən! Hərdən Adilə elə gəlirdi ki, Zakirsiz bu şəhərdə itib-batardı. O bütün günü oxumağa sərf etdiyi vaxtlarda Zakir pul qazanmağın yolunu tapdı. Əvvəlcə Malakan bağında dollar, rus pulu dəyişməyə başladı. Pis də qazanmırdı. Az keçmədi, rayonlardan köhnə qab-qacaq gətirib satmağa başladı. Dərsə az-az getsə də, əlinə kitab almasa da, qiymətləri, imtahanları öz qaydasında gedirdi. Hər işlə məşğul olsa da, yalan, fırıldaq, oğurluq onluq deyildi. Dağ adamlarına məxsus mərdliyi, düzlüyü vardı. Elə ətrafdakıların arasında hörmət qazanmasının da səbəbi bu idi. Dördüncü kursda oxuyanda Zakir valideynlərinin yeganə qızı olan bir xanımla ailə qurdu. Adil nədənsə ürəyində dostuna yaraşdırmadı o qızı. Qızın atası, deyəsən, hərbçi idi. Bakının darısqal məhəllələrinin birində 3 otaqlı həyət evində yaşayırdılar. Çox-çox sonralar qayınatasının şəhərdə daha bir mənzilinin də olduğunu ağzından qaçırmışdı dostu. O zaman başa düşmüşdü bu evliliyin səbəbini.
Anası vaxtsız rəhmətə getdiyindən qız, atası ilə qalırdı. Toydan sonra Zakir həmin həyətə köçdü. Təbii ki, bundan sonra onların yolları ayrıldı. Amma əlaqəni tamam kəsmədilər. Tez-tez dostunu axtarıb tapardı Zakir. Hətta bir-iki dəfə evlərinə qonaq da aparmışdı. Amma qaraqabaq polkovnikin münasibəti onu açmamışdı. Bunu Zakir də hiss etdiyi üçün bu, sonuncu təklif olmuşdu. Ali məktəbi bitirən kimi Adil hərbi xidmətə yola düşdü. Zakir isə övladı dünyaya gələcək deyə, əvvəlcə möhlət götürdü, sonra isə işlərini düzüb-qoşdu,ümumiyyətlə, əsgərliyə getmədi. Bunun da çəmini tapdı Zakir.
Hərbi xidmətdən sonra Adil iki ay qala bildi doğma kəndlərində. İxtisasına uyğun iş tapmadığından Bakıya üz tutdu. İlk illər çətin oldu yaman. Bir müddət yaxşı iş tapa bilmədi. Tapdığı iş isə ancaq gündəlik dolanışığına kifayət edirdi. Nəhayət, bir gün qəzetdəki elana rast gəldi. İndiki iş yerini tapanda çox sevindi. İxtisasına uyğun olduğu üçün işi ürəyincə idi. Daha sonra ailə qurmaq, kirayələr, güc-bəla ilə ev almaq, gündəlik qayğılar və sairə. Həyat başını yaman qatdı Adilin. Bir də gördü ki, artıq on doqquz ildir şəhərdədir. Yaşı da qırxı keçib. Hərdən illərin belə xəbərsiz ötüb-keçməsi yaman yandırırdı onu. Guya lap xəbəri olsaydı, nə edəcəkdi? İşi ağır olmasa da, məvacibi az idi. Subay olanda bəs edirdi. Amma indi bu maaşla dolana bilməzdi. Yaxşı kı, əlavə işlər olurdu. Baş redaktor yaxşı insan idi. Çox köməyi dəydi Adilə. O düzüb-qoşurdu bəzən əlavə işləri. İmkan olduqca qonorar yazırdı. Qazancı artmasa da, qayğları ildən-ilə artırdı.
Bakıya gələndən sonra hərdən Zakiri axtaracağına söz versə də, sözünü tuta bilmirdi. Düz on dörd il Zakiri görə bilmədi. Nəhayət, bir gün təsadüf nəticəsində rastlaşdılar. İsti avqust günlərinin biri idi. “28 May” metrosu tərəflərdə yaxın qohumlarından birinin instituta qəbul olunmuş oğlundan ötrü kirayə ev axtarırdı. Daha doğrusu, artıq gəzməkdən canı çıxır, maklerlərlə danışmaqdan çənəsi ağrıyırdı. Elə bu zaman arxadan kürəyinə əl toxunduğunu hiss etdi. Geriyə çeviriləndə Zakiri gördü. Əslində, dərhal tanımadı, qarşısındakının Zakir olmasını bir qədər sonra bildi. Tanıdığı Zakirdən əsərəlamət qalmamışdı. Görüşüb-öpüşdükdən sonra dostunun buralarda nə axtardığını öyrənən Zakir onun qohumunun işini tezliklə həll etdi. İşi düzələn qohum rayona qayıdacağını bildirərək sağollaşıb ayrıldı. Qohum onlardan ayrılan kimi Zakir ofisinin qapısını bağlayaraq, Adilin qolundan yapışıb “getdik” dedi. Dostunun sual dolu baxışlarını görən kimi “bu görüşü qeyd etməliyik” deyə onu maşına sarı dartdı. Etiraz etməyin yeri yox idi. Yolda söhbət əsnasında məlum oldu ki, dostunun əvvəllər gün-güzəranı heç də rahat keçməyib. Gah tikintidə prorab, gah da hansısa baxçada təsərrüfat müdiri işləyib. Qayınatası öldükdən sonra çətinliyi bir az da çoxalıb. İkinci övladının xəstəliyi bu çətinlikləri daha da artırıb. Tək özü işlədiyi üçün güclə dolanırmış. Yaxşı ki, rayonda yaşayan qardaşları ara-sıra əl tuturmuş ona. Nəhayət, qayınatasından qalan həyəti plana düşəndən sonra üzünə gün doğubmuş Zakirin. Xarici tikinti şirkətlərindən birinə həyətini babat qiymətə satıb həyatını dəyişməyi bacarıb.Torpaq alıb, ev tikdirib, maşın alıb. Dostlarının məsləhəti ilə indiki ofisi alaraq maklerlik etməyə başlayıb. Bu günə şükür, bəy balası kimi dolanır. Bir neçə yerdə kirayə verdiyi mənzil, dükanları... İndi nəslini də dolandırır, dediyinə görə. Söhbət başlarını necə qatdısa, geniş həyətli restorana çatmaqlarından Adilin xəbəri belə olmadı. Səliqəli geyimli ofisiantların Zakirin maşınının qabağına qaçmalarından hiss olunurdu ki, onu burda yaxşı tanıyırlar. O gün içkinin təsirindənmi, yoxsa tələbəlik xatirələrinin şirinl iyindənmi, gecənin yarısına kimi söhbətləşdilər. Hiss olunurdu ki, dostu bu görüşə sevinir. Adil tələbəlik dost unun sadəliyinə heyran qalmışdı. Gecə binanın qarşısında maşından düşəndə Zakirin ona “bax unutma ha, tez-tez zəng et, görüşək” deməsindəki səmimiyyətinə də inandı.
O görüşdən sonra bir müddət tez-tez görüşdülər. Ya Adil Zakirin ofisinə gedər, yada şəhərdə hardasa görüşüb müxtəlif yerlərdə istirahət edərdilər. Zakirin sayəsində iyirmi ildə şəhərdə varlığından belə xəbərsiz olduğu restoranları, istirahət mərkəzlərini tanıdı. Getdikləri hər yerdə dostunun təmtəraqla qarşılanması Adildə özünün də anlaya bilmədiyi qəribə bir paxıllıq hissi doğururdu bəzən. Dostunun yaşamağı bacarmasına, zamanın nəbzini tuta bilməsinə heyran qalırdı.
Xudmani istirahət etdikləri belə məclislərdən birində iki nəfər qadının onlara qoşulmasını əvvəlcə təsadüfü saysa da, az sonra dostunun işi olduğunu anladı. Başqa vaxt olsaydı, etiraz edərdi dostuna. Amma bu dəfə edə bilmədi. İçində illərdi yığılıb qalmış və yalnız özünə məxsus hislər qoymadı etiraz etməyə. İçkinin təsiri də bu işdə az rol oynamadı. Az keçməmiş artıq ona qısılan qadının hərarətini hiss edəndə bayaq ürəyindən keçənlərə görə az qala özünü qınadı.
O gecə ilk dəfə ailəsindən kənarda gecələdi Adil. Gecəni qonaqlarla keçirdilər. Səhər ma- şında şəhərə qayıdanda hamı deyib-gülsə də, Adil yaman fikirli göründü. Dostunu yaxşı tanıyan Zakir təxminən bilirdi onun nə düşündüyünü.
İki-üç gün özündən zəhləsi getdi. Ona elə gəlirdi ki, xanımı bir dəfə gözlərinin içinə baxsa, hər şeyi biləcək. Həmişə onu “fərasətsizlikdə” günahlandıran xanımı bu dəfə onu əxlaqsızlıqda suçlayacaq. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Bəlkə də, şəhərə qayıdanda yolustü Zakirin hər ikisi üçün etdiyi bazarlıq xanımının dilini bağladı. Hər ehtimala qarşı dünən aldığı qonorarın yarıdan çoxunu da ona verdi. Pulu həmişəkindən çox görən qadının eyni açılmışdı. Evlilik həyatında ilk dəfə idi, belə bir iş tutmuşdu Adil. Bir-iki belə məclisdən sonra adiləşdi hər şey onun üçün. Bəzən bu məclislərdən ötrü darıxdığını hiss edəndə özünü tanıya bilmirdi. Yaman dəyişmişdi. Sanki itirdiyi gənclik illərinin heyfini alırdı.
Amma tezliklə Adil bu dəvətlərdən qaçmağa, bəhanələr gətirməyə başladı. Gah işinin çoxluğunu bəhanə elədi, gah qonağının olacağını dedi. Səbəb isə yalnız ona məlum idi. Səbəb Zakirin hər dəfə onu əlini cibinə salmağa qoymamasıydı. Bəzən hesabın qalığını belə almamasından hiss olunurdu ki, bunlar dostu üçün kiçik məbləğ idi. Hətta bir dəfə ofisiantın stolun üstünə qoyduğu qalığın kifayət qədər çox olduğunu görən Adil dostu otaqdan çıxdıqda pulu cibinə qoymaqdan özünü güclə saxlamışdı.
Adil uşaqlıqdan qürurluydu. Qəbul edə bilmirdi bunu. İstəmirdi Zakir ona dostdan istifadə edən adam kimi baxsın. Elə bu səbəbdən də yavaş-yavaş uzaqlaşmağa başladı. Münasibətləri tədr icən soyutdu və nəhayət, tamam kəsdi. Bəzən Zakirin nömrəsini yığaraq zəng edib hal-əhval tutmaq istəsə də, dostunun bunu başqa cür başa düşəcəyini fikirləşirdi. Sonuncu dəfə nə vaxt danışdıqlarını belə unutmuşdu, bəlkə də, 3 il olardı.
İndi məhz bu gün yenidən Zakirin onu axtarıb tapması ona qəribə gəldi. Ürəyində “xeyirdir, görəsən?” deyə düşündü. Sonra özünü qınadı bir az: “o boyda imkanın, vardövlətin sahibi səni axtarır, sən də gör nə gətirirsən ürəyinə”. Hiss etdi ki, darıxıb dostunun söhbətləri üçün. Zakirlə dərdləşmək, içib rahatlanmaq keçdi ürəyindən.
Adilin həmişə “bizim idarə” dediyi redaksiyanın əsas hissəsi iki böyük otaqdan ibarət idi. Otaqlardan birində baş redaktor oturardı. İkinci böyük otaq Adil də daxil olmaqla dörd işçinin oturduğu əsas otaq idi. Kiçik otaqlardan biri arxiv sayılırdı və oranın açarı baş redaktorda olurdu adətən. Dördüncü otaq isə mətbəx funksiyasını yerinə yetirirdi. Darısqal olduğu üçün hamının eyni vaxtda oturmasına imkan yox idi. Əsas iş otağında dörd masa vardı. Qapıdan girən kimi sağdakı otaq baş redaktorun müavininin, yəni Adilin idi. Ondan sağdakı ikinci masanın sahibi hamının “ağsaq- qal” deyə çağırdığı Qafar kişi idi. Adətən, çox vaxt otaqda tapılmazdı. Qonşu ofislərə nərd oynamağa qaçardı. İş görməklə arası yoxdu. Dediyinə görə, zamanında tanınmış qələmsahibi olub. Nədənsə Adil onun imzasını heç xatırlaya bilmirdi. Qafar kişinin dediyinə görə, bir ilini də başa vurub aradan çıxmaq fikrində idi. Heç kəs xətrinə dəymirdi. Bir yaxşı işi vardı ki, bayramları, otaqdakıların ad gününü xüsusi qeyd etməyi və bu işi təşkil etməyi xoşlayırdı.
Onunla üz-üzə, Adildən soldakı masada isə sakit təbiətli, əslən bakılı olduğunu deyən Nisəxanım əyləşirdi. Heç vaxt hündürdən danışmayan, ancaq öz yazı-pozusuyla məşğul olan bu qadın səbir dağarcığı idi. Otaqda yeriməsindən bəzən heç kimin xəbəri olmazdı. Gün ərzində həmişə dolu olan iri fincanından qurtum-qurtum çay içərdi. Hər özünə çay süzəndə otaqda hamıya təklif edər, hətta on dəqiqə bundan əvvəl “istəmirəm” desən də, təklifini təkrarlayardı.
Onunla üzbəüz iş masası katibə-makinaçı ştatında çalışan Könül xanımın idi. Əvvəllər bu işdə orta yaşlı bir qadın çalışırdı. Üz-gözündən daima narazılıq yağan bu insan Adildə həmişə ruh düşkünlüyü yaradırdı. Ona görə də çalışırdı ki, onun tərəfə baxmasın. Yaxşı ki, tezliklə hansısa səbəbdən uzaqlaşdı buradan. Üç il olardı ki, onun yerini Könül tutmuşdu. Bəstə boylu Könülün iri, qəşəng gözləri vardı. Güləndə yanağındakı qəmzələr can alırdı. Hər gün səliqəli geyimdə və təzələnmiş makiyajda işə gələrdi. Danışarkən gözlərini qəribə şəkildə yummağı vardı. Hərdən Adilə elə gəlirdi ki, onun gəlişindən sonra burda əla ab-hava yaranıb. Üz-üzə oturduqları üçün tez-tez baxışları toqquşardı. O zaman hər ikisi də eyni vaxtı baxışlarını yayındırmağa çalışardılar. Otaqda hamıya məlum idi ki, Könül artıq dörd ildən çoxdur ərindən ayrılıb və qızı ilə məhkəmədən sonra ona verilən bir otaqlı mənzildə yaşayır. İlk vaxtlar o qədər də fikir verməzdi bu qadına. Gün ərzində münasibətləri səhər tezdən salamlaşmaqdan, iş bitəndə isə sağollaşmaqdan ibarət olurdu, əsasən. Hərdən də çətinə düşən Könülün suallarına cavab verərdi. Təbiətən ciddi, qaraqabaq adam olduğu üçün münasibətləri rəsmiyyətdən o tərəfə keçmirdi. Bəlkə də, Adilin bu qadına münasibəti belə də davam edəcəkdi. Əgər o əhvalat olmasaydı. Əhvalat deyəndə ki...
O günü iş otağında yalnız ikisi idilər. Nisəxanım xəstə olduğu üçün iki gün idi işə çıxmırdı. Qafar kişi isə adəti üzrə yoxa çıxmışdı. Əlindəki yazını qurtarmağa çalışan Könül tez-tez saatına baxırdı. Dediyinə görə, saat altıda qohumunun toyuna dəvətli idi. Əslində, onun toya gedəcəyini Adil səhər otağa girən kimi hiss etmişdi. Könülün vurduğu ətrin iyi otağı doldurmuşdu. Bədəninə kip oturan mavi rəngli donu xüsusi yaraşırdı. Bunu Könülə demək istəsə də, fikrindən daşınmışdı. Qadının səhv başa düşəcəyindən çəkinmişdi. Donun sinəsinin bir qədər açıq olması da nəzərindən qaçmamışdı.
Yazının sonuna çatanda problem yarandı Könülün kompüterində. Həmişəki kimi Adildən kömək istədi. O, Könülün masasına yaxınlaşdı. Qadın qalxaraq yerini ona vermək istəsə də, gec idi. O artıq başının üstündən əyilərək barmağı ilə monitorda məsləhətlər verirdi. Darısqallıqdandımı, ya qəsdənmi kənara da çəkilməmişdi qadın. Bu illər ərzində ilk dəfə idi ki, belə yaxın dayanmışdılar. Adil gözünü çəkə bilməmişdi qadının qar kimi bəyaz, çöldə qalan sinəsindən. Həm tünd ətir iyi, həm də qadının bədənin hərarəti dözülməz etmişdi o bir-iki dəqiqəni. Nə yaxşı, o vəziyyət uzun çəkməmişdi. O gün Könül toya getdikdən sonra özünü çox danladı Adil. Hislərini ələ ala bilməməkdə suçladı özünü.
Özü də hiss etmədən münasibəti dəyişdi qadına qarşı. Hərdən Könül işə çıxmadığı günlərdə darıxdığını hiss edərdi. Bunu etiraf etməsi belə özünə xoş gələrdi. Amma münasib ətləri bundan o yana keçməmişdi.
Bəzən iş zamanı qəsdən onu danışdırmaq üçün dəqiq bildiyi bir şey haqda sual verərdi. Amma hiss edirdi ki, Könül onunla ünsiyyətdən ya çəkinir, ya da aralarındakı rəsmiyyət buna imkan vermirdi. Adil neynəsə də, Könül hər ona müraciət edəndə “Adil müəllim” deyirdi. Bu rəsmiyyət onun xoşuna gəlməsə də, aralarındakı on üç illik fərqə görə haqq qazandırırdı qadına.
Bəzən gecələr yuxusu gəlməyəndə Könülü Təranə ilə müqayisə edər, çox vaxt da üstünlüyü Könülə verərdi. Təranə Adilin ilk sevgisi olmuşdu. Dördüncü kursda ayrılmışdılar. Təranəyə olan sevgisini iki il gizlətsə də, sonradan hamıya bəlli olmuşdu. Adilə qalsaydı, bəlkə də, heç vaxt xəbəri olmayacaqdı Təranənin bu sevgidən. Harda idi Adildə o cəsarət? Yenə də Zakir çatmışdı dadına. Dostunun vəziyyətini duyan Zakir işin mahiyyətini bilincə səhərisi gün universitetdə qızın qabağını kəsmiş və ədəbərkanla anlatmışdı vəziyyəti ona. Tezliklə qrupda hamı xəbərdar oldu bu sevgidən. Təranə də etiraz etməmişdi buna. Xasiyyətləri tutmuşdu. Sonrakı iki ili hamı onları cüt görürməyə alışdı. Hərdən bir yerdə imtahana hazırlaşmaqları da olurdu.
Dördüncü kursun sonuna yaxın hər şey bitdi. Təranəni zorla Rusiyada işləyən əmisi oğluna nişanladılar. Qızın “qaçırt məni” təklifinə müsbət cavab verə bilmədi. Zakir də vəziyyəti biləndə eyni təklifi etdi ona. Hətta həyətlərindəki kiçik otağı da yaşamaq üçün onlara təklif etdi. Amma Adil bunu edə bilməzdi, özündən böyük iki qardaşını necə basıb keçəydi axı? Bu, sonuncu görüş oldu. Təranəni bir də dövlət imtahanında görə bildi. Dəhlizdə qızla üz-üzə gəlməmək üçün çoxçalışdı o gün. Toya da qrup yoldaşlarının hamısı getdi, ondan başqa. Əslində, heç israr edən olmadı. Bilirdilər vəziyyətini. Bəlkə də, bu sevgini daha tez unuda bilərdi, əgər toyun səhərisi Təranənin otaq yoldaşının ona verdiyi məktub olmasaydı. Əslində, məktub demək olmazdı, on iki vərəqli dəftəri doldurmuşdu qız. O dəftəri Adil indi də saxlayırdı. (Məktubda nə yazıldığını oxucuya deyə bilməyəcəyik. Çünki Adil o məktubu hamıdan gizlədirdi.) Dəftəri oxuduqdan sonra içindən əyinsəqırıldığını hiss etmişdi Adil. Bu hiss Adil üçün bakirəlik kimi bir şeydi. Hərbi xidmət zamanı hər gün gözünün önünə gətirdi o məktubu. Sətir-sətir, cümlə-cümlə əzbərləmişdi. İllər sonra – ailə həyatı qurandan sonra da o məktubu xəlvətə çəkilərək oxuyardı. Bir-iki dəfə yandırmaq istəmişdi, lakin yandıra bilməmişdi.
Ailə həyatının ilk illərində isinişə bilmirdi həyat yoldaşına. Öz qohumu idi. Aralarında on bir yaş fərqi vardı. Bəzən Adilə elə gəlirdi ki, bu soyuqluq elə yaş fərqinə görədir. İkinci qızı dünyaya gəldikdən sonra bu soyuqluq qismən aradan qalxsa da, bu günə qədər hələ də belə dolanırdılar. Hərdən Adilin özünə də qəribə gəlirdi bu vəziyyət. Amma gec olduğunu özü də bilirdi. Aralarındakı fərq təkcə yaş deyildi, əslində. Dünyagörüşü, xarakter baxımından da ayrı-ayrı adamlar idilər. Fikirlər Adili yoranda Təranə yadına düşərdi. Ən dəhşətlisi bu idi ki, bu soyuqluq xanımını narahat etmirdi və hiss olunurdu ki, onun üçün bu, adi haldır. Səliqəsinə, biş-düşünə söz ola bilməzdi. Di gəl, zalım qızının deyingənliyi hərdən hövsələdən çıxarırdı onu. Xanımına elə gəlirdi ki, bu böyük şəhərdə hamı qayğısız yaşayır, hamı kefdədir, bircə onlardan savayı. Evin bir işi kəsir olan kimi başlayırdı deyinməyə. Mətbəxə keçərək başlayırdı Adilə hər sözü tanış olan cümlələrə: “camaat qaz vurub qazan doldurur, bizimki isə kağız-kuğuzla eşələnir. Kimə lazımdır axı sənin imzan, şeirin?” Hərdən evdə iki qız uşağının böyüdüyünü də əlavə olaraq çatdırırdı Adilin qulağına. Belə anlarda xanımını haqlı sayan Adilin sakitcə binanın qarşısındakı nərdatanlara qoşulmaqdan başqa çarəsi qalmırdı.
Adilin birinci kitabı çıxanda qadın buna oqədər adi, etinasız yanaşdı ki, o, heyrətə gəldi. Xanımı kitabı vərəqləyəndən sonra heç nə demədən oturduğu kresloya tullayaraq mətbəxə keçdi. Məhz o gün ikinci dəfə içində nəyinsə qırıldığını hiss etdi və qəti əmin oldu ki, bu nəsə düzələn deyil. Elə buna görə də ikinci, üçüncü kitabları çıxanda yoldaşına bildirmədi. Yaxşı ki, həyat yoldaşı ilə aralarında ortaq nöqtə – iki qız balası vardı.
***
Sürücünün qəfil əyləci basması ilə fikri dağıldı. Yalnız indi düşəcəyi dayanacağı arxada qoyduğunun fərqinə vardı. Növbəti dayanacaqda düşərək geri qayıtdı. Gecikməyi xoşlamayan Adil, Zakir deyən vaxtda onun ofisinin qarşısında idi. Ofis təxminən otuz-qırx kvadrat metrlik, iç-içə iki otaqdan ibarət idi. İkinci otağı heç vaxt görməyən Adil intuisiyası ilə hiss edirdi ki, bura Zakirin “gizli ofisidir”. Çox güman ki, bura həm dincəlmək, həm də özü demişkən, mühüm işlər üçün idi. Əlindəki siqareti atmağa yer axtarırdı ki, qapı açıldı və Zakir həmişəki istiqanlılıqla onu qucaqladı. Ayaqüstü hal-əhvaldan sonra qolundan içəri dartdı. İçərinin sərin havasında rahatlanan Adil gözünü açmamış masanın üstü şirniyyatla doldu. Zakir çay qoyduqdan sonra söhbətə, daha doğrusu, giley-güzara başladı. O da əvvəlcədən hazır ssenari üzrə bəhanələr gətirdi.
Söhbət zamanı Zakirin qarşısındakı noutbukda nəsə yazması, arabir qımışması qəribə gəldi ona. Hərdən elə gəlirdi ki, heç ona qulaq asmır dostu. Amma verdiyi suallara cavab aldıqca özü də baş açmadı bu işdən. Axır ki, dostu noutbuku bir kənara ataraq “bunu icad edənin atasına rəhmət” deyib, çayına əl uzatdı. Dostunun üzünə maraqla baxdığını görüb:
– Noutbuku demirəm, əşi, feysbukudeyirəm, deyə aydınlıq gətirməyə çalışdı. Adilin başını tərpətməyini görüncə “yoxsan burda?” deyə soruşdu.
– Əlbəttə, varam. Amma həvəsim və vaxtım olmur tez-tez baş çəkməyə. Evdə də uşaqların əlindən imkan olur ki? – dostunun sualına cavab verdi. Amma sənin işinə yarıyır, deyəsən. Axı səninki ticarətdir. Elan verməyə, müştəri tapmağa lazım olar sənə.
– Rəhmətliyin oğlu, müştəri nə gəzir bu saat. Olanda ofisimi tanıyırlar – dostu qımışdı. Burda ayrı aləm var ey. Cənnətdi bura, cənnət.
Adilin, deyəsən, bu sözlərdən heç nə anlamadığını görcək, səsinin tonunu aşağı salaraq dedi:
– Sən də elə bil bu dünyada yaşamırsan, vallah. Açırsan özünə bir profil, sonra da atırsan tilovu, gözləyirsən.
– Necə yəni atırsan tilovu? – Elə maraqla soruşdu ki, dostu lap uğundu. Gülməyini birtəhər boğub, izahat verdi:
– A kişi, niyə anlamırsan? Bax mən burada özümə bir profil açmışam. İndi burda əlimə düşən biri ilə tanış oluram. Bilirsən, burda nə qədər bekar gəlinlər var? Hələ müasir qızları demirəm day sənə. Kef elə də özünçün! Nə aparacaqsan axı bu dünyadan, rəhmətliyin oğlu?
– Axı məni tanıyırlar az-çox. Qohum-əqrəba, dost-tanış. Hələ imzamı demirəm.
– Sən nə anlamaz olmusan, a kişi. Sənə kim deyir ki, özünü tanıt. Guya məni tanıyan azdır? Profilinə qoyursan bir cavan oğlan şəkli. Bir-iki dənə romantikadan, sevgidən statuslar paylaşırsan. Subay olduğunu yazırsan.Yaşını da 35-36 yaş qeyd elə.
– Niyə 35-36 yaş?
– Bu elə yaşdı ki, cəlbedici gələcək əksəriyyətinə. Həm cavan, həm də kifayət qədər təcrübəli yaş dövrüdür, – göz vurdu Zakir.
Dostunun başını buladığını görən Zakir:
– Sən öl, maraqlı olacaq sonra. “İnan ki, bu olmasa, burda dura bilmərəm bekarçılıqdan. İş var bəyəm? Gündə bir-iki nəfər qapımı aça, ya açmaya. Bir də bizim indən belə kafe, bar, diskoteka gəzən vaxtımız deyil. Görən, tanıyan olar oralarda. Elə edirəm ki, ov özü gəlir ayağıma, – izahat verdi. Nəfəsini dərib davam etdi:
– Adil, bilirsən, nə qədər belə tanışlıq üçün sino gedənlər var? Şəhər doludur, vallah, amma hər adamla da dostluq etmək olmur.
– Bəs harda görüşürsən?
– Harda olacaq? Burada! – Başı ilə ikinci otağa işarə etdi. Sonra dostunun qolundan tutaraq ikinci otağa sarı çəkdi. Qapını açıb işığı yandırdı. Xudmani bir otaqdı, divan, kreslo, kondisioner – bir sözlə, istirahət üçün hər şey. Dostunun fərasətinə heyran qalsa da, özündən zəhləsi getdi bir anlıq. Ürəyində “həmişə bacardın yaşamağı, ay Zakir”, deyə düşündü. “Elə ona görə də on yaş cavan görünürsən məndən. Mən bədbəxt isə ömrümü-günümü çürütdüm kağız-kuğuzların arasında. Rayondakılar olmasaydı, bəlkə, hələ də kirayələrdə çürüyürdüm”. Adili xəyallardan Zakirin “Yaşa da özünçün, ə, bu dünyadan nə aparacaqsan?” – deməsi ayırdı. Başını tərpədərək təsdiqlədi dostunun fikirlərini.
Gecə uzun müddət yata bilmədi. Fikri bu gün Zakirlə etdiyi söhbətdə qalmışdı. Bir kəlmə sözüylə onun fikirlərini qarışdırmışdı. Nəsə ağlına bir şey batmırdı onun dediklərindən. Amma orası da vardı ki, Zakirin yalanla arası olmazdı. Deyirdisə, deməli, nəsə var. Hələ tələbəlikdən bu sahədə peşəkar idi onun dostu. İllər keçsə də, bu işlərini əlindən buraxmayıbmış, demək. Bir yandan da baxanda düz eləyir, bəlkə də. Dünya beş gündür, kim nə aparacaq bu dünyadan...
Yuxudan ayılanda gün yarı olmuşdu, bəlkədə. Hərdən belə yatıb qalmağı olurdu. Onsuz da bu gün iş günü deyildi. Çay içəndən sonra iş otağındakı noutbukunu açdı. Yarımçıq qalan yazıları vardı. Planı yazıları tamamlamaqdı. Çoxdandı təzə heç nə yazmırdı. Əlini noutbuka sarı uzatmışdı ki, haradansa dünənki söhbət yenidən düşdü beyninə. Özündən asılı olmayaraq dünən Zakirin təkidi ilə yeni yaratdığı profilini açdı. Zakir onun üçün əməlli-başlı iş görmüşdü burda. Maraqlı və romantik şəkillər, sevgi statusları paylaşmışdı dostunun səhifə- sində. Nəsə bu iş maraqlı gəlmədi ona, hətta bayağı göründü. Amma əli işə də yatmadı. Geyinib həyətə düşdü. Adətən, binanın tinində domino yarışları gedərdi bu vaxtlar.
Aradan, hardasa iyirmi gün, bəlkə də, bir ay keçmişdi. Redaksiyada qəribə bir sakitlik vardı. Ondan başqa heç kəs yox idi idarədə. Əlindəki yarımçıq yazını tamamladıqdan sonra kresloya yayxanaraq gözünü divardakı saatın əqrəblərinə zilləyib baxırdı ki, hardansa yadına şoğərib profili düşdü. Biixtiyar adını v əş ifrəsini yazıb səhifəyə girdi. Gözünə inanmadı. On bir nəfərdən dostluq təklifi gəlmişdi. Acgözlüklə birnəfəsə hamısını qəbul elədi. Elə bil özünə inam hissi yarandı və bu hiss içindəki tərəddüdü bir andaca qovdu. Bir qədər Zakirin səhifəsinə baş çəkmişdi ki,qəflətən gələn mesajın bildiriş səsinə diksindi. Oğurluq edən uşaq kimi ətrafına baxsa da, otaqda tək olduğunu xatırlayınca sakitləşdi.
Toruna balıq düşən ovçu kimi reaksiya göstərdi. Mesajın kimdən gəlməsinə baxmadan belə cavab yazmağa tələsdi.
– Salam. Necəsiz?
– Salam. Siz necəsiz? Tanımadım, – yazdı.
– Nə tələsirsiz, tanıyarsınız, – cavab aldı. –Adım Aliyə xanımdır. Bəs sizin?
Adilin bir anlıq dili-dodağı qurumuşdu. Az qala öz adını yazacaqdı ki hardansa Zakirin tapşırıqlarını xatırladı. – “Əməlli-başlı yazışmadan nömrə vermə. Yerini-yurdunu bildirmə”.
Təxminən iyirmi dəqiqə yazışdıqdan sonra həmin xanım “bir azdan yazaram” deyib yoxa çıxdı. Üstündən sanki dağ götürüldü. Yol boyu Adilə elə gəlirdi ki, hamı ona baxır. Oğurluq edibmiş kimi heç kimin üzünə belə baxmaq istəmirdi. Binanın qarşısında domino şaqqıldadan qonşularına belə, həmişəki ümumi salamı vermədən bloka girdi. Arxasınca boylanan qəribə baxışları hiss etmədən pilləkənləri qalxmağa başladı. Evdə də özünə rahatlıq tapmadı. Duş qəbul etdikdən sonra bir qədər toxtadı. Yadına düşdü ki, qonaqlığa dəvətlidir. Bir-iki məhəllə aralıda böyük qaynı yaşayırdı. Zəng vurdu. Gələ bilməyəcəyini deyib, üzr xahlıq etdi.
İş otağına keçdi. Noutbukunu açaraq yenidən şifrəsini yazıb profilinə girdi. Təzə tanışından xeyli mesaj gəlmişdi. Bu dəfə tələsməyən Adil əvvəlcə onun profilinə baxdı: Aliyə, 30 yaş, Bakıda yaşayır. Səhifəni ələk-vələk etsə də, bundan başqa heç nə tapa bilmədi. Mesajları oxuduqdan sonra cavab yazdı. Az keçmədi, cavab gəldi. Söhbətləri alındı. İki saatın necə keçdiyini belə hiss etməyən Adil, Zakirə haqq qazandırdı ürəyində. Söhbət əsnasında çox şey öyrəndi xanım haqqında: ailəli olub, ayrılıb, ayrıca mənzili var, 35-40 yaşlı dürüst biri ilə dostluq etmək istəyir. Yatağına uzanan Adil yuxuya nə vaxt getdiyini hiss etmədi.
Səhərisi iş vaxtı imkan tapdıqca öz səhifəsinə baxan Adil yeni mesajlar görmək ümidində olsa da, nədənsə tanışından səs-soraq yox idi. Hətta nahar fasiləsi zamanı yeməyini belə ayaqüstü yeyərək yenidən masasına qaçdı. Nədənsə dostu susurdu. “Yəqin, işdədir, ya da vaxtı yoxdur”, deyə özünə təskinlik verdi. Saat altı olar-olmaz küçəyə çıxdı. Lakin elə dəhlizin başındaca köhnə tanışlarından birinə ilişdi. Bu minvalla çənədən saz tanışının hesabına yarım saat itirdi. Əlindən güc-bəla ilə qurtulub evə sarı qaçdı...
Beləcə narahat günləri başladı. Özündən asılı deyildi. Evdə olanda işə, işdə olanda isə evə can atırdı. Hərdən “bir az yazım var” deyib iş otağına çəkiləndə səsində qəribə titrəyişi özü də duyurdu. Bəzən ona elə gəlirdi ki, ondakı bu qəribəliyi həyat yoldaşı və ətrafındakılarda duyur. Nədənsə gündüzlər yazmırdı Aliyə. İşdə olduğunu deyirdi. Adil də harda işlədiyini soruşmamışdı. Yaxşı bilirdi ki, soruşsa belə, doğru cavab almayacaq.
Günlər bir-birini əvəz etdikcə Adildə qəribə alışqanlıq yarandı bu yazışmaya. Hiss edirdi ki, ayrı qala bilmir üzünü görmədiyi, tanımadığı bu yad qadından. Bəzən özünə bir neçə gün yazmayacağına söz versə də, bacara bilmirdi. Qadının da ona biganə olmadığını hiss edən Adil gecələrin birində sağollaşarkən özündə cəsarət tapıb, ona “öpdüm” yazdı. Qarşı tərəfin cavabı ləngimədi: “mən də”. Beləcə yazışmaları yeni mərhələyə qədəm qoydu. Hərdən gecələr mövzular sevgidən, intim hislərdən düşəndə qadının da bu cür söhbətlərə biganə olmadığını görən Adili qəribə hislər bürüyürdü. Artıq əməldən işə keçməyin vaxtıdır deyə, düşünürdü. Bu barədə Zakirlə məsləhətləşmək qərarına gəldi. Aldığı məsləhət belə oldu:“canım üçün hazırdı. Görüşə dəvət elə”. Adilin “harda görüşüm axı?” sualına başı ilə arxa otağı göstərən Zakir “dostun ölməyib ki sənin” deyib qımışdı.
– Dəvət elə bura. Arxayın, xudmani yerdir. Mən sizi təklikdə buraxaram, – dedi.
Dostunun bu canıyananlığı ordaca fikrini qətiləşdirdi Adilin. Artıq dördüncü ay idi ki, yazışırdılar. Araları tam açıq idi. Hər cür mövzuda söhbət etmişdilər. Evə qayıdarkən yolda qaynı zəng etdi, dünən ailəsini onunla yola salmışdı rayona. Ənənəvi olaraq yay tətili başlayan kimi köç başlayırdı kəndə. Yoldaşı onsuz da işləmirdi, evdar qadın idi.
Görüşüb qəsəbədəki kafedə bir az pivələdilər. Evə qayıdanda bir az kefləndiyini hiss etdi, çoxdandı bir belə içmirdi.
Hamamdan çıxıb qurulanmamış iş otağına qaçdı. O gecə ya içkinin təsirindən, ya da Zakirin məsləhətindən cəsarətlənən Adil mətləbi açdı.
– Bəlkə, görüşək?
– Nə bilim... Bu hardan ağlına gəldi?
– Bilmirəm.
– Niyə istədin ki?
– Elə-belə. Tanımaq üçün. Axı nə vaxta qədər bir-birimizi tanımayacağıq?
– Bilirsən, qorxuram. Görən olar. Tanış-biliş...
– Qorxma. Kim görəcək ki?
– Baxarıq da.
– Sabah görüşək. İstirahət günüdür.
– Bilmirəm. Qərar verə bilmirəm.
Söhbət uzun çəkdi. Nəhayət, razı sala bildi Aliyəni. Zakirin gündüz ona əzbərlətdiyi ünvanı Aliyəyə başa saldı. Hər ehtimala qarşı nömrəsini də verdi ona. Bu gün almışdı nömrəni Zakirin məsləhəti ilə. “Lazım olmasa, qır, tulla getsin” – demişdi.
O gecə söhbət məcrasından çıxdı. Aliyənin dediyi kimi, hərdən Adil lap cızığından çıxırdı. Virtual olaraq başlayan öpüşlər virtual seksə çevrildi. Hər ikisi də hiss edirdi ki, sabahkı görüş üçün artıq mane olacaq, çətinlik yaradacaq heç nə qalmayıb. Bir sözlə, hər ikisi tam hazır idi sabahkı “zirvə toplantısı”na. (Bunu da Adil düzüb qoşmuşdu.) Nəhayət, gecə yarısı sağollaşıb, yatmağa qərar verdilər.
Özünü tanımırdı Adil. Hər şey gözündəd əyişmişdi o gecə. Sabahkı görüşü düşünürdü. Bir yandan da aylardan bəri dincliyini alan qadının ona ilk təklifdəcə ram olması içində bir qəribəlik yaratmışdı. Hər şeyin belə tez əldə olunması gözündə adiləşdirmişdi bu münasibəti. Qarışıq fikirlər onu yaman sıxırdı.
Səhər yuxudan ayılanda bir müddət özündə olmadı. Bir az içkinin təsiri, bir az da narahat və az yatdığından heç nə xatırlamadı əvvəlcə. Qəfildən divardakı saata baxanda axşamkı yazışmaları gözünün önünə gəldi. Əvvəl istədi, görüşü təxirə salsın. Yadına düşdü ki, Aliyənin nömrəsi onda yoxdur.
Bu fikrindən daşındı. Getmək qərarını verdi bir andaca. Amma vaxt lap daralmışdı. Tələsmək lazım idi. Hamamlanıb, üzünü qırxmaq bir az da vaxtını aldı. Pilləkənləri qaça-qaça düşdü, az qala. Avtobus qaydasında getsə də, ona elə gəlirdi ki, sürücü qəsdən ləng sürür. Saatına bir də baxanda gecikəcəyini dəqiq bildi. Taksiyə minmədiyinə peşman oldu. Tərslikdən xanımın telefon nömrəsini də bilmirdi. Zakirə zəng etmək istəsə də, sonra fikrindən daşındı. Zəng edib nə deyəcəkdi? Onu Zakir gözləmirdi.
Dayanacaqdan Zakirin ofisinə qədər, az qala, yüyürdü. Küçəni keçərkən maşınların verdiyi əcaib siqnallardan hiss etdi ki, yolu düz keçmədi. Uzaqdan Zakirin ofisin qarşısında olduğunu gördü. Ürəyi yerinə gəldi bir az. “Gəlməyib hələ... gecikib mənim kimi” düşündü. Adili görən Zakirin üzü güldü. “Öz aramızdı, zövqün pis deyil, dostum” deyərək əlindəki açarları Adilin ovcuna sıxdı. ”Sizə uğurlar! İşiniz bitəndən sonra zəng edərsən. Qapını içəridən bağla. Döyən olsa da, açma. Kef elə...” deyərək əlini dostunun kürəyinə vurdu. Dostunun dediyindən anladı ki, Aliyə artıq içəridədir. Özünü ələ alan Adil qapının dəstəyindən yapışaraq aşağı burdu və açılan qapıdan özünü içəri saldı...
Kaş heç girməyəydi...
Divanda arxası qapıya tərəf oturan xanım içəri kiminsə girdiyini hiss etdi və əlindəki kiçik kosmetik güzgünü çantasına qoyaraq geri çevrildi...
Baxışlar toqquşanda sanki ildırım vurdu hər ikisini. Bir anlıq otağa qəribə sükut çökdü. Adilə elə gəldi ki, bu sükut saatlarla davam etdi. Hətta ürəyinin döyüntüsünü belə eşitdilər küçədən keçənlər. Sükutu qadının hönkürtüsü pozdu. Otağın sakitliyini pozan bu səs uzun müddət davam etdi. Ayaq üstə dayanmağa gücünün qalmadığını hiss edən Adil bağlamağa macal tapmadığı qapının önündə oturdu. Hələ də şokda idi. Quruyub qalmışdı. Divanda içini çəkə-çəkə ağlayan qadına təsəlli verə biləcək söz tapa bilmirdi. Əvvəl istədi ki, yaxınlaşsın ona. Lakin vəziyyətin daha da pisləşəcəyindən qorxdu. Oturduğu yerdən duraraq su vermək istədi. Əlini suya uzatmışdı ki, qadın qəflətən durdu və göz yaşları içində “Məni bağışlayın, Adil müəllim” dedi və ardınca, az qala, qaçaraq otağı tərk etdi.
Gedən Könül idi – iş yoldaşı...
Adil içmək üçün açdığı mineral suyu başından aşağı tökdü...
* * *
Zakirlə tindəki çayxanada görüşüb açarları verdi. Dostunun üzünə baxıb qımışan Zakir Adilin qırımından hiss etdi ki, nəsə vəziyyət başqacürdür. Soruşmağa da risk etmədi. Dostunun sağollaşmadan ayrılmağı xoşagəlməz hadisənin olduğundan xəbər verirdi.
Gecəni yata bilmədi Adil. Bir neçə dəfə noutbuku yandırsa da, profilini açmadan söndürdü. Divarlar hər tərəfdən üstünə gəlirdi. Səhərə yaxın artıq gözlərinin şişdiyini, sifətinin bir gecədə qaraldığını belə hiss etdi güzgüdə.
İş otağına keçdi. Baş redaktorun adına ərizə yazdı. İşdən çıxması barədə səbəb kimi səhhətini göstərdi. Səhər açılanda redaktorun nömrəsini yığdı. Salamlaşdıqdan sonra qısa şəkildə işdən çıxmaq qərarına gəldiyini, ərizəni isə tezliklə göndərəcəyini bildirdi. Baş redaktor hələlik bu həftəni işə gəlməyini xahiş etsə də, gələ bilməyəcəyini dedi. Baş redaktor “mən indi sənin yerinə adamı hardan tapım bu tezliklə? Tərs kimi Könül xanım da bir az bundan qabaq işdən çıxması haqda ərizəni qoydu stolun üstünə. Belə olmaz axı.”
Telefonun o başından baş redaktorun səsi gəlsə də, Adil artıq sonuncu cümlədən sonra heç nə eşitmirdi...
* * *
Çoxdandı rayona avtobusla getmədiyi üçün avtovağzalda rayonlarına gedən avtobusu çətinliklə tapdı. Gedəcəyinə qərar vermişdi. Uzaqlaşmaq lazım idi buradan. Qarşısında dayanan dilənçı uşağın səsi onu fikrindən ayırdı. Əlini cibinə salb xırda pul axtardı. Əlinə dəyən qəribə əşyanı çıxartdı, nömrə idi. Həmin nömrə. Qeyri-iradi ortadan iki bölüb uşağın ovcuna qoydu. Dodağının altında danışan uşaq başını bulayaraq uzaqlaşdı...