Qürub vaxtının şeiri
Nə qədər özünü tox tutursan, tut,
Fərqi yoxdur, gözlədiyin sabah açılmayınca
Kirpiklərində gəzdirdiyin zülmət əzər səni.
Yorğun olarsan, üzgün olarsan,
sinəndən qopan ağrılar kürəyindən çıxar,
üstündən tank keçmiş kimi hiss edərsən özünü.
Tank əleyhinə mina deyil əsəbin,
yumruğunla dizin arasındakı məsafə
o qədər uzaq ki...
o qədər uzaq ki...
Daha doğrusu, dizindən bir az aşağı,
arada illər, məsafələr, dünyalar.
Qaçmağı tərgitmiş ayağın bütün bədənindən
qat-qat xoşbəxtdir, – desəm, – inan...
çünki o hələ də vətən dediyi torpaqlardadır
üstü, ya altı...
torpaq torpaqdır sənin ola bildiyi qədər,
sən ola bildiyi qədər,
sən ola bildiyin qədər.
Əlindəki çəliyin ağrısını duymaq üçün
mərmilərin gülüşünə ehtiyac olmasa belə,
ürəyin partlamalıdır üzü qüruba,
qəlpə-qəlpə səpələnməyə səbrinin üfüqlərinə.
Qan damlalarını görmək olmur
dənizə çilənmiş süni işıqların parıltısında,
havası çatmır küləklərin nəfəs dərməyə.
25 ildir qaytanı açılmayan hərbi çəkmənin
heykəlinə baş əymək mümkün deyilsə,
deyilsə,
deyilsə...
Orda, – illərdən, məsafələrdən, dünyalardan
bir az yaxın, amma əl çatmayan uzaqlıq...
Təkayaqlı bir kölgə
uzanmış üzü gündoğana axşam çağı.
Çəliyin gözü yol çəkir lap uzaqlara,
əl-ayaq çəkilən yerdə əldə ayaq olmaq asanmı?
Nə qədər tox tutursan, tut özünü, – fərqi yoxdur,
uzaqlar daha da uzaqlaşdıqca unudulursan!
UÇUL
Bir gün soyunarsan ruhdan cismini,
Bilməyə, – nə qalır səndən yerində.
Tanrı libasına bürünsə adın,
Kölgən görünürmü bəndə yerində?
Tutqun üfüqlərə durna səsi çək,
Göydə qərubsəyir hərəsi bir cür.
Şəkil çəkdirməyi sevmirsən, neynək,
Bir parça buluda rəsmini köçür.
Ucalıq arzusu baxmaz heç nəyə,
Hamı bacarmır ki, lələk salmağı.
Qoyma ümidini ruhdan düşməyə,
Gərək öyrənəsən göydə qalmağı.
Tapsan göy üzündə ulduz boyda qəsr,
İçində qalmağa həyat varmı, bax...
Çiynindən alınıb düz yarım əsr,
Qolunda zəng çalan saat varmı, bax!
Yox, daha gecələr yandırmıram şam,
Bəla təzə gəlsin, qada tər gəlsin.
Lələk yandırmağa kibrit tapmıram,
Ordan bir alovluq od göndər, gəlsin.
Külək bacasına çırpılır damın,
Hayıf, unutmusan günün ismini.
Ürəyi darıxır yerdə adamın,
Bir gün soyunarsan ruhdan cismini.
DÖNƏLGƏ
Sən də axır yerə gəldin, deyilmi...
Əvvəl səsin,
sonra dizin,
...və üzün...
Bu döndüyün sonuncu tin deyilmi,
Çox gecə var, azıb qalar gündüzün.
Adam üçün işıq olub sönməyə,
Sına gərək zülmətin sütun tağı.
Bundan sonra cin qarışmaz heç nəyə
Qara gəldi Ələddinin çırağı.
Tövşüdükcə buz nəfəsdən çıxır can,
Nə dərdinə qəlbini qəm sıxanın?
Nərdivanın ayağına başından
Enmək də var qismətində çıxanın.
Gün olur ki, qatıqla da sınır diş,
Ay olur ki, gündoğanda batır şər.
Eh, nə qədər göylə gedən var imiş,
Yerə düşüb bulud-bulud hönkürər.
Son bəllidir, ürəyini çox sıxma,
Gələn gəldi, gedən getdi əliboş.
Qalanlar da bir gün gələr, darıxma,
Sən də axır yerə gəldin, xoş-naxoş...
XOF
Nəfəsini ciyərinə çəkib binamız,
Darıxmaqdan oxumalı havalar hanı?
Böyümüşdü həyətdəki dəcəl uşaqlar,
O səs-küylü, partapartlı "dava"lar hanı?
Görünmürdü günbəz kimi təsəkli qoca,
Şaqqaşaqla çevrilmirdi təsbeh dənəsi.
Cığallığı tutmurdu ta "qoşa altı"nın,
Tərk etmişdi məhləmizi domino səsi.
Sərxoş bərbər çətin kəssin qarşımı bir də,
Giley etsin: – salam verdim, çönüb almadın...
Unutmuşdu məst etməyi yasəmən ətri,
tovuz kimi bəzənmirdi...
bir şən, dul qadın.
Harda qaldı əsrimizin cayıl Məcnunu,
Şit mahnılar kolonkanın gözünü qırdı.
Gecəyarı yuxulara haram qatan gic,
O "07" indi harda asfalt cızırdı?
Adam hanı çağırmağa: – gəl pivələyək?!
Daha kimsə tapılmazdı "dü-şeş" atmağa.
Bir zamanlar çay içməyə vaxt tapmayanlar,
Ya Rəbb, haçan vaxt tapmışdı saç ağartmağa?
Bir də gördün, kimsə gəzir hərbi geyimdə,
Torpaq rəngli komuflyaj sinəsinə dar.
Hərdən tütün qoxuyurdu blokun ağzı
Aradabir yığışanda caydaq cavanlar.
Daş sükutu hakim idi çəkic səsinə,
Daşınmırdı kisə-kisə nə sement, nə qum.
Neçə ildir köçüb gedib...
Hövsanaydımı,
Harda görsə, üz-gözümdən öpən eloğlum.
Qayğılıydı, təkliyinə dalmışdı çinar,
Qoca küknar yıxılanda, dedik, nər getdi.
Son zamanlar çox gəlirdi təcili yardım
Bir də geri dönməyəcək kişilər getdi.
Səhərəcən, bəlkə, yüz yol keçdim mətbəxə,
Heç bilmirəm, necə dözdüm mən susuzluğa.
Alt qonşunun ürəyiydi tutan qəfildən,
Daha mən də tutulmuşdum yuxusuzluğa.
QARABASMA
Gecdi, uğuruna çıxmaz pişiklər,
Ağdımı, qaramı rəngi, – nə fərqi...
Dərsəmi çalırlar, tənəffüsəmi,
Yoxsa əcələmi zəngi, – nə fərqi...
Ovcunda cızılmış yol xəritəsi,
Bəxtin gətirməyən yöndə gedəsən.
Canın ki sağ deyil, fikirləşmə ta,
Arxada qalasan, öndə gedəsən.
Əl boyda ağ bulud ruhundu, bəlkə,
Yerdə gördüyünü göy üzü bilsin.
Eşitsən, özünün gülməyin tutar,
Kim necə ağlayır, qoy özü bilsin.
Nədi apardığın?..
kəs qısa, – heç nə,
Bəsdi, göz yaşına az qatın səsi.
Adamın zamanı yatdısa, heç nə,
Heç kimi oyatmaz saatın səsi.
... Gecəyə səpilib ayın işığı,
Pəncərə önündə bir kölgə durdu.
Səndən bu dünyada qalan, unutma,
Bir damla yağışdı, bir zərrə nurdu.