Göy üzünə al qanımla yazdığım,
Şəhidliyimin ünvanı - Cümhuriyyət!
Ana südü, Ata öyüdü kimi,
Millətimin canı, qanı - Cümhuriyyət!
*
Dilbər yurdum, Qarabağım dardadı,
Hissim, duyğum varlığımla ordadı,
Viran qalan torpağımın fəryadı,
Babaların ah-amanı - Cumhuriyyət!
*
Torpağımda qan gölünə baxın siz,
İgidlərim, at belinə qalxın siz!
Nə çay, nə göl, nə çəməndi, nə dəniz,
Murov, Şah dağlar məkanı - Cümhuriyyət!
*
Koroğludu, Xətaidi yaşlaşan,
Zirvə olan, qayalarda daşlaşan,
Bir gün qalxıb haqq yolunda savaşan,
İgidliyimin fərmanı - Cümhuriyyət!
*
Bir ümmansan, elə sanma azmısan?
Sən adımı tarixlərə yazmısan!
Ürəklərdə məhəbbəti qazmısan!
Arazboyu, Xəzəryanı - Cumhuriyyət!
*
Dünya baxdı sən ucaldan Bayrağa!
Ellər müştaq, sən qurduğun növrağa!
Hun ellərim, Qafqazlarım sadağa!
Türklüyümün ruhu, canı - Cümhuriyyət!
*
Yüz illəri, min illəri aşarsan!
İnsanlığın zirvəsində yaşarsan,
Sən ömürlük qələbəyə qoşarsan,
Zəfərlərimin sultanı - Cümhuriyyət!
*
Millətimin zəfər tacı sən oldun!
Şəhidlərimin meracı sən oldun!
Zərəngizin də əlacı sən oldun!
Tanrı eşqi, haqq məqamı - Cümhuriyyət!
Şeirim mənim
------------
Mən bir qaya parçasıyam! -
Al baltanı, çap köksümü!
Sil adımı yer üzündən,
Soyumasa hirsin, hikkən
Yazıq insan,
sil əksimi göz önündən!
*
Mənim əksim ürəklərdə,
Fidanların dilədiyi diləklərdə,
Bənövşənin gözlərində,
Qaranquş sinəsindədir!
Haqqın silinməz üzündə,
Əsrin dolanbacındadır,
Şəlalələr saçındadır!
*
Qartal uçar qanadında
Nəbzim vurar!
Haqqa çatan ildırımda
Arzum yaşar!
Vulkan püskürən alovda
hisslərim var!
Ölməzlərin sərhədiyəm
Çəpərim var!
*
Şeirim yaşar, sözüm yaşar,
Ümidimdə dağ dözümü,
Dərya səbri…
Araz kimi qanım axar…
Paralanmış Azərəm mən,
Savalan tək ahım qalxar,
Duman-duman!
Yad əlindən, dad əlindən!
Aman! Aman!
Zaman-zaman
Odlanaram, bezərəm mən!
Paralanmış Azərəm mən!
*
Sönmüş vulkan - köksüm mənim,
Haça dilli, üç alovlu!
Kəpəz yanmış kösövümə
su çiləyər!
Göy-göl mənə ayna tutar,
Parıldaşar ulduz-ulduz
əksim mənim!
Cahan tutmur kədərimi,
Torpağımın kədəri min,
Acısı min, ağrısı min!
Tapammıram, bəlkə elə
Çarəsi min, qədəri min!
*
Tək çarəmdi - əzmim mənim
Tək çarəmdi - dözümüm mənim!
Tək çarəmdi - sözüm mənim!
*
Gözlərimdə gülən eşqim,
Arzum mənim, sınma heç vaxt!
Eşqim mənim, şeirim mənim -
Haqq verən haqq!
Bəssən mənə!
Bunu bil ki,
Minillik nəfəssən mənə!
Arzum mənim, sınma heç vaxt!
Haqq verən haqq!!!
Aşıq Camoya
------------
Aşıq Camoy, bağrına bas, sazını,
Canı-dillə, üç, beş, yeddi söz danış!
Molla Pənah, Səməd Vurğun elində,
Söz sapına inciləri düz, danış!
*
Tarixini ara, min dastan söylə,
İncə qımış, incilər xırıd eylə,
“Ucu tər cığalı” bir siyah telə,
Xəlvət baxıb, Kərəm kimi yan, alış!
*
Nuhun gəmisindən, bəni-adəmdən,
Xan Əslidən, Abbas-Gülgəz, Kərəmdən,
Soraq verdin, qanlar axdı didəmdən,
Bir insan qaldımı, yada salmamış?
*
Könlüm sorağını uzaqdan aldı,
Dedilər aşığın ləhcəsi baldı,
Heyran oldum sənə, əhsən, halaldı!
Heyf ki, çoxları bələd olmamış!
*
Zərəngiz yazacaq ərzi-halını,
Saz ilə, söz ilə qeylü-qalını,
Eşqinlə nurlandır dədə yolunu,
Haqdan yanan ocaq nakam qalmamış!
Beşikdən tabutacan…
------------------
(Ramiz Rövşənə)
Səndən mənə qalan sözlər…,
Tezcə tarix olan sözlər…,
Filan, filan, filan sözlər…
Beşikdən tabutacanmış?
*
Göyün o üzündə nə var?
Ərəsət düzündə nə var?
Tanrımın gözündə nə var?
Beşikdən tabutacanmış?
*
Haqq hasarı qurar özü,
Haqq açarı arar yüzü,
Haqqa sarı durar üzü,
Beşikdən tabutacanmış?
*
Ürəyindən haqqı arar,
Əli dolu haqqa varar,
Zərəngiz məqamın sorar,
Beşikdən tabutacanmış?
Zərəngiz Dəmrçi Qayalı