QARDAŞIMIN DİNİ
Ailədə sonbeşik mən idim. Hamının şilləsinin dadını bilirdim. Məni ən çox da qardaşım döyürdü. Dağda küləş arabası aşanda da günahkar mən olurdum. O qədər döyülmüşdüm ki, dəmir kimiydim. Qardaşım əli ağrımasın deyə, şunurla döyürdü məni. Demək olar ki, hər gün vəhşicəsinə döyülürdüm. Allaha yalvarırdım ki, qardaşım ölsün. Ancaq Allah səsimi eşitmirdi.
Atam namaza başlamışdı. Daha anamı döymür, mənimlə də mülayim davranırdı. Evimizdə dava düşmürdü deyə, narahat olurdum. Özüm dava salmaq istəyirdim, amma mənə fikir verən yoxuydu. Təkcə qardaşımın fikrindən yayına bilmirdim. Hər gün hansısa bəhanəylə məni döyməsəydi, bəlkə də günəş batmazdı.
Bir dəfə atam səbəbsiz yerə başıma sığal çəkib məni öpdü. Həmin gün əsl uşaq xoşbəxtliyi yaşadım və namaza təşəkkür elədim.
Atam qardaşımı kənd mollasının yanına göndərdi ki, ərəb dilini öyrənib molla olsun, yas götürüb pul qazansın. Mollanın ölü sahibindən aldığı pulları görüb bu qərara gəlmişdi. Qardaşım molla dərsinə gedəndən sonra namaz da qılırdı. O, namaza başladığı gün mən sevincimdən evimizin arxasında atılıb-düşürdüm. Atam isə namaza başlayandan sonra mehriban olmuş, bizə barmağının ucuyla da toxunmamışdı.
Qardaşım axşam namazını bitirəndən sonra səs saldığımı bəhanə edərək məni döydü. Heç nə başa düşmədim, ağlayıb yatdım.
Atam mehribanlaşdıqca qardaşım namərdləşirdi. Deyəsən, namaz ona pis təsir eləmişdi. Həmişəkindən daha çox döyürdü məni. Ərəb dilində söyüşlər də öyrənmişdi. Kəndimizin mollası bir dini təbliğ edirdi. Ancaq qardaşımın dini atamın dininə oxşamırdı. Elə bil ədəd oxunda bir-birinin əksinə gedirdilər.
Atamın ən böyük arzusu qardaşımı molla görmək idi. Qardaşım nə qədər əlləşdisə, molla ola bilmədi. Namaz qılır, quran oxuyur, ərəbcə danışırdı. Ancaq heç kim ona “molla” demirdi. O da hər şeyin acığını məndən çıxırdı. Quran oxuyandan sonra lap qəddarlaşırdı.
Bir dəfə atam anamı döydü. Anam acıq eləyib atası evinə getdi. Heç vaxt anamdan ayrı qalmamışdım. Onun yanına getmək istəyirdim. Qardaşım qoymadı, üstəlik məni şunurdan keçirdi.
Səhər yuxudan oyananda qardaşımın ağzı əyilmişdi. Anam haya gəldi. Qardaşım namazı atdı. Həkimlər onun çənəsini elektrikə verib düzəltdilər. Daha məni döymürdü. Dualarım qəbul olmuşdu. Ancaq yenə də onu əsgərliyə apardılar. Mən isə atamın qıldığı namazı öyrənmək istəyirdim.
QIZIMIN AYISI
Qızımın bir yaşı tamam olan gün ona özündən də böyük oyuncaq ayı hədiyyə elədim. O gündən sonra həmin ayı ailəmizin bir üzvünə çevrildi. Qızımla bərabər oynayır, bərabər yeyir, bərabər də yatırdı. Əgər qızıma dondurma alıb ona almasaydım, evimizdə qan düşərdi. Qızım tələb edirdi ki, ona olan sevgi, qayğı ayıya da olsun. Yemək masasına oturanda ən gözəl tikələr ayının qarşısına qoyulurdu.
Artıq həyat yoldaşım üçün də qızımın ayısı canlı uşağa çevrilmişdi. Onu da qızım kimi yedirdib- içirdirdi, əzizləyir və laylay deyib yatızdırırdı. Gecələr dəfələrlə oyanıb ayının üstünü örtürdü ki, soyuqlamasın.
Ayı uşaqlığından razı böyüyürdü. Hərdən öz ayılığı ilə hər kəsi güldürür, hərdən də küsüb yeməyini yemirdi. Qızımı qucağıma alıb əzizləyəndə az qalırdı ki, qaçıb boynuma dırmaşsın.
Bir günlüyə kəndə – atam gilə getmişdik. Necə oldusa, qayıdanda qızımın ayısını unutduq. Həmin gün evimizdə matəm idi. Ayı üçün öncə qızım ağlamağa başladı. Şam yeməyində həyat yoldaşım da ayı üçün yemək çəkib kövrəldi. Mən isə gecəni səhərə qədər yata bilmədim.
Günortaya az qalmış ailəlikcə kənddəydik. Dağlar, düzlər keçib ayı üçün gəlmişdik. Ayı bizi görüb sevinmədi. Çünki anamla atam onu darıxmağa qoymamışdı. Bəlkə də, qızımdan çox onu sevirdilər. Kiçik qardaşımın isə ondan zəhləsi gedirdi. Hətta bizi lağa qoydu ki, oyuncaq ayıya görə bu qədər pul töküb kəndə qayıtmısız, xərclədiyiniz pula şəhərdə bu ayıdan on dənə ala bilərdiz. Ona heç nəyi izah etməyə çalışmadıq.
Qızım böyüdükcə ayı da böyüyürdü. Daha qızım anasını yox, ayını qucaqlayıb yatırdı. Olanlar məni narahat etməyə başlamışdı. Ayıya görə bir evin içində qızımın üzünü görmür, həsrətini çəkirdik.
Artıq həyat yoldaşımla boğaza yığılmışdıq. Plan qurub ayını öldürmək istəyirdik. Qızımızı onun əlindən xilas etmək bizim valideynlik borcumuz idi. Bəs qızım ayısız xoşbəxt ola biləcəkdimi? Suallar arasında çaşıb qalmışdıq.
Aylar sonra başa düşdüm ki, bir ata kimi qızımın xoşbəxtliyini istəyirəmsə, onun ayısını da sevməliyəm. Bəlkə də, bütün atalar qızlarını böyüdüb hansısa bir “ayı” ya verirlər. Yəqin, mən də həyat yoldaşımın atası üçün nə vaxtsa “ayı” olmuşam. Bilmirəm. Ancaq bütün “ayı” lar onlara sığınmış zərif qızcığazları ömürlük qorumağa borcludurlar.
QAYIŞ
İlk dəfə səkkiz yaşımda atamın qayışının dadını bildim. Balaca qardaşıma əl qaldırdığıma görə belim uzunu ikisini çəkmişdi. Qıpqırmızı qoşa izlər güzgüdən gözümə girirdi. Elə bil kürəyimdən yük maşını keçmişdi.
Ailəmizdə atamın qayışla döymədiyi adam qalmamışdı. Onun qayışı ən çox anamın üstünə açılırdı. Güclü külək tövləmizin üstünü uçuranda, sel gəlib dərədəki bostanımızı aparanda, hətta inəyimiz xəstələnəndə də atam gılib anamı döyürdü. Şuşa işğal olanda atam axşama qədər anamdan əl çəkmədi. Bütün hirsini ondan çıxdı. Evdə atamın hirslənməsi bir-birinə müharibə elan etmədən hücuma keçən ölkələrin savaşına oxşayırdı. Hirslənib əlini qayışına atanda qaçıb canını qutarmalıydın. Allaha yalvarırdıq ki, atam əsəbiləşib əlini belinə atmasın. Elə bil belindən qayış yox, tapança çıxarırdı.
Axşamçağının qara səriniydi. Həyətimizə“Qaz-5 3” maşını gəldi. Atam evdə yoxuydu. İki orta yaşlı kişi üç-dörd dəmir parçasını maşından yerə atıb getdilər. Heç salam da vermədilər. Atam evə gələn kimi anamı döyməyə başladı ki, niyə gələn kişilər dəmirlərin birini maşında saxlayıblar. Anam acıq eləyib dayım gilə getdi.
Üç gün keçmişdi. Özümü kimsəsiz hiss edirdim. Anam üçün çox darıxırdım. Çırtma vursaydılar, üzümdən qan damardı. Bir parça dəmirə görə ailəmizdə aləm qarışmışdı. Dəmir yumşalardı, atam yox. Qaşları düyünlü yatıb düyünlü də qalxırdı.
Evimizdə heç kimin bədənindən qayış izi əksik olmurdu. “Şirin” ətimizdə qayışın toqqası dörd yol ayrıcına oxşayırdı. Böyük bacım gəlin köçəndə qayış izlərini də kürəyində cehiz apardı. Qardaşım əsgərliyə gedəndə bədənində ilan döyməsinə oxşayan izlər var idi.
Atam yatanda qayışı mənə baxırdı. Mən yatanda yuxuda atamın qayışını görürdüm. Bircə günümüz də qayışsız keçmirdi.
Anamın üstünə hirslənəndə atam qayışını belindən elə açırdı ki, elə bil hansısa cəngavər qılıncını sıyırırdı.
Səhər anamın səsinə oyandım. Atamın beli qurumuşdu. Yataqdan qalxa bilmirdi. Qonşuluqda yaşayan sınıqçı arvad gəlib baxdı, ancaq heç nə başa düşmədi. Deyəsən, atamı bizim qarğışımız tutmuşdu. Nə illah eləyirdisə, ayağa qalxa bilmirdi. Hamımız sevinirdik.
Bir həftə sonra həkimlər atama ölüm diaqnozu qoydular. Hər gün bir az əriyirdi. Arıqlayıb qayışı kimi olmuşdu. Bədənimizdə qayış izləri yox olduqca atam da yoxa çıxırdı.
Həyətimizə dizəcən qar yağmışdı. Anam atamın qayışını əlində tutub yalvarırdı ki, qalx, bununla döy məni. Ancaq atam nəfəs almırdı. Anam onun qayışı ilə özünü döymək istəyirdi, qonşular qoymadı. Sonra qayışı öpüb ağlamağa başladı.