AZƏRBAYCAN BAYRAĞI
Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
“Balam” deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,
Ucalarda saxlayar, tökülən qan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Vətən oğlu, qırmızı şəhidlərin qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
Tanrıdan səda gələ, yazdığın haqqa yaza,
Mələklər səcdə edə, bu aya, bu ulduza,
İgid oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın zərif çiyninə, versin nişan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
Azadlığın yanğısı alışar, sönməz dedi,
Millətim haqq yolundan, heç zaman dönməz dedi,
Bir dəfə qalxan bayraq, bir daha enməz dedi,
Endirmərik bir daha işıq saçan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yağan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
Hayqırır azad ölkəm tiranlara, şahlara,
Son qoyulsun deyirik zülmlərə, ahlara,
Qaranlıq gecələrdən, işıqlı sabahlara,
Oyatsın səhər mehi, oxşasın dan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
Gözəldi qarlı qışı, həm də yazı Vətənin,
Qəriblikdə bilinər dadı-duzu Vətənin,
Uğrunda şəhid olaq, ya da qazi Vətənin,
Yolunda verək qurban, qorusun can bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
SƏRHƏDÇİ QARDAŞIMA
Gözü üstə olar hər əsən mehin,
Çəkər keşiyini adi daşın da.
Yazan düz yazıb ki, “ana kimidi,
Elə oğullar da sərhəd başında”.
Vətən sevgisiylə, yurd sevgisiylə,
İlahi, yaxındı nə qədər mənə.
Fikrimin sahilsiz üfüqlərindən,
Sərhədçi qardaşım əl edər mənə.
Rahatlıq gətirər yuxusuzluğu,
Dan yeri sökülər gözündən onun.
Sübhəcən tətikdə qalan barmağı,
Qoymaz çıxan olsun sözündən onun.
Sayıqlıq rəmzidi başdan-binədən,
Sükutun səsinə nəzər salmağı…
Yurdunun yuxusun şirin gətirər,
Qundaqda əlinin oyaq qalmağı.
Sərhədçi qardaşım – toxtaqlıq yerim,
Arxam-dayağımdı, dərk yerimdi o.
Yurdun yenilməzlik bayrağı kimi,
İrəli verdiyim ərk yerimdi o.
SALAM, ŞƏHİDLİYƏ UCALAN İGİD
Aprel döyüşlərində şəhid olmuş
polkovnik Sənan Axundovun
əziz xatirəsinə
Salam, şəhidliyə ucalan igid,
Mübarək adına-sanına alqış.
Beş arşın kəfənə deyil, müqəddəs
Bayrağa rəng verən qanına alqış.
Hər gələn axşamın öz xəbəri var,
Hər gələn səhərin öz aydınlığı.
Sən şəhid adının ucalığıyla,
Gətirdin yurduna göz aydınlığı.
Qovuşub o doğma, əziz torpağa,
Qanın çiçəklədi, qanın gül açdı.
Böyük Füzulinin nigaran ruhu,
“Şəhidim, xoş gəldin” deyib dil açdı.
Demərəm arzular qaldı yarımçıq,
Demərəm ulduztək söndü o gecə.
Bir evin yeganə oğluydun, indi
Bir xalqın oğluna döndün o gecə.
Salam, şəhidliyə ucalan igid,
Mübarək adına, sanına qurban.
Nə ki həyatım var, nəfəsim gəlir,
Mən qurban deyirəm şanına qurban.
ZƏHRAYA AĞI
Ağı deyim sənə necə,
Ağı dilimdən, Zəhra.
Nənəmi yanındaydı?
Qorxmadın ölümdən, Zəhra.
Nağıldan çıxdı düşmən,
Yaz ömrünə qış gəldi.
Zəhra alma gözləyirdi,
Qəfl gülləyə tuş gəldi.
Nağılın şirin yerində,
Gör bəxtinə nələr düşdü.
Göydən üç alma düşmədi,
Göydən güllələr düşdü.
Tanrının dərgahındadı,
Bu dünyaya baxmaz Zəhra.
Nənəsi yanındadı,
Yəqin, darıxmaz Zəhra.
MƏN BELƏ YETİŞDİM
ƏLLİ YEDDİYƏ
Ağrılar, acılar minbir biçimdə,
Könlümün çiçəyin dərən olmadı.
Üzümdə təbəssüm ancaq içimdə,
Ağlayan gözləri görən olmadı.
Mən belə yetişdim əlli yeddiyə.
Sevincim-fərəhim dərdi-sər kimi,
Ayımda, günümdə, anımda oldu.
Farağat dayanmış bir əsgər kimi,
Ehtiyac həmişə yanımda oldu.
Mən belə yetibdim əlli yeddiyə.
Nahaqqın inadın qıra bilmədim,
Soyuq baxışından gözüm göynədi.
Haqqın tərəfində dura bilmədim,
Dilimin ucunda sözüm göynədi.
Mən belə yetibdim əlli yeddiyə.
Bacımın dərdinə dərman tapmadım,
Min dərdin üstünə biri də gəldi.
GƏNCƏ
Gözəldi yurdumun hər bir guşəsi,
Könüllər oxşayan gözəli Gəncə.
Nağıllar aləmi, sehirli şəhər,
Şirin arzuların əzəli Gəncə.
İşığı bərq vurar Kəpəzdə qarın,
Göy-gölü oxşayar meh narın-narın,
Vətənimi qucan qoşa qolların,
Bir əli Bakıdı, bir əli Gəncə.
Sinəndən qopmasın heç vaxt aman-ah,
Üstünə açılsın xeyirli sabah,
Gəncənin taleyin tapşırma, Allah,
Kəmağıl qocaya, nə dəli gəncə.
ƏSƏD CAHANGİRİN AD GÜNÜNƏ
Nə gecə, nə gündüz dinclik bilmədin,
Ədəbi döyüşdə keçdi həyatin.
“Söz” oldu həyatda ilk məhəbbətin,
“Səs” saldı sənətdə ilk mükafatın.
Olmasa da, güclü bir havadarın,
Görsən də, üstünə gələn daşları,
“Dəmirbaşlar”ında dəmir cümlələr,
Yerindən oynatdı taxtabaşları?
Ədalət qaynadı sənin qanında,
Sən qaraya qara, ağa ağ dedin.
“Ağ saç, qara saç”a bir daraq çəkib,
Sonra da “Kim yatmış, kim oyaq?” dedin.
Bu divanə sual, bu dəli sual,
Yeni sözümüzün sualı oldu.
Oyaqlara ümid, təsəlli yeri,
Yatmışların dərdi, zavalı oldu.
Yeni söz parladı söz qılıncında,
Çapdın köhnəliyin qafa tasını.
Keçib “Minillərin sən ayrıcında”n,
Yazdın “Yeni əsrin ibtidası”nı.
“Sağlığına” yazdın “Dionisin” sən,
Kəsmədi qarşını nə kitab, nə din.
Dünyada yeganə yazıçısan ki,
Şərab allahına sağlıq söylədin.
Böyük ustadlara min ehtiramla,
Yazdın “Platondan Anara qədər”.
İndi ustad deyir sənə cavanlar,
Demək əziyyətin getməyib hədər.
Hər sözün altında bir hikmət yatır,
Varmı bilmədiyin bir məna, bir sirr?
Sənin ad gününə daha nə yazım,
Çözülməyən sirsən, Əsəd Cahangir!
MƏN
Tale çəkdi yenə məni sınağa,
Ürəyimə daş bağlayam, dözəm mən.
Zalım fələk, elə bilmə hər dərddən,
Bu dünyadan küskün olam, bezəm mən.
Ömür boyu kor olmuşam tüstümə,
Bilməmişəm soyuq nədi, isti nə,
Karvan-karvan dərd gəldikcə üstümə,
Misra-misra şeirə dönən sözəm mən.
Haqsızlığa qılınc çalan yağıyam,
Haqq yolunda körpülərin tağıyam,
“Kərəmi”də nakam eşqə ağıyam,
“Dilqəmi”də sızıldayan sazam mən.
Bir namərdə əyiləndə mərd olan,
Budur mənə bu dünyada dərd olan,
Şər əlində aciz qalıb dörd olan,
Kirpiyindən qan-yaş daman gözəm mən.
Haqq yolunda, ay Dayandur, yaman çox,
Keçmiş keçdi, gələcəyə güman yox.
Ulu Tanrı, səndən mənə aman yox,
Öz baxtımı gərək özüm yazam mən.
***
Şeytan əməlidi bu gözəlliyin,
Tanrı axıtmazdı belə qanları.
Qara kirpiklərin xilas eyləməz,
Dərya gözlərində boğulanları.
Kövrəlsən, gözündən bir damcı düşsə,
Silməyə hər cibdən bir yaylıq çıxar.
Sən tutub gedərsən vüsal yolunu,
Nədənsə qarşına ayrılıq çıxar.
Sonuncu nəğməsin oxuyan qu da,
Son dəfə ürəkdən dinmək istəyir.
Sənin göz yaşından sellənən suda,
Kimdi o, bəxtəvər çimmək istəyir