VAR İDİ
Bu qocalan ümidlərim
Vaxtsız-vədəsiz qarıdı.
Ümidsiz, ümidli yerim
Güldü, həsrətim yarıdı!
Gözümdə hər gün ucalan
Ucaldıqca da qocalan...
Sevgim – zamanla puç olan
Bardı, həm də ki barıdı.
Ruhum bükülən ərəndi,
O, mənim bəndim – bərəmdi.
Günlərim pərən-pərəndi,
Sankı dağılmış darıdı.
Hay da vermir məscid, kilsə,
Gələn deyil daha kimsə,
Sən deməsən də, kim isə
Deyər, Əbülfət varıdı.
YAŞ
Başımın üstə bulud-dam,
Kövrəlib dolmuş buludam
Bilmirəm, necə qurudam
İçimə süzülən yaşı?..
Aylardan, illərdən qopur,
Beli bükük, üzü çopur,
Canıma bir təklik hopur,
Seçmədən qurunu, yaşı.
Sözün tağına baxıram
Gözün ağına baxıram,
Özüm yaxına baxıram
Kökləyib uzağa yaşı.
BİR QADINA
Seçdiyim yolu geyindim
Ümid adına, adına...
Dərdlərimdən gileyləndim
Mən bir qadına, qadına...
Deyindim, başı ağrıdı,
Gördü ki, daşı ağırdı.
Gözünün yaşı axırdı
Yetməz dadına, dadına...
Deyindim, huşu da getdi,
Baharı, qışı da getdi,
Bir sevgi boşuna getdi,
Düşməz yadına, yadına!..
BU AXŞAM
Hələ də bilən yoxdur
dərdimin adı nədir?
Hamı da mənim kimi,
bu dərdə abunədi...
Yuxum perik, günüm ah,
alın yazımdı günah…
Boşdu məndə dörd cinah,
Səndə Çin səddi nədi?
Qəm bitib, çıxıb dizə,
xəfəsi dəyir bizə.
Ruhum gələcək sizə
bu axşam adınadı!..
YUXUMU
Yığmışam mən ovcuma,
Gəzdirirəm yuxumu.
Kirpiklərimlə sıxıb
əzdirirəm yuxumu.
Fikirləri qovmaqla
Sovurmaqla, sovmaqla...
Gözlərimi ovmaqla
Sezdirirəm yuxumu.
Ulduz qovub, dan açdım,
Öz bəxtimlə dalaşdım.
O, didərgin, mən qaçqın,
Bezdirirəm yuxumu...
GƏLDİM
Mən elə darıxmışdım ki,
Yüyürdüm, yürüdüm, gəldim.
Yorulmuş ürəyimi,
Arxamca sürüdüm, gəldim...
Düşdüyüm bu çəhlim-vərdi,
Yar əlin üstümə sərdi...
Ömrümə ələnən dərdi-
Bir yerə kürüdüm, gəldim...
Ağrı çəksə də dərinə,
Keçmədim fələk girinə.
Üz qoyduğum and yerimə
Hələ ki yeridim, gəldim.
Üz tutub deyim, sev, – kimə?
Qalacaq bu boş ev kimə?!
İlahi, sənə sevgimə
Ruhumu bürüdüm gəldim.
TUTUR
Qəribədi, qəmin də
Gözlərini yaş tutur.
Qəm də sanki ovucda
Vurmaq üçün daş tutur...
Ürəyin görükəni
Qoru sən bu görkəmi,
Gözə düşən kölgəni
Bəzən kirpik, qaş tutur.
Hər kəs əcəl ovudu,
Bu şair söz-sovudu,
Kimi ürək ovudur,
Kimi isə baş tutur.
VAXTINDA
Mənə bu gecənin duasın elə,
Qaçıb görüşünə yetim vaxtında.
Bağışla olanı bir bəyaz telə
Mənim ürəyimin yetim vaxtında...
Qatıb bir-birinə ağla qaranı,
Qopar qaysağını, bağla yaranı
Özün bildiyintək saxla aranı,
Mən sənə sözümü dedim vaxtında.
Hər gün arandıqca ruhumun soyu
Göynədir sinəmi ah-ufu, oyu.
Məsafə saxlayaq bir kirpik boyu,
Dizində ibadət edim vaxtında!
Söykəyib canımı, vallah, qəm tinə,
Baxıb bu halıma, sən heç təntimə.
Çevirib üzümü Allah səmtinə
Sevgimə mən qurban gedim vaxtında.