XOCALI SOYQIRIMI BÜTÜN DÜNYANI XOFLANDIRDI...
Haqqın, ədalətin silinir izi, İlahi!
Xoflanıb Məkanla Zaman!
Ya çək zənbilinlə göylərə bizi,
Ya da zühur etsin Sahibi-Zaman!
Yerdə də, Göydə də qalmayıb dözüm,
Qov kimi alışır min ilin qarı,
Özündən küsübdür Dünyanın özü,
Manqurtluq sürünür bəşərə sarı.
Bu qədər təriqət, bu qədər məzhəb
Oturtmur yerində bici, gədanı.
Fəryad fələkdədir, çarə qıl, ya Rəbb,
Çuvalda gizlətmək olmaz cidanı.
Ey haqq! Sən iblisi oddan yaradıb,
Bəla göndərmisən yer övladına.
Adəmi cənnətdən didərgin salıb,
İndi də əl atıb övladlarına.
Əcinnə məkrində düz bəndən yesir,
Toy vaya qarışıb, o, öz işində.
Bu fitnə-fəsaddan vücud ürpəşir,
Buzlaşır dünyanın buz gərdişində.
Dinsiz ədalətdən yenə dərs deyir,
Nəfsisə tuşlanıb özgə malına.
Ağ yalan - “ağappaq - bəyaz” don geyir,
Niyə yanan yoxdu xalqın halına?!
Pozulub büsbütün mizan-tərəzi,
Dünyanın üzünə ağ olur yaltaq,
Fitnəyə tuşlanıb onun mərəzi,
Ədalət, həqiqət qəbahət yasaq!..
Hər işdə başdadır bədxahın əli,
İnamın ayağı sürüşkən olub.
Dünyanın ağzından qan iyi gəlir,
İnsaf xırmanımız göyə sovrulub.
Müsəlman bəndənəm-hiylədən uzaq,
Allah, küfrə yazma bu şikayəti.
Axı qudurubdu şeytan qurumsaq,
İndi əl atmaqdır sənə niyyəti.
Haqqın, ədalətin silinir izi,
İlahi, xoflanıb Məkanla Zaman.
Ya çək zənbilinlə göylərə bizi,
Ya da zühur etsin Sahibi-Zaman!..