FIŞTIRIQ ÇALMAYAN OĞLANLAR
Nəsr
Nərgiz nənəm evə gələndə çox qayğılı idi. Dilindən bircə kəlmə eşidə bildik: “Balam, bu cavanlar niyə fıştırıq çalmırlar? Bunların axırı çox çətin olacaq!” Vəssalam. Daha qorxumuzdan nə bir söz soruşduq, nə də özü bu mövzuya toxundu. Yedi, içdi, qollarını yelləyə-yelləyə, addımlarını gen ata-ata öz “kabineti”nə yatmağa keçdi.
Nərgiz nənə bizə qonaq gəlib. Bizə deyəndəki, yəni şəhərə. Özü kənddə yaşayır. Əsli Bakıdan olsa da, kəndli balası ilə evlənib. Allahqulu babamla evlənib, köçüb ora. Babam da rəhmətə gedəndən sonra sonuncu oğlu ilə qalır kənddə. Hər il soyuqlar düşəndə gəlir şəhərə, altı oğlu burdadır axı! Əslində, heç evdə də tapılmır. Gündüzlər şəhəri gəzir, gənclik illərini yada salır, nəslindən sağ qalanları yoxlayır, sənəd-sünəd dalınca idarələri dolaşır. Axşama yaxın da zəng eləyib bir oğluna xəbər verir ki, “sizə gəlirəm”. Bu gün də bizim bəxtimizə düşüb.
Əstəğfürullah! Yadıma düşəndə fikrə gedirəm. Necə yəni, cavanlar niyə fıştırıq çalmır? Fıştırığa aid nə bilirəmsə, çevirib tökdüm ortalığa, heç nə anlamadım. Yaxşı ovqat arzulayanda “fıştırığın gəlsin!” deyirlər. Hətta “fıştırığın qoyuna da ziyanı yoxdur” deyilir. Nə isə, bunlar heç. Baxıb gördüm ki, fikir məni rahat buraxmır, qapını döyüb girdim yanına. Arvad qayğılı görkəmdə oturmuşdu. Şanlı keçmişi olan qoca nənəyə yazığım gəldi, 75 yaşı var, amma heç kim bu yaşı verməz ona.
Ucaboy, ətli-canlı, yeriyəndə sanki yer titrəyir. Bir az kişiyə də bənzəyir. O vaxt babam kənddən gəlib Bakıda sənət məktəbində dəmirçilik öyrənirmiş. Nə olub, necə olub, dağda-daşda böyümüş bu pələng balasına oxşayan Allahqulu könlünü kirayə qaldığı evin qızı Nərgizə verib. Nənəm də o vaxt baytarlığı oxuyurmuş. Hər ikisi məktəbi bitirəndən sonra yüngülvari məclis qurub toy ediblər, bir-birinə qoşulub gediblər kəndə.
...Yenə nənəmin yüz dəfə danışdığı xatirələr alıb apardı məni. O da heç nə demədən əlimdən tutub saçımı sığallayırdı. İndiki gənclik barədə qəribə mühakimələri vardı. Amma bu gün nə narahat etmişdisə, fiştırıq çalmağın mətləbə nə dəxli olub-olmadığını yazıq sifətindən anlaya bilmirdim. Neyləməli, gənclər küçədə fit çala-çala yeriməlidir, ya mayallaq aşmalıdır? Hələ heç nə demirdi. Fikri uzaqlarda idi. Gah işlədiyi vəzifələri, gah da sevdiyi mərhum ərini xatırlayırdı. Indi hər şey onun üçün keçmişdə qalmışdı. Pahhh! Bunun elə parlaq keçmişi olub ki...
Kəndə gəlin köçəndə hər dərdə çarə eləyən həkim kimi tanıyıblar. Sanki adi baytar yox, məşhur terapevt təşrif buyurub. Təsəvvür edin ki, elə vəziyyətdə nenəm nə qədər hörmət qazanıbmış. Pul-para, pay-püş, maaş da öz yerində. Tezliklə vəzifə pillələrində yüksəlib, özünün deməyinə görə, kolxozlar komissiyasının sədri imiş. Deyirdi, kolxoz sədrləri tir-tir əsirdi qabağımda. Zibillərini üzə çıxarandan sonra daha dərinə getmirdim. Hə, lap pul da verirdilər, sonra? Onsuz o vəzifədə qalmaq olardı o dövrdə?
Firavan həyat, var-dövlət, hörmət izzət, Allahqulu kimi əri olan nənəm gözəllikdə tamaşa imiş. Allahqulu da Koroğlu kimi bığlarını qulağının dibinə qədər uzadarmış. Nənəm danışır ki, toylarda bizim havanı çalanda kişi çıxardı ortaya. Ayaqlarını yerə çırpanda mağar titrəyər, qartal baxışlarını kimə zilləyərmişsə, canına vəlvələ düşərmiş. Dizini yerə vurub nənəmi çağırarmış ortaya. Sonra ətrafında quzğun kimi fırlanarmış. Çəkic döyməkdən daşa dönmüş əzələli bədəni ilan kimi qıvrılırmış. Sanki “Bu, mənimdir! Ona kəm baxanın gözünü ovaram!” deyirmiş. Mənə kim əyri baxa bilərdi ki? Allahqulunun bığının bir tükü mənim üçün on kişiyə dəyərdi. Eh!..”
Ərinimi düşünürdü? Bəlkə də! Deyəsən, mətləbdən çox uzaqlaşdım. Sonra bitdə-bitdə deyəcəyəm onsuz da. İclasda partiyanın siyasətini ifşa etməyini, həbs olunmağını, Qaqarinlə görüşməyini... İndi isə qayıdaq “fıştırıq” məsələsinə. Hə... nənəm birdən dilləndi ki, “bala, bilirəm, bayaqkı sözə görə gəlmisən. Qoy deyim, yoxsa bilməsən, sakit duran deyilsən. Siz yazıçılar beləsiz də. Bir az da mənə oxşadığın üçün çox istəyirəm səni.
“…Ehhh, indiki gənclərin axırını yaxşı görmürəm. Elə bil dərd-qəm içindədirlər. Başım çıxmır ki, telefonda nəyə qulaq asırlar. Heç sifətlərinə təbəssüm də qonmur. Sevinmirlər, ay bala! Mən də buralıyam da. Cavanlar xəlvətə düşəndə fitlə mahnılar çalardılar!”. Nənəmin kəndli ləhcəsi ilə dediyi sözləri indi yazıçı dilində söyləyəcəm. Sözün ün mahiyyəti belə oldu ki, gənclərin fitlə mahnı çalması qəlblərinin fərəhi, yaşamaq eşqi, arzu-diləklərinin ifadəsi idi. Dağda, meşədə cavanların zəngulələrini eşidəndə hamıya güc-təpər gələrdi.
“Əşi, fıştırıq çalmaq nədir ki? Bilirəm e, ayıbdır. Böyük-kiçiyin yanında olmaz. Amma ürəkdə bir şadlıq varsa, əlaməti çölə vurmalıdır. Cavanlar belə “qəbahət” üstündə yaxalananda yanaqları necə də qızarardı, necə xoş görünərdi. Nə olub bəyəm, fit çalır da! Telefondakı səviyyəsiz ismarıcları xəlvətcə ona-buna göndərmək yaxşıdır, fitlə musiqi çalmaq pis? Nənəm necə də hirslənmişdi. Hələ ardına qulaq asın: “Bulvarı bu başdan o başa qədər yeridim, nə bir mahnı zümzümə eləyən, nə də fitlə musiqi çalan eşitdim. Məni düzgün anlayın. Deməyin ki, qoca arvaddır, danışığına bax. Ürək fərəhlə dolmursa, gələcəyə ümidlə baxa bilmirsə, yerə-göyə sığmayan kimi görünmürsə, daha nə gənclik oldu?”
Nənəmin gözləri yaşarmışdı. Gah mənə baxır, gahda gözləri bir nöqtəyə zillənirdi. Danışığının sonun isə belə gətirdi: “Cavanlar niyə fıştırıq çalmır” sözümə gülmə, sözlərim quyu kimi dərindir. Qəmginsiz, fikirlisiz... Elə bil qayğı yükü basıb siz gəncləri, çiyinləriniz düşüb qocalar kimi. Nə olacaq bunların axırı? Düşünürəm, səbəbini tapa bilmirəm... Bəlkə də, bunların belə vəziyyətə düşməyinə biz nəsil günahkarıq?! Bilmirəm!”