Metronun qapıları az qala bağlanacaqdı. Özünü axının arasından zorla çölə atdı. Bir oğlan bayaqdan gözünü ona zilləmişdi. Yaşı ondan xeyli kiçik olardı. Özü oğlana tərəf baxmamağa çalışsa da, onun nəzərlərini üzərində hiss edirdi. Əvvəlki vaxtlar olsaydı, hirslənərdi, oğlana göz süzər, üzünün mimikası ilə baxışların ona xoş gəlmədiyini hiss etdirərdi. Lakin indi qabıq kimi boş və ilgisiz idi. Bu dəqiqə bu oğlan yanaşıb onu öpsə də, onun üçün artıq mənası yox idi. Özünü hansısa kitabdan, kinodan çıxıb bu şəhərə düşmüş kimi hiss edirdi. Bəlkə də, bu hissi çox adam keçirib. Bu, bilirsinizmi, nə zaman olur? Adamın bütün ümidləri öləndə, amma özü ölmək üçün özündə güc tapa bilməyəndə. Bayaqkı oğlan adamları yana itələyə-itələyə ona yaxınlaşdı. Təmiz, duru gözlərini onu gözlərinə zilləyib “Bağışlayın, xanım, ayrılığınızın rəngi sevginizə çıxıb” – dedi. Demək, yazıq ona görə səhərdən belə maraqla BAXIRMIŞ. Yadına düşdü ki, neçə gündür hər fürsətdə ağlayır. Ağladıqca ayrılığının hüznü böyüyür və qüruru əriyir. Olmayan qüruru. Qəsdən ayağını stolun kənarına vurub ağlayır, çoxdan ölən əzizini yada salıb ağlayır, mənasız seriallara baxıb ağlayır. Əvvəllər dərdini rəfiqələrinə danışırdı. Sonra daha danışmadı. Çünki artıq onu dinləmirdilər. Yavaş-yavaş hamını bezdirdiyini hiss edirdi. Əslində, ən birinci özündən bezən özü idi. Xəstəhal, üzgün duruşu, tez-tez yatmaq istəyi, başını heç nə ilə qata bilməməsi onu boğaza yığmışdı. İnsan günün iyirmi dörd saatını eyni adam haqqında necə düşünə bilərdi axı? Bir dəfə dərdini danışanda rəfiqəsinin telefonla bank kreditinin faizini hesabladığını gördü. Susdu, qız heç onun söhbəti yarımçıq kəsdiyini hiss etmədi də. O vaxtdan daha susmağa başladı. Bəzən elə qışqıra-qışqıra susurdu ki...
Metrodan çıxdı. Yarası yaman ağrıyırdı. Qəribədir, bütün ağaclar, bütün binalar, bütün butiklər, döngələr onun yarasına toxunurdu. Küləyin səsi, qoxular, rənglər, fəsillər, mahnılar hamısı onun yarasını qanadırdı. Bu şəhərin bütün itləri, adamları, dilənçiləri, sürücüləri, dönər satanları ona baxıb istehzayla gülümsünürdü. Arabir dərdini sevgilisinə danışmaq keçirdi ürəyindən. Amma bilirdi ki, sevgilisi onu dinləmir. İnsanlar anlayışlı və ya anlayışsız olmur. İnsanlar sevdiklərinə qarşı anlayışlı, sevmədiklərinə qarşı isə odun kimi küt olurlar. Ayrılığın ilk əlaməti insanların daha bir-biri ilə danışa bilməməsidir. Bəlkə də, artıq hər şey danışılmış, bütün yollar gedilmiş, bütün sevgi sözləri sərf olunmuşdu. İlk vaxtlar ona uzun-uzun məktublar yazardı. O çox sevirdi bu məktubları. Oxuyurdu, sonra zəng vururdu. Səsindən kişi qüruru otağa süzülürdü. O isə bu qüruru, onun kişisinin, onun sevgilisinin qürurunu ovuclayıb nəfəsinə çəkirdi, içirdi. Onda eyni şeyləri yüz dəfə danışırdılar. Məsələn, onu ilk dəfə harda sevdiyini. Sevdiyini nə zaman başa düşdüyünü, ondan öncə kimisə sevmiş olub-olmadığını. O da yüzüncü dəfə cidd-cəhdlə and-aman edirdi ki, heç vaxt heç kimi sevməyib. Kişi inanmırdı, şübhə edirdi. O küsürdü, ağlayırdı və məktub yazırdı. Amma qəlbinin dərinliyində bilirdi ki, kişi ona inanır. Qəlbinin dərinliyində ölürdü bu kişinin qısqanclığı üçün. Yerli-yersiz danlamağı, ağlatmağı, incitməyi üçün.
Bir zamanlar onun qüruru vardı. Özü hələ bu qüruru kəşf etməmişdi. Onunla tanış olandan sonra hiss elədi ki, bədəni hücrə-hücrə işıq saçır. Elə bil saçlarına, dodaqlarına, sinəsinə, gözlərinə, bütün dərisinə balaca-balaca ulduzlar yapışmışdı. Bu ulduzlar onu parlaq göstərirdi. İlk dəfə onunla görüşdən gələn gecə hiss elədi ki, yatağında işıq saçır. Əllərini qaldırıb ay işığına tutdu. Heykəltəraş əsərinə bənzəyirdi barmaqları. Ay işığında üzürdü bütün vücudu. Bu vaxta qədər belə parladığı yadına gəlmirdi.
Kişi QADININ PARILTISINI QISQANIRDI. Qorxurdu ki, bu parıltını görən olar. Ondan daha güclü, ondan daha yaraşıqlı biri görər və qadın başqası üçün parıldamağa başlayar. Qadın isə onu anlamırdı. Axı dünyada, onun fikrincə, bu kişidən güclü, bu kişidən yaraşıqlı başqası yox idi. Hər görüşdə qadın qürurunun, yəni parıltısının bir parçasını sevdiyi kişiyə bağışlayırdı. Dodaqlarından öpdükcə, bədəninə toxunduqca onu oxşadıqca, sevdikcə parıltısı yavaş-yavaş öləziyirdi. Qüruru hissə-hissə təslim olurdu. Qadın daha parıldamaq istəmirdi. Qorxurdu ki, onun parıltısını kimsə görər, sevgilisi buna görə inciyər, gedər. Onun üçün bu kişinin yanında olması bütün parıltıların fövqündəydi. İndi kişi parıldamağa başlamışdı . Gözləri, dodaqları, vücudu işıq saçırdı. Kişinin ən böyük parıltısı ona bəxş olunmuş qadın qürurudur. Qadın kişisinin parıltısından həzz alırdı. Amma başqa qadınlar da işığa gələn atəş böcəkləri kimi bu parıltını duyurdular. Qadın onu qısqanırdı. Dəli kimi aşiq idi. Amma arxayın idi, çünki kişi də ona aşiq idi. Qulağına taxdığı plastmas sırğadan tutmuş, gözlərinə çəkdiyi qaraya qədər. Kişi onu həqiqətən sevirdi. Onlar bir-birlərinə adi sözlər demirdilər. Hamının dediyi gülüm, canım, bir dənəm və sairə. Məsələn, bir dəfə kişi onun başını qucağına alıb diqqətlə gözlərinə baxmışdı və demişdi. “Kaş sənin üzün səpəydi” Təəccübləndi:
– Niyə? İyrənməzsən?
– Yoox, iyrənmərəm. Amma onda sənə məndən başqa heç kim baxmaz.
Bir dəfə də ona demişdi: “Bircə sən qocalsaydın, mən rahat olardım. İstərdim üzün qocalsın, yaşlanasan, heç kimə lazım olmayasan. Məndən başqa.” Başa düşürdü ki, bunlar içdən gəlir. Bu sözləri axtarıb tapmazlar. Qadının yaddaşında çoxlu irili-xırdalı rəf vardı. Bu rəflərdə xatirələr, görüşlər, sözlər yerləşirdi. Deyirlər, adamı acı söz yandırır, amma belə deyil. Adamı xoş söz daha çox yandırır. Çünki indi, bəlkə də, bir daha eşidə bilməyəcəyi o gözəl sözlərin həsrətini çəkirdi. Bir zamanlar kişi ona aşiq idi, heyran idi, məftun idi. Bir dəfə onun əllə tikdiyi pərdəni elə həsrətlə süzmüşdü ki, sanki Van Qoqun tablosunu seyr edirdi. Hislərinin fiyeskosunu yaşayırdılar. Dəli kimi sevirdilər. Bəlkə də, elə bu idi sevgini bitirən. İnsan dəli kimi aşiq olmamalı, dəli kimi istəməməli, dəli kimi ağlamamalı, dəli kimi gülməməlidir. Hər şeyi normal, qədərində yaşamaq lazımdır. Bu dəlilik, bu ifrat qorxudurdu hər ikisini. İndi çoxdan idi ki, sevgilisinin dəlilikləri bitmişdi. Adrenalin çatışmazlığı hiss edirdi. Bəlkə də, sevgilərinin böyüklüyü onları qorxutmuşdu. İnsan həddindən çox sevdiyi hər şeydən zamanla qorxmağa başlayır. Bu ifrat sevdiyi nədirsə, onu itirməkdən, ayrılmaqdan, atılmaqdan, qovuşa bilməməkdən. Böyük sevgi özü boyda da qorxu daşıyır.
Görüşləri maraqlı olurdu. Bir-birini dönə-dönə vurur, sındırır, incidir, sonra öpür, oxşayırdılar, sevirdilər. Qadın onun qoxusunu, yuxulu gözlərini, təbəssümünü sevirdi. Hər əzasını tək-tək sevirdi. Düşünürdü ki, başqa qadınların sevə biləcəyi heç nəyi sevmir. Məsələn, onun qaşlarını sevir, dolu, qaysaq bağlamış dodaqlarındakı ifadəni sevir, yuxudan oyananda tavana zillənmiş bir az bərəlmiş gözlərini sevir. Kişi bəzən saatlarla telefonda video-roliklərə baxır, öz-özünə gülürdü, o isə qapının astanasına söykənib sevgilisinin gülüşünə baxdıqca ağlayırdı. Bilirdi ki, bir gün o gedəcək. İlk görüşlərindən bəri hər gün onu itirmək qorxusu ilə gözləri dolub boşalırdı. Bilmirdi onu hara qoysun, hardan assın, harda saxlasın, harda gizlətsin.
Və o getdi. Əvvəlcə zəngləri azaldı, sonra xoş sözləri, qısqanclıqları, tələbkarlığı. Qadın indi hiss edirdi ki, dünyalarca sevdiyi məxluq anbaan ondan uzaqlaşır. Gözləmək dözülməz idi. Zəngini, mesajını, əllərini, gözlərini, dodaqlarını gözləmək dözülməz idi. Adətən, bu, belə olur, telefonu söndürürsən, söndürürsən ki, mesaj gözləməyəsən. Sonra qorxursan ki, birdən yazar, görməzsən və təzədən açırsan. Telefon açılana kimi ürəyin köksündən çıxmaq istəyir, sonra modem işarəsi gəlir, internet qoşulur, amma mesaj yoxdur. O, belə anlarda çarpayıya uzanırdı, üzünü balışa söykəyirdi və...
Xəstəxanada idi. Əynində əməliyyat həkimlərinin geyindiyi yaşıl xalat vardı. Əlində cərrah bıçağı tutmuşdu. Növbəti xəstəni əməliyyat otağına gətirdilər. Təəccübdən gözləri kəlləsinə çıxdı. Bu, o idi. Onun sevgilisi idi. Ona nə olmuşdu? İlk anlarda elə böyük bir təlaş hiss etdi ki, qorxudan, həyəcandan az qala huşunu itirəcəkdi. Bir anlıq əlindəki bıçağı yerə atıb qaçmaq istədi, amma baş həkim dedi ki, əməliyyatı o aparacaq. Mütləq, bu əməliyyat ona həvalə olunur və xəstənin müqəddəratını o həll edəcək. Yavaşca əzbər bildiyi bədənə toxundu. İstilik, doğmalıq barmaqlarının ucundan ürəyinə tərəf axdı. O bu adamı dəlicəsinə sevirdi. Bu an ruhunu burdaca təslim edəcək qədər. Deyəsən, dedilər ki, kişinin hansısa əzası çatışmır. Hansı əza olduğunu tapıb trasplantasiya etməlidir. Ehtiyatla axtarmağa başladı. Uzunsov üzü, sevdiyi qaşları, dodaqları, burnu yerindədir. Bədənində də xaricdən hər şey qaydasında idi. Yaxınlaşıb sakitcə onun qəhvəyi, cod, hələ dən düşməmiş saçlarını tumarladı. Gözləri həmişə olduğu kimi doldu. Yadına bütün məşhur replikalar düşürdü. “Ay qız, məni özünə belə alışdırma”, “Dünyanın ən gözəl kişisi kimidi?” “Mən”, “Bəs dünyanın ən gözəl qadını” – “Sən”, “Sevirsən?” – “Əlbəttə”, “Sən mənim hər şeyimsən”, “Mətbəxdə qabqacaqla əlləşəndə mənim elə xoşuma gəlir ki”, “Taxtabaş”, “Əcinnəm”, “Sürəkli” onlara doğma olan, onları birləşdirən nə qədər söz vardı lüğətlərində. Hər sevginin öz lüğəti olurmuş. Sevgi ikitərəfli duyğudursa, bəs niyə əzab birtərəflidir? Sonra, bəs sonra? – “Sevgi nədir ki?”, “Mən sevmək bacarmıram. Yenə gözləri axtarırdı, böyrək ləyənində genişlənmə var, amma qaydasındadır, qara ciyəri yerindədir, ağ ciyərləri azca zədəlidir, amma yerindədir. Barmaqlarını onun tüklü sinəsində gəzdirdi. Başını bura qoymağı sevirdi. Bu sinədə necə də rahat olurdu. Birdən təlaşla kişinin döş qəfəsinə baxdı. Haaa, lənət şeytana, sən demə, onun ürəyi yox imiş. Özünü itirdi. Bu necə ola bilər, bəs o necə sevirmiş? Bəs indi necə olacaq? Nə etməlidir? Ona həvalə olunmuş bu işin öhdəsindən necə gələcək? Xəstəsi ona həvalə olunmuşdu. Yox sayılan orqanı bərpa etməli idi. Əlini bir anlıq sinəsinə atdı. Bilmədi necə oldu, amma bir də gördü ki, barmaqlarının arasından qan süzülür. Ürəyi zərif, ağ barmaqlarının arasında döyünürdü. Bunu necə etdiyini bilmirdi, amma ürəyini sinəsindən sökmüşdü. İztirabla dolu, sevən ürəyini. Yüngül bir əl hərəkəti ilə öz ürəyini sevdiyi kişinin sinəsinə yerləşdirdi. Əməliyyat stolunun üstündəki lampalar qəfil sönüb-yandı və o diksinib yuxudan ayıldı. Yenə balışı islanmışdı. Əlini buz kimi tər basmış alnına çəkib yuxusunu xatırladı. Titrək barmaqlarını sinəsində gəzdirdi. Sanki iztirabları yüngülləşmişdi. Telefonuna gələn mesajı açdı. Sevdiyindən idi. Yazırdi: “Ürəyim sənsizliyə dözmür.”