Bakirə otaqların üz tutduğu adamlardısa tənhalıq,
bütün qovuşanlar ayrılmağı bacarmayanlardı...
Çünki hələ də hamı ölür,
hələ də
fəsillərin çöl tərəfidir həyat...
...Əllərinin bətnindən hər gün ölü doğuluram
islanmış ağaclara balıqlar aldandıqca.
Daha qorxma,
tək adamlar qarımaz ki, dostum,
çək gözlərini saatdan,
bax qollarına bükülən küçələrə...
...Sən demə,
bağışlamaq da xəyanət imiş,
qadın olmaq da,
elə azadlıq da...
Qəbirlər də diş çıxartdı görüş yerimizdə,
axı şəkillərimizin arxasından başladı uzaqlar...
...Bağışla,
bağışla qara paltarlı kibrit dənələrini!
İndi sənə qədər kim varsa- itkin payızdı...
...Səndən o yana bir qanad göy üzü də yox,
tərk etməyə vətən də,
gecələməyə bir kirayə adam da...
***
Vətənə söykənən saat
və
qıpqırmızı əqrəbləri...
...Əvvəl
içində süd dişi itkin düşdü,
sonra bir evin otaqları,
sonra da özü.
...ağaclar böyüdükcə məzarlara tərəf
uzaqlarda
bir qız qarımağı sevdi,
bir güzgü özünə tamaşa etməyi,
bir Allahsa unudulmağı...
...Hələ
kağızların məktub kimi ölməyini demirəm,
hələ
sobadakı buludların azadlığından danışmıram...
...bir tərəfdə
heykəllər qapıları döydükcə
bayraqlar quşların qanadını tanıdı,
balıqlar dilənçilərin ovcunu,
analarsa öz bədənini.
Bilirsənmi,
adam öz bədənini tanıdığı gündən başlayar qış
fəsli...
...və bir gün
Vətənə söykənən saatın
qıpqırmızı əqrəbləri
bağışladı səngərlərin günahını...
...və
saatın içindən
nə süd dişi tapıldı,
nə də evin otaqları.
Bircə
özü tapıldı həmin adamın,
amma,
amma
ayaqlarına qədər...
Dedi:
Unudun gözlərinizi, bir azdan səhər açılacaq
və
bir azdan darıxacaq göy üzünə atılmış siqaret
kötükləri...
Bir güzgü yanır üzü balıqlara sarı...
və
dənizdə boğulan kim varsa, əl uzadır səhra rəsmlərinə.
Göz dəyir pianinodakı barmaqlara azan səsində...
Hamı bu şəhərdə saçları ağarmış heykəl ömrüdü,
yarıyuxulu siqaret qucağıdı...
Baxdım quşların qanadına,
bütün müharibələrdə göy üzü sağ qalıb.
...axı günəş üçün nə fərqi, hansı fəsildi,
hansı ağaclara vurulur hansı yuvalar,
hansı yağışlar qarıyır hansı küçələrdə,
hansı günahlar böyüyür maestronun qollarında...
Uzaqda bir kişi tabutundan hər gün özünə
yüyürməkdisə qadın,
həm də
hər gün özünü doğmaqdı edam səhnələrində.
Hər adamın alnından bir divar uçar unutduğu
birisinin ömrünə...
...Sevgi – payızın ayaqlarını qucaqlayan
yarpaqlarmış, dostum!
Ört qapını, gözləri böyüyür şəkillərin…
Boş otaqlar qadın məzarıdısa,
ən gözəl Vətən pəncərələrin arxasıdı...