DOĞMA İQLİM
Nil sahilində
Əl boyda bir yarpaq qırdım.
Yol uzunu
Aldım tozunu,
Suyunu dəyişdim.
Ətri məlhəm oldu ciyərlərimə,
Boyasını, rəngini gözümlə içdim,
Mərakeşdən keçəndə
Hələ yamyaşıl idi,
Zərif incə damarları
Qarışıq, sarmaşıq idi.
Tunisdən keçəndə də
Sınmamışdı saplağın şaxı!
Yaşıl bir atlas kimi
Ləkəsizdi yarpağım.
Amma elə ki keçdik
Bosforun Asiya bərəsindən
Yarpaq bozardı -
Ləkələr göründü üzündə ağ-ağ!
Yarpaq da, quş da,
Torpaq da,
Öz iqlimində
Yaşaya bilir ancaq.
DARI
Sudanda hara baxsan darıdır.
O biz-biz qılçıqların
Üfüqdən qopardığı qan, --
Dan da sarıdır.
Sudanda darını əkmirlər,
Ancaq küləklər,
Leyləklər əkir.
Yağışlar şumlayır torpağı,
Sellər mala çəkir.
Darının ləmbəsi dam örtüyüdü,
Samanı geyilir.
Qurusu qovurğadı
Novruzda yeyilir!
Darı elə boldu ki,
Həftə başı biçirlər.
Sudanlılar and içəndə
Qurana, Tövrata, İncilə də yox,
Darıya and içirlər.
Di gəl ki, çörəyi də
qara-quru,
Boyatı daş - kəsəkdi.
Kəsəyinə, tozuna da qurban olum,
O ruzidi, çörəkdi.
Hindistanda dilənən acların,
Zambiyada acından
əyilən qıçların,
Uqandada çürüyən dişlərin,
tökülən saçların
Qucaqlarda
Sinəyə düşən başların
Hayına necə yetsin əlim?
Dünyanı qlobal aclıq bürüyür
Qoymaram vaxtsız çata əcəlim!
Nə gözəl
Ördəkli, küləkli çöllərim var!
Külünglü, biləkli
Ellərim, əllərim var!
Daş-qaş, almaz aldılar
Vətənə qayıdanlar.
Mənsə bir ovuc
Tumluq darı götürdüm.
Ən böyük səadəti
Bol-bol çörəkdə gördüm!
ÇAY BİZİMDİ
Çayın coşmasa yaxşıdır -
Qayalara çırpınaraq
Səma boyu ətəklənən,
Yelpik kimi küləklənən
Onun damcı yağışıdır.
Hər qətrəsi yaşıl nəfəs,
Hər zərrəsi
Min gül-çiçək naxışıdır.
Dağ başından dərələrə
Cuman çayın,
O tar çayın, o saz çayın,
Kaman çayın
Mürgü deyən ulduzlara
Nəğmə qoşması yaxşıdır.
...Lakin
Çay məcrasından çıxırsa!
Və tərsinə,
Çay dəryasında axırsa!
Zəhər dolu, qurum dolu
Hava bizik!
Sınaqlarla yırğalanan
Dərya bizik!
Atomlarla silahlanan
Dava bizik.
Yer kürəmiz
Tanklar altda əzik-üzük!
Əngin səma süzək-süzək!
Çay oynayır yatağında,
Od qaynayır yatağında!
Dağ qayasından qopursa,
Dalğa dağları çapırsa,
Təpə dərəyə çökürsə,
Neçə-neçə şəhər, sualtı şəhərsə,
Şivən bizim, şaxsey bizim,
Vay bizimdir.
Allahlara yalvarmağın xeyri yoxdur.
Çay bizimdir!
GETMƏ
Getmə,
Zülmətə qərq olmasın
Sən işıqlı qibləgahım!
Əgər getsən, -
Vallahi və billahi,
Cəmi cənnətlərini
Cəhənnəmə döndərər bircə ahım.
Getmə,
Yuxumun şirin yerində
Gözümdən qaçırma şirin röyamı!
O şam da, -
Qoysana,
Yandıqca yana!
Getmə, piltəsində yağını qurudub
Kölgəsindən məhrum etmə o şamı.
Eşqimə inanmasan,
Quranı vərəq-vərəq əynimə geyərəm,
Səsimi eşitməsən,
Acı göz yaşlarımın
Yağış çubuqlarıyla
Ürəyimin başını
Təbil kimi döyərəm,
Deyərəm, getmə!
Getmə, deyərəm!
Məndən inadla qaçan
O qızmar ləpirlərə necə çatım?
Qoy qəbrim olsun biri, -
Bürünüm istiliyinin kəfəninə
Qızılgüllərə batım, -
Əbədi rahat yatım!
Boğuluram, aç yaxanı,
Sən ətirli hava udum
bir udum!
Əllərimə toxundur
O ipək,
O titrək, o şimşək tellərini, --
Alışsın, kükrəsin odum.
Çox donmuşam soyuğunda
O qara,
Cığara gözlərin!
Getmə,
Dodağıma toxundur dodağını,
Atəşinlə közərim!
Ey ürəyi daş olan,
Başıma bəla eşqim!
Bəlkə dizlərimlə mən
Daşlıqları sürüm, eşim.
Qançır olan dirsəklərimdən axan
Damcı - damcı qanım,
Ağrı qanım, sancı qanım,
Yalvarışlarımın dilmancı qanım,
Axsın sənin ürəyinin başına,
Bəlkə yumşalasan?!
Getməyəsən, qalasan?!
Getsən, mən hara gedim?
Sənsiz dünya
Boş, soyuq, zülmət məkan!
Getmə!
Ağuya döndərmə
Bu şəkər məhəbbəti.
Bil ki, mən məhəbbət dəlilərinin
Şahlar şahı,
Məcnundan min qat artıq dəliyəm!
Mən məhəbbət meydanında
Qılınc çalan
Füzulinin sağ əliyəm!
Bəli, onun
"Mən dönməzəm bu yoldan ölüm olsa" deyən
Qəzəliyəm!
Getmə,
məndən qaçan səadətindən qaçar!
Gah od olursan, gah da su,
Gah şirsən, gah da quzu,
Kimsən axı!
Necə çıxardım qəbirdən
Ürəkləri oxuyan o Nostradamusu?
Sirrindən kim baş açar?
Kimsən, axı?
Bəlkə, ruha qanad verən mələk!
Ya, bəlkə,
İblisə qılınc verən Qacar!
Güzgüyə baxdım bu səhər, --
Səndən ayrı düşdüm deyə, --
Tez gəlsin qışım deyə,
Gözlərimin altında
Səngər qazıb zəlilər.
Üzümdəki zollar-qırışlar deyil, --
Üstümdən Pamir, Tyan-şan yüklü, --
Hicran yüklü qatarlar keçib,
Təkərlərin rizləri belə dərin düşüb!
Codlaşan qaşların
Kirpiklərimi basır üstdən,
Yaxşıdı, --
Sənsizliyi yarımçıq görürəm mən!
Sənə məktub yazmaq istədim, --
Bəlkə ağ kağızla ağarar
Qara həsrətim!..
Amma qələmi kağıza
Ha basdım,
Ha cızdım,
Ha qazdım,
Ha dözdüm,
Ha yazdım,
Qələm heç nə yazmadı.
O ki var, sıxçaladım,
Mıxçaladım,
Axırda barmaqlarımdan qan sızdı.
Amma, əfsus,
Yenə yazı görünmədi.
Anladım ki, məhəbbəti nakamların
Qanı - qansız, canı da - cansızdı.
”Azərbaycan” jurnalı.