***
sən də belə tükəndin
və əridin qar kimi.
nə dost oldun dost kimi,
nə yar oldun yar kimi.
ruhum qıyma-qıymadı,
bir az məlhəm qıymadın.
sən də məni duymadın,
başqa adamlar kimi.
mən gedirəm sabaha,
salma məni günaha.
qarşımda durma daha
bir kağız divar kimi...
***
yenə də tənhalıq, yenə də təklik.
özüm öz içimi yeyirəm daha.
siqaret qutusu sirdaşım olub
şeirimi də ona deyirəm daha.
bax, indi bir mənəm, bir də ürəyim,
tanrı da yanına çağıran deyil.
dostların üzütək taleyim qara
bu baxtı yusan da, ağaran deyil.
qaçım bəd ayaqda, de, kimin üstə
hamının oduna bişən ürəyim.
gör, necə çırpınır səkinin üstə
ayağım altına düşən ürəyim...
***
Samir, dostum, əzizim,
bax bizi unutdular.
dediyimiz ən gözəl,
saf sözü unutdular.
elə unutdular ki,
izi də bilinmədi.
unudanın kim imiş
özü də bilinmədi.
gözəl bir eşq nəğməsi
boyat qaldı ortada.
yaşanmamış böyük bir
həyat qaldı ortada.
***
gözlərimdəki kədəri
görürsənmi, əzizim?
baxıb o kədərin içinə
gülürsənmi, əzizim?
ürəyim qəmlə əylənir,
ruhum məndən gileylənir.
xatirələrin iylənir,
bilirsənmi, əzizim?
çox rahatam sənsiz, niyə?
mən rahatam sən diz döyən
mən gedirəm sənsizliyə
gəlirsənmi, əzizim?
***
arada bir “Siz” vardı,
“Siz”i “sən” eləmisən.
eşqə, dərdə mübtəla
bizi sən eləmisən.
qısılmışam adıma,
çəkilmişəm odama,
mən çox isti adamam,
“buz”u sən eləmisən.
dağ üstən çəkib dağı
öyrəndin “ev” yıxmağı.
aramızda nifaqı,
sözü sən eləmisən.
***
saçlarının qoxusunu
apardı bu ayrılıq,
gözlərimin yuxusunu
apardı bu ayrılıq.
bir şəklin qaldı sənin,
şəklin də laldı sənin.
əlimdən aldı səni,
apardı bu ayrılıq.
bax, sevinə-sevinə
səni özgə evinə.
məni doğma ölümə
apardı bu ayrılıq...