DAYI
Rasim dayı taksi sürücüsü idi... Dayı deyəndə ki, yaşı əllini təzə adlamışdı, amma gözləri Dayı idi. Gözlərinin içində Dayı var idi. Rasim dayının adamlardan gizlətdiyi sifəti adamlardan gizlənən ağrısı, təmizliyi, ümidsizliyi ilə əl-ələ verib o gözlərdə Dayı yaratmışdı. Amma və lakin vacib bir məsələ var idi ki, gözündəki Dayı Rasimə yaxşı “day-daylıq” etmədiyindən Rasim də dayı olub zəmanə dayılarına qoşula bilməmişdi.
“Gənclik” metrostansiyasının qarşısında dayanardı Rasim dayı. Binəqədiyə gedən avtobusların durduğu yerə gəlib şoferlərin “Binəqədi, adambaşı iki manat”, “Bir nəfər, çıxıram” sədalarına öz səsini də qatardı. Dayanacaqdakı insan kütləsi üçün də cırıltılı “Binəqədi - iki manat” səsindən ibarət idi Rasim dayı... Gözlərindəki Dayını görən yox idi, hamı ancaq bu səsi eşidirdi, bu səsdən də qaçırdı. İş o yerə çatmışdı ki, artıq adamlar Rasim dayını bu səsdən o tərəfə təsəvvür etmirdilər. Elə bilirdilər ki, Rasim dayını bu səsdən çıxarsalar, onu çölün düzündə tək-tənha qoyacaqlar... Yəni dayanacağın həmişəbahar sərnişinləri üçün o cır səs həm də Rasim dayının evi idi...
Beləcə, öz “evində” yaşamaqdaydı, Rasim dayı. Elə bu “evdə” yaşadığı üçün də gözündəki Dayının yanında gözükölgəli idi.
Amma ən çox ondan qorxurdu ki, hər gün camaatın zəhləsini tökə-tökə, boş maşını kənarda saxlayıb “qardaş, cəmi bir nəfər lazımdı, çıxıram” deyə-deyə, ömrünü bada verər, özü cəhənnəm, gözündəki Dayını da öldürər və onu cır səsdən qıraqda görməyən, təsəvvür belə etməyən camaat bu Dayıdan heç vaxt xəbər tutmaz -özündən əlini üzmüşdü, bircə o Dayıya görə yanıb-yaxılırdı Rasim...
“Heç utanmır e, yekə kişidi, qulağımızın dibində “iki manat, iki manat” qışqırır səhərdən”, “get o yanda bağır da”, “alə, brat, asta sür də”... hər gün dəfələrlə eşitdiyi bu sözlərin mühasirəsindən çıxıb (daha doğrusu, buna cəhd göstərib) güzgüyə baxardı. Amma gözlərindəki Dayıynan göz-gözə gəlməkdən utanardı. Həə, bir də qızından çəkinərdi Rasim dayı. Ona görə ki, qızı həmin Dayıya ən çox oxşayan adam idi. Rasim dayını hər gün eşitdiyi “gül” sözlərdən qoruyan, Böyük Dayını ölməyə qoymayan yeganə varlıq idi qızı... Arvadı Gülçöhrə bircə axşam da olsun “Rasimin təmtəraqlı danlama” mərasimini təxirə salmazdı. Səbəb də o idi ki, bir neçə gündən sonra qızlarının toyu olacaqdı. Gülçöhrə hər axşam cehiz söhbətini qapaza çevirib Rasimin təpəsinə çırpırdı. Biçarə Rasim dinib-danışmazdı. Yenə də qızı araya girər, cehiz söhbətinə son qoymaqla Gülçöhrənin “qapaz”ını yarı yoldan qaytarardı. Amma yox, Gülçöhrə də hələm-hələm sakitləşən arvadlardan deyildi, “peçat”ını vurmamış Rasimdən əl çəkən deyildi. “Peçat”ı nə təhər vururdusa, Rasimin alnında “qurban olasan Nəsrullaya” sözləri yazılırdı. Rasim yalnız bundan sonra özünü tamam itirərdi, Gülçöhrəyə nəsə ağır söz demək istəyəndə qızı araya girərdi, atasının saçlarını sığallayıb onu sakitləşdirərdi. Bu sığal Rasimə o qədər xoş gələrdi ki, arvadı Gülçöhrənin alnına “peçatladığı” gələcək qudası varlı-hallı Nəsrullanın da adı bircə dəqiqənin içində silinib gedərdi.
***
Toy günü gəlib çatdı... Özü tez evlənən, qızını tez ərə verən 50 yaşlı Rasim dayı çox istədi ki, bu gün daha yaşlı görünsün, lap elə gözündəki Dayı boyda olsun. Əyninə təzə kostyum da geydi (yeri gəlmişkən, şofer dostuna demişdi ki, kostyumu səndən aldığımı burdakı uşaqlara demə, şofer dostu da nə qədər and-aman eləmişdisə, inanmamışdı. Axırda demişdi ki, Əlövsət, sən dədənin goru, axşam gəl toya, amma nəmər salma. Yalnız bu sözlərin ardınca Əlövsətin qalibiyyəti andıran bic gülüşünü görüb toxtaq olmuşdu ki, daha heç kəsə deyən deyil). Şadlıq evindəki kostyumlu Rasim dayı camaatın gözündə qəbullanmadı. Xüsusən də, ön masada oturan və səhərdən vargəl edən, qonaqları qarşılayan, gücü çatdığı qədər bu masadan o masaya qaçıb “hər şey yaxşıdı?”, soruşan və ən maraqlısı da bu sualı verməyin vacibliyini hava və sudan da zəruri sayan Rasim dayıya baxıb qımışan, xısınlaşan iki yekəqarın kişi masadakı yeməklərdən tutmuş, restoranın pərdəsinə qədər replika paylarını əsirgəmirdilər. Ən pisi də o idi ki, iriqarın, qırmızı qalstuklu bu kişilər replikalardan quş düzəldib havaya uçuranda heç kim onların quşladığına inanmazdı. Amma Rasim dayının qulağı o “quşlar”dan birini çaldı. Daha iş-işdən keçmişdi. Qızının ağ göyərçin təkin restorana girdiyini görəndə bir anlıq hər şeyi unutdu. Gedib düz gözlərindəki Dayının yanında durdu. Uzun müddətdən sonra fəxrlə onunla göz-gözə gəldi. Elə Dayı ilə üz-üzə, göz-gözə dayananda gördü ki, bayaqkı yekəqarın, qalstuklu kişilər, əslində, nə qədər cılız imişlər...
Sonra vəziyyət elə gətirdi ki, toyun “Paytaxt” salatının sökülmə mərhələsinə “Qudalar” mahnısı ilə yekun vurulduqdan sonra Rasim dayı xəlvəti bir yerə - ayaqyoluna çəkilib ağladı. Bayaq iki yekəqarın kişinin birləşərək atdığı quş gəlib gözlərinə dirəndi. Elə o səbəbdən də ayaqyolundakı güzgünün qabağında dayanıb gözündəki Dayıya baxa bilmədi. Anladı ki, əgər Dayının sifətinə baxa bilməyibsə, zala girəndə qızının da gözlərindən gözlərini qaçıracaq.
O, ayaqyolunda iki yekəqarın kişinin “quş”u ilə döyüşəndə, onlar yenə də Rasim dayını unutmadılar:
- Yəqin, restoranın qabağında adambaşına iki manatdan yığıb aparır.
- Ha.. Ha...Ha...
Rasim dayı o boyda toyda cəmi iki dəfə oynadı: bir dəfə qızı ilə, bir dəfə də tək. Bəli, lap elə öz-özünə... Amma bu öz-özünə rəqsi ancaq restorandakı adamlar görürdü, Rasim dayı isə öz tərəf müqabilini xəlvətə çəkib onunla rəqs etməyində idi. Beləcə, Rasim dayı bir müddət gözündəki Dayı ilə oynadı, oynaya-oynaya da ondan üzr istədi. Üzr istədi ki, iki yekəqarın kişi heç vaxt onun varlığından xəbər tutmayacaq... Beləcə, Dayının yanında xəcalətli qalan Rasim axırda ona yağlı “çox sağ ol” da dedi. Dedi ki, çox sağ ol, heç olmasa qızımın səndən xəbəri var.
Sonra qəflətən ayıldı ki, öz-özünə əl-qol atır, guya oynayır. Tez özünü yığışdırdı və həmən iki yekəqarın kişinin oturduğu masaya baxdı ki, görsün, əllərini o yekə qarınlarının ha tərəfindən tutub, ona baxıb şaqqanaq çəkirlər.
Gördü ki, yox, o yekəqarınların hər ikisi ondan imkanlı qudasının yanında mil kimi durub qədəh toqquşdurur. Bu mənzərəni görcək yekəqarın kişilərin bayaqkı “quş”u yenidən uçdu, bir xeyli yol gəldi və düz onun qənşərində dayandı, gözünə dirəndi. Zalım “quş” Rasim dayının gözünə nə təhər dirəndisə, boylanıb qızına baxmağa da imkan vermədi. Kimə baxdısa, əvvəlcə o “quş”u gördü, hara getdisə, o “quş” qabağına çıxdı.
Həmin iki yekəqarın kişi imkanlı qudası Nəsrullanın həndəvərində “quşlar, quşlar, nə gözəl oxuyur” sözləri eşidilən mahnını oynayanda lap birtəhər oldu. Bu quş onlardan deyildi ki, qoşasan dəstəsinə, buraxasan “kəndimiz” mahnısının içinə, beləcə, həmin yekəqarın kişiləri elə öz quşları ilə oynadasan... Lap qalstuklarını, köynəklərini çıxarıb, içkidən səndirləyib yerə yıxılana qədər oynadasan. Yox, bu bir başqa “quş” idi... Elə bir quş idi ki, Rasim dayıya bir həqiqəti pıçıldamışdı: həmin iki yekəqarın kişi lap elə içkinin təsirindən yerə yıxılsalar da, lap elə oynaya-oynaya şalvarlarını çıxarsalar da, camaata yenə də onların lütlənməyi yox, Rasim dayının kostyum geyinməyi qəribə gələcəkdi.
Bu nə quş idisə, Rasim dayının gözlərindəki Dayını da onun gözündən salmışdı. “Yox, bu daha olmadı deyib” restorandan çıxdı. Hələ toyun bitməsinə bir az var idi deyə, maşınlar azalmamışdı. Öz maşınına oturub “Gənclik” metrostansiyasına, Binəqədi avtobuslarının dayandığı yerə gəldi. Ətrafda tək-tük adamın olmasına baxmayaraq, əynindəki kostyuma da fikir vermədi (Əlövsətin gözlərindən iraq), qapını açıb “Binəqədi - iki manat, Binəqədi - iki manat” deyib bağırdı... Bir az da bağırdı... Sonra başını maşının roluna dayayıb hönkürdü. Toxtaya bilmədi, elə hönkürə-hönkürə gözlərindəki Dayıdan üzr istədi...