QANADLAR KÖÇMƏK ÜÇÜNDÜR...
Bəlkə də, olduğu yerlərdən yığılıb,
ora-bura atılan ağ-qara
daşlar kimiyik...
Ayağının altındakı
ağ-qara daşlar kimi...
Bəlkə də, azadlığa can atıb
gündən-günə çırpınan
xəbərsiz quşlar kimiyik,
xəbərsiz quşlar kimi...
Dünya adlı qəfəsdə
hər dəfə özümüzə qayıdırıq
aldığımız nəfəsdə.
Gördüyümüz hər yalanı
nə udmağı bacarırıq,
nə də ki unutmağı;
yumruq boyda dənlər olub
keçmir boğazımızdan,
qalır dimdiyimizdə.
Yekə bir ağrı kimi
bardaş qurub oturur
həyat kürəyimizdə,
yaşam ürəyimizdə.
Uça bilmirik...
Nə qədər istəsək də,
bu qapı-pəncərədən
qaça bilmirik...
Ağlama, mənim balam, ağlama.
Əlindəki o qanadı qırılmış
quş üçün də ağlama.
Bir gün ölüm özü çəkəcək
gözümüzdən pərdəni.
Yatanlar oyanacaq,
oyananlar uçmağı öyrənəndə
quşlar pıçıldayacaq:
“Qanadlar bu dünyadan köçmək üçündür”...
GÖZLƏRİNİ YUM
Gözlərini yum, balaca...
Sənin boyda olanları görmək üçün
Qoy baxışlar öz içinə tökülsün.
Baxma nəhəng rəsmlərə,
Qarışqanı fil göstərən
Div dediyin kölgələrə.
Kölgələrin kölgəsi olmur, balaca,
Gözlərini yum, yum gözlərini...
İTİRDİM
Elə tapdığım yerdə itirdim səni...
Elə bu dəqiqə, elə bu saat.
Elə bu ürəyin cığırlarında,
Elə bu ürəyin köhnə, çat verən,
Üstünə sən çökmüş divarlarında...
Elə tapdığım yerdə itirdim səni.
Büküb əllərini, susur, nə desin?
Çağırıb nə desin, kimə desin ki?!
Çırpır öz dizinə yumruqlarını,
Baxsan elə gözəl gülümsəyir ki...
Elə tapdığım yerdə itirdim səni.
İtirdim... ağırdı...
Bilməzsən necə ağırdı,
Daş kimi sandığın bu qəlb sinəmdə,
Əslində, hər dəfə dolub buludtək,
Səssizcə, sakitcə yağış yağırdı.
Yağış yağırdı...
Elə tapdığım yerdə itirdim səni,
İtirdim səni...
CIZMAQARA
(M.Müşfiqə)
Qələmini əyən əydi,
Sözlər dönüb sənə dəydi.
Sağın, solun bir tələydi,
Keçdin elə, düşdün tora.
Cavan ömrünə qıydılar,
Şair gözünü oydular.
Kitabını kor qoydular,
Şeirini üzüqara.
Bu nə qismət, bu nə bəxtdi,
Bu nə tale, bu nə dərddi.
Beləcə pozulub getdi
Alnındakı cızma-qara.
ÇƏTİN Kİ
Bir də bu yerlərdən keçməyəcəyəm,
Burda xatirələr boyumacandı.
İçib gözlərimdən ümidlərimi,
Yeyib ürəyimi doyanacandı.
Daha bu yolları tikan, kol basıb,
Keçən günlərimsə ayaqyalındı.
Sənli arzularım quru xəzəltək,
Sənli xəyalların tozu qalındı.
Çətin ki isinə canı bu yerin,
Nə qədər geyinsə çiçəyi, otu.
Bəlkə, kimlərinsə ilk görüş yeri
Bizim sevgimizin olar tabutu.
NİYƏ AĞLAYIRSAN
Qaranlıq evlərdən işıq dilənib,
Qara çadırında şəhər gizlənib.
Yenə öz dərdinə səssiz bələnib,
Niyə ağlayırsan, söylə, ay gecə?
Küçələr yorulub, beli bükülür,
Yarpağın, budağın təri tökülür.
Bəlkə də, qaranlıq özü sökülür,
Niyə ağlayırsan, söylə, ay gecə?
Hər küncdən, bucaqdan gizli keçmisən,
Əyninə zamanı belə biçmisən.
Əzəldən donunu qara seçmisən,
Niyə ağlayırsan, söylə, ay gecə?
UZAQLARA
Salam, dostum, necəsən?
Oralar necədi?..
Orda hava necədi?..
Külək göyün işinə
Yenə çox qarışırmı?
Günəş buludlar ilə
Küsəndə barışırmı?
Yağış olduğun evin
Gözünə yaraşırmı?
Danış görüm axşamlar,
Oyadıb keçənləri,
İçib xatirələrdən,
Nərd oynayır yuxular?
Heç döyürmü qapını
Uşaqlıqda sevdiyin,
Anamın mətbəxindən
Şirin, dadlı qoxular?..
Günlər eyvana çıxıb
Günlərə boylanırmı?
Səs gəlirmi uzaqdan
Qulağına toxunub
Axtaranda o səsi,
Ürəyində arzular
Mənimtək darıxırmı?
Tez-tez köhnə ad çəkib,
Dilin heç karıxırmı?
Orda səhər necədi?
Orda şəhər necədi?
Deyirlər, eşqə düşmüsən,
O düşdüyün yer necədi?..
YOL
Görən, hansı dərzi yolumu biçib?
Ya yol təsadüfdü, ya mən naşıyam.
Bəlkə də, bu yolda sonuncu adam,
Bəlkə də, bu yolun məzar daşıyam.
Baxır arzularım pəncərəsindən,
Öz yolum dolaşır öz ayağıma.
Bilmirəm o yandan necə görünür,
Qismətim əl çalır yıxılmağıma.
Bəlkə, mən deyiləm bu gedən də heç,
Axsayan yolumdu, yolum sürünür.
Gah dönüb torpağa, gah dönüb daşa,
Gah düşüb arxamca mənə bürünür.
Haradan düşüb ki bəxtimə bu yol?
Bəlkə, ciblərimdən sürüşüb elə.
Üzünü-gözünü tapdalamışam,
İndi də üzümə qayıdır belə.