“Söz” YARADICILIQ BİRLİYİ təqdim edir
Kazuo İşiquronu ensiklopedik nəşrlərdə, tanıtma qeydlərində ingiliscə yazan yapon yazıçısı kimi də təqdim edirlər, yapon mənşəli ingilis yazıçısı kimi də. Onun adı Azərbaycanda 2017-ci ildən, o, Nobel mükafatına layiq görüləndən sonra tanınmağa və populyarlaşmağa başlayıb. Əslində, K. İşiquro 2017-ci ilə qədər dünyanın tanınmış yazıçıları arasında özünə yer eləmişdi: əsərləri bir çox dillərə tərcümə edilmiş, özü ən nüfuzlu beynəlxalq ədəbi mükafatlara layiq görülmüşdü...
K. İşiquro 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Naqasaki adı Xirosimo ilə birlikdə bizə daha çox İkinci Dünya müharibəsinin sonunda Amerikanın atom bombası atdığı şəhərlər kimi tanışdır. İlk dəfə Yaponiyada sınaqdan keçirilmiş atom bombasının təsirindən minlərlə insan bir anda həlak olmuş, evlər viran qalmış, hava, su, təbiət zəhərlənmişdi. Bu hadisədən sonra uzun illər həmin şəhərlərdə insanlar, bitkilər, canlılar xəstə doğulurdu. Həmin mövzuya Azərbaycan ədəbiyyatı da laqeyd qalmamışdı, atom fəlakətinə qarşı müxtəlif səviyyələrdə xeyli şeir yazılmışdı...
Kazuo valideynləri ilə birlikdə 1960-cı ildə Yaponiyadan Avropaya, Böyük Britaniyaya köçüb və bir qədər sonra ailə Britaniya vətəndaşlığını qəbul edib. Britaniya mühitinin yetişdirməsi olan Kazuo bədii yaradıcılıq sahəsində 1980-ci illərdən tanınmağa başlayıb və ilk əsərləri ilə diqqəti cəlb edib.
Onun yaradıcılığında başlıca mövzulardan biri müharibə və özünün görmədiyi Naqasaki faciəsidir. Yazıçının yaşından əvvəl baş vermiş bu bəşəri faciə onun yaradıcılığında dərin iz salıb, göynəyən və qanı kəsilməyən yaraya çevrilib. Sizə təqdim etdiyimiz əsər də Naqasaki faciəsini yaşamış bir qadının hekayəsidir. Əslində, bunu yaddaşın mühakiməsi və ittihamı da hesab etmək olar: zaman keçir, vaxt dönür, dövran dəyişir, dünyaya yeni insanlar gəlir. Ancaq yeni insanların “köhnələr”in acılarını hiss edə bilməməsi, keçmişə laqeydliyi “Qərib və bəzən də hüznlü” hekayə yaradır.
Hekayəni ingilis dilindən Bakı Dövlət Universitetinin magistrantı, “Söz” yaradıcılıq birliyinin üzvü Sevinc Quliyeva tərcümə edib.
Məti Osmanoğlu
QƏRİB VƏ BƏZƏN DƏ HÜZNLÜ
Yasukonu İngiltərəyə köçdüyümüz il dünyaya gətirdim. Ola bilsin ki, qəriblikdən idi, bilmirəm, amma hamiləliyim ağır keçdi. Doğuşdan sonra o qədər zəifləmişdim ki, Yasuko bir neçə aylıq olanda xəstəxanaya qayıtmalı oldum. Narahat yataqda, qızımdan uzaqda ağrıdan əziyyət çəkir, ilk gecələr çox az yatırdım. Həkimlər mənə ağrıkəsici dərmanlar verirdilər, mənsə yuxu ilə oyaqlıq arasında sanki can çəkirdim. Gecələr yuxuda pəncərənin yanında qızımın əlləri və ayaqları ilə yatağını eşə-eşə ağladığını görürdüm. Yanına getməyə çalışsam da, əlim ona çatmırdı, o isə durmadan ağlayırdı, buna görə də onun xəstələnəcəyindən qorxurdum.
Səhər yatağımın baş ucunda duran ərimdən Yasukonu soruşdum. Onun bütün gecə ağladığını söylədi.
Bir gecə ağrım çəkildi. Mən xeyli yatdım. Yuxuda Yasukonun rahatca yatdığını gördüm. Kiçik ağzı azca açıq idi, balaca yumruğunu qulağının dibinə qoymuşdu...
Səhər ərim dedi ki, qızım ilk dəfə sakit yatıb. Düzü, batil inanclara inanmıram, amma Yasuko ilə özümün alimlərə məlum olmayan qüvvələr tərəfindən bir-birimizə bağlı olduğumuza inanırdım. Necə də qeyri-adi idi... Bu bağlılıq doqquz aydan çox davam etdi.
Yasuko yazın əvvəlində mənə baş çəkməyə gələndə ona bu haqda danışdım. Onun üçün maraqsız oldu, bəlkə də, bir az utanırdı. Yasuko ailə qurmağa hazırlaşırdı. İki ildi sevgilisi ilə birgə yaşayırdı və mən indiki zəmanədə belə şeylərin qəbul edildiyini bilsəm də, nəhayət, nikahın olacağı üçün rahatlaşmışdım. Üç gün yanımda qaldı, bu müddət ərzində onun necə rahat olduğunu görmək məni sevindirirdi.
Onun doğulmasından sonra bizi bağlayan sirli qüvvələrdən danışdığım vaxtlarda, həyatımda bir dəfə də belə qəribə, bəlkə də, fövqəltəbii bir şeylə qarşılaşdığımı xatırladım. Bu əhvalat xeyli əvvəl Naqasaki şəhərində olmuşdu və qəribəsi də bu idi ki, başqa Yasuko ilə əlaqəli idi. Qızıma əvvəlki Yasuko haqqında danışmağa başladım, amma o, sözümü kəsdi:
- Bundan əvvəl onun haqqında danışmısan, - səbirsizliklə dedi. - Mənim adımı da onun şərəfinə qoymusan. Partlayışda ölən adamın...
-Doğrudur, - dedim, - bu adı sənə vermişdim. Ümid edirdim ki, sən doğulmazdan əvvəl mənim əziyyətimi çəkmiş dostum kimi sakit olacaqsan. Amma, görünür, düşündüklərimiz heç də həmişə çin olmur.
Yasuko güldü. Mənsə həqiqəti deyirdim. Birinci Yasuko mənim indiyə kimi tanıdığım ən incə və xeyirxah insan idi. Uşaqlıqda, Naqasakidə olduğumuz vaxtlarda onu özündən çıxarmağa çox cəhd edirdim. Amma heç vaxt bacarmırdım. Üstünə çox getdiyim vaxtlarda isə bir yerə çəkilib için-için ağlayırdı.
Öz anası kimi aqressiv olan qızım ona çox az bənzəyirdi. Birinci Yasuko ona maraqlı olmadığına görə mən də məsələnin dərinliyinə getmədim.
Biz ordan-burdan danışırdıq və üç gün yel kimi keçdi. O mənim işimin az olduğunu deyirdi. Deyirdi mənimçün hər şeyin darıxdırıcı olmağı da buna görədir.
Onun belə düşünməsindən narahat olurdum. Mənə bir neçə dəfə məsləhət görmüşdü ki, axşam məktəbinə gedib, rəsmlə məşğul olum. Təklifinə görə ona təşəkkür etmişdim və bu haqda düşünəcəyimi bildirmişdim. Biz çox mehribanlıqla sağollaşdıq və nişanlısına salam göndərdim.
Mənim Yasukodan böyük bir qızım da var. Dörd il əvvəl, hələ ərim ölməzdən qabaq ərə gedib. Yaxınlarda nənə olacağıma ümid edirdim. Qızlarımdan heç biri Yaponiyanı yaxşı tanımır və bir-iki sözdən başqa yaponca heç nə danışa bilmirlər. Onlardan ötrü Naqasaki analarının atlasda təsvir edilmiş doğma şəhərindən və nə vaxtsa bomba düşmüş yerdən başqa bir şey deyil. Başqa cür ola da bilməzdi. İndi onların doğma yurdu İngiltərə idi. Onlar mənim yaşıma çatanda hərdən bağda söhbət etdiyim qonşu qadın kimi danışıb güləcəklər.
Qızlarımın ikisi də ara-sıra gəlib mənə baş çəkirdi.
Yasukonun gedişindən az qala üç ay keçmişdi. Birinci Yasuko haqqında danışmağım çox xatirələri oyatmışdı və o vaxtdan bəri mən elə hey keçmiş haqqında düşünürdüm. Axırıncı həftələrdə isə xatirələrə tez-tez qayıdırdım.
Yasuko ilə mən Naqasakinin Nakaqava vilayətində böyümüşdük. Dediyim kimi, o, vaxtını evdə keçirməyi sevən sakit bir qız idi. Təəccüblü deyil ki, müharibə illərində ona çox çətin oldu. Fabrik həyatına alışa bilmirdi, ən pisi də bu idi ki, o biri qızlar buna görə ona yuxarıdan aşağı baxırdılar. O vaxt, müharibənin ilk illərində qardaşı müharibədə ölmüşdü. Faciəsi bundan daha dərin idi, üç il əvvəl də anasını xərçəngdən itirmişdi. Acıları dinib dayanmırdı, nişanlısını müharibədə Sakit Okean ərazisinə göndərmişdilər və o hər gün məktub gözləyirdi. Məktublarsa gecikirdi. Müharibə illərində bizim evin yaxınlığında, pəncərəsi dilsiz dağlara baxan evdə atası ilə birgə yaşayırdı. Həftələrlə heç bir xəbər gəlmədiyi zamanlarda onun nə qədər səbirli olduğunu xatırlayıram. O, məktubların itirildiyindən, yaxud göndərilməsinin təxirə salınmasından şikayətlənirdi, mənsə heç nə deyə bilmirdim, sadəcə susurdum.
Uşaq vaxtımdan onun atasını çox sevirdim. Gözlərində mehribanlıq vardı və eynilə qızı kimi xeyirxah idi. Kinoşita-sanda insanı sakitləşdirən və rahatladan nəsə vardı və mən həmişə onun yanında olmaqdan zövq alırdım.
Təbii ki, indi bunların hamısı geridə qalıb və əvvəl-axır mən olanları unutmalıyam. Amma yenə də bəzi səhnələri tamamilə aydın xatırlayırdım. Hadisələrin zamanını və məkanını tam dəqiqliklə yadıma sala bilməsəm də, müharibənin son illərini, o quru və sərt yayı xatırlayırdım. Məsələn, bir səhər Yasukonun atası ilə işə gedərkən aramızda olmuş söhbət dəqiq yadıma gəlir. Nakaqavanın qarşısında kiçik bir körpü var idi, hər səhər mən, o və bir neçə nəfər orada tramvayı gözləyirdik. Tramvay bizi şəhərə aparacaqdı. Müharibədən əvvəl Kinoşita-san məmur olmuşdu, indi isə mən işlədiyim yerin yaxınlığındakı zavodda işləyirdi. Hər səhər məmur vaxtından qalma çantasını qoltuğuna sıxıb körpüyə məndən əvvəl çatırdı. Həmin səhər də mehriban gülüşü ilə məni salamladı və sonra dedi ki, Yasuko, nəhayət, Nakamura-sandan məktub alıb.
- O deyir ki, hava çox isti olsa da, həşəratlar bədənini didik-didik etsə də, vəziyyəti yaxşıdı. Həm də müharibədə məğlub olduğumuzu yazır.
- Bəs siz nə düşünürsüz, Kinoşita-san? Müharibədə məğlub olmuşuq? Astaca başını yellədi:
- Tək ümidimiz budur ki, kişilər əmin-amanlıqla geri dönəcək, müharibə uzun sürməyəcək və bundan sonra itirəcəyimiz bir şey olmayacaq.
- Yasuko-san da rahatlanmış olar. Axır ki, məktub gəldi.
- Elədir, düz yeddi həftə idi ki, narahat idi. Siz də çox qayğılı görünürdünüz, Miçiko-san. Yoxsa sizin də gizlində gözlədiyiniz var?
- Yox, heç kim yoxdur. Nakamura-san sarıdan narahat idim.
-Düzdür. Siz Nakamura-sanı çox istəyirsiniz.
- Bəli, mən onu çox istəyirəm, narahatlığım da Yasuko üçün idi.
O, astaca təzim etdi:
- Onun qayğısına qalmağın çox xoşdur.
Səhərin havasından dərin bir nəfəs aldı. Belə yay səhərlərində hava həmişə açıq-mavi olurdu, səhər hələ tam açılmamışdı.
Tramvay xətlərinin üstünə həmişə qarğalar qonardı. Tramvayın yaxınlaşması ilə hamısı uçub gedərdi.
-Yasukodan çox narahatam, – sözünə davam etdi. Sonra şübhəli şəkildə üzünü mənə çevirdi, – biz ikimiz də fədakarlıq etməliyik, elə deyilmi, Miçiko-san?
Deyəsən, bir az qızardım.
- Nəyi nəzərdə tutduğunuzu anladığıma əmin deyiləm, Kinoşita-san.
O, şübhəli nəzərlərlə mənə baxmağa davam etdi, sonra isə başını və əlini qaldırdı:
- Bu da tramvay.
Vaqon bizim körpüyə çatana kimi dolurdu. Ona görə də ayaq üstə durmalı olurduq.
Tramvay yerindən tərpənəndə dilləndim:
- Kinoşita-san, nişanda mən sizin xoşbəxt olduğunuzu düşünürdüm. Hamını bir yerə yığmaq üçün çox səy göstərmişdiniz.
- Elədir, – o gülümsədi. – Nakamuranın ailəsini bir yerə yığmaq üçün bir az zəhmət çəkməli oldum. Amma Miçiko-san, sən mənim zəhmət çəkdyimi görə bu qədər şad ola bilməzsən.
- Nə demək istəyirsiniz, Kinoşito-san?
O yenidən gülümsədi:
- Bəlkə, sirlərimizi bölüşməyin vaxtı çatıb? Əlbəttə, siz bir yandan istəyirdiniz ki, Nakamura-san Yasukonu seçsin, o biri yandan onların ayrılmağını istəyirdiz, elə deyilmi?
Bilmirəm, cavab verməyə söz tapa bildim, ya yox. Onu dəqiq xatırlamıram. Sadəcə pəncərədən axıb geridə qalan binaları izlədiyimi xatırlayıram. Sonra isə onun səsini eşitdim:
- Mən də o vəziyyətdə idim. – Mənim təəccüb yağan sifətimə baxdı və gülümsədi. – Məni yanlış anlama, Nakamuronu çox istəyirəm.
O yenidən gülümsədi, amma bu dəfə sanki narahat idi.
- Amma o, sizin yalnız qalmağınıza səbəb olacaq, – mən sakitcə dedim.
O yenə gülümsədi və azca aşağı əyilib dedi:
- Mən eqoist olmamalıyam.
- Elə mən də.
- Sən yaxşı qızsan, Miçiko-san. Xoşbəxt olmağa layiqsən. Düzünü de, sənin gözaltın varmı?
Bu dəfə vəziyyətdən çıxa bildim. Onun dayanacağı yaxınlaşırdı. O təzim edib, çantasını bərk-bərk qoltuğuna sıxdı. Beləliklə, həmişəki kimi bu səhər də onun kiçik kölgəsinin gözdən itənə qədər dalınca baxdım.
O vaxtlar əşyaları bükmək üçün anbarda qaldığım da olurdu. Zirzəmidə olanda binanın damından qəribə dəhşətli küy eşidildi. Bunun qəribəlik olduğunu düşünə-düşünə işləməyə davam etdim. Zirzəmidən yuxarı çıxıb pəncərədən ikiyə parçalanmış binanın arxasında batmaqda olan günəşi görəndə isə dəhşətə gəldim.
Tramvayda evə qayıdanda iki kişinin arasındakı söhbəti eşitdim. Sən demə, həmin gecə bir təyyarə hava reydi edib şəhərin şərq tərəfində bir yerə enibmiş. Görünür, heç kimə ziyan dəyməyib. “Maraqlı missiyadır”, – mənim yaxınımdakı kişi dedi.
Amerikalıların bura təyyarə göndərməkdə məqsədi nə idi? Ola bilsin, müharibədə hələ məğlub olmamışıq... Həmin adam tramvaydan düşərkən köynəyinin qollarının boş və lazımsız şəkildə havada yelləndiyini gördüm. İçimdən şiddətli bir soyuq keçdi, sonra pəncərədən sürətlə geridə qalan işıqlara baxdım.
Yasuko və mən baş verən hava reydi haqqında danışırdıq. Şinqokko parkında gəzdiyimiz gecələrdən biri idi. Yasuko bombanın düşdüyü yerin lap yaxınlığında imiş, amma heç damdan gələn səsi də eşitməmişdi.
- Deyəsən, heç kimə ziyan dəyməyib, –dedim.
- Mən başqa şey eşitmişəm, Miçiko-san. Bir oğlan həlak olub.
- Bir bomba... və balaca bir oğlan həyatda yoxdur... – hadisə barədə düşünə-düşünə dedim.
Başqa heç kim yaralanmayıb və heçnə dağılmayıb. Qəlpə balaca oğlanın düz başına giribmiş. Deyirlər ki, onun anası küçənin ortasından oğlunun cəsədini götürüb, həkim tapmaq üçün çığırırmış.
Mən gülümsəməyə çalışdım:
- Qaça-qaça həkim axtarmağını təsəvvür edirəm.
Yasuko gülümsədi, ancaq onun gözləri boş və üzgün idi.
- Hə... Ana düşünürmüş ki, tezliklə həkim tapa bilməsə, balaca oğlu öləcək.
Bağlar axşamlar daha gözəl olurdu. Hava bir qədər sərinləşir və qərbdən səmaya qızartı yayılmağa başlayırdı. Qaranlıqda yay böcəkləri uçuşurdu.
- Bilirsən, – Yasuko dedi, – mən həyatım boyun Naqasakidən ikicə dəfə çıxmışam. Onda da Fukuokadakı xalamın yanına getmişəm. Təsəvvür edə bilirsən? İndi isə dünyanın hər yerində müharibə gedir, mən bir də çətin ki, Naqasakidən çıxa bilim.
- Sən heç əsgər olmaq istəyərdin, Yasuko-san?
O, gülümsədi. Gülüşü həmişəki kimi utancaq və çəkingən idi.
- Bilmirəm, bəlkə də, bu düzgün deyil, amma mən özümü elə təsəvvür edə bilmirəm. Fabrikdə bir qız var, düşünür ki, kişi doğulsaydı, müharibəyə gedərdi. Amma mən müharibə və dava kimi şeyləri heç vaxt başa düşə bilməmişəm. Sanki haradasa uzaqlarda, başqa bir dünyada baş verir. Hərdən Nakamuranın da hara getdiyini unuduram, arzu edirəm ki, əlindəki bütün işlərini bitirib, tez bura gəlsin. Bunun doğru olmadığını başa düşürəm, ancaq bəzən çox asanlıqla müharibəni unuda bilirəm.
- Təbii ki, bombaları və yemək qıtlığını çıxmaq şərtilə.
- Bəzən də bombalar məni təəccübləndirir. Sanki onlar haradansa qəribə yerlərdən gəlir, müharibə gedən yerlərdən... Ancaq sən haqlısan... Bombalar düşür və kiçik oğlanları özləri ilə aparır.
Bu cür axşam gəzintilərimizdən zövq alardıq. Fabrikdəki uzun iş günündən sonra bir-birimizlə söhbət etmək yorğunluğumuzu azaldırdı. Lap yorulub əldən düşmədiyim günlərdə isə Yasukonu evinə qədər yola salırdım.
Bir dəfə axşamçağı bağda çox vaxt keçirmişdik və evə qayıdanda artıq qaranlıq idi. Xatırlayıram ki, Yasukonun səsini evin içindən eşidəndə hələ ayaqqabımı çıxarırdım:
- Ata, sən nə etmisən?
Otağa daxil olanda masanın çıxarıldığını və yastıqların yerdə olduğunu gördüm. Kinoşita-san öz enli kimanosunu geyib orada oturmuşdu və çay içirdi.
- Ata, bizə yemək hazırlamısan?, – Yasuko dedi.
- Düşünürdüm ki, siz gələndə yorğun olacaqsınız. Gəl burda otur, Miçiko-san. Bu gün hava çox isti idi.
Mən təzim elədim və oturdum, o, bişirdiyi düyüdən mənə verərkən üzünə baxıb gülümsədim. Yemək altı nəfəri doyurmağa yetərdi.
- Axşamüstü Oşimanın dükanının yanından keçirdim. Bu balıqları oradan almışam. Hava günəşli idi, bir az da söhbət elədik.
- Ata, həqiqətən, sənə nə olub? – Yasuko əlini ağzına tutaraq gülümsədi. Biz əllərimizi yuyub Kinoşito-sanın hazırladığı nahar süfrəsinə əyləşdik. Mən iki-üç dişlək alıb, Yasukonun üzünə baxdım. Bu məqamda Kinoşito-sanın gözlərini bizim üzümüzə zillədiyini hiss etdim. Yasuko yenidən ağzını tutaraq gülümsəməyə başladı. Balıq o qədər duzlanmışdı ki, yemək mümkün deyildi. Bunu hiss etdirmək istəməsəm də, mən də gülməyə başladım. Kinoşito-san ikimizin də üzünə baxdı və çubuqlarını əlinə alıb, balıqdan bir tikə götürdü:
- Uzun müddətdi ki, balıq bişirmirdim, –dedi.
Onda ikimiz də gülməyə başladıq. Yasuko ayağa qalxıb dedi ki, bir neçə dəqiqə gözləsək, yeməyə bir şey hazırlayacaq. Yasuko otaqdan çıxanda hələ də öz-özünə gülürdü.
- Yenə də bizi düşündüyünüzə görə çox sağ olun, Kinoşito-san, –gülümsəyərək dedim. O, mənə təzim edərək çay süzdü.
- Balığa bir-iki çimdik duz bəs edərmiş, –əlavə etdi. – Neçə vaxtdı balıq bişirmirdim.
Həmin gecə hava isti idi. O, bağçaya açılan geniş pəncərələri açmaq üçün ayağa qalxdı. Əllərini kimanosunun qollarına salıb, arxası mənə dayandı. Nəhayət, mən ayağa qalxdım və ona yaxınlaşdım. O, qaranlığa baxaraq düşünürdü. Böcəklər ağacların arasından bağçanın o biri başına kimi hərəkət edərək səssizliyi pozurdu.
- Nə düşünürsüz, Kinoşita-san?
- Qadınlar tərəfindən alçaldılmağın necə hiss olduğu barədə düşünürəm. Bizi sındırırsınız, bir qarın yemək üçün bizi çarəsiz buraxırsız. Yasuko ərə gedəndən sonra çörəyimi Yanaginin yanında yeməli olacağam. Onun yeməkləri dəhşətlidir.
- Oh, Kinoşito-san, bizim haqqımızda belə düşünməyiniz məni məyus edir. Məncə, siz özünüz yemək bişirməyi öyrənməlisiniz.
O mənə tərəf döndü və xırda gözləri gülümsədi:
- Hər kəs kimi, müharibənin başa çatmağını gözləyirəm. Mən də gülümsədim, onun gözlərindəki xəfif gülümsəmənin dərinləşdiyini gördüm.
- Demək, siz də müharibənin başa çatmasını gözləyirsiniz, Kinoşhita-san?
- Başqa nə edə bilərəm axı?
- Axı bu sizə yalnızlıq gətirəcək?
- Təbii ki, həm də xoşbəxtlik.. . “Xoşbəxtlik və yalnızlıq”. Mən dərin bir nəfəs aldım:
- Balığın duzunu kəm eləməyi yadınızdan çıxartmayın.
- Çox sağ ol, Miçiko-san, sən tez-tez bura gəlib məni öyrətməlisən. Yasuko həmişə mənə gülür.
Yasuko sözünün üstünə gəldi və onun haqqında nə danışdığımızı soruşdu.
- Miçiko-sana mənə qarşı necə pis davrandığından danışırdım, – dedi və yenidən masanın arxasında əyləşdik.
Həmin yay tez-tez onlara baş çəkirdim. Nə barədə danışdığımızı dəqiqliyi ilə xatırlamıram, bircə onu bilirəm ki, mənə orada rahat və xoş idi. Ancaq o arada Yasuko ilə aramızda mübahisə baş verdi. Açıq mübahisə deyildi, ancaq çəkişməmiz bir neçə həftə davam etdi və bizdə bir-birimizə qarşı qəribə soyuqluq yaratdı. Onda nə hiss etdiyimi düşünmək mənə qəribə gəlir.
Bir gecə Yasuko ilə birgə tramvaya doğru gedirdik. Harada olduğumuzu xatırlamıram. Ola bilsin ki, çox gec idi, çünki biz dağlıq yoldan aşağı düşəndə şəhərin işıqları yanırdı. Nəhayət, müharibə və Nakamura-san haqqında hər şeyi öyrənmişdik. Birdən Yasuko dedi:
- Miçiko, hərdən nə istədiyimi başa düşə bilmirəm. Hərdən hətta onun davadan geri qayıdacağına təəssüf edirəm.
Mən təəccübləndim, amma heç nə demədim. Yerimizdən tərpənənə kimi Yasuko gözünü yerdən çəkmədi. Axır ki, dilləndi:
- Bu yaxınlarda qərar vermişəm ki, atam ölənə kimi Nakamura-sanla evlənməyəcəm...
- Axı niyə? Səbəb nədi?
- Atamın bizimlə qalmasını təkid etsəm də, mənə qulaq asmaq istəmir. Deyir ki, bizimlə qalması, bizə yük olması onun qüruruna toxunacaq.
- Sən illərlə gözləməli olacaqsan. Ola da bilər ki, iyirmi il.
- Allaha şükür, atam sağlamdı, Nakamurosan gözləməli olacaq.
- Bəs gözləmək istəməsə, onda necə?
- Ən doğru yol budur. Mən atamı tək qoya bilmərəm. – O astadan öskürdü... –Nakamuro başqa birini seçməli olacaq.
- Axı özünü necə belə qurban verə bilərsən? Sənin atan işini tək də yola verər.
- Həqiqətən, anlamırsan ki, mən getsəm, onun heç kimi qalmayacaq. Anam da getdi, Ciro da. İndi onun yanında olan təkcə mənəm.
- Amma, Yasuko, bu sənin yox, onun problemidir. Həyatını sənə bağlamağa onun haqqı yoxdur. İndiyə qədər həyatında heç kimi tapa bilməyibsə, bu onun günahıdır.
- Amma çox şeyini itirib. Dostlarını, ailəsini, işini...
- Deməli, başqa nəsə tapmalıdır. Sənin özünü ona qurban verməyinə razı olmamalıdır.
Görünür, səsim çox sərtləşmişdi. Yasuko susdu. Biz dinib-danışmadan təpənin ətəyindən keçdik. Bir azdan ondan nə düşündüyünü soruşdum və o, sakitcə cavab verdi:
- Mən atamı tək qoymayacam, Miçiko-san.
Həmin gecə soyuq ayrılmalı olduq və bu soyuqluq xeyli davam elədi. Biz nikah haqqında nə fikirləşdiyimizi uzun müddət müzakirə etmədik.
Bir səhər həmişəki kimi Kinoşito-san ilə körpüdə gözləyirdik. Onun əlinin möhkəm sarındığını gördüm. Əlinə nə olduğunu soruşdum və utanması məni təəccübləndirdi. O, əvvəl bir az tərəddüd etdi, sonra da dedi ki, kiçik bir qəza keçirib. Mənə maraqlı gəlirdi və tramvayda əlini məndən gizlətməyə çalışması marağımın daha da artmasına səbəb olurdu. Ona sual verməmək üçün özümü zorla saxladım. Növbəti dəfə Yasuko ilə görüşəndə bu məsələni ona danışdım. Biz yenə Şinqokko bağında, taxta oturacaqda oturub, günəşin batmasını seyr edirdik. Atası kimi, Yasuko da mənim sualımdan bir qədər utandı. Ancaq mən bu dəfə sözün başını buraxmadım. Çarəsiz qalan Yasuko dedi:
- Bu mənim günahım idi: atam əlini şüşə kasanın qırıqlarını yığanda kəsib. Kasanı mən vurub sındırmışdım.
Təəccübləndim. O vaxt nə dediyimi indi xatırlamıram.
- Atam həmin gün evə çox gec gəlmişdi, –sözünə davam etdi. – Mən yemək hazırlamışdım, o isə ac olmadığını və yatmaq istədiyini dedi.
Yasuko əsəbi şəkildə gülümsədi.
- Deməli, bu sənin xətrinə dəydi və səndə kasanı buna görə yerə vurdun? – Hələ də onun belə bir şey edə biləcəyinə inanmıram.
- Mən sadəcə özümdən çıxdım və kasanı yerə çırpdım. Sən necə düşünürsən, mənim bu hərəkətim qəribəlik deyil? – Danlanan adam görkəmi alıb əllərinə baxmağa başladı. – Çox köhnə kasa idi, onu anam işlədərdi.
Deyəsən, təəccübümü ifadə edən bəzi sözlər dedim. Yasuko sakitcə oturmuşdu və mənə elə gəlirdi ki, bu haqda başqa bir şey söyləməyəcək. Nəhayət, danışmağa başladı:
- Keçən gecə səninlə danışdıqlarımız haqqında düşünürdüm. Mənə elə gəlirdi ki, sən haqlısan. Ona əsəbiləşdim. Həyatını mənə bağladığına, məndən başqa heç kimi olmadığına görə, onun günahının cavabını mən verəcəyimə görə əsəbiləşdim, onun bu qədər aciz və köməksiz olduğuna görə əsəbləşdim və qəzəbimdən kasanı yerə çırpdım, – deyib, yenə gülümsədi.
Onda mən heç nə demədim. Deməyə münasib sözlər axtarırdım. Yasukoya baxdığım an qəribə bir hadisə baş verdi... Günəş üfüqün arxasına keçmişdi, ancaq oturduğumuz yerə günəşin solğun işığı düşürdü. Yasukonun mənə qəribə ifadə ilə baxdığını gördüm, bu baxış onun üzünü tamamən dəyişmişdi. Gərginlikdən titrəyən gözləri o qədər dəhşətlə baxırdı ki. Çənəsi titrəyir, dodaqları büzülür, dişləri ağarırdı. Bu ağlama əlaməti məni özümə gətirdi, cəld onun çiyinlərindən qucaqladım. Gözlənilmədən onu silkələdim.
- Nə olub? – dedi. – Miçiko, nə baş verib?
Ona yenidən baxanda təəccüblü baxışları ilə Yasukonun üzünün daha da gözəlləşdiyinin fərqinə vardım.
- Miçiko, niyə mənə belə baxırsan?
- Sən indi elə görünürdün ki... – Güldüm, çünki beynim tamamilə qarışmışdı. – Səndə qəribə bir harmoniya yarandığını düşündüm.
- Miçiko, qəlbimə dəyirsən. Mən gözəl olmadığımın fərqindəyəm.
Onun çiyinlərini buraxıb, yenidən gülməyə başladım. Amma narahat idim. Yasuko fabrik haqqında danışmağa başladı, mənsə onu dinləyə bilmirdim. Sonra bir şey dediyini eşitdim:
- Dava qurtaranda bütün gün fabrikdə işləmək məcburiyyətində qalmayacağıq. O vaxtı dörd gözlə gözləyirəm. Miçiko, davadan sonra nə işlə məşğul olacaqsan? Müəllimliyə davam edəcəksən?
- Ümid edirəm...
- Bəs rəsm? Məncə, bundan əl çəkməməlisən.
- Düzdür, – gülümsədim. – Şəkil çəkmək üçün ürəyim gedir. Bəs sən, Yasuko? Sən nə edəcəksən?
- Ailəmin olmasını istəyirəm. Uşaqları sevirəm.
- Elə bu?
- Bunun özü də çoxdu, Miçiko. Tək istədiyim budur ki, uşaqlarım olsun və bombalar heç vaxt onları məndən almasın.
Hava qaralana kimi sakitcə oturduq.
- Yəni evlənməklə bağlı qərarını dəyişdirdin, – dedim.
- Bilmirəm, heç nə bilmirəm, – güclə gülümsədi. Sonra yenidən əllərinə baxdı və alçaq bir səslə dedi:
- Bilirəm, Nakamura-san ilə çox yaxın idiniz. Bizi qısqanmamağın çox yaxşıdı.
Bir neçə dəqiqəlik sükut çökdü. Axır ki, dilləndim:
-Səninçün ən yaxşısını arzulayıram. Yasuko, səni qısqanmıram. Mən hələ evlənmək barədə düşünmürəm. Yenidən şəkil çəkmək, yenidən müəllim olmaq... Mənimçün vacib olan bunlardır.
-Bəs heç vaxt ailən olmayacaq?
-Bəlkə, nə vaxtsa... Amma mənimçün vacib olan başqa şeylər var.
-Ümid edirəm ki, dava tezliklə bitər, – Yasuko dedi. Deyəsən, bir neçə dəqiqə də danışdıq. Bəlkə də, vacib şeyləri müzakirə etdik. Xatırlamıram. Nəhayət, ayağa qalxdıq və evə getməyə hazırlaşdıq. Yolda Yasukonun üzündə gördüyüm ifadəni düşündüm və içim əsdi. Yenidən onun üzünə baxdım, bayaqkı dəhşətli ifadədən əsər-əlamət qalmamışdı.
Ona baxdığımı hiss edən Yasuko soruşdu:
- Nə olub, Miçiko? Heç yaxşı görünmürsən.
- Yəqin ki, yorulmuşam, – dedim. – Neçə gündür, demək olar ki, yatmıram.
Səhhətimə görə narahat olduğunu bildirdim ənsə sadəcə gülümsədim. Bu dəfə onu evlərinə kimi ötürmədim və biz elə bağdaca ayrıldıq.
Bundan sonra Yasukonu heç vaxt görmədim. Ertəsi gün bomba düşdü. Səma qəribə, buludlar nəhəng idi, hər tərəf alova bürünmüşdü. Yasuko da öldü, atası da. Başqaları da öldülər. Küncdə balıq satan kişi, saçımı kəsdirdiyim qadın, qəzetsatan oğlan...
Şinqokko bağında baş verən hadisə haqqında heç kimə heç nə demədim. Bir neçə aydan sonra öyrəndim ki, Nakamura-san döyüşdə həlak olub, ola bilsin ki, bu hadisə Naqasakiyə bomba düşməzdən iki həftə əvvəl baş vermişdi.
Mən bombadan ciddi zədə almadım, elə bu gün də heç yerimdə çapıq yoxdur. Qızlarım şikəst olmadılar, sağlam doğuldular. Bombanı atan adama qəzəblənmirəm. Çünki bu, müharibə idi və müharibə qəliz məsələdir. Anlaya bilməyəcəyimiz o qədər şeylər var ki...
Təxminən bir il əvvəl qızım Yasuko nüvə silahlarına qarşı ərizəyə imza atdırmaq üçün mənim görüşümə gəldi. Müxtəlif faktlar və rəqəmlər haqqında danışdı, lakin Naqasakidən bir kəlmə də söz açmadı. Mənim orada olduğumu unutduğunu düşünürəm. Ərizəyə imza atdım və o, imzalı ərizəni özü ilə harasa apardı. Ərizənin axırından xəbərim olmadı. Bəlkə, bu cür qərarların qəbul edildiyi yerlərdən dünyaya yayılmışdı. Bəlkə, bir işə yaramışdı, kim bilir? Düzü, indi belə şeylərlə maraqlanmıram.
İngilissayağı kiçik evimdə yaşamaq mənə xoşdur. Yaşadığım yer sakitdir, qonşularım da mehribandır. Qonşuluğumda yaşayan hündür, çalsaç qadın həmişə ərinin bankir olduğundan danışır. Pəncərəmdən baxanda tez-tez onun öz bağçasında gəzişdiyini görürəm. Axır vaxtlar almalar ağaclardan tökülür, mən hər gün onun bağa qulluq etməsinə və almaları səbətə yığmasına tamaşa edirəm. Bir dəfə aramızdakı çəpərin üstündən danışırdıq. Evə gedib əlində bir Çin vazası ilə qayıtdı. Vazanın üzərindəki yazıları oxumağımı istəyirdi. Ona dəfələrlə Çin dilini bilmədiyimi desəm də, görünür, məni anlamaq istəmirdi və təkidlə vazanın üzərindəki yazıları mənə göstərirdi.
Qızım Yasuko gələnə kimi, demək olar ki, mən rəfiqəm Yasuko haqqında düşünməmişdim. O gələndən sonra tez-tez yadıma salıram. Beynim onunla əlaqəli bir xiffətə bürünür, amma onu düşünmək mənə ağrı gətirmir. Daha çox dillə ifadə edə bilmədiyim kədər, qəribəlik, bəzən də hüzn hiss edirəm. Tez-tez onun həmin gecə gördüyüm üzünü xatırlayıram, düşünürəm ki, bəlkə bu, sadəcə, atom bombasının ürəyə damması, xəbərdarlıq deyildi, bəlkə, o an Yasuko da mənim üzümdə nəsə görmüşdü. Mən tez-tez bir sual qarşısında aciz qalıram: “Görəsən, o indi yaşasaydı, nə edərdi?”
Onun atası haqqında da düşünürəm və o vaxt onu qınadığıma görə utanıram. Onu düşdüyü vəziyyətdə necə qınamaq olardı axı? Bəzi şeylər bizim iradəmizdən asılı olmur və belə məqamda insanı qınamaq düzgün deyil. Mən burada vaxtımın çoxunu masamın arxasında kitab oxuya-oxuya keçirirəm. Bu mənim ingiliscəmin təkmilləşməsinə yaxşı təsir edir və bir gün Yaponiyaya qayıtsam, orada ingilis dilini tədris edəcəm. Amma mənim geri qayıtmaq haqqında heç bir planım yoxdur. Havası soyuq və çiskinli olsa da, mən bu ölkəni çox sevirəm. Üstəlik, qızlarım da buradadır. Hətta yenidən şəkil çəkmək qərarına gəlmişəm. Fırçalar, boyalar da almışam. Axırıncı dəfə şəkil çəkmək istəməyimdən çox illər keçsə də, o istəyin bir gün geri qayıdacağına əmin idim...
İngilis dilindən tərcümə edən: Sevinc Quliyeva