ÖZÜYLƏ SÖHBƏT...
Mən inanclı adamam. Elə şeir yazmağa da insanların inanmadıqlari şeylərə inana-inana başladım. Bir gün özümün bu qədər inanclı insana çevriləcəyimə inanmırdım. Buna məni inanmadıqlarına inandığım insanlar inandırdı.
Heç yadımdan çıxmaz, bir dəfə bir neçə nəfərin dünyanın var olmağı haqda mübahisəsinə qulaq müsafiri oldum. Biri dünyanın Allahın qüdrəti sayəsində, biri fiziki, kimyəvi qanunauyğunluqlar sayəsində, biri isə dünyanın bir insanın onu kürəyində saxlamağı sayəsində var olduğunu iddia edirdi. Üçüncü fikri deyəni digərləri qınadılar. Hətta güldülər də. Mənə digərlərinin dedikləri daha inandırıcı olduğu halda, üçüncüyə inanmaq istədim. İnandım da. İndi fikirləşirəm ki, insan yox, desəydi ki, dünya bir kəpənəyin, qarışqanın kürəyindədir, ona da inanardım. O gündən dünya da hər kəsin, hər şeyin nəyinəm, kiminsə çiyinlərində olduğunu müşahidə etməyə başladım. Yavaş-yavaş öz çiyinlərimi də buna hazırladım.
Bəzən gicliyimdən inandım, bəzən bicliyimdən. Bu gün məni kiminsə nəyəsə inandırmağına gərək yoxdur. Məni inandırmaq üçün inanmamaq kifayətdir. Sizi inandırım ki, biri gəlib desə ki, sən sən deyilsən, buna inanmıram, ona da inanacağam. Ən inanılmaz şeylərə belə inandım.
İnsanların inanmamağa bir şeyləri olsun deyə, inandım. Çünki insanların özlərini inanmadığı şeylərə inandırdıqlarına inanıram. İnanmadıqlarına inanırlar.
İnsanları inandıra-inandıra özümə inanmağa başladım. Bu gün dünyanı çiyinlərimdə saxlaya biləcəyimə belə inanıram. İnansanız da, inanıram, inanmasanız da, inanıram. Mənə inanmasanız belə, SÖZümə inanın...
...VƏ ŞEİRLƏRİ
VAY O GÜNƏ Kİ...
Dayanıb kənardan görüb özünü,
Ömrün yollarına sərib özünü,
Şeirdən bir kəndir hörüb, özünü
Buludun gözündən asıb öləsən.
Varın yoxluğuna qarışıb bir gün,
Özünü özgədən soruşub bir gün,
Dünyada hər kəslə barışıb bir gün,
Səssizcə özündən küsüb öləsən.
Hər günün üstündən il-il ötəsən,
Ömrü ayaq-ayaq, əl-əl ötəsən,
«Susun!» deyiləndə dil-dil ötəsən,
«Dillən!» deyiləndə susub öləsən.
Arxanda tərtəmiz bir adın qala,
Bir-iki suala cavabın ola,
Balaca, əl boyda savabın ola,
Ehmalca bağrına basıb öləsən.
Silməyə nə var ki, vay o günə ki,
Gülməyə nə var ki, vay o günə ki,
Ölməyə nə var ki, vay o günə ki,
Varlı yaşayasan, kasıb öləsən.
O NƏ GƏLİŞ İDİ, BU NƏ GEDİŞDİ?
Bilirdim, nə isə yolunda getmir,
Nəsə çatışmırdı, nəsə kəm idi.
Hələ də bilmirsən, səni ucaldıb,
Gözünün üstünə qoyan kim idi?
Yer tapa bilmirəm özümə hələ,
Bu necə qədərdi, bu necə iş
İnana bilmirəm gözümə hələ,
O nə gəliş idi, bu nə gedişdi?
Deyə də bilmirəm, get, salamat qal,
Daha nə söyləsəm, desəm, ağ
Atdın ta özünü gözümdən, sağ ol...
Sən yerə çatana dünya dağılar!
“XOŞBƏXT OL»
İstəyirsən bir də sına,
Qəlb ki şüşə deyil sına,
Ürəyimin qapısına
Bir top atdın, dedim: – qoldu.
Bu top düşməz hər ayağa,
Düşər bəxtəvər ayağa,
Durdum birtəhər ayağa,
«Bir şey olmaz»-dedim, yoldu...
Olanlar mənə olmuşdu,
Başımı duman almışdı,
Ümidim sənə qalmışdı,
«Səbr et» – dedin, dedim: – oldu!
Bu nə top idi, qovurdum?
Mən ki sadəcə sevirdim,
Üzümü göyə çevirdim:
«Nə baş verir» – dedim, noldu?!
Elm «eşq» də söz imiş, söz,
Deyilənlər düz imiş, düz,
Mənim nəfəsim buzmuş, buz,
Kimə «gülüm» dedim, soldu.
Bu nə yoldu, nə cığırdı?
Deyim «Xoşbəxt ol?» Axırdı!
Mənim nəfəsim ağırdı,
Bir də gördün, dedim, oldu!
O MƏNƏM Kİ DÖZÜRƏM!
Bu nə tale, bəxt idi,
Bu nə sövdə, əhd idi?!
Ürəyim səni dedi...
Dilim özgəni.
Tüstüm gözümü yandırdı,
Qələm sözümü yandırdı,
İçim özümü yandırdı,
Çölüm özgəni.
Dərd içində üzürəm,
O mənəm ki dözürəm!
BİR SÖZÜN ƏHVALATI
Öz yolumun yolçusuydum,
İz atdılar ayağıma.
Düz yolumun yolçusuydum,
Söz atdılar ayağıma.
Baxdım ki, heç günahına...
Batılası söz deyil bu!
Hər adamın ayağına
Atılası söz deyil bu.
Dərindən bir köks ötürüb,
Deyəsi oldum o sözü.
Əyilib yerdən götürüb,
Yiyəsi oldum o sözün.
Yanıb-yanıb külə döndüm,
Tüstümə götürdüm sözü.
hamının gözü önündə
Üstümə götürdüm sözü.
Əlindən tutub qaldırdım,
Göz yaşını tumarladım,
Bir az sacların oxşadım,
Bir az başın tumarladım.
Öldüm, ölümdən qayıtdım,
Düz sözümdən ayırmadım.
Doğma sözümtək böyütdüm,
Öz sözümdən ayırmadım.
İllər ötdü, bir şeirin
Gözünə qatdım o sözü.
Saf, tərtəmiz, dürr şeirin
Sözünə qatdım o sözü.
...oxudum «söz atanlar»a,
Sehrinə daldılar sözün.
Üstündə dura bilməyib,
Altında qaldılar sözün.
HEÇ NƏ DƏYİŞMƏYİB...
Tale yollarımız ayrılan gündən
Təmsillim olmayıb zülmümdən başqa.
Yaşanan illəri ömür saymıram
Sənlə keçirdiyim bölümdən başqa.
Sənsizlik gör məni nə hala salıb?
Baxışlar dəyişib, sifət qocalıb,
Necə qoymuşdunsa, elm də qalib...
Heç nə dəyişməyib çölümdən başqa...
Özüm öz içimdə itib azıram,
Özümə vərəqdə qəbir qazıram,
Artıq Şair olub, Şeir yazıram,
Guya nə gəlir ki əlimdən başqa?
Gözlərim kor olub, qulağımsa kar,
Ya qayıt, ya məni özümə qaytar,
Ya da qovuşmaqçün bircə yolum var
Çarəm qalmayıbdır ölümdən başqa!