KEÇƏM KÜÇƏNİZDƏN...
Keçəm küçənizdən bir qış gecəsi,
ya adi dost kimi, ya tanış kimi.
O gecə yuvandan perik düşəsən,
yuvası dağılan qaranquş kimi.
Bir «ah» çəkəsən ki, göylər alışa,
fəryadın dünyanın ucuna düşə.
Keçəm küçənizdən bir payız günü,
ürəyin sürüşüb ovcuna düşə.
Məni gözləməyi adət edəsən,
özünə sevimli bir «peşə» kimi.
Keçəm küçənizdən bir yaz səhəri,
boynunu bükəsən bənövşə kimi.
Bütün günahların yuyula o gün,
günahın olmaya, suçun olmaya.
Soruşam, necəsən? – alışa qəlbin,
«sənsizəm...» deməyə gücün olmaya...
***
Uçuq daxma kimisən,
tökülürsən başıma.
Nə gəlmisən, ay adam,
bu itən yaddaşıma?!
Hələ qış ürəyimdə
tükənməyib qar payı.
Sənə yer yox, evimdə
təkadamlıq çarpayı.
Toyumuz günü sınan
güzgü idi bəxtimiz.
Tale yazan səhv yazıb,
özgə idi bəxtimiz.
Nə birlikdə həyat var,
nə qaçmağa yerimiz.
Çoxdan intihar edib
qoşa şəkillərimiz.
Gedəcəksən, yenə get,
get! Aldatma özünü!
Mən səni unuduram,
xatırlatma özünü...
* * *
Yenə soyuqluğun cəllada dönüb,
Hələ almadığın neçə can durur?!
Sənin buz ürəyin, qış nəfəsinmi,
Mənim ürəyimi belə dondurur?!
Ürəyim o qədər üşüyür, hətta
İsti göz yaşımı hiss edə bilmir.
Gözümdə bir soba dərd qalasam da,
Soyuq ürəyimi isidə bilmir.
Elm uzaqlaşır getdiyim qatar,
Arxamca ha səslən, ha yüyür indi.
Soyuyub arzum da, xəyallarım da,
Bütün xatirələr üşüyür indi...
MEYVƏSİZ AĞACLAR
Buludlar qoynunda gizlədib ayı,
Ulduzlar sübhəcən elə qəm çəkib.
Göylər ağlayırmış bu gecə, yəqin,
Ağaclar islanıb, torpaq nəm çəkib.
Bu gecə üşüyüb yalın ağaclar,
Söyüdlər boynunu büküb, dayanıb.
Palıd min yerindən çəkilib dara,
Çiynində dünyanın yükü dayanıb.
Kölgəsi hamının çatıb dadına,
Elə yaranandan toz udub Çinar.
Nə qədər qırıblar qol-budağını,
Özünü yenidən doğruldub Çinar.
Küknarın telinə yenə qar yağır,
O yaşıl saçları necə ağarmış.
İlahi, nə qədər surəti gözəl,
Nə qədər meyvəsiz ağaclar varmış.
* * *
Gəlmə, başına dönüm,
gəlmə, soyuq bir daşam.
Tərk edilmiş şəhərəm,
itirilmiş yaddaşam.
Tökülüb yarpaq-yarpaq,
söküldüm ilmə-ilmə.
Gəlmə, dərdim, dərmanım,
ölüm fərmanım, gəlmə.
Bilmə, başına dönüm,
bilmə, kiməm, nəçiyəm.
Öz dərdini yamayan
ən naşı pinəçiyəm.
Gəlmə, sirrim, söhbətim,
qəlbimdə qalanımsan.
Ən yalan həqiqətim,
ən gerçək yalanımsan.
* * *
Adam hərdən istəyir ki,
Allah ola,
bağışlaya zülmləri,
bağışlaya bağışlanmaz səhvi də...
Adam hərdən istəyir ki,
körpəcə bir uşaq ola,
tanımadığı bir qapını döyüb, qaça,
sevindirə bir yiyəsiz evi də...
* * *
Elə qəribsəyib sənsiz bu şəhər,
Elə darıxıb ki bu küçə sənsiz.
Elə çarəsizdir sənsiz bu səhər,
Elə pərişandır bu gecə sənsiz...
Ölüb sən gedəli neçə ümidim,
Yenə gözləmişəm, bəlkə, ümid var.
Elə kövrəlib ki, elə dolub ki,
Görsə, hönkürəcək səni buludlar.
Bilmirəm, bilmirəm, nədir bu qəhər
Hava «sən» qoxuyur, gecə «sən» deyir.
Yuxusu gözündən tökülən şəhər,
Bu gecə qayıdıb gəlmisən, deyir.
Hardansa da ayaq səsini duyub,
Çinarlar çəkilib yenə bir küncə.
Əlini gözünün üstünə qoyub,
Sənin yollarına boylanır Gəncə.
* * *
Adını pıçıldayır külək;
gecənin qulağına
gizli-gizli,
xəfif-xəfif...
Səsin gəlir
yaddaşımın o tayından,
qırıq-qırıq,
kəsik-kəsik...
Ümidlərim atılmış körpətək
sığınacaq gəzir.
Elə qəribsəyirəm,
çökür üzərimə
bozumtul tənhalıq.
...və
anlayıram ki,
ya mən çoxam bu dünyaya,
ya da bu dünyada
bir sən əskik...
* * *
Bu ayrılıq yük olurmu sənə də,
Əzablarım sol çiynini əyirmi?
Görən, məni bitirən bu suallar
Sənin bircə cavabına dəyirmi?!
Nə demədim sənə, «unut», «ayrılaq»,
Nə demədim, «dəli kimi sev məni».
Görən, yenə tövbə edib gecələr,
Gündüzləri pozursanmı tövbəni?!
Fikirlərin qarışırmı arabir,
Xəyalların yenə duyuq düşürmü?!
Mənim burda itirdiyim yuxular
Sənin orda yastığını deşirmi?!
Qaçmaq üçün gecələri kabusdan,
Verirsənmi yuxularda nəzir sən?!
Baxışların soyunurmu əksimi,
Yoxsa yenə hamıda mən gəzirsən?!
* * *
Niyə qayıtmısan, bilmirəm niyə,
Yeni istəyin nə, yeni arzun nə?
Niyə qarğıyırsan bu yerə-göyə,
Söylə, bu dünyaya etirazın nə?
Xaraba qoyduğun könül evimə,
Bilmirəm, çıxmağa yiyəmi gəldin?!
Mənə etdiklərin başqa surətdə
Qarşına çıxmışdı deyəmi gəldin?!
Daha bir addım da yaxına gəlmə,
Sənə milyon illik uzağam, yadam,
Mən Tanrı deyiləm, Allah deyiləm,
Səni bağışlaya bilmirəm, adam!..