DARIXIRAM
Qayıt gəl, ömrüm-günüm,
səninçün darıxıram.
Qayıt gəl ocağına,
başını qoyub sığın
üşüyən qucağıma.
İntizarın üzəcək
narahat ürəyimi,
duydunmu, eşitdinmi
sənsizlik diləyimi?
Bu dərdi aramızda
sendən başqa kim bölər?
Mənim ürək qapımı
əzizləyib kim döyər?
Qayıt gəl, ömrüm-günüm,
qayıt gəl ocağına.
başını qoyub sığın
üşüyən qucağıma.
SƏNİ GƏTİRƏN YOL
Səni gətirən yol yaman uzandı...
Döngəmi çoxaldı, yolmu daraldı?
Səni gözləməyə səbirim çatar,
yollara baxmaqdan gözüm saraldı.
Yol çəkən gözlərim ölçür yolları,
Sənin addım səsin gəlir gümanda.
Yolunu gözləmək yaman çətinmiş
səsini içinə çəkən zamanda.
Mənə gələn yollar tanısa səni,
yüyürüb qolları üstünə alar.
Bir sipər bağlayıb yol kənarına,
baxan baxışları gözlərdən salar.
Yollar etibarlı adam kimidi,
qorxusuz, ürküsüz çatdırar səni.
O yolun sonunda dayanan kəsin
qoşa qollarına atdırar səni.
ZƏNG ETMƏK İSTƏYİRƏM
zəng etmək istəyirəm sənə
gecə saat ikidi.
kim götürəcək ev telefonunu?
bilmirəm.
sən götürsən,
soruşacaqlar kimliyimi.
deyə biləcəksənmi?
mən
başqa səs eşitsəm,
yavaşca asacam dəstəyi.
duyub çevriləcəksən
narahat yatağında,
telefon da
məəttəl qalıb büzəcək dodağını
axı mən niyə hər şeyi
telefona deməliyəm?..
BU QIZ ÜRƏYIMDƏN BAXIRMIŞ MƏNƏ
bu qız haralardan baxırmış mənə:
buluddan, payızdan, yazdan baxırmış,
qonşudan baxırmış... bir tin o yandan,
açıq pəncərədən, pərdə dalından,
günəşdən baxırmış, göydən baxırmış,
gecələr yatmayıb Aydan baxırmış...
haradan baxırsa, baxışı eyni,
sözü, hər söhbəti, naxışı eyni,
mənə hər yönəlik çağrışı eyni...
bu qız ürəyindən baxırmış mənə,
bu qız ürəyimdən baxırmış mənə...
SÜKUTUN SƏSİ
səni göymü apardı
sevmədiyin bu yerdən?
daha işığın gəlmir
qaranlıq gecələrdən.
gecələr tam qaranlıq,
gündüz sükut içində,
uçub gedib səsin də
durnaların köçündə.
boğur yeri qaranlıq,
boğur sükutun səsi,
boşluğa düşən kəsin
kəsilibdi nəfəsi...
XƏYAL QANADLARI
Tənhalığın, bu təkliyin içində,
ay doğmayan, bu bitməyən gecədə
bir dəli yuxudan atlanıb, düşüb
işığı nə vaxtdır sönən evləri,
özü öz içinə çökən evləri,
dərdin ortalığa tökən evləri
gəlib nəfəsimlə isidəcəyəm,
keçmişi içində dirildəcəyəm...
Bu uçuq evlərin divarlarından
sınıq baxışları yığıb bir yerə,
üfürüb tozunu, külünü töküb,
üzündən, gözündən, əlindən öpüb,
uşaqlıq illərin sığallayacam,
dağınıq saçları tumarlayacam,
səpilən, dağılan xatirələri
əlimlə-gözümlə qamarlayacam.
Olanı-ötəni əzizləyərək,
itəni-batanı çözələyərək,
atıb kədərimi gedən yollara,
ot basmış, kol basmış itən yollara,
düşüb xəyalların qanadlarından,
qurtulub bu özgə soraqlarından,
mən səni özünə qaytaracağam,
mən səni özümə qaytaracağam...
QOŞA KÖLGƏ
dünya dolu şəkildi:
albomu var, divarı var,
sərgi salonları var,..
amma içində
bircə dənə birgə şəklimiz yox...
kadramı yerləşmədik,
ya bizi görəndə fotoaparatmı dondu,
yanaşımı dura bilmədik,
küləkmi keçdi aramızdan,
dumanmı keçdi sıramızdan,
ya xəyalıq hansımızsa...
gəl tək-tək şəkillərimizi göndərək aya,
gecənin birində qoşa kölgə salar yola,
qol-qola...
QIŞ BULVARINDA GECƏ
Bu gecə Qış bulvarı
qış nağıllarındakı gecə tablosuna bənzəyir.
Qəribə bir sakitlik var Qış bulvarında.
Kafelər, oturacaqlar bomboş.
Sükutun halı xoş.
Bu yalqızlıq gecəsində, tənhalığın qoynunda
içindən Oymyakonun* soyuğu keçən
paltosunun boynunu qaldıran adam
bir baxışla isitmək istəyir özünü.
Bir bahar gülü boylanır sonuncu mərtəbənin
işığı sönməyən otağının pəncərəsindən.
Sən...
*– Rusiyanın Yakutiya vilayətində yerləşir. şimal qütbünə yaxın olan bu kənddə temperatur 71 dərəcəyə kimi enir.
UÇUQ EVDƏ PAYIZ
Bu evin divarı yoxmuş, İlahi,
külək xəyallarla savaşır yenə.
Yanından uşuşan xəzan yarpaqlar
bir payız havası gətirir evə.
Bu gecə göy üzü nigaran, qəmli,
sərkərdan dolaşır qara buludlar.
Görən hara qaçıb, harda gizlənib
narahat gümanlar, nakam umudlar.
Alovu alınmış, kösövü sönmüş,
bu soba külüylə oynayır indi.
Baltası korşalmış, dəhrəsi itmiş
bu ev sütununu doğrayır indi.
BIR OLAN ŞƏHƏRIMIZ
Bizim şəhərə oxşayırmı
təzə gördüyün şəhər?
Gündüzləri yuxulu,
Gecəsi də birtəhər.
Məmurlar adamlara
de, qəribə baxırmı?
Yorulub uzanan küçə
gecə dənizə axırmı?
Ağlaşmanın səsinə
ildırımlar çaxırmı?
Təzə gördüyün şəhər
bizim şəhərə oxşayırmı?
... Səni görüb üstünə
qara kölgə sərdisə,
sevincini üzündən
yavaş-yavaş dərdisə,
gün-gündən ağırlaşan
dərd üstə dərd gəldisə,
demək, səni tanıyıb
bir olan kədərimiz.
Bir-birinə bənzəyir
Bir olan şəhərimiz...
KÖLGƏ
telini küləyə verən kölgən
sənintək addımlayır
küçə boyu.
sağına,
soluna keçir,
gedirsən, gedir,
yeyirsən, yeyir,
deyirsən, deyir...
gah arxasınca aparır,
gah arxanca düşüb
izləyir səni
daban-dabana,
sarılıb ayaqlarına
özünü qərib saydığın bu məmləkətdə
buludlar suzür başının üstündə,
kölgəni qovacaq
buludlar
GECƏ YOLÇUSU
Bu gecə tək qaldım bu tək otaqda.
Yatağı divara bənd olan evdə.
Alıb olanları, alıb qoynuna
mənimlə birlikdə yol gedir ev də.
Bu kupe otaqlar, vaqon otaqlar,
yeriyir gecənin qaranlığında.
Gedir-silkələyir günləri bir-bir
təkliyin xatirə toranlığında.
Ləngər vura-vura gedən bu qatar
rəngsiz xəyallara sarı yol alır.
Mənim hislərimin, duyğularımın
tutub əllərindən hara aparır?
Bu gecə xəyalım hardadı, harda?
Bu zülmət gecənin dar otağında.
Qolların gecənin boynuna salıb
bitirdi məni də öz yatağında.
***
Soyunub əynini təzə gəlintək
töküb paltarını ayaqlarına,
gecə yağışında yuyunub, təmiz,
əlində xınası qurumamış qız...
mən səni sevirəm, sevirəm payız,,,