KEÇMİŞDƏ GƏZİNTİ
(Hekayə doğuş sonrası palatada etdiyim cızma-qara qeydlər və uşaqlıq xatirələrimi topladığım mücrüdəki yazılar əsasında yazılıb)
Hekayəni, çox güman, metro qatarında oxumağa başlamısan, yaxud ayağını ayağının üstünə aşırıb otağında sakit bir küncə qısılıb oxuyursan. Bəlkə də, artıq yarımçıq buraxaraq bir kənara tulladın. Bəlkə, elə universitetdə, parta arxasında sıxıcı keçən bir dərsin ortasındasan.
Hər şey tozlu, qəhvəyi mücrü əlimə keçədən başladı. Mücrünü açanda sehrli bir karandaş qoxusu və məktub məni uşaqlığıma apardı. Deyəcəksiz, yenə başladı məktubdan dəm vurmağa. Vallah, nə edim, epistolyar janr yaxamı buraxmır. Məktub adama çevrilmişəm.
Bətnim vətəni kimi idi. Sanki oradan didərgin düşmüşdü. Dünyaya hələ də alışmır, qaşqabağı yerlə gedirdi. Deyəsən, bətnim üçün çox darıxır. Axı mən ona demişdim, dünya maraqsızdı, istəsən, orada qala bilərsən.
Qızım bətnimdə olanda bətnim yer kürəsi kimi idi. Bu boyda yumrunu daşımağa gücü yetmirdi ayaqlarımın. Doğulduqdan sonra böyük bir boşluq yaşadı vücudum. O boşluğu doldurmaq üçün yazmalı idim.
Qızıma bəstələdiyim layla ilə onu yatızdırdım. Sonra “notebook”umun arxasına keçdim.
Birdən “word” papkalarına yığılan kif atmış hekayələrimin obrazları üstümə hücum çəkdilər. Biri saçımı dartışdırmağa başladı, biri barmaqlarımı dişlədi. Ən çox da öz uşaqlığım şuluqluq edir, rəfdəki kitabları töküşdürür, vərəqlərini cırırdı. Halbuki sakit biri olmuşam. Uşaqlığım arada bir gəlib qızımla oynayırdı. Yarımçıq qalan romanımın qəhrəmanı isə gəlib qızımı qucağına aldı. Mən çox qorxdum ki, körpəmə xələl gətirə bilər. O isə stolun üstünə çıxıb danışmağa başladı:
– “Bəsdi də, neçə ildi, məni yazıb qurtara bilmirsən. Bezmədin uşaq əmizdirməkdən, monoton günlərdən?! Bizi orada papkanın içində yarımçıq buraxmısan, heç olmasa yarımçıq qalan cümləni tamamlayıb nöqtəsini qoyardın”. Ardınca isə uşaqlığım əlinə televizorun pultunu alıb ağzına tərəf tutaraq danışmağa başladı: – “Bilsəydim belə tənbəl olacaqsan, böyüməzdim. Niyə məni yazmaqdan qorxursan? Bu qədər çətindi? Sən ki uydurduğun hekayələrlə oxucunu aldadırsan, əgər mənlə yaşadıqlarını xatırlamırsansa, evdə heç kim yoxkən oturum bütün xatirələrimizi yadına salım, hə, nə deyirsən? Axı sən hər şeyi xatırlayırsan, qorxma, əzizi mən, yetər ki, barmaqlarını klaviaturada tıqqıldat, bacaracaqsan. Axı sən yaza bilməyəndə belə edirdin, yalandan klaviaturanı şaqqıldadıb gözlərini yumurdun, guya ki, yazırsan. Fonda da Şubert. Beləcə yazmaq vərdişin yaranırdı. Yenə bu metodla başla, məni yarımçıq qoyma. Nolar məni yarımçıq qoyma!”
Birdən qapı tıqqıldadı. Uşaqlığım qucağıma hoppanıb gözləri bərələ boynumdan yapışdı. Sanki imdad diləyirmiş kimi dedi: – “Eşidirsən, məni yarımçıq qoymaaa!”
Obrazlarım hamısı tez bir anda “notebook”-umun ekranına girdi.
Gələn yoldaşım idi. Mən olanları ona danışmadım. Alnımdan tər axır, dilim topuq vururdu. Tez bir söz demədən vanna otağına keçdim ki, özümə gəlim.
Bu hadisənin üstündən küləklər əsdi, qar yağdı, qızım bir azca böyüdü, “ana” dedi və o mistik hadisə bir daha təkrarlanmadı. Ta ki “notebook ”umun arxasına keçib yarımçıq qalan uşaqlığımı tamamlamaq qərarına gəlincəyədək.
Uşaqlığıma məktub yazardım ki, oxusun və böyüməsin.
Kompüterimin ekranına diqqətlə baxdım, öncə “word ”də ki hərflər oynaşmağa başladı, yerlərini dəyişdirir, fərqli cümlələr əmələ gətirirdi. Silinir, məni qorxudur, sonra qəhqəhə çəkən hərflər yenidən birləşirdilər. Ekranda hekayə qəhrəmanlarım film kimi canlanırdı. Gözlərim bərəlmiş, ağzım çənəmə düşmüşdü, nitqim qurumuşdu. Öncə barmağımı ekrana doğru uzatdım ki, bəlkə, hallüsinasiyadı görürəm. Sonra bədənimi ekrandan içəriyə atdım. Beynimdə sadəcə bir fikir vardı, keçmişə gedib uşaqlığımda kı bəzi anları dəyişmək. Elə bilirdim ki, keçmişə gedəcəm. Bəlkədə, gedəcəm, kim bilir.
Anamın bətnindən başlamışdı vətənim. Deyəsən, çoox keçmişə getmişdim.
Lap sıfıra gəldim, anamın bətninə. Dünya xaosdan yarandığı kimi, mən də spermadan yaranmışdım. Bəlkə, elə burdan başlayım. Keçmişi lap başlanğıcından silim, heç doğulmayım. Amma yox, “notebook” dan o tərəfdəki həyatda məni qızım gözləyirdi, yaşamağa davam etməli, bəzi qaysaq bağlamış yaraları silməli, yada dəyişməli idim.
Bizim dünyadan fərqli idi orası. Nə ağacı vardı, nə buludu. Torpağı da xatırlamıram. Xatırladığım tək şey siyah səma idi. Səmanın ulduza bənzər çoxlu- çoxlu ağ nöqtələri vardı. Mən onlara toxuna bilirdim. Onlar əllərimdən balıq kimi sürüşüb yenidən yuxarı qalxırdılar. Yaradılışımda gördüyüm ilk şey səma və ulduza bənzər şey olub. Yəqin ki, ona görə uşaq vaxtı kosmonavt olmaq istəyirmişəm. Bəlkə, siz də lap-lap dərin keçmişlərə dalsanız, ananızın bətnin də olduğunuz ilk vaxtları xatırlaya bilərsiniz. Bəlkə, orada sizin səmanız mavi rəngdədi, bəlkə, ağdı, bəlkə, qırmızı. Bəlkə, heç səması yoxdu, torpağı var. İnanıram ki, mənim bu xatırladığım dərin keçmişi milyard adamın içində ən azı bir neçəsi xatırlaya bilib. Çünki bu xatırlamanı sayaqlamadı, deyib, gülüb keçiblər.
Təqvimin 30-u, bir oktyabr axşamına doğru bayırda intihar küləyi sarı yarpağı itələyib yıxdı ağacdan. Hüznün o biri üzü payızdı. Payızın o biri adı intihar.
Bir balaca qızcığaz da vaxtından tez, səkkiz aylıq olarkən özünü anasının bətnindən, yəni ilk vətənindən – hündür yerdən ataraq intihar elədi. Və düşdü dünyaya. Dünya adlı yerdə yenidən doğuldu. Deyilənə görə, heç ağlamırmış. Ancaq acanda bir balaca “vüə-vüə” edərmiş. Çox sakit uşaqmışam. “Notebook ”umun sayəsində körpəliyimə gəldim.
Xəstəxanada ağ xalat tapıb əynimə keçirdim.
Doğulduğum palataya girdim. Dayanıb bir xeyli çağa vaxtımı kənardan süzdüm. Görəsən, məni görə bilər? Toxunsam, hiss edər? Ki mənəm. Axı körpələrin gözləri tam açılmır, tül pərdədən baxan kimi görürlər. Ya anam məni görərsə. Görsə, onsuzda tanımayacaq, bilməyəcək ki, gələcəkdə ki qızlarıyam. Anama doğru yaxınlaşdım. Məni qucağına alıb əmizdirirdi. Düşünürdüm ki, pampers şirkətindən gəldiyimi deyim, həmin an tez xatırladım ki, mənim dövrümdə pampers taxmırdı uşaqlar.
– Salam, Sədaqət xanım, məni baş həkim göndərib, neçə gündür burdasız?
– Bu gün olub doğuş. Axşam tərəfi 6-da.
– (Deməli, məni görür və eşidir dedim içimdən) Olar körpəni bir dəqiqəlik? Siz qalxmayın, hələ qalxmaq olmaz, 2 saat uzanmalısınız. Mən uşağı gətirərəm. Müayinədən keçirməyə aparmalıyıq.
Mən özümü qucağıma alıb palatadan dəhlizə doğru yan aldım. Qapının kandarında körpəliyimə baxdım. Məsum və kədərli gözləri ilə gülümsəyirdi mən. Sonra gözlərini yumub yatdı. Özümü qucağıma doğru sıxıb qoxladım. Bütün körpələr süd qoxuyur. Görəsən, neçə adam öz uşaqlığını qucağına alıb? Həyatda edə bilmədiyimiz çox şeylər vardı. Mənim qol saatımda zaman dayanmamışdı. Amma 1992-ci illə də eyni vurmurdu əqrəblər. Yenidən palataya girib anama yaxınlaşdım. Üzümə diqqətlə baxsada, heçnə anlamadı. Bəlkədə, sifətimdəki doğmalıq ona olmayan dejavünü yaşadırdı.
– Baş həkim kabinetində yox idi. Siz yatın artıq, körpəni də beşiyinə qoyuram, yatın, dincəlin, yəqin, sabah müayinə olunar, – deyib palatadan çıxdım.
Burada dəyişiləsi heçnə yox idi. Bir az oyuncaq qoxuyan illərə, atılıb-düşdüyüm günlərə getməliyəm, orda mütləq dəyişməyə bir şey tapacam.
Dəhlizdə həkim otaqlarından birini axtarırdım ki, “notebook” tapa bilim. Öz dövrümə geri dönməli, qızıma baş çəkib ağlayıb-ağlamadığını yoxlamalı idim. Həm də, bəlkə, buradakı zaman dilimi ləng di, ora da, bəlkə, səhər açılar qorxusu var dı içimdə. Yada geriyə qayıda bilmərəm. “Notebook” la zaman da səyahət edirdimsə, deməli, “notebook” tapıb geri dönməli yəm.
Dəhlizin solunda ikinci otağın qapısı aralıidi. Aradan baxıb gördüm ki, stolun üstündə köhnə tipli güclə işləyən stolüstü kompüter var. Vaxt itirmədən içəri keçməliyəm, bəs mənim yad adam olduğuma görə icazə verməsələr kompüterdən istifadəyə?.. Bir şey uydurmalıyam. Uydurma mexanizmim dərhal işə düşdü. İçəri keçəndə gördüm ki, yaş lı və bədənini güc-bəla ilə ayaqları üzərində daşıyan qadın xor-xor xoruldayır. Tez köhnə kompüteri yandırmaq üçün düyməni axtarmağa başladım. Kompüter çox köhnə idi. Bu köhnə kompüterdən lap keçmişlərə düşsəydim… Anam həmişə öz işlədiyi köhnə kompüterdən, iş yerindən, keçmişdən danışardı. Amma onun işlədiyi kompüter daha böyük idi.
Onsuz da başqa zaman dilimin də olduğum üçün uşaqlığıma səyahət baş tutacaqdı. Amma dəyişmək istədiyim zamana düşə biləcəkdim mi? Dərhal “word” faylı açıb bir şeylər yazmağa başladım. Elə o dəqiqə də cə yenidən hərflər rəqs edib gülməyə, sonrada canlanıb insana və həyata çevrilməyə başladı. Dərhal ekranın içinə girdim. Məni yaralayan illərə getməliidim. Ancaq necə getməliyəm, illəri necə seçməliyəm, bilmirdim. Ürəyimdən 2000-ci ili keçirdim. Və sürətlə rəqəmlərin arasıyla süzülüb 2000-ci ilə düşdüm. Yerə səpələnmiş iki yumru, deşikli, rəngli kasetlər, maqnitofonumuz və uzaqdan Barış Mançonun səsi... Xalam obiri otaqda uzun saçları ilə özünü Barış Mançoya bənzədir, səsinə səs verirdi. Qardaşım əlində tetres oynaya-oynaya, bir əlində də top həyətə düşürdü. Mən də qaraqartal dan (atamın maşınını belə adlandırmışdıq) düşürdüm. Tez özümü səsləyib çağırdım. Uşaqlığım çox tipsiz olub. Saçım qalın olsun deyə, anam hər yay oğlan baş edərdi məni. Oğlan paltarları geyinib “mən kişiyəm, mən kişiyəm” mahnılar qoşurdum özümdən.
Bəzi şeyləri dəyişmək vaxtı gəlib çatmışdı.
Ey, balaca qara cücə, bura gəl görüm, – özümü səslədim.
Onsuzda məni tanıyası deyildi. Tam istədiyim zamana düşmüşdüm. Elə indi özümə əngəl olmalıydım. Mən sənəm, gələcəkdən gəlmişəm, desəm, təbii ki, inanmayacaqdı.
Özümə yaxınlaşdım. Bax gedib indi anana deyəcəyin şeylər gələcək də həyatını çox dəyişəcək. Məsələn, sən atasız qalacaqsan. Maşında ögey anan oturub, bunu desən, dava düşəcək, aləm dəyəcək bir- birinə.
Sən bunları hardan bilirsən?
Bilirəm, mən çox uzaqlardan gəlmişəm. Orada, sən böyük qızsan. İndi mənə söz ver, ananı, ya atanı ən çox hansını çox istəyirsənsə, onun canına and iç və söz ver ki, ögey ananın varlığını anana deməyəcəksən. Onsuz da anan bunu biləcək. Sən bunu desən, gələcəkdə səni xəbərçi adlandıracaqlar, sən çox peşman olacaqsan. Hətta ananda səndən inciyəcək. Qoy olanlar sənin sayəndə yox, başqa yolla ortaya çıxsın. Söz ver.
”Söz verirəm”, – dedi.
Həmin an sanki içimdə illər di ilişib qalan kəpənək pır-pır qanad çalıb uçdu, azad oldu. Mən də kompüter tapıb geri – qızımın yanına qayıtdım.
Uşaq vaxtı gündəlik tuturdum. Və mücrümdə sevdiyim əşyaları, yazdığım məktubları və o gündəliyi saxlayırdım. Gündəlikdə həmmişə gerçəklər yazılır və gizli saxlanılır. İndi həmin gündəlikləri, məktubu oxuyuram. Yuxarıda yazmışdım axı tozlu, karandaş qoxusu verən qutu. Keçmişi dəyişib-dəyişmədiyini öyrənmək üçün atama zəng vurdum.
“Dud”, “dud”, “dud”. Uzun qudok səsin dən sonra sərxoş atamın yorğun səsi “alo” dedi…