Səbəblər sonsuz, yaxşılığa isə zaman azdır...
– Alo? Səsin tam eşidilmədi! Necə yəni özünü yandırıb? Sağdır? – arvadı çaşdığından elə mətbəx tutacaqlarını alıb dəsmal əvəzi üz-gözünün tərini sildi.
– Kim kimi yandırıb? Benzinin bu baha vaxtında? – o qəsdən bərkdən telefondakı danışığa müdaxilə etdi.
Arvadı üz-gözünü bürüşdürüb, ona sarı əli ilə acıqlı “bəsdir” ifadəsini yellədi. O təslim olmurdu. Gileyini mətbəxdən gətirdiyi qəhvəni qonaq otağında masa üzərinə qoyandan sonra belə davam etdirdi.
– Sübh tezdən bu nə xəbərdir ee? Öldürüb öldürüb də! Allah rəhmət eləsin! Yox e, dində deyilir, özün öldürənə rəhmət düşməz, – söyləndi və qəfil də öz içində ürpəndi.
Son aylar ancaq intihar barədə düşünürdü. Allahla danışmağa cəhd edirdi, alınmırdı. Əvəzində soyuq nəfəs ona bu həyatdan əl çəkməyi pıçıldayırdı: “Niyə yaşayırsan axı? Nəyə görə? Kimə lazımsan?” Cavab vermək istəsə də, fikir söyləməkdə çətinlik çəkirdi. Soyuq səs haqlı idi, o, işdən qovulalı heç kəsə gərək deyildi.
“Lazımsız əşya kimi tulladılar məni bayıra”, – dostlarına belə deyirdi. Hər qədəhində daha bir etiraf səslənirdi, daha bir hayqırtı çırpılırdı zamanında yolunda qurban getdiklərinin üzünə. Bu dəfə də soyuq səs asta-asta üzünə tərəf yaxınlaşırdı ki, oğlunun səsi onu bədbinlik quyusuna enməkdə yubatdı.
– Ata, bax, gör müəllim bizə nə tapşırıq verib?
– Nərdir, a bala, eyməndirdin lap məni!
Gözlərini diqqətlə dəftərin cızma-qaralarında gəzdirdi: “Sinif otağının pəncərəsi sındırıldığı üçün uşaqlardan ümumi təmir pulu yığılır”.
– Mən həmişə demişəm, sizin müəllimənizin başı xarabdır! Vaxtında, vəzifədə olanda anan qoymadı onu rədd eləyim. Di gəl indi sınan qapı pəncərə ilə oyna!
Əslində isə, məsələ tam başqa istiqamətə əsirdi. Hər dəfə valideyn iclaslarına arvadı yollandığından bu ağır missiya haqqında, ümumiyyətlə, düşünmürdü. Təzyiqdən əziyyət çəkən Tənzilə isə bu dəfə iclasa məhz onun getməyini istədi: “Başım partlayır, uşağın iclası var”, – deməyi isə yeni macəranın başlanğıcına təməl oldu desək, yanılmarıq.
Könülsüz-könülsüz avtomobilə əyləşərək, “sür 96-ya” deməsi də, gəlib məktəbin həyətində ağır addımlarla avtomobildən enib, pilləkən yuxarı onu maraqlı nəzərlərlə süzən insanları sürətlə yarayara keçməsi də oğlunun müəlliməsi ilə ilk tanışlığına qədər ona yorucu və maraqsız gəlirdi. indi isə qarşısında dayanan boylu-buxunlu, cavan, qüsursuz ayaqlarının nəzərdən keçirilməsi üçün kifayət qədər qısa ətək geyinən müəllimə oğlunun dərsə davamiyyətini danışarkən, onunla yalnız necə sevişəcəyi barədə planlar qururdu: “Kasıb, maaşa baxan müəllimdi, sadəcə əvvəl naz-qoz edib, sonra da razılaşacaq də. Razılaşmayıb hara gedəcək?”
– Siz məni dinləyirsiniz, Rafiq müəllim?
“Köpəyin qızı psixoloqdu ee. Dərhal tutdu ki, fikrim ayaqlarından da yuxarı qalxıb”.
O, cəld özünü toparladı: “Əlbəttə, xanım. Uşaqlara daha çox yoldaşım vaxt ayırır. Mən isə, sadəcə, onlardan “hesabat” alıram. “Hesabat” sözünün səslənməsi ilə sinif otağında iclasa yığılan valideynlərin gülüşməsi müəlliməni bir qədər çaşdırsa da, işdə söylədiyi toplantı üçün işlətdiyi söz indi özünə xoş təsir bağışladı və hətta darmacalda cavan müəlliməyə göz vurmağı da unutmadı.
Yekunda müəllimə valideynlərə öz mobil nömrəsini xatırlatdı: “Nə sözünüz olsa, istənilən vaxt sizi dinləyə bilərəm”, - dedi.
Zəngi dərhal etmədi. İclasdan bir həftə keçirdi. “Qoy darıxsın. Onsuz da görürdüm, necə yeyirdi gözləri ilə məni”. Bir həftədən sonra isə zərif səs sahibəsi onun zənginə cavab verdi: “Tanımadım, kimdi?” Özünü təqdim etdi. Arxasınca iclasda yarımçıq qalan məsələnin davamı üçün bərabər bir şam yeməyi üçün dəvət gəldi.
– Təşəkkür edirəm. Amma zamanım azdır. Dərslərimizdən, hazırlıqlardan başımız açılmır.
O daha da açıq şəkildə danışmağa cəhd etdi: “Sizi görəndən düşünürəm ki, biz bir-birimiz üçün mütləq vaxt tapmalıyıq”.
Onun bu ehtiras nəfəsli pıçıltı ilə söylənilən sözlərindən sonra cavan müəllimənin səsi ciddi ahəng aldı, – mən düşünürəm ki, siz məni düzgün anlamamısınız. Gərək iclasa Tənzilə xanım özü gələydi, – deyərək dəstəyi asdı.
O öz-özünə gülümsünüb, bir də zəng etdi: “Məni Tənzilə ilə qorxudur”. Bu dəfə isə zəngdən imtina siqnalı ilə qarşılaşdı. “Eybi yox, başqa yola əl atarıq” düşünüb əl telefonunu hirslə masanın üzərinə atdı. Başqa üsula gərək qalmadı. Axşam işdən evə dönəndə, arvadı hikkəli şəkildə bir əli belində, qəzəblə onu qapıda qarşıladı:
– Gülnarə müəllimə zəng etmişdi. Deyir, yoldaşınız mənə zəng edir, narahat edir.
Ayaqqabılarını soyunmamış əlini telefona atdı:
– Elə deyir? Gəl indicə zəng edim, görək necə narahat etmişəm?!
Arvadı telefonu əlindən almağa cəhd etdi:
– Zəng etmə. Deyir, nişanlı qızam. Nə ehtyac var axı onu yığasan?
– Utanmaz-utanmaz yardım istəyir. Nömrəmə zəng edin deyir, köməklik etmək istəyəndə də söz edir. Eybi yox, müdiriyyətə çatdırılanda bilər ki, şər atıb işsiz qalmaq nə deməkdir!
Amma bu məsələ elə həmin gecə arvadının şux sinəsi sinəsinə toxunarkən unuduldu və ənənəvi, onun təbirincə desək “müqəddəs akt”dan sonra söz verildi ki, bir də bu mövzu barədə danışılmayacaq. Bu mövzu həqiqətdən də bağlandı. Nostalji hislərdə isə onu arvadının mətbəxdən qonaq otağına səsləndirdiyi nekroloq çıxışı ayırdı: “Həsənin arvadı özünü yandırıb”.
Həsən bağ evlərində gözətçi idi. Bağ-bağçadan anlayışı olmadığından əsas işləri cavan oğlu və arvadı görərdi. Həsən isə elə ancaq veyillənər, qapıya-pəncərəyə baxar, gecəyə yaxın isə lül-piyan olanadək içərdi. Tənzilənin səxavəti müəllimə məsələsindəki kimi, burada da onu geriyə atdı. Neçə dəfə arvadına dedi ki, ay sənə qurban olum, axı bu piyan bədbəxt özünü qoruya bilmir, bizi necə qoruyacaq? Amma heç nə kar etmədi. Tənzilə xanım iki ayağını bir başmağa dirəyib, Həsənin “hüquqlarının müdafiəsinə” qalxdı. Bu məsələ isə o vaxta qədər uzandı ki, Həsənin oğlu və arvadı öz doğma elləri Tovuza baş çəkməli oldu və Həsən də ənənəvi içki qəbulundan sonra tək qaldığı bağ evində boğazını “yaşlamaq” üçün “zəhrimarla” (özünün sonrakı izahat yazısında eynilə qeyd etdiyi kimi) nuş etməyə iki tikə ət bişirdiyi ocağı söndürməyi unutdu. Əvvəl eyvan yanıbmış, sonra dəhliz boyu ilə qonaq otağı, yataq otağı və yalnız qaraja çatanda, güya ki, bu qədər həngamədən bixəbər qonşular yanğın şöbəsinə zəng etməyə başlayıblar. Elə ilk sözünü də qorxudan ayılmış və gözləri bərələ qalan Həsənə deyil, sırf qonşularına söylədi: “Siz burda mənim itimin qalıqları ilə qidalanırsınız, ay zavallılar! Haramınız olsun hamınızın!” Bu vahiməli sözlərdən hətta yanğınsöndürənlər də duruxdu; içərilərindən biri isə sanki sözlər ona aid imiş kimi, cəld əlcəyi ilə üzünü tutdu. Belə ağır məqamlarda həssaslıq artır. O özü həmişə belə deyirdi. Kiçik bir davranış belə gözdən yayınmır. Evin təmiri üçün sığorta idarəsi ilə danışıldı. Yenə də Tənzilə xanımın sayəsində Həsənə arvad-uşağına görə güzəşt etməli oldu. Nə etsin axı? Həyatındakı hər bir uğuruna görə məhz Tənziləyə borclu idi; təhsili, rütbəsi, vəzifəsi, hətta yanan bağ evi belə, Tənzilənin atasından qalmışdı onlara. Tale onunla Tənziləni qarşılaşdırmasaydı, kim bilir, indi hansı pullu kişinin nökəri idi?! Rəhmətlik qayınatası onun ədəb-ərkanlı sürücü olduğu və işə məsul yanaşdığı üçün kombinatdakı işlərə tapşırıqlardan savayı, evinə də göndərərdi. Elə Tənzilə ilə də ilk tanışlıq məhz həmin ərəfədə başladı. Əvvəlcə heç ağlından da keçirməzdi ki, o boyda ət-süd kombinat direktorunun yeganə qızı buna aşiq ola bilər və ya bu yetim, savadsız oğlanla ailə qurar. Amma, necə deyərlər, sən öz saydığını say, gör fələk nə sayır. Sən demə, əlahəzrət direktor cənabları Firqət müəllim artıq qızının istəyi ilə onun hansı ali məktəbə qəbul olunacağına qədər söhbət edib, qərarlaşdırıbmış da. Bu məsələdən isə bixəbər yalnız o özü imiş.
Bir gün yenə də Firqət müəllim bir neçə ərzaq torbasını ona göstərərək; – “axşam bunları bizə gətir”, – deyib, şəxsi maşınına əyləşib yola düşdü. Xidməti maşın sürücüsü olduğu üçün, adətən ona evə getmək kimi tapşırıqlar az verilirdi. Lakin son zamanlar direktorun evinə sarı tez-tez getməyi fəhlə dostlarının da nəzərindən qaçmadı. Əyriburun Fərid onu ələ saldı: “Ədə, olmaya sənə qızını sırımaq istəyir? Bu boynuyoğunlardan nə desən çıxar haa, ehtiyatlı ol!” Hamı gülüşdü. O zaman Fəridə əsəbiləşdiyi yadında idi: “Fərid, sən öl, sifətinə bir yumruq ilişdirərəm, o yapışıx əyri burnun əməliyyatsız düzələr!” Hamı güldü, Fərid isə ondan yaman incidi. Əslində, heç kim bilməsə də, o bilirdi ki, Fəridin ən böyük arzusu burnunu əməliyyat etdirmək, kəndlərindən istədiyi qıza elçi göndərmək idi. Lakin nə Fəridin burnunun “təmirinə” pulu vardı, nə də ki kənddəki qızın əyri burun Fəridə ərə getmək arzusu. Sözügedən inciklikdən sonra isə Fərid öz qısa ömrünün sonuna qədər onunla bir kəlmə də olsun danışmayacaqdı. Hətta kombinatda heyvanlara su verən xüsusi qurğunun nasazlığı ucbatından Fəridi tok vuranda və məhz onun qolları arasında can verəndə belə üzünə baxmayacaqdı. Bu hadisə isə onu uzun müddət sarsıdacaqdı. Lakin bütün bunlar sonra baş verəcəkdi. Çox sonra.
Kombinat direktoru Rafiq müəllimin tapşırığını yerinə yetirmək üçün evlərinə gedəndə, artıq gecədən xeyli ötmüşdü. Buna baxmayaraq, dəyirmi masa arxasında əyləşən ev sahiblərinin gözlərindən sezilən yuxu həsrəti onu görəcək, bir ümid qığılcımı ilə əvəzləndi. Tənzilə hər kəsdən çox sevinirdi. Balaca uşaq kimi az qala atıla-atıla ona tərəf gəlib əlindəki torbaları almağa cəhd etdi. O yalnız utanaraq “ağırdır” sözünü söyləyə bildi. Tənzilə “eybi yox” deyib – torbalarla mətbəxə keçdi. Sağollaşıb çıxmaq istəyirdi ki, Firqət müəllimin iti baxışları ilə qarşılaşdı: “Əyləş, danışmalıyıq”. Elə o vaxtdan necə danışdılarsa, artıq iyirmi ilə yaxın idi ki, Tənzilə xanımla hər gecə təkbətək “danışırdı”.
Firqət müəllim o zaman bir qədəh özünə süzdü, bir qədəh də ona; “bilirəm ki, sözümdən çıxmazsan, sən də yetim oğlansan, sənə də dayaq lazımdır. Yeganə qızımın könlü səni tutub. Mən də baxıram, işində zirəksən, düzgünsən. Mənim üçün kasıbçılığın bir önəmi yoxdur. Nəyin yoxdur – sayəmizdə düz-qoş edərik, – sonra da yavaşca başını əyib sakit səslə, – mən də elə yetimliklə gəlmişəm, bala, əziyyətin nə olduğunu yaxşı bilirəm, sağ olsun Rəhimə xanım”, – deyib arvadına sarı badəni qaldırdı.
Bir həftə sonra isə nağıllardakı həyat onu gözləyirdi; bahalı kostyumlar, ətirlər, ətrafında yaranan nüfuzlu ailələrin uşaqlarından ibarət dəstə, gözəl məclislər, ən əsası isə kombinat direktorunun kürəkəni titulu və bütün bunlardan karıxmış kombinatdakı fəhlə dostlarının sual dolu çaşqın, lal baxışları. Firqət müəllim onu, kürəkənini isə ən yaxın köməkçisi etməklə sanki “sapı özündən olan dost-tanışlarını” elə onun özünə bir-bir doğradırdı. Özünə isə belə söyləyirdi: “Sən onları yaxşı tanıyırsan. Uzun müddət onlarla ünsiyyətdə omusan. Necə rəftar etməli olduğunu da sən bilirsən”.
Bəli, ilk olaraq, o zavallı əyriburun Fəriddən başladı. Fərid son vaxtlar işə gec gəlirdi. Kənddə uşaqlıqdan bəri uzun illər istədiyi qız nişanlanmışdı və indi o artıq çarəni yalnız içməkdə görürdü. Odur ki, ilk hədəf Fərid idi. Toplantıda ona verilən əsaslara görə, o, bütün işçilərə nəzarət etməli, baş verən nöqsanlara aydınlıq gətirməli idi. Fərid ayaq üstə lal-dinməz onu dinləyirdi. “Niyə içkili vəziyyətdə işə gəlirsən? – deyə üstünə səsini qaldırdıqda isə onun yazıq və küskün baxışları ilə qarşıladı. Bəlkə də, Fərid susmağı ilə ona cavab verirdi: “Sən ki bilirsən içməyimin səbəbini, niyə soruşursan?” Həmin gün axşam özü özünü məzəmmət elədi: “Gərək onunla işim olmayaydı”. Amma Fərid yenə içir, yenə də işə gec gəlirdi, o isə öz növbəsində yenə də onu danlayırdı.
Fəridin ölümü də qəfil oldu. Heyvanlar üçün nəzərdə tutulan su qurğusu nasaz imiş, kefli Fərid isə, sən demə, elə ölümü gəzirmiş. Onu tok vurandan sonra ancaq xırıldayırdı. Yalvarış dolu nəzərləri kimisə gəzir, axtarırdı, son dəfə ətrafına yığılan dostlarına bir-bir baxdı, bircə onun özündən başqa. Fərid onun üzünə ölüm ayağında belə baxmadı.
İki ay sonra isə Tənzilə ilə təmtəraqlı toyları oldu. Toyda böyük, mötəbər insanların çıxışı, ağlasığmaz gözəl rəqslər, ifalar... daha kimlər iştirak etmədi! Sürətli zaman onu nağıllar aləminin ağuşuna apardıqca başgicəlləndirici uğur havasından daha hökmlü və daha yırtıcı olurdu. Bu onun xasiyyəti deyildi. Yetim, bir zamanlar heç kimə lazım olmayan zavallı oğlanın taleyində şah kimi yaşamaq qisməti də varmış ki, indi bu ləzzətdən faydalanırdı. Özü də necə lazımdı, faydalanırdı. Bir dəfə məscidə üz tutmuşdu. Filmlərdə görmüşdü; günahkar insanlar kilsədə rahiblə danışır, ürəklərindəki kinqarışıq dərdi, günahı etiraf edərək, günahlarından azad olurdular. Məsciddə ona yaxınlaşan başında əmmamə, uzunsaqqal mollanı görəcək tez ondan bu barədə xəbər aldı. Molla gülümsünərək: “Şəriət qanunlarına bu cür hallar ziddir, – söyləmişdi, – mən sizə namazın, orucun sirlərini aça bilərəm ki, Yaradanla birbaşa əlaqə yaradaraq, öz ürəyinizdəkiləri Allahınıza birbaşa söyləyəsiniz”. O zaman razılaşmadı, indi isə artıq gecikdiyini düşünürdü: “Yüz ildə ibadət etsəm, Allah məni bağışlamayacaq”, – dedi və xəyalının film səhifəsində qolları arasında fəryad edən yeniyetmə qızın lənətləri canlandı. Hadisə isə bu cür olmuşdu...
Dostları ilə növbəti yeyib-içməkdən sonra könlünə “quzu” əti düşdü, özü də “mələməmiş quzu”. Elə onun uşaqlığından sevimli ifadəsi vardı, sözarası ürəyincə olan dost-tanışına deyərdi: “Ay sənə mələməmiş quzu kəsim”. İndi də bu kefli dəmində, dostlarının eşqbazlıq səfəri təklifinə “mələməmiş quzu olsa” razıyam, nə qədər xərci var, mənlikdir, – cavabı altı-yeddi nəfər məclis əhlinin bir-birlərinə maraqlı baxışları ilə müşahidə olundu. Birdən kök Aslan adlı “ley-pey” dostu telefonu əlinə alıb, kiməsə zəng etdi: “Dostumuz var, hörmətli adamdı, istirahət üçün bakirə arzulayır”, – dedi. Onsuz da dumanlı beyninə Aslanın sonrakı danışığı çatmadı. Axırıncı badəni içə-içə Aslanın ona ünvanladığı “On altı yaşı var, gəlsin?” – sualına razılıq olaraq əlini yellədi.
Yalnız sonra biləcəkdi ki, yanına gətirilən qız son illər xalasının himayəsində böyüyən anadan yetim kənd qızıdır. Atası dustaq olan bu qızı, anası pis xəstəlikdən öldükdən sonra xala götürüb şəhərə gəlibmiş. Ayağı sürüşkən xala gecə-gündüz“ işlədiyini”, “çalışıb-vuruşduğunu”, qızın isə ona yalnız yük olduğunu zavallının başına çırpırmış. Məktəbə belə getməyən qızın isə heç bir xüsusi bacarığı yoxmuş. Yalnız xırda lentlərdən əl işləri hazırlayar, yaxınlıqdakı mağazanın müdiri cavan oğlanla danışıb, düzəltdiyi kiçik səbətləri oraya satmaq üçün qoyarmış. Bir gün sözügedən ünvanın rəhbəri də satılmış əşyalar əvəzinə verəcəyi pulları ləngidərək, qızdan xoşlandığını dilə gətirir. Qızın növbəti işsizliyi məcburi “xala biznesi”nə qatılma ilə müşahidə olunur. Bütün bunları o sonra biləcək, qızın qəzet səhifələri başlığında gedəcək intihar xəbərindən sonra. Böyük məqalədə insan faciəsini çoxsaylı tiraja çevirən müxbirin “canfəşanlığı” nəzərdən qaçmamışdı; az qala qızın körpə ikən iməklədiyi kənd çəmənliyinin belə təsvirini canlandıran yazıda günahkarın kim olduğu haqda heç sual olunmurdu. Bütün bu düşüncələr isə onun onsuz da gərilmiş əsəblərinə daha yaxından toxunur, vicdan aynasının pasını təmizləməyə can atırdı. Qızcığazın ona yalvarışlarını, sonra isə bağırtı ilə söylədiyi lənətləri xatırladı: “Mənə toxunma, ondansa öldür məni, Allah sənin bəlanı versin”, kimi qışqırtısı, indidə qulağında aydın səslənir və daxilindəki pıçıltı yenidən özünü xatırladırdı ki, bu dəfə də azyaşlı qızı boynuna atılıb, onu “qara fikirlər quyusuna enməkdən xilas etdi. Zümrüd onun dünyası idi. Amma bu dünya belə indi ona dayaq ola bilmirdi, sığmırdı özündən kiçik bu gözəl dünyaya, uyğunlaşa bilmirdi. Maddiyyat də deyildi, işsizlik də deyildi onu bu qədər üzən. Dəfələrlə Tənzilə ilə söhbətində vaxtılə daha ağır zamanlarının olduğundan, ac-susuz yatdığı gecələrdən danışardı. Yox, bu bəla başqa bəla idi. Ürəyindəki ağrı daxili dünyasını parçalamışdı, qəlbindəki azacıq nuru belə söndürmüşdü. Onun dünyadan üzülüşünə vicdan ağrısı səbəb idi, daxilində tuğyan edərək, bütün vücuduna təsir edən vicdan ağrısı idi bu səs. Zaman keçdikcə isə ağrı daha da artır, dözülməz olurdu. İkinci səs isə tam ruhunun içindən qəlbinə boylanaraq, həzin səslə pıçıldayırdı: “Onlar sənə görə öldülər, səbəbkar sən idin. Öldür özünü. Sən ancaq bu cür bağışlana bilərsən”.
Zamanında qarşısına çıxan bütün dünya naz nemətlərindən əl çəkməyə hazır idi, yetər ki, bu səs susaydı, danışmayaydı onunla. Gözünün önündə nakam, bəxtiqara Fərid dayandı. Arxasınca güclə bədəninə sahib olduqdan sonra ertəsi gün intihar xəbəri ilə qarşılaşdığı tanımadığı qızcığaz gəldi. Daxilindəki səs isə ona bu dünyada olmayan ruhlara qovuşmağı əmr edirdi. Başını ovuclarının arasına alaraq, əlləri ilə beynini sakitləşdirməyə çalışdı, alınmadı. Xeyli müddət yalnız qışqırıqla səsi dəf etməyə çalışırdı. Bir müddət sonra isə qan dammış gözləri ilə ətrafa boylanaraq, nə baş verdiyini anlamağa, cavab tapmağa çalışırdı. Küncə qısılan qızı, ağlayan arvadı və ürkək baxışla onu süzən oğlu. Bu mənzərə onun gördüyü son ailə tablosu idi. Ertəsi gün psixiatrik xəstəxanalardan birinin pasienti idi və əlləri-qolları sarıqlı daxili səs ilə “söbətləşirdi”:
– Zavallı, sən məni öldürə bilməzsən. Mən onsuzda ölmüşəm. İnsan var, ölümündən sonra daşlaşar, tarixə çevrilər, insan var, sağlığında heykəl olar, ölüb qalar. Mən də heykələm, ölmüş heykəl...
Daxilindəki səs yalnız tibb bacısının bədəninə yeritdiyi naməlum yuxugətirici məhluldan sonra beynindən uzaqlaşırdı. Növbəti gün heykəl ilə səsin eyni dialoqu yenidən təkrarlanırdı...