Çağdaş türk ədəbiyyatının tanınan və sevilən imzalarından olan şair, yazıçı, jurnalist Ozcan Ünlü “Məndən əvvəl”, “Eşq olur”, “Qorxuya türkü”, “Atəş gözəli”, “Təslimiyyət”, “Hər şey birdən-birə”, “Heç deyilsə bu gün”, “Otuz üç nağıl” şeir kitablarının, “Eşq gündəliyi”, “Ata, anama bağırma” romanlarının və bir-birindən maraqlı “Apaydın yalnızlıq”, “Aynaya baxarkən söylənilən”, ”Ustad və ağac məcmuəsi”, ”Kamal Tahirin notları”, “Qəlbin nə marka” esse və incələmələr kitablarının müəllifidir
AĞLAMAQ
Çox ağlamışdım. Hə, çox...
Yağmur yağanda ağlamışdım,
Günəş çıxanda,
Sel aparanda bütün umudları,
Gölə döndüyündə ürəyim
ağlamışdım…
Gözəl ağlamışdım, deyəsən,
Yağmurlar belə qısqanmışdı bir kərə.
Uzun və təmiz vadilərdən axmışdı göz yaşlarım,
Düşmüşdü xırda bir qızın ətəyinə,
Bir körpənin nurlu üzünə,
Bir atanın nəsihətli əllərinə,
Bir ananın səbirdən naxış-naxış olmuş yanağına,
Bir sevgilinin bəmbəyaz duyğularına...
Röyamda həmişə ağlamaq gördüm ömrüm boyunca.
Kəlmələri bir kənara buraxaraq açıqladım,
Bildiyimcə yozumlar çıxardım hər səhər;
Bolluq gələcəkmiş, pul tapacaqmışam,
Xəstəliyim yaxşılığa gedirmiş,.. sevindim...
Və eşqə düşəcəyəmmiş,
Bir ilxı kimi sovurulacaqmış könlüm;
Günün bir saatı sevgilini xəyal edəcəyəmmiş...
Şəhərin böyük küçələrini mən yudum göz yaşımla,
Hər səhər par-par görünən günəşi mən sildim,
Kirdən və pasdan təmizlənmiş ürəklər mənim əsərim,
İçilən hər udum su mənim bir parçam…
2
Qəhər böyüdən anaların dodaqlarında
Sitəm və səbirdən çatlayan uçuqlara ağlamışdım.
Məlhəm sürtmüşdüm qəlblərindəki sızıltıya,
Bir oğul başını basdırmaq istədikləri kökslərində
Mən unutmuşdum göz yaşlarımı;
Gülsün deyə camaat…
Ağır öskürək sıralarında bir ananın
Çiyninə qurşun kimi çökən ağlamaq mənimdi,
Torpaq kimi qurumuş əllərindəki əmək
Və duayla getdiyi yollara düşən qabarda
Mənim gözümün islaqlığı…
Ah, səbri bir quş kimi köksünə işləyən ana,
Söylərmisən, vəfa nədi?
Hansı küçədə oturur övlad acısı,
Təlaşlı bir qarğaşadan keçən igid adamın harda,
Ruhunu özünə satan o ölümlü adamın harda,
Gül qoxulu nəfəsini bağışladığın adam harda?
Harda gəncliyinin dar küçələrində
Üzüntülü xoşbəxtliklər üçün tökdüyün göz
Ana,
Yəni
Ürəyinə
Hər gecə
Daş basan
Müqəddəs qadın!..
3
Çoxmu ağlamışdım? Hə, çox…
Yağış yağanda ağlamışdım,
Günəş çıxanda,
Sel aparanda bütün umudları,
Boşluğa düşəndə ürəyim
Ağlamışdım…
Ağlamışdım,
Yeniyetmə bir qız inləmişdi qəlbimdə,
Uçan və küskün baharlar dəymişdi gözümə…
Bir filmdə, unutmuşdum,
Adı nəydi?
Niyə ağlamırdı artıq öz filminə
Ayaqları kədər qoxuyan
Üzündə qərib qürbətlər daşıyan
Və bir gün eyni qədərlə pərdələrini aralayan qız?
Sənin üçün ağlamışdım…
Nəfəsin açılsın deyə, bəlkə,
Qurtulsun deyə, qədərinin əlindəki xoşbəxlik quşu,
Anlasın deyə, şüşə arxasına kilidləyən inadçı qədər
Ya da tütün qoxulu, qayğılı bir ata…
Sənin üçün ağlamışdım,
Yabanı yanların ağrıdıqca,
Öpdükcə alnını nikahına aldığın səbir
Sən, dan söküləndə oyanan gözlərində
İnam məktubu oxunan qız,
Hanı, təbəssümün harda?
4
Çoxmu ağlamışdım? Hə, çox…
Yağış yağanda ağlamışdım,
Günəş çıxanda,
Sel aparanda bütün umudları,
Gölə dönəndə ürəyim
Ağlamışdım…
Yeddi qitə, üç dəniz dolaşmış, ağlamışdım,
Uzun yolçuluqlara çıxmış, ağlamışdım,
Zanbaq tarlalarına düşmüşdü yolum,
Burnuma qıpqırmızı qoxular sürtmüşdü, ağlamışdım…
Bütün cənazələrdə çaşdırmışdım hər kəsi,
Çünki yıxılan onlardı, ağlayan məndim,..
Oyuncağı qırılmış uşağın səsində boğulan hıçqırıq,
Gözündən düşən qorxulu kədər məndim.
Bir-birinə bənzəyərək uğuldayan
Və ən yüksək dağlardan gələn çaqqıltılar məndim.
Balıqlara yeni həyat bağışlayan,
Quşların zığını təmizləyən xırda göllərdə,
Bəndlərini zorlayan əngəllərdə mən vardım
Ah, hə, çox ağlamışdım…
Sevgilinin sərnicində olarkən bənd suda
Gülümsəyərək parlayan ulduz üçün ağlamışdım
Damarında dolaşan qanı daşımaq üçün qəlbinə
Və sevməsi üçün bir ürək ustasını könüldən,
Düşüncələrini süsləmək üçün o seir pərisinin,
Qanad taxmaq üçün gülümsəmələrinə
Və toxunmaq üçün səsinə çox ağlamışdım…
EŞQ MÜTLƏQDİ…
Mütləq bir eşq vardı hər kəsin həyatında:
Gecələrinə su çiləyən, ildırımlar çıxaran dodağından
Mahnı sözlərinə bulaşmış səkilərdə
Param-parça olmuş adamların getdiyi bir sevgili…
Mütləq bir eşq vardı hər kəsin həyatında:
Unudulan vədlərin yerinə qoyulan bir rəsm,
Bir neçə şeir, qırıq-sökük xatirələr...
Vulkanlara yaxın olmuş toxunuşlar sərgisində
Soyuq gözləmələrə həsr olunmuş yağış buludları,
Gilas ağaclarına asılmış yanlış dilək ipləri,
Kənd yollarından toplanmış məsumluqlar,
Küçələrə yığılmış kimsəsizlər
Və sair…
Mütləq bir eşq vardı hər kəsin həyatında:
Ürəyə cığır salan, ağla bulanıqlıq verən,
Gurul-gurul çaqqıldadan ruhun iştahını…
İtirincə kabusa dönən sevgiliyi,
Darıxdıqca ayrılığın girdabına düşən…
Mütləq bir eşq vardı hər kəsin həyatında:
Yaşamağı mənalandıran…
QALDI
Bildiklərimi susdum, bilmədiklərim səndə qaldı.
Səndə qaldı ürək şəhərimin meydan və küçələri…
Bir iztirab qatarında dodağımdan asılmış dualar,
Keçmişsiz gecə yuxuları və sənsizlik məndə qaldı.
Eləcə vurdun məni çığ düşmüş mahnı sözlərinə,
Qiyamət topları gedişinin surlarında qaldı.
Çox gördüyüm xəyallar belə unudulmuş bulvarında.
Yağı qurtarmış bir kor quyuda çırpınıram.
Səsini duysam, yetər, ümidlərim dünəndə qaldı;
Xoşbəxtlik bulvarından keçməyəcək xatirəm.
O şeirlər, mahnılar qovuşmaq körpüsündə qaldı.
Bildiklərimi susdum, bilmədiklərim səndə qaldı,
Huysuz gecə yuxuları və sənsizlik məndə qaldı.
MƏNƏ EŞQ ÜFLƏ
Əskildi bir gün, ana,
Bax, böyümür ürəyim...
Tərk edilmiş şəhərlərə bənzəyir
Qaranlıqda qaçan kədərim.
Uzaq, çox uzaq bir şəhərə, ana,
Atmaq istəyirəm uşaqlığımı,
Kaftarkus dərisi səbrimi bağlayıb
Ölməmiş uşaqlara vermək...
Bu gün eşqlə doldur qəlbimi, ana,
Səndəndi sevgilimin qumdan saçları
Məni öp, öp məni, doyur ruhunla,
Onsuz yalvarmağa gücüm yox.
Gün öz şərabını içir, ana,
Mənsə bəyaz bir vadidə kimsəsiz...
Göz yaşı şərbətimi içirəm,
Oğluna sahib çıx, ona eşq üflə.
Ummadığım bir sevda bu, ana,
Nə başı sənsən, nə sonu...
Çözdüyüm düyünlər qədər ipindən
Yenidən yumağa dönür, ana.
Kirlənən ruhuma sahib çıx, ana,
Əllərin oxşasın, dirilsin sevgim.
Qırmadan şüşə, ürkək qəlbini onun
Məni dürüstlük körfəzində durult.
Mən onun nağılının səsiyəm, ana,
Bitməsin həyəcanlı sevda hekayəmiz.
Həm onu, həm onu çox yaxşı qoru,
Çünki səndədi gələcəyin aydınlığı.
İNDİ ÖYRƏNDİM
Ağacların çiçək açdığını səndən öyrəndim.
Gördüm necə bir şəhərdə yaşadığımı
əslində, bir şəkli sevmədiyimi
indi öyrəndim.
Girdim dar qapısından bir evin
Divarlara sürtünərək yeridim.
Ürkək yarpaqlar kimi süzülərək
Və asılaraq ruhumun dar ağacından
İndi öyrəndim gözümün gördüyünü,
Bu qəlbin eşqə uduzduğunu, indi…
Tənhalar xorunun şefi kimiyəm,
Bir əlimdə umud, bir əlimdə söz.
Uladım yoxluğu yalqızlığıma...
Sənə qaçan gündüz fənəri
Yalan olduğumu indi öyrəndim.
Türküsü yandırılmış qəndildi arzularım.
Yarıqaranlıq zindanlarda
Sənsizlikdən ölmüşəm.
Gözlərim qamaşır kifli gecədə
Çıxıb getdiyindən şəklin əlimi Indi bir uşaq kimi ağlayacağam,
Qaranlıq çökəcək xatirələrə.
Bu baxçanı, sıxılan qəlbimi səninlə gördüm,
Gördüm necə çalxalandığını ruhumun
Əslində, bir şəkli sevmədiyimi
İndi öyrəndim.
Uyğunlaşdırdı: Təranə VAHİD