DƏYİŞİLMƏ
Məni tanıdığın zamanların köhnəldi
paltarları,
Onu daha geymir indinin adamları.
Mavi yuxuların tikdiyi qırçınlı romantizm də
Yoxdu daha.
Sərt gerçəklik dəbdədir,
Bir də amansızlıq.
Qaba dikdabanlar əzir yoldan ötənləri,
Qayıtma,
Tapmayacaqsan ötənləri;
Nə baxışları ilə öldürən Orfeyi,
Nə də ilğımları.
Bir zamanlar bu dağılmış dünyada
Ən harmonik cütlük ola bilərdik,
Nə biləydik...
CADU
Payızın bir neçə günü də qalıb
Qarşıda,
Onları qarşıla.
İstifadə elə,
Qəlbinə hopdur
Məsamələrtək,
Özü də tək-tək.
Günəşin xəsis şüaları
Indi çox bahadır,
Onları qanına yerit
Aramla,
Damla-damla.
Gözlərini geniş pəncərətək aç,
Qoy yarpaqlar dolansınlar başına
Pərvanətək.
Yağış da yersiz və soyuqdur,
Qəbul elə onu elçilərtək.
Axı çürüyən canda da həyat zərrəsi var.
Görürsən?
Eşidirsən?
Bu da var...
Bir də...
Bir də... yalvarıram sənə, Lukresiya,
Kədərlənmə daha...
RİTM
Qanının ritmini duy,
qəlbinə yüklə,
ən yeni odur dünyada.
Fortepianonu, küləyi və sevgini
onun üstündə köklə.
İmkan ver,
qoy bu simfoniya zamanın canına girsin.
Çox dartınıb eləsə,
yüyən keçir başına,
sakitləşdir,
qızmış ayğır kimi...
YOZUM
O zamanlar poeziya məni
Möcüzəli, ilğımlı dünyaya aparan cığır idi.
Orda ki Ay öz xiffətini bölüşürdü,
Arzular və buludlar dumanında ötüşürdü.
O yerdə ki, bir udum təmiz hava da yoxuydu
Sadist və çirkin şəhərdən başqa.
O da çox pis qoxuyurdu...
DUA
İnsan adına,
valideynlər kimi
köklü-köməcli ağac adına,
budaq uşaqlar adına
bizə yazığın gəlsin, Tanrım!
Ona uzun ömür ver,
qoy bütün gücüylə çalışsın
indinin tarlasında.
Ağac körpütək olsun
indiylə sabah arasında.
İRS
Mənim atam
soyuqdan və
qardan qorxaraq
mənimçün çoxlu isti topladı.
Öz acı həyatından öyrənmişdi
bunları,
bir yerə topladı onları.
İşıqdan dirəklər yığdı
evin özülündən göyə kimi.
İndi keçmişə dönərək,
mən də
atamın kapitalını
əmanət kitabçası kimi
uşaqlarımın qanına
investisiya qoyuram...