DÜNƏN VƏ BU GÜN
Dükan dönüb "Şop" olub.
Doğru çönüb gop olub.
Guya köhnə dərdlərə,
Təzə əlac tapılıb.
Bakı o Bakı deyil.
Millət o vaxtkı deyil.
Pulnan aşır hər əməl,
İndi hörmət kov deyil.
Mərifəti azaltdıq,
Boş söhbəti uzatdıq.
Bar-bar bağırma, bəsdir,
Məgər, buymuş azadlıq?
Dön bir xəritənə bax!
Harda var belə torpaq?
Bu zənginlik içində
Neçin dilənçi olaq?!
Evləri qüllə-qüllə...
Bəzənib güllə-güllə...
Allaha çatmaq üçün
Qalxırlar pillə-pillə.
Daxma evlərə dön bax!
Nə çəkir oğul-uşaq.
Əvvəl, dərdi dindirək,
Sonra kefdən danışaq!
ÖZBAŞINA
Dar ayaqda - xalq yaşadır
Şairini, aşığını.
İndi, xalqa canı yanan
Şair hanı, aşıq hanı?
Hər kəs güdür özünü.
Hər kəs tutur öz başını.
İndi hər şey özəlləşib,
Dünya qalıb özbaşına.
FIRFIRA
Yenə aldanırıq kafirə, qardaş!
Rus dili qayıdır efirə, qardaş!
Fırlanma hər yeni əsən küləyə,
Çevrilib olarsan fırfıra, qardaş.
NƏZİRƏ
Sol əlimdə
bir cam tutdum,
içi ləbələb şəkər.
Sol əlimdən
sağ əlimə alınca,
şəkər dönüb oldu zəhər.
AY ADAMLAR
Ay adamlar!
Sizə təzə xəbərim var,
Təzə kitabım çıxıb.
Bu təzə kitabıma
Hərə bir cürə baxıb.
Biri alıb əlindən
Yerə salıbdı qəsdən.
Biri görüb "ah" - çəkib,
Biri oxuyub pəsdən.
Birini ilan çalıb,
Biri məəttəl qalıb.
Birinin də əlini
Kitab yandırıb-yaxıb.
Biri əl də vurmayıb
Elə uzaqdan baxıb:
Yaxşı deyib atalar
"Yetim əlində Qoğal əcaib!"
Ayıb, pislərə ayıb!
Bu xəbislərə ayıb!
Paxılların üzünə
Heç durub
Baxmalı deyil.
Yaxşı ki, qoca dünya,
Yaxşılardan xali deyil.
Yaxşı adam tapılıb,
Bu kitab da çap olub.
Gözü götürməyənin
Gözü çönüb çəp olub.
BARIŞDIRMA BİZİ, QARDAŞ
A milli-lilli qəzetlər!
A telli-yelli kanallar!
Ay hər gün ona-buna söz atıb,
"Qananlar qansın,
Qanmayanlar qanmasın" deyən,
Ay yenə bizi barışdırmaq istəyən
A özbaşına buraxılan vüyən!
Kimdir, axı sənin yiyən?
Niyə barışaq, axı niyə?
Barışdırma, bizi, qardaş, barışdırma!
Barışdırıb, yenə ara qarışdırma!
Çox olub.
Çox-çox olub bu cür vədlər,
Çox açılıb-bağlamb sərhədlər,
Yoxsa, istəyirsən ki,
Yenə də yana kəndlər.
Sərhədlərin ola viran, yerlə yeksan,
Vətən yoxsa, sən də yoxsan.
Yetər qardaşım, yetər!
Bu dərd ölümdən betər!
Erməni - "ər məni" deməkdir
"Ər məni", yəni ər deyil, kişi deyil.
Bir daha barışmaq da
Hər kişinin işi deyil.
Ya beləcə sus-pus qalıb,
Tale ilə barışaq,
Ya da torpağa düşüb,
Ana yurda qanşaq.
Hər gün bizi gözləyir,
Gözü yolda Qarabağ.
Sən əhdə bax, ilqara bax!
Bizim bu arzumuza
Qarşı durma, qardaş, qarşı durma,
Barışdırma, bizi qardaş, barışdır.
ULAMAQ
Küləyin ulamasını eşitmisənmi?
İllah da ki, qasırğa ola!
Külək qurd kimi ulayır, bala!
Qorxma, bayırda
küçələri dolanan,
divarlara çırpılan küləkdir.
Hirsindən özünü
hara gəldi atır.
Canı ağrıyır axı.
Odur ki, ulayır
qurd kimi.
Bəs onda
qurd niyə ulayır
külək kimi?
Tək qalanda,
darıxanda, ac olanda, ulayır o da!
Ən sürəkli ulayan - yalquzaq.
Qoy olsun bizdən uzaq.
Ulamaqları oxşasa da
külək küləkdi, qurd qurddu.
Nə qədər ki,
soyuqdan, ya nədənsə
titrəyib əsmək var.
Nə qədər ki,
tək qaiıb, yalqız gəzmək
Ulamaq da var.
Qardaş, bil!
Kefdən deyil.
Dərddəndir,
Yer üzündəki
Bütün ulamaqlar.
ƏSGƏR SƏNGƏRDƏN ÇIXB
TORPAQ
(İkirıci şeir)
Torpaq - torpaq deyil, Top-Topraq imiş,
Top kimi, bənzəyir Günəşə, Aya.
Sağ yanında oğul, sol yanında qız,
Qucağında nəvə-möhtəşəm qaya!
Torpaq dəmir deyil, deyil polad da.
Anadır, di gəl ki, mülayım deyil.
Millətin anası - qadir, kövrək, mərd!
O fağır, o müti Gülayım deyil.
Torpaq gen-genişlik, ucsuz-bucaqsız,
O köklü-köməcli, qollu-budaqlı!
Üstündə parıldar çaylar, dənizlər.
O dərin dərəli, o uca dağlı!
Torpaq - zəngin meşə, barlı ağaclar.
Sünbüllü zəmilər, bağça-bağ deyil.
Gör, necə oxşayır qoğala - torpaq.
Çörəyi yoxdursa o Torpaq deyil.
Torpaq - təkcə neft-qaz, qızıl deyil ki,
O duracaq yeri, canlı həyatdır.
O səni yaşadan kənddir, şəhərdir,
Ümid yollarında sənə qanaddır.
Torpaq parça-parça, yarpaq-yarpaqdır,
Amma ki, bütövdür yer-yer olsa da
Yaxında. uzaqda xeyli torpaq var,
Qürbət də torpaqdır, qürbət dadmasa!
Başı bəlalıdır, torpaq - Ananın,
Ananı çətinə düşəndə sına.
Qonşular dinc durmur, Qarabağ hanı?
Həmişə oğluna möhtacdı - Ana.
Bir çimdik torpağı -Vətəndir o da!
Doğmadır torpaqda cücərib bitən.
Bu yer kürəsində azad, müstəqil,
Ən ülvi məkanım, əzizim Vətən!
Göz açıb gələndən səcdə qılmaq,
Sadiqik Vətənə — ulu məbədə.
Övladı torpağa əsirgəməz can.
Bayrağı göylərdən enməz, nəbadə!
KƏSƏ SÖZLƏR
VƏTƏNİ TANIMADIM
Bu şahanə dağları,
bu al-əlvan çölləri,
bu füsunkar diyan,
qarış-qarış gəzdim,
doymadım.
Sonra bir də dolandım.
xudbin adamlarına,
nadan adamlarına,
paxıl adamlarına
rast gəldim,
addım-addım.
Vətəni tanımadım.
BİLİK İSTƏ
Gör necə dəyişib, aləm.
Gözdən düşüb,
dəftər-qələm.
Kitab durub göz qabağında.
Ta oxunmur diz üstdə,
Ta qoyulmur miz üstdə.
Di, gəl indi -
o adamdan bilik istə!
DUA
Yerdən göyə şifahi məktub.
Bəndə üzünü Allaha tutub,
Pıçıldayır duasını,
Açıb söyləyir, birər-birər,
Sirr olan iltimasını
Xəbəri yoxdur ki, yolda
Hər addımda maneə var.
Adamlar, adamlar.
Qonşunun gözü,
paxılın sözü,
mollanın özü.
Üstəlik, dağ-daş,
qar-yağış, külək.
Bunlar yolu kəsməsə,
Poçt insafla işləsə.
Onun üzü güləcək.
LÜĞƏT
Malik —
burda malik,
kor obanın məliyi.
Malik - burda malik,
cəhənnəmin mələyi.
KEŞGƏ
Hər gün - səhər, axşam
Elə hey eşidirəm.
Filankəsə göz dəyib.
Keşkə eşidəydim ki,
Filan yerdə,
Filankəsə söz dəyib.
OLDULAR
Şair olmayanlar da şair oldular
Şair olanlar və sair oldular.
YAXŞILIQ
Məsəldir bu - baş ucaldar yaxşılıq,
İslanmışa yağışda al, yağışlıq.
Yıxılanı yerdən qaldır, desinlər;
Yaxşı qılıq var bunda - bir naxışlıq.
AVTOQRAF
Bu - bir ibrət kitabıdır,
Bir nəsihət kitabıdır.
Vərəqlə, səbirlə, oxu!
Görərsən ki, nə aləmdir.
Ətəyindən tutduğumuz
dünya ikiüzlüdür.
Bir üzü sevincdir - tamam.
Bir üzü də eyzən - qəmdir.
QAŞIQLAR
Daş qaşıq.
Mis qaşıq.
Bürünc qaşıq.
Taxta qaşıq.
Çubuq qaşıq.
Gümüş qaşıq.
Qızıl qaşıq.
Axırda da gəlib çıxdı
Alümin qaşıq
Plasmas qaşıq.